Страницы

14.03.2020

Xalq artistinin qürbətdəki tənha oğlu: Atamın arvadlarının beşi də məni çox istəyirdi

Tale onu Rusiyanın Smolensk şəhərinə gətirib çıxarıb. Keçmiş metaləridən, hərbçi, biznesmen. İndi isə bu şəhərdə tikinti şirkətlərinin birində ekspeditordur. Həmin şirkətin sahibi isə azərbaycanlıdır.
“Həm özü gözəl insandır, həm də atası fəxrimizdir. Onu işsiz, pulsuz-parasız qoya bilmərik. Buna bizim mənəvi haqqımız yoxdur. Azərbaycanlı dostlarımızdan xahiş etdik, işə götürdülər”. Bunu lent.az -ın əməkdaşına Smolensk şəhər Azərbaycan icmasının rəhbəri, Mili Konqresin sədri Faiq Əliyev deyir.
Bəs kimdi bu adam?
Bəlkə də sizlərə də təəccüblü gələcək; Azərbaycanın xalq artisti, mərhum Hacıbaba Bağırovun oğlu Aleksandr Bağırov. Sadəcə, Saşa.
1953-cü ildə Bakıda anadan olub. Xalq artistinin birinci nikahından doğulan övladıdır. Saşanın anası Rostov vilayətinin Şaxtı şəhərindəndi əslən. Yunan əsillidir. Bakıya oxumağa gəlibmiş. Elə buradaca Hacıbabayla tanış olublar. Evləniblər. Amma bu evlilik cəmi beş il çəkib.
Ayrıldıqdan sonra Saşa anasıyla Sumqayıta köçüb. Elə orta məktəbi də bu şəhərdə bitirib. Daha sonra zavoda işləməyə gedib - metallurgiya kombinatına, metaləridən.
Bütün Sovet gəncləri kimi orduya çağırılıb. Amma iki illik hərbi xidməti başa çatmamış onu ali hərbi məktəbə oxumağa göndəriblər. Bundan sonra düz 20 il ömrünü hərb işinə həsr edəcəkdi. Sovet qoşunlarının Almaniyadakı hərbi kontingentində, Uzaq Şərqdə, Sibirdə xidmət keçib. Son xidmət yeri isə Smolensk şəhəri olub. Elə 1994-cü ildə bu şəhərdə təqaüdə çıxıb.
Təqaüddən sonra restoran biznesinə girişib. Bir müddət işləri çox yaxşı gedirmiş Saşanın. Smolenskdə yaşayan bütün azərbaycanlıların sevimli yeri imiş onun restoranı. Elə Saşanın özünü də bu şəhərdə sevirmişlər. Təsəvvür edin, bazarda çalışan azərbaycanlıların heç biri ora gələn əli zənbilli Aleksandrın zənbilini boş buraxmazmış.
Atası 5 dəfə evli olub. Deyir, atam tez-tez vurularmış. “Səliqəli geyinməyi və qadınları sevirdi. Atamın anamdan başqa 4 həyat yoldaşının hamısı məni qəbul edir, xətrimi istəyirdi”.
Elə mərhum xalq artisti də oğlunun sonrakı taleyinə biganə olmayıb. Daim onunla maraqlanıb, Bakıya dəvət edib. Hətta bir dəfə deyib ki, gəl teatrda sənə iş də düzəldim. Gəlməyib. Amma məzuniyyətlərin böyük hissəsini Azərbaycanda keçirirmiş. Bir dəfə qızı Qalinanı da özyülə Bakıya gətirib. İlk dəfə görürmüş 3 yaşlı nəvəsini Hacıbaba. Qalyanın şərəfinə babası böyük bir ziyafət də veribmiş. Sənət dostlarını başına yığan Hacıbaba uşaq kimi sevinirmiş, göylərdə uçurmuş.
Saşa deyir ki, atasının üzündəki xal olmasa, onları bir-birindən ayırmaq çətindi. “Həyatsevər birisiydi. Çox adam elə bilir ki, içən olub. Əsla. Amma dəhşətli dərəcədə çoxlu siqaret çəkərdi”.
Atasının ölümündən sonra bircə dəfə də olsa Bakıya gəlməyib. Deyir, sox istəyərdim Smolenski Bakıya dəyişim. Amma Bakıda nə mənzili var, nə də işi. Yaşı da 70-ə çatır.
Hə, restoran biznesindən danışırdıq axı, Saşanın. Qeyd etdiyimiz kimi həmin biznesi iflas olub. Çox çətin anlar yaşayıb. Amma həyatının ən dəhşətli anı isə 21 yalı qızı Qalinanı itirməsi olub. Qalina barədə danışanda kövrəlir, gözləri dolur. İndi onun həyatının mənası qızı Sabrinadır. Hə, Qalina birinci, Sabrina isə ikinci xanımından olan qızlarıdır. Hər iki xanımından da ayrılıb Saşa. İndi tənha yaşayır Smolenskdə.
Darıxır Saşa bu şəhərdə. Amma deyir ki, nə yaxşı azərbaycanlılar var burda. “Hərdən yığışırıq, dərdləşirik. Fikrim dağılır. Azərbaycanlılar qədər mehriban xalq heç harda yoxdur” - deyir...

Səbuhi Məmmədli                      lent.az

Комментариев нет:

Отправить комментарий