Страницы

15.01.2020

"Abadlıq adı ilə sahibkarlardan vəsait yığırlar. Belə abadlıq bizə lazım deyil"

“İcra başçısı vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır, özlərini təkəbbürlü aparmamalıdırlar, vətəndaşlara yuxarıdan aşağıya baxmamalıdırlar, vətəndaşlara xidmət etməlidirlər, vətəndaşları incitməməlidirlər, hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb etməməlidirlər. İndi abadlıq adı ilə bilirəm ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil”.
“Marja” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində bildirib.
Dövlət başçısı sözlərinə belə davam edib: “Rüşvət almamalıdırlar, əksinə, çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Yoxsa bəzi hallarda kimsə gəlib nəsə iş görmək istəyir, ona şərait yaratmaq əvəzinə, ondan pul tələb edirlər. İndi son vaxtların tədbirləri bunu göstərdi. Mən xəbərdarlıq etmişdim. Bəzilərinə dedim ki, hər kəs eşitsin, əyri yolla getsəniz inzibati cəza ən yüngül cəza olacaq. İnzibati cəza ilə iş məhdudlaşmayacaq. Amma bəziləri bəlkə hesab edirdilər ki, onlara aid deyil. Ona görə belə yolverilməz addımlar atdılar”.
İlham Əliyev əlavə edib ki, dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyi öyrəşiblər: “Onlardan soruşsan deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edəndə deyirəm hansı problem var - hər şey əla. Axı belə ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür. Ona görə mənim kameralar qarşısında yeni təyin edilmiş icra başçılarına dediyim sözlər onlara verilən ən ciddi tapşırıqdır və onlar bu tapşırığı yerinə yetirməlidirlər”. 

Комментариев нет:

Отправить комментарий