Страницы

29.04.2020

Gövdəm torpaq, içim günəş

Yaqub Elçiyev

Mən bir bəşər- ağıl adlı ziyarətdən doğulmuşam,
Dünya, cahan mən özüməm- məharətdən doğulmuşam.

Sözüm külək, suyum həyat, vaxtı sayır xırda qumlar,
Anam torpaq, atam göylər- hərarətdən doğulmuşam.

Görünənə deyin nə var, ona hərə bir ad desin,
O görünməz, bir ruh adlı, bil qamətdən doğulmuşam.

Sirr naməlum, tam möcüzə, qapısıdır bu göylərin,
Daş sındırıb bağ gətirən dəyanətdən doğulmuşam.

Çəkir məni bu təbiət, mən də ki bir insan kimi,
Eşqə hörmət, zülmə lənət- ləyaqətdən doğulmuşam.

Dili yoxdur heyvanların, mən ki cahan övladıyam,
Açıq-aşkar söz deməyə səlahətdən doğulmuşam.

Axar çaylar, qaynar bulaq, dağlar özü şəlaləli,
Qəlb nəğməsi, bülbül səsli məlahətdən doğulmuşam.

Yaqub, yetər tənha qaldın, de haradır məmləkətin,
Gülüstandan- Azəri tək təravətdən doğulmuşam.

Gövdəm torpaq, içim günəş, başım toxum- ağrın alım,
Ayım-günüm- Zaman adlı səxavətdən doğulmuşam.

Комментариев нет:

Отправить комментарий