Страницы

24.04.2020

Realist olaq və həyata daha aydın prizmadan baxaq

Ramil Həsənov

Dəyərli dostlar, azacıq zamanınızı alıb bir xüsusi nüansı çatdırmaq istərdim.
Mən Sovetin, əsas da Stalinin nə repressiyalarındakı günahsız ölənlərə, nə millətləri köçürmə siyasətinə, onların nəticələrinə haqq qazandırmıram. Nə də Stalinə mələk zad demirəm.
Repressiya olubmu?
Əlbəttə, olubdu.
Kimlər nəzərdə tutulub?
Sistemə qarşı olanlar, oğrular, rüşvətxorlar, təxribatçılar, milliyətçi bölücülər və s.
Bəs günahsız ölənlər olub?
Əlbəttə, olub.
Əsas səbəbkar kimdir?
Həmin dövlətin başçısı. Çünki məsələ günahsız insanların ölümünə əmr verməkdən ibarət deyil, bunu etməmiş olsanız belə kimsə sizin hakimiyyətdə bunu edibsə onu aşkar edənədək günah sizin boynunuzdadır.
Hüseyn Cavidi dəfələrlə dəvət edib normal formada deyirlər ki, Osmanlı şivəsində yazma. Milliyətçi tərzdə, Türkiyəyə meylli yazma. O başqa dövlətdir hal-hazırda. Cavid davam edir və göndərirlər Sibirə zavod tikməyə.
Buna haqq qazandırmıram, ancaq bunu etmək sistemin tələbi idi. Cavid hələ yazar idi, ədəbiyyatşünas idi, bunu etməsəydilər minlərlə mənfi obrazlı ifrat milliyətçi, bölücü çıxacaqdı.
Repressiyadan danışanlardan çox mən repressiya mövzularını oxumuşam, eşitmişəm. Sanki mən bunları bilmirəmmiş kimi hava əsdirənlər var.
Repressiya olub, ancaq Altay Göyüşov kimilərinin dediyi və çoxlarının da inandığı kimi 40 milyon qurban olub deyəndə, adam bu ağ gülünc yalana hirslənməzmi?
Köçürmə olubmu?
Olub, məsələn, Krım tatarları.
Muharibədə Krim tatarları demək olar ki tam heyətdə faşistlərin tərəfinə keçmişdi. Azı 200 min nəfər. Öz vətənlərinə öz xalqlarına qarşı döyüşürdülər. On minlərlə Sovet vətəndaşını öldürdülər o cümlədən içində bizim də babalarımız olmaqla. Hətta Krım mollalarının Hitlerə sədaqət andı vardı. Müharibədən sonra 2 yol qalırdı: ya güllələnmə, ya da köçürülmə. Stalin humanist davranıb onları sadəcə ölkənin iç bölgələrinə köçürdü. Belə ağır xəyanət etmiş bir xalqı sərhəddə saxlamaq axmaqlıq olardı.
Mən realistəm. Tərəzi prizmasından baxıram həyata. İdeal hökmdar, dövlət dünyada heç vaxt olmayıb, olmayacaq da. Çünki həyatın öz qanunları heç ideal deyil.
Mən son nəticələrə baxıram. Pisin niyə edildiyində səbəblər axtarıram.
Platon deyirdi ki, sondakı ədalət naminə əvvəldə ədalətsizlik bəzən şərt olur.
Sırf buna görə mən həmin zamanda baş verən kütlə savadlanmasına, elmə, mədəniyyətimizə, insanlardakı saflığa, sənayeyə, sosial haqqlara, ədalətə, qanunların işləməsinə, qarşılıqlı ləyaqət və hörmətə, ayrı-seçkiliyin, irqçiliyin olmamasına nəzər yetirirəm.
Stalin ingilislərin hindlilərə, aborigenlərə, fransızların afrikalılara etdiklərini edə bilməzdi? Biz orta əsr təfəkküründə avam və zavallı toplum deyildikmi? Bunu mən demirəm, Cəlilin Molla Nəsrəddininə baxın.
Hamı ziyalılar öldürüldü deyir, ancaq o boyda mühəndislər, alimlər, geoloqlar, astrofiziklər, antropoloqlar, arxeoloqlar, texnoloqlar hardan çıxdı demir! Heç kim hələ də əsas gəlirimiz olan Stalin proyekti Neft Daşlarını demir, heç kim hələ də gözümüzə işıq verən Stalin proyekti Mingəçevir Elektrik Stansiyasını demir. Heç kim Kərim Kərimovu, Fərman Salmanovu, Həsən Məmmədovu, Həsənağa Turabovu, Emin Sabitoğlunu demir. Hamı eləcə deyir milli kimliyimizi məhv ediblər.
Yüzlərlə belə örnəklər çəkməz olar.
Biz Kanada, Avstraliya, İsveçrə, İsveç kimi bəxtəvər coğrafiya deyilik. Bu coğrafiyada yaşamaq ağırdır. Bu coğrafiyada yüzillərin yığılmış əziyyəti, istismarı, qanı, cəhaləti, mentaliteti var. Hər kəs gəlib gedib burdan. Gələn hər kəs də burdan nəsə sorub. Onlarla millətin qatışığı olan yerdə saf irqdən danışmaq və ifrat milliyətçilik etmək gülüncdür.
Bu qədər tarixi gedişatı analiz edəndə gördüyüm odur ki, bu coğrafiya insanının üzü Sovet sosializmi zamanı gülüb, problemləri az olub, mədəniyyəti, elmi, dəyərləri yüksək olub, ləyaqətli insanları çox olub.
Repressiyaları necə Stalinə yazırıqsa, bunları da Stalinə yazmağa cəsarətimiz olmalıdır!
Mən həyata tərəzi prinsipindən və realist formada baxıram. Həyatda isə ən böyük həzzi elmdən alıram. İstənilən sahədə də araşdırma edirəm. Astrofizikadan tutmuş fəlsəfəyə, tarixə qədər. Bunlardan biri də bizim 70 illik tariximiz olan Sovet sosializmi və onun əsas memarlarıdır.
Mən məsələlərə daha ali yanaşıram. Repressiya haqqında da dediklərimi dedim. Bu vaxtdan sonra dəxlisiz yerə hər mövzuda repressiyanı önə sürən insanlara cavab verməyə zamanım və hövsələm yoxdur. O qədər oxunacaq, araşdırılacaq mövzular var ki.
Hər kəsə həyata daha realist tərəzi ilə, daha ali formada baxmağı arzu edirəm.
Diqqətinizə görə minnətdaram!

Комментариев нет:

Отправить комментарий