Страницы

21.01.2020

Erməni qızlarının azərbaycanlı oğlanlara ərə getdiyi kənddən REPORTAJ

Gürcüstanın paytaxtı Tiflisdən 1 saatlıq məsafədə Mirzoyevka adlı bir kənd yerləşir. Kəndin əhalisi beynəlmiləldir. Burada ermənilər, gürcülər, azərbaycanlılar, assurlar və ruslar yaşayır. Amma çoxluq ermənilərdədir. Tiflisdəki Qafqaz Jurnalistika Məktəbindəki tələbə yoldaşlarımdan eşitmişdim ki, bu kənddə azərbaycanlılarla ermənilər arasında möhkəm dostluq münasibətləri bu gün də davam edir. Yolum Mirzoyevka kəndinə düşmüşdü. Atüstü də olsa, eşitdiklərimi kənd sakinlərindən soruşmağa çalışdım.
Kənddə ilk qarşılaşdığım adam erməni milliyətindən olsa da, azərbaycanca çox rahat danışırdı. Məndən hardan və niyə gəldiyimi soruşdu. Mən də “Azərbaycandan gəlmişəm” dedim.
Bu adamın erməni olduğunu o adını deyəndə anladım. Sonra mənim ona tərəddudlə yaxınlaşdığımı görüb azərbaycanlı qonşusunu çağırdı. Çağırılan şəxs də gəldi… Tanış olduq… 30 yaşlı soydaşımız adı Tofiq idi, fəhlə işləyir. Məni evlərinə dəvət edi, bayaqkı erməni də Tofiqgilə gəldi. Tofiq ermənin gəlişindən narahat olduğumu görüb “narahat olma, bu mənim dostum Avvarramdı. Biz burda illərin dostuyuq, ailəvi bir-birimizin xeyir və şərinə gedib-gəlirik” deyə məni rahatlatmaq istədi.
Amma narahatlığım çəkilmədi. Soruşdum:
-Bu qədər savaş oldu, hər dəfə ermənilər bizə xəyanət etdi, amma siz hələ də bunların dostluğuna etibar edirsiniz?
Sualıma Avarram cavab verdi:
-Biz illərdi burda bir-birimizi tanıyırıq, Ermənistandakı ermənilər kimi azərbaycanlıları düşmən saymırıq. Hətta burda bir il əvvəl bir azərbaycanlının oğlu erməni qızı ilə evləndi. Biz burda dostluq qururuq.
Ardınca Tofiq əlavə etdi:
-Avarram tamamilə haqlıdır.
-Bəs burda heç bir erməni-azərbaycanlı mübahisəsi yaşanmır?
Hər ikisi güldü. Tofiq sakitcə cavab verdi:
-Əlbəttdə yox. Məktəblərimizdə belə, uşaqlarımız çox mehribandır.
Sonra Avarram əlavə etdi:
-Biz azərbaycanlılarla hər gün bir-birimizin evinə gedib-gəlirik. Tək Tofiqgilə deyil, başqa azərbaycanlı qonşularımıza da gəlib-gedirik. Azərbaycanlı qonşularım çox gözəl çay dəmləyirlər. Mən hələ heç yerdə azərbaycanlıların dəmlədiyi kimi tamlı çay içməmişəm.
Tofiq:
-Hə, Avarram düz deyir, ermənilər bizə gələndə ən çox çay içmək istəyirlər. Ermənilər də çox gözəl qəhvə hazırlayırlar. Artıq burda hər kəs işini bilir. Erməni azərbaycanlıya gəldimi çay dəmlənməlidir, azərbaycanlı erməniyə qonaq getdimi, qəhvə hazırlanır.
-Sizə görə Qarabağ məsələsi nə zaman həll olacaq?
Tofiq astaca cavab verdi:
-Hər iki tərəf keçmişi unutmasa, gələcəyə baxa bilməyəcək. Azərbaycan və Ermənistanın inkişafı hər iki tərəfin əsl qonşu kimi yaşamasından asılı olacaq. Qarabağ məsələsi nə Ermənistanın, nə də Azərbaycanın istəməsilə həll olunacaq. Bu məsələ ancaq Rusiyanın istəməsi ilə aradan qalxa bilər. Azərbaycanın inkişafı göz qabağındadır. Ermənistan artıq tərs yolda olduğunu anlamalıdır. Qarabağın Azərbaycan torpağı olduğunu burdakı əksər ermənilər qəbul edirlər.
Üzümü Avarrama tutaraq soruşdum:
-Sən də tanıyırsanmı Qarabağın Azərbaycan ərazisi olduğunu?
Avarram dedi:
-Ermənistanın gələcəyini düşünən və Ermənistanı həqiqi sevənlər Qarabağı Azərbaycan torpağı kimi tanımalıdırlar.
Sonra Tofiq əlavə etdi:
-Burda bizim nə ermənilərlə, nə də başqa millətlərlə məsələmiz var, tək problemimiz iş olmamasıdır.
-Mirzoyevkada sizin kimi başqa dost ailələr də varmı?
Tofiq cavab verdi:
-Əlbəttə. Bax elə qabaq qonşumuz erməni ailəsidir, o tərəfdəki də azərbaycanlı ailəsi, onlar birlikdə odun doğrayıb satırlar. Bərabər işləyən erməni və azərbaycanlılar kənddə çoxdur. Hamısı da bir-birindən çox razıdır.
-Yaxşı bəs, müharibə burdakı ailələrin qonşuluq və dostluq münasibətlərinə heç təsir etmədimi?
Avarram suala cavab verdi:
-Mən burda çox uzun müddətdir qalıram. 47 yaşım var. Nə vaxt çətin vəziyyətə düşsəm, azərbaycanlılar mənə kömək edib. Bir dəfə oğlum həbsə düşmüşdü, pul lazım idi. Hara getdim tapmadım, qohumlarımın heç birində olmadı. Sonra burda bir azərbaycanlı vardı, adı Alxandı. Getdim ona, istəyən kimi verdi. Burdakı ermənilər gürcülərdən çox azərbaycanlılarla mehribandırlar. Bizim yoldaşlığımıza heç nə təsir edə bilməz. Biz Gürcüstan vətəndaşıyıq və burda da hər kəs mehribandır, amma digər kəndləri deyə bilmərəm. Dava erməni-azərbaycanlı davası deyil, dava Azərbaycan-Ermənistan davasıdır. Mən bir şeyi də unutdum deməyi, mənim qızım Marneulidə (Gürcüstanın əsas əhalisi azərbaycanlı olan şəhəri) azərbaycanlı oğlanla nişanlıdır.
Tofiq erməni dostunun sözlərinə qüvvət verdi:
-Mən istəyərdim Qarabağ məsələsi həll olsun, Azərbaycan və Ermənistan bütün keçmişdəki məsələləri unutsun. Biz burda ermənilərlə mehriban yaşaya biliriksə, onlar da yaşayar.
Bu dəfə də Avarram qonşusuna dəstəklədi:
-Mən də Tofiqlə razıyam. İnsanlar heç vaxt müharibə istəməyiblər. Burdakı erməni-azərbaycanlı dostluğu nümunə olsun. Əgər bizim kəndi görmək istəyən varsa, gəlsin. Gəlib görsün insanlar dava istəmirlər…
Onlar qısa söhbəti bitirib kəndi tərk edəndə bayaq deyilənlərə rəğmən bəhs olunan dostluğun möhkəm olduğuna şübhələrim çəkilmədi… Bu ilin yazındakı söhbəti gec də olsa indi qələmə aldım… Nədən ki, azərbaycanlı oğlanların erməni qızları ilə ailə qurması barədə xəbər sizlərə də təəccüblü gələr…

Vüqar Ağamalıoğlu Quliyev                       todays.az

Комментариев нет:

Отправить комментарий