Страницы

27.03.2020

Prezident Ali Məhkəməyə yeni səlahiyyət verdi

Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsi formalaşdırılacaq. demokrat.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin 29 noyabr 2019-cu ildə tətbiqi barədə fərman imzaladığı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Martın 1-dən qüvvəyə minən qanuna əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılacaq.
Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdıracaq. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxacaq və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edəcək. Ali Məhkəmə Plenumunun məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlarla bağlı qərarı qəbul edildikdən sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqi təşkil edilir.
Monitorinq ən azı 1 il müddətində həyata keçiriləcək. Monitorinqin aparılması qaydasını Ali Məhkəmənin təklifləri əsasında Məhkəmə-Hüquq Şurası müəyyən edəcək. Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınacaq.
Eyni zamanda Ali Məhkəmənin Plenumu onun sonuncu iclasından ötən dövr ərzində Cinayət-Prosessual, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrində müəyyən edilmiş qaydada müvafiq kollegiyaların bütün hakimlərindən ibarət tərkibdə qəbul etdiyi qərarları (qərardadları) nəzərdən keçirəcək və Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə mövcud izahına dəyişikliklər edəcək və ya yeni izah verəcək.
Qanunun tətbiqi ilə əlaqədar imzalanan sərəncama əsasən isə Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, maddi və prosessual normaların tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması qaydasını Ali Məhkəməsinin təklifləri əsasında iki ay müddətində müəyyən etsin.

Комментариев нет:

Отправить комментарий