Страницы

27.01.2020

Yaddan çıxmış sənətkarlar: Kiçik obrazlar yaradan böyük aktyor Yusif Yulduz

O filmlərdə daha çox epizodik rollar oynayıb, lakin canlandırdığı personajlar baş qəhrəmandan az sevilməyib və tamaşaçı yaddaşına əbədi həkk olub.
Söhbət “Axırıncı aşırım” (kəndli), “Alma almaya bənzər” (satıcı), “Əhməd haradadır?” (Yusif), “O qızı tapın” (şahid), “Yenilməz Batalyon” (Hacı Xeyri) və daha neçə-neçə film və tamaşalarda kiçik, amma unudulmaz obrazlar yaradan rejissor və aktyor Yusif Yulduzdan gedir.
Onu yadınıza salmaq üçün “Əhməd haradadır” filmindəki çamadanların dəyişik düşdüyü səhnəni xatırlayın. Arvadının gətirdiyi çamadanı açan Yusif:
- Girdim yarın baxçasına... Bu nədi, bunları kimə gətirmisən, ay arvad?
- Sənə gətirmişəm, Yusif. Ye bir az cana gəl.
- Bəs bunlar hardandır?
- Zəhmətimin bəhrəsidi.
- Ofelyaaa!!!
Xaricdə peşəkar rejissorluq təhsili alaraq ölkəyə qayıdan ilk azərbaycanlı aktyor Yusif Yulduz yaratdığı xarakterik obrazlarla tamaşaçıların, mülayim xasiyyəti ilə bütün çevrəsində olan insanların ürəyinə yol tapmağı bacarıb.
Onun özünəməxsus və qəribə bir ifa tərzi var idi. Bu yaxınlarda onun anım günü idi... 7 noyabrda dünyadan köçmüşdü, ağrı-acısını hiss etdirmədən, heç nədən gileylənmədən...
modern.az saytının “Yaddan çıxmış sənətkarlar” layihəsi bu dəfə kinorejissor və aktyor Yusif Yulduzdan (Yusif Əliyev) bəhs edir.
Azərbaycanın teatr və kino rejissoru və aktyoru Yusif Seyfulla oğlu Əliyev 4 avqust 1905-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakıda alaraq 1923-cü ildə Leninqrad Səhnə Sənəti İnstitutunda rejissor və dram aktyoru fakültəsinə daxil olub. 1928-ci il universiteti bitirdikdən sonra Bakıya qayıdıb. Azərbaycanda ilk tamaşası M.Qorkinin "Həyatın dibində" əsəri olub. Bakı, Tiflis və İrəvan teatrlarında rejissor kimi şöhrət qazanandan sonra 1936-1937-ci il teatr mövsümündə Naxçıvana dəvət alıb. Teatrda Mirzə İbrahimovun "Həyat", Cəfər Cabbarlının "Od gəlini", Uilyam Şekspirin "Otello" pyeslərinə monumental üslubda səhnə quruluşları verib. Jan Batist Molyerin "Cancur Səməd" komediyasını, Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" operettasını tamaşaya hazırlayıb. Sonralar -1955-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, rejissor, dublyaj rejissoru işləməyə başlayıb. 30-a yaxın filmdə müxtəlif obrazları canlandırıb.
Yusif Yulduz 1979-cu ilin noyabrında 74 yaşında, Bakıda dünyasını dəyişib.
Yusif Yulduz barədə xatirlərini danışan Əməkdar artist Elxan Qasımov deyir ki, kinostudiyada hamı ona yaşından aslı olmayaraq “müəllim” deyə xitab edirdi. Deyir ki, hər zaman Yusif müəllim haqqında söhbət açılanda mütləq “Əhməd haradadır?” filmindəki obrazı da yada düşür, xatırlanır: “Filmdə kiçik epizodda görünsə də, ən yaddaqalan obrazlardan birini yaradıb, tamaşaçının yaddaşına yazılıb. Kinoda bir sıra komik obrazlar yaratsa da, həyatda çox ciddi insan idi. Bir insan, şəxsiyyət kimi hamı onu çox sevirdi. Xüsusən də biz cavanlar. Kinoda elə şəxsiyətlər var ki, cəmi bir-iki rolla xalqın, kinosevərlərin yaddaşında iz buraxa bilir. Onlardan, deyərdim ki, birinci yerdə dayananı Yusif Yulduzdur. O Leninqradda rejissorluq üzrə təhsil alıb Azərbaycana qayıdan ilk azərbaycanlıdır. Əvvəllər rejissor kimi teatrlarda, xüsusilə Gəncə Teatrında bir sıra tamaşalar təşkil edirdi. Sonradan demək olar ki rejissor kimi özünü ancaq kinoda sınayırdı. Olduqca zarafatcıl, mehriban insan idi. Mənim danışıb-gülən deməyimə baxmayın, Yusif Yulduz işə gələndə çox ciddi idi. Yəni çəkiliş zamanı aktyorlarla, rejisorla münasibəti bir başqa olurdu. Deyirdi ki, hər nə qədər zarafatımız olur-olsun, iş zamanı ciddiliyi itirmək olmaz. Bəlkə də elə bu davranışından dolayı böyüklü-kiçikli hamımız ona “müəllim” deyirdik. Çəkiliş zamanı işə çox can yandırıdı. Bir də görürdün həm rejissorluq edir, həm aktyorluq, həm də qrimyorluq. Yəni o bir yerdə dayanmırdı, ancaq öz işini düşünmürdü. İnanın mənə, hətta elə çəkiliş olub ki, rejissor aktyorun səhnəni canlandırmasından razı qalsa da, Yusif Yulduz “yox, yaxşı deyil” deyib, 10 dəfədən çox aktyoru eyni mətni oxumağa vadar edib. Deyirdi ki, “tamaşaçı hiss etməməlidir ki, sən aktyorsan, tamaşaçı hiss etməlidir ki, sən elə canlandırdığın obrazsan, nəyi göstərirsənsə, elə həmin adamsan”. Bilirsiniz, o vaxtlar Leninqrad (indiki Sankt-Peterburq) kimi böyük şəhərdə Azərbaycanı təmsil edəcək aktyor ölkəmizdə barmaqla sayılacaq qədər idi. Leninqrad Teatrında Şeksprin “Hamlet” əsəri tamaşaya qoyulacaqdı. Yusif Yulduz o şəhərdə təhsil aldığı üçün teatr rəhbərliyinin ağlına gələn ilk ad elə onun adı olmuşdu. Gənc olmağına baxmayaraq, obrazı elə canlandırmışdı ki, Rusiya mətbuatı onun haqqında ardıcıl olaraq yazılar dərc etdirirdi. Bəlkə də o şəhərdə qalsaydı, dünyada bizi təmsil edən, tanınmış aktyor olardı. Lakin yəqin bilirəm ki, el-obasından ayrı qala bilmirdi. Onunla işlə əlaqədar olaraq hansısa ölkəyə səfər edəndə elə can atırdı tez evinə qayıtsın. Açığı bilmirəm ailəsi üçün darıxırdı ya vətəni üçün, amma çox nisgilli olurdu. Ailəvi mövzularda çox qapalı idi, heç kimə ailəsi, övladları barədə danışmırdı. Belə deyim də, işdə ancaq işlə bağlı mövzular, başqa heç nə. O qədər sadə, dilsiz-ağızsız adam idi ki, bəlkə də ona görə zamanın tələbini ortaya qoya bilmirdi. Özü rejissor olmasa da, bütün rejissorlar onu hədsiz sevirdilər. Təəssüf ki, indi o dövrün rejissorlarından çoxu dünyasını dəyişib. Lakin həmin rejissorlardan heç olmasa biri ilə həmsöhbət olsaydınız görərdiniz ki, Yusifdən necə ağız dolusu danışırlar. Belə deyim də, Yusif Yulduz çəkildiyi filmlərin "duzu-istiotu, ədviyyatı" idi. Lap ən kiçik obraz olsa belə, o, həmin obrazı elə canlandrırdı ki, sanki baş rol ifaçısıdır. Yəni bütün ruhu ilə tamaşaçıya obrazı sevdirib yaddaşlarda qalmağı bacarırdı. İndi necə ki müğənnilərə sponsorluq edirlər, o vaxt da tanınan kişiləri qonaq çağırıb kef məclisi düzəldirdilər.Yusif Yulduz da ki, nə yalan deyim, əsl məclis adamı idi. Yeyib-içmək, çal-çağır olan yerdə onu görməmək qeyri-mümkün idi. Onu da deyim ki, o təkcə yeyib-içməkdə yaxşı deyildi. Yaşının çoxluğuna baxmayaraq, kinostudiyada kimin nə xeyir işi olurdu, ya tədbir təşkil olunardısa, təşkilatçılıq işinə o baxardı. Bütün toy boyu ortalıqdan çıxmazdı, yaxşı rəqs etməyi var idi. Həm də içki içən idi deyə, əhvalı bir başqa olurdu. Kimsə məclisdə sakit-dinməz otururdusa, gedib qolundan tutub məcburən oynamağa çağırırdı. Ən çox da gənclərə sakit dayanmağı, həyata küskün olmağı yaraşdırmırdı. Deyirdi “nə olur-olsun üzünüz gülməlidir, gələcəyə ümidli olmalısınız”. Ömrünün son illərində ən çox dublyajda işləyirdi. Çox məhsuldar insan olub, yaşı çox olsa da işsiz dayana bilmirdi. Deyirdi “heç olmasa dublyajda da bir az xeyrim dəysin”. Düzdür, ömrü o qədər də uzun olmadı, amma yenə də yaşı çox idi və buna rəğmən bir dəqiqə də boş dayanmırdı. Qoca vaxtlarında tez-tez ondan soruşurduq ki, “Yusif müəllim, nəyə ehtiyacınız var, nə köməklik edək?”. İnanın ki tək bir dəfə də olsun “xəstəyəm” deyib kimsədən köməklik istəmədi. Ayağında problem olduğuna görə yeriməkdə çətinlik çəkirdi. Bəzən görürdün ki, getdiyi yerdə dayanıb bir kənarda oturdu. Amma deməzdi ki, “ayağım ağrıdı, narahatam”. Bir bəhanə ilə söhbəti dəyişərdi. Çünki narahat olmağını dilə gətirən adam deyildi. Yusif hər şeylə qane olan adam idi. Bəzi aktyorlar kimi ad alsın, təltif edilsin deyə, bir istəyi omayıb. Elə bütün günü işinə vaxt ayırırdı. Kiməsə ağız açıb, xahiş-minnət etmək onluq deyildi. Soruşanda da deyirdi ki, “xalqın sevgisi diplom, ya da hədiyyə ilə ölçülmür”. Sizə onu da deyim ki, Yusifin ətrafı, dost-tanışı çox idi, bəlkə də istəsə, həqiqətən ad ala bilər, daha yüksəklərdə olardı. Amma dediyim kimi, minnət götürməyi özünə yaraşdırmazdı. Yusif kiçik obrazları canlandıran böyük aktyor idi. Ad almasa da, sizi inandırım ki kimlərinsə hesabına ad alanlardan qat-qat istedadlı və işini bilən aktyor idi. Onu tanıdğım müddət ərzində bir dəfə də olsun studiyada, ya da kənar bir yerdə kimləsə dava etdiyini görmədim. Dediyim kimi, fağır adam idi, heç kimlə işi olmazdı. Amma vay o gündən ki, Yusifin səbr kasasını daşdırasan. İnanın mənə, əgər bir kimsədən inciyirdisə, hirsi soyumurdu. Daha demirəm ki, hay-küy salsın, ya həmin şəxsi acılasın, yox. Sadəcə əsəbləşəndə, inciyəndə könlünü almaq çətin məsələ idi. Bəlkə də elə buna görə hamı onunla hörmətlə, ehtiyatla danışırdı. Görəndə ki onunla sözümüz çəpləşir, məsələni uzatmadan yanından uzaqlaşırdım. Bilirdim ki, Yusif asan-asan mənə qarşı bir də yumşalan adam deyil. Düzü, işinə o qədər başı qarışıq olurdu ki, əlavə söhbətlərə, ya da dava-dalaşa vaxtı qalmırdı. Çox məsuliyyətli insan, işçi idi. Studiyaya hamıdan tez gəlirdi desəm, yalan olmaz. Hamını da evə yol salmamış öz evinə getmirdi. Tələsən yeri yox idi ya da iş sevgisi çox idi, artıq bunu deyə bilmərəm. 73 yaşında vəfat etdi. Allah rəhmət eləsin. O hər zaman xoş xatirələrlə anılmağa layiq sənətkardır”.
Yusif Yulduzla bir sıra filmlərdə tərəf-müqabili olmuş Əməkdar artist Ramiz Məmmədov da sənətkarı xoş xatirələrlə yada saldı: “Onunla “Alma almaya bənzər“ filmində (1975) tərəf-müqabili olmuşduq. O vaxt mən II kurs tələbəsi idim. Bir çox tanınmış aktyorlar da bu filmdə çəkilirdi. Rayonda çəkilişlərimiz zamanı Yusif müəllimlə mən bir otaqda qalırdıq. Çox unikal insan idi. Dövrünə görə dünyagörüşü və təfəkkürü güclü olmaqla yanaşı, eyni zamanda, həlim xasiyyətli və uzaqgörən idi. Yusif müəllimlə tanış olduğum illərdən xatirimdə iki mahnı yadigar qalıb. Onun hər zaman zümzümə etdiyi iki mahnıdan biri “Durnam” sonradan tanınmış xanəndəmiz Hacıbaba Hüseynovun repertuarında yer aldı. İkinci mahnı da yaddaşıma əbədi həkk olub və gözəl sözləri var. Mahnı “Başın üçün” adlanır - yəni, and mənasında. Bu gün də həmin mahnını hərdən özüm üçün zümzümə edirəm. Həmişə gənc aktyorlara yol göstərər, tövsiyələrini əsirgəməzdi. Yadımdadır deyərdi: “Səhnə həyatın bir parçasıdır. Aktyor təbii olmalıdır, real oynamalıdır. Həyatın özünü səhnəyə gətirmək böyük sənətkarlıqdır. Aktyor komik səhnələri yüngül oynamamalıdır. Bir var obrazı oynamaq, bir də yaşamaq”. Rəhmətlik həmişə bizə deyərdi ki, obrazı oynamağa yox, yaşamağa çalışın. Çox vaxt bizə azman aktyorlarımız Ülvi Rəcəb, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə ilə bağlı xatirələrini danışardı. Daxili dünyası zəngin insan idi. Onun kimi sənətkarlar kino sənəti tariximizdə həmişə yaşayacaqlar. “Axırıncı aşırım”, “Bizim küçə”, “Koroğlu”, “Qərib cinlər diyarında” və s. filmlərdə ümumilikdə 20-yədək maraqlı obraz yaradaraq tamaşaçı sevgisi qazanan Yusif Yulduzun xatirəsi kino ictimaiyyəti tərəfindən həmişə dərin ehtiramla yad edilir”.

Комментариев нет:

Отправить комментарий