Страницы

12.04.2020

Azər Sani – Mənim

Sən xəbərdar olduğunçün hər gün ahımdan mənim
Var ümidim ki, keçərsən hər günahımdan mənim.

Qara zülfi mane oldu baxmağa rüxsarına,
Bir əlamətdir dedim bəxti-siyahımdan mənim.

Gahi məsciddə, gəhi meyxanələr küncündəyəm,
Heç özüm baş açmadım öz gahi-gahimdən mənim.

Ədlinə qalsa əgər yox bir nəsibim, var ümid
Mərhəmət gözlər gözüm ol Padişahımdan mənim.

Harda oldumsa xəyalınla mələklər də enib
Çox götürmüşlər təbərrük barigahımdan mənim.

Hər kəsə ox atmaq öyrətdim, məni etdi hədəf,
Etdi düşmən istifadə öz silahımdan mənim.

Azər, ağır gəldi gün gündən həyatın, gəl məni
Sən özün hifz et, İlahi, öz sabahımdan mənim.

Комментариев нет:

Отправить комментарий