Страницы

11.02.2020

Bizim kommunistlər: AZƏRBAYCANIN İLK MƏDƏNİYYƏT NAZİRİ

Məmməd Həmid oğlu Ələkbərov (Ələkbərli) 1899-cu ildə Lənkəranda anadan olub.
1909-cu ildə atası Məşədi Həmidin ölümündən sonra qohumlarının himayəsində yaşayıb, Lənkərandakı "Behcət" rus-tatar (Azərbaycan) məktəbində oxuyub, lakin təhsilini başa vura bilməyib.
1920-ci ilə qədər əmisi oğlunun balıq təsərrüfatında çalışıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra müəllim hazırlığı kursunu bitirərək Astraxanbazardakı (indiki Cəlilabad) I dərəcəli məktəbə müəllim göndərilib.
1921-ci ildə Lənkəran şəhərindəki 5 nömrəli məktəbdə çalışmağa başlayıb. 1923-1926-cı illərdə Pedaqoji İnstitutda (Bakı) oxuyub. Ali təhsilli mütəxəssis kimi Məmməd Ələkbərov Balaxanıda, Borçalının Başkeçid bölgəsində müəllimlik edib. Quba Qəza Xalq Maarifi Şöbəsinin müdiri işləyib.
1928-ci ildə Xalq Maarifi Komissarlığı aparatına işə qəbul olunub, metodist, məsul icraçı, ibtidai və orta məktəb idarəsi rəisinin müavini vəzifələrində çalışmaqla yanaşı Azərbaycan Dövlət Elmi Tədqiqat Məktəblər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əvəzçilik qaydasında işləyib.
1939-1943-cü illərdə Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktor müavini vəzifəsində fəaliyyət göstərib. Sonra Azərbaycan Xalq Maarifi Komissarlığında kadrlar idarəsinin rəisi təyin olunub.
Məmməd Həmid oğlu Ələkbərov 1946-cı ildə Azərbaycan xalq maarifi komissarı təyin olunub, 6 il bu vəzifədə çalışıb, dövrün və ictimai qurumun qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün bilik və bacarığını əsirgəməyib.
Məmməd Ələkbərov ötən əsrin 50-ci illərində Nazirlər Soveti sədrinin müavini, Azərbaycanın ilk mədəniyyət naziri olub.
Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası mövzusunda məqalələr yazıb. "Natamam orta və orta məktəblərdə yazı işləri" (1940), "İbtidai məktəbdə oxu metodikası" (1940) və s. kitabları nəşr edilib.
O "Əməkdar müəllim" fəxri adına layiq görülüb, 1950-ci ildə elmlər namizədi alimlik dərəcəsi alıb.
Məmməd Ələkbərov 1959-cu ildə vəfat edib.

Комментариев нет:

Отправить комментарий