Страницы

06.05.2020

ARİSTOTELİN FƏLSƏFİ SİSTEMİNDƏ DÖVLƏT KONSEPSİYASI

Rəhim Həsənov
AMEA-nın Fəlsəfə İnstitunun doktorantı

Ensiklopedik təfəkkürə malik olan məşhur yunan filosofu Aristotelin (e.ə. 384-322) yaratdığı nəhəng fəlsəfi sistem hər zaman tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Klassik yunan fəlsəfəsinin sonuncu nümayndəsi, Peripatetizm (Peripatetik məktəbi (yunanca Peripatetio-gəzişirəm, ərəbcə əl-Məşşaiyyə) e.ə. 335-ci ildə Aristotel tərəfindən yaradılmışdı) fəlsəfi məktəbinin yaradıcısı olan Aristotel düşüncə tarixində ilk dəfə olaraq elmlərə sistemli yanaşmış, bununla yanaşı orjinal fəlsəfi təlim yaratmışdır. “Aristotel qədim dünyanın ən böyük filosoflarından biri olmuşdur. Onun elmi fəaliyyəti nəticəsində qədim yunan fəlsəfəsi ən parlaq dövrlərini yaşaya bilmişdir. O, ilk dəfə insan düşüncəsinin bütün sahələrini əhatə edən fəlsəfi sistem yarada bilmişdir; məntiq, təbiət, metafizika, ontologiya, əxlaq, dövlət, ritorika, poetika və s. sahələrinə aid əsərlər yazmışdır”. (Əlizadə A.A. Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016, 288 s. səh.83) Aristotelin “Nikomaxus əxlaqı” (yun. “Ἠθικὰ Νικομάχεια” –“Ethica Nicomachea”), “Evdem əxlaqı” (yun. “Ἠθικὰ Εὐδήμεια” – “Ethica Eudemia”), “Politika” (yun. “Πολιτικὰ” – “Politica”), “Afinalıların qanunu” (yun. “θηναίων πολιτεία”), “Ekonomika”( yun. “Οἰκονομικά” – “Oeconomica”), “Böyük etika” (yun. “Ἠθικὰ μεγάλα” – “Magna Moralia”), “Fəzilət və qəbahət haqqında” (yun. “Περὶ ἀρετῶν καὶ καιῶν”), “Ritorika” (yun. “Τέχνη ῥητορική” – “Ars Rhetorica”) əsərlərində dövlət və siyasət haqqındakı fikirləri əks olunmuşdur. 
Aristotelə görə siyasi elmin vəzifəsi yalnız ən mükəmməl rejimi araşdırmaq deyil, eyni zamanda bütün rejimləri araşdırmaqdır. Aristotel müəllimi Platonun irəli sürdüyü ideal dövlət nəzəriyyəsi ilə razılaşmırdı. İdeal dövlət nəzəriyyəsi böyük ideyaların məhsulu olsa da, Aristotel bu nəzəriyyənin həyata keçməsini qeyri-mümkün hesab edirdi. Aristotelə görə ailə və ya kənd icması insanın yaşaması üçün zəruri olan toplumlardır, insan bu kiçik toplumlarda lazımi ehtiyacılarını qarşılayır. İnsanların bir-birinə olan ehtiyacla yanaşı, eyni zamanda insanların cəmiyyətdə yaşaması üçün təbii bir istək vardır, bu baxımdan insan sosial-siyasi heyvandır. 
Aristotelin fikrincə dövlətdən kənarda olan bir şəxs insan deyil, ya heyvan, ya da tanrıdır. Aristotel dövlətin sosial müqavilənin nəticəsi kimi meydana çıxması ideyası ilə razılaşmırdı. Fərd və ailə dövlət aparatının orqanlarıdır, əgər dövlətin bu məsələyə aidiyyatı yoxdursa, bu orqanlar ayrılıqda bir funksional əhəmiyyət kəsb etmir. Dövlət vətəndaşlarının müxtəlif vasitələrlə həm fəzilətli, həm də xoşbəxt olmasını təmin etmək üçün tədbirlər görməyə borcludur. “Aristotel dövlətin siyasi quruluşunu qanunvericilik, icra və məhkəmə hakimiyyəti olmaqla üç yerə bölür. Siyasi quruluş qanunun hökm sürməsini nəzərdə tutmalıdır; çünki harda ki, qanunlar hökm sürmür, orada siyasi quruluş da yoxdur. Dövlət öz növbəsində bir çox hissələrdən ibarətdir, bu özü də yeganə ümumi yaşayış forması deyil. Digər formalar ailə və yaşayış məntəqəsidir”. (1, 432 səh. 3)
Məntiq elminin banisi sayılan Aristotel dövrünün siyasi həqiqətlərini sistemli düşüncə metodundan istifadə etməklə konkret faktlar əsasında  qiymətləndirmişdir. Aristotelin dövlət konsepsiyasında görə ümumi maraq, ədalət, fəzilət və ləyaqət məfhumları mühüm yer tutur. Bu baxımdan siyasi cəmiyyətin məqsədi onu təşkil edən insanların ümumi maraqlarını təmin etməkdir. Mütəfəkkirin gəldiyi qənaətə görə şəxsi mülkiyyət iqtisadi deyil, mənəvi baxımından xüsusi əhmiyyət kəsb edir. Aristotelə görə mülk müəyyən bir nöqtəyə qədər bölüşdürülməlidir, lakin bir qayda olaraq özəl olmalıdır və bu baxımdan da mülkiyyət şəxsi olaraq qalmalıdır.  
Mütəfəkkirin fikrincə ölkənin tarixindən və siyasi mədəniyyətindən asılı olaraq bir-birlərinə bənzər, lakin özünəməxsus və fərqli cəhətləri olan idarəetmə formaları mövcuddur. Aristotel dövrünün mövcud idarəetmə formalarını təhlil edərkən məntiqi analiz çərçivəsində onların yaranma şərtlərini izah edir və təsnifatı da bu prinsipə müvafiq olaraq  aparır. Aristotel idarəetmə formalarını legitim və illegitim idarəetmə formaları olaraq iki qismə bölürdü. Mütəfəkkirin gəldiyi qənaətə görə monarxiya, aristokratiya və politiya legitim idarəetmə formaları, tiraniya, oliqarxiya və demokratiya isə illegitim idarəetmə formalarıdır. 
Legitim idarəetmə formaları:
1. Monarxiya bir adamın (kralın) hakimiyyəti;
2. Aristokratiya yüksək imtiyazlı siniflərin hakimiyyətidir. Burada tək adamın deyil, azlığın hakimiyyəti həyata keçirilir.
3. Politiya çoxluğun maraqlarını əks etdirən çoxluğun hakimiyyətidir, bu həm də mötədil demokratiyadır. Bu idarəetmə sistemi çox az millətlərdə ola bilər. Orada hər şey (əxlaq, rifah və s.) mötədildir, hədlər aşılmır, aşırılıqlara yol verilmir. (2, səh. 502-503.)
İllegitim idarəetmə formaları:
1.Tiraniya belə bir monarxiya quruluşudur ki, orada bir nəfər hakimiyyəti öz şəxsi maraqları üçün istifadə edir.
2. Oliqarxiya öz maraqlarını güdən imtiyazlı siniflərdən olan azlığın hakimiyyətidir.
3. Demokratiya isə cəmiyyətdə çoxluqda olan yoxsulların və azad vətəndaşların hakimiyyətidir. Bununla belə, demokratiya başqa düzənsiz hakimiyyətlərin arasında ən yaxşısıdır. (2, səh. 457.)
Aristotelə görə müəyyən bir idarəetmə formasını qavramağa kömək edən ilk amil hakimiyyətdəki insanların sayıdır. Göstərilən meyarlara görə dövləti bir şəxs, bir qrup və ya cəmiyyətin əksəriyyəti idarə edə bilər.  İdarəetmə formasını başa düşməyin ikinci meyarı hökmdarların hakimiyyəti öz mənafeləri və ya cəmiyyətin maraqları üçün istifadə etməsi ilə xarakterizə edilir.  Hakimiyyətdəki insanların sayına müvafiq olaraq aparılan təhlillərdə Aristotel idarəetmə üslublarını aşağıdakı kimi təsnif edirdi:
Monarxiya- Tiraniya (bir insanın yaxşı və pis idarəetməsi);
Aristokratiya- Oliqarxiya (müəyyən qrupun yaxşı və pis idarəetməsi);
Politiya- Demokratiya (əksəriyyətin yaxşı və pis idarəetməsi).
Oliqarxiyada bərabərlik zənginlik, demokratiyada bərabərlik isə azadlıq anlayışı ilə müəyyən edilir. Aristotel hər iki görüşə qarşı çıxır. Aristotelə görə hakimiyyətin məqsədi cəmiyyətin rifahı və xoşbəxtliyidir. Bu hədəfi yerinə yetirmək üçün kimin qabiliyyəti varsa, hakimiyyət də onun əlində olmalıdır. İdarəetmə forması vacib deyil, vacib olan insan və ya insanların cəmiyyətin məqsədi olan xoşbəxtliyə çatmaq üçün lazımi dərəcəyə sahib olub-olmamasıdır. Bu baxımdan Aristotelin əsas mənəvi konsepsiyası azadlıq, ləyaqət, bərabərlik deyil fəzilətdir. Aristotel demokratiyanın tərəfdarı deyildi. 
Aristotelə görə ən yaxşı idarəetmə forması demokratiya və oliqarxiyanın qarışığı nəticəsində meydana gələn politeyadır. Aristotelin məqbul gördüyü bu idarəetmə formasında hökmdarlar müəyyən gəlirləri olan orta təbəqəyə malik olan insanlardan ibarət olmalıdır.  İdarəçilər döyüş qabiliyyətinə malik olmalıdırlar, buunla yanaşı döyüşmək üçün tələb olunan ağır zirehləri almaq üçün iqtisadi cəhətdən də imkanlı olmalıdırlar. Orta sinif əxlaqi təliminin əsas meyarı olan “qızıl tənasüb” prinsipi də fəzilət baxımından daha mütabiqdir. Cəmiyyət zəngin-orta-kasıb kimi üç fərqli sinifdən ibarətdir, həm istedadlarına, həm də yerləşdiyi iqtisadi möqeyinə görə orta təbəqənin insanları idarəetmə üçün əlverişlidirlər. Hakimiyyətdə qərar tutan insanlar müxtəlif qurumlar arasında bölünürlər. Lakin dominant gücün hüdudlarını müəyyənləşdirmək vacib problemdir. 
Aristotelə görə, insan hər şeydən əvvəl “zoon politikon”dur yəni, siyasi varlıqdır, insan öz imkanlarını yalnız cəmiyyətdə və dövlətdə dərk edə bilər. Buna görə də insanın öz imkanlarını reallaşdırması üçün ictimai nizam və dövlətin olması vacibdir. ““Politika” (“Siyasət”) əsərində Aristotel mahiyyətcə cəmiyyət və dövlət anlayışlanni bir-birindən fərqləndirmirdi. O, insanı “siyasi heyvan” hesab edirdi. Aristotelin əsərlərində dövlət insanlann təbii və zəruri yaşayış üsulu kimi çıxış edir”. (3, səh.91)
Aristotelə görə dövlət siyasi birlikdir, bütün birliklər rifah və yaxşılığa yönəlmiş olduğundan hər bir siyasi birlik ümumi rifaha yönəlmişdir. Dövlətin varlığının əsas səbəbi fəzilətli vətəndaşları yetişdirmək və insanları fəzilət baxımından inkişaf etdirməkdir. Dövlət hər kəsin yaxşı yaşaması və ya xoşbəxt olması üçün mövcuddur. Dövlət tarixi inkişaf prosesində təbii bir zərurət olaraq ortaya çıxmışıdır. Aristotelə görə insanı digər canlılardan fərqləndirən əsas cəhət onun ağıl və dərrakəyə malik olmasıdır. İnsanın bu üstün xüsusiyyəti onu birlikdə yaşamağa vadar edir. İnsanlar birlikdə yaşadığı zaman bütün intellektual imkanlarını həyata keçirə bilərlər Buna görə də, insanların birgə yaşaması nəticəsində cəmiyyət yarandı, kəndlər və şəhər-dövlətlər meydana gəldi. Aristotelə görə iki əks cinsin reproduktiv məqsədlər üçün bir araya gəldiyi zaman ailə yaranır, ayrı-ayrı ailələrin bir araya gəldiyi zaman kəndlər ortaya çıxır. Şəhərlər isə ayrı-ayrı kəndlər bir araya gəldiyi zaman meydana çıxır.
Aristotelə görə dövlətin təməli ədalətdir, çünki hüquqlar siyasi birliyin əsasını təşkil edir. Ədalətin mahiyyətini araşdırmaq üçün bu məfhumun kimə aid olduğunu araşdırmaq lazımdır. Aristotelə görə ədalət bütün cəmiyyət üçün xeyirlidir, əhəmiyyətli olan cəmiyyətin ümumi faydasıdır. İdarəetmənin ən yaxşı forması bütün vətəndaşların rifahını hədəfləyən idarəetmə formasıdır. Dövlətin əsas məqsədi vətəndaşların yaxşı yaşamasını təmin etməkdir. Aristotelə görə, konstitusiya suveren hakimiyyətin təşkili formasıdır. Dövləti araşdırmaq üçün əvvəlcə onu yaradan vətəndaşları nəzərə almaq lazımdır. Çünki dövlət vətəndaşların cəmidir. 
Mütəfəkkirin gəldiyi qənaətə görə vətəndaş dövlət idarəçiliyində və məhkəmə orqanlarında iştirak etməklə siyasi, hüquqi və inzibati vəzifələr götürən şəxsdir. Dövlət vətəndaşların bir konstitusiyada birləşməsidir. İdarəetmə formasından asılı olaraq vətəndaş məfhumunun mahiyyəti də dəyişir. Yaxşı bir vətəndaşın fəzilətli olmağının əsas xarakteri onun necə idarə etməyi və idarə olunmağı bilməsi ilə müəyyənləşdirilir. Aristotelin vətəndaş konsepsiyası müasir vətəndaş anlayışından çox fərqlidir, çünki onun fikrincə, idarəetmə təmsilçilik deyil, birbaşa rəhbərlikdir. Başqa sözlə, vətəndaşların özləri idarəçilərin seçilməsində söz sahibi olmaqdan əlavə dövlət qanunlarının qəbul edilməsinə də öz töhfələrini verirlər. Vətəndaş olmağın ən vacib şərti ictimai maraq kəsb edən bir işdə işləmək və idarəetmədə iştirak etməkdir. Vətəndaşlığı yüksək imtiyazlı bir status olaraq qəbul edən Aristotel qulları, işçiləri, əkinçiləri, qadınları və sənətkarları vətəndaş olaraq qəbul etmirdi.
Köləliyin təbii və fitri olduğunu iddia edən Aristotelə görə köləlik siyasi vəziyyət və ya sosial bərabərsizlik nəticəsində ortaya çıxmır. Köləliyi təbii köləlik və qanuni köləlik olaraq iki fərqli kateqoriyaya bölən Aristotelə görə təbiətdən qul olanların sonradan azad olması mümkün deyil. Aristotel bəzilərinin hər yerdə qul olduğunu, bəzilərinin isə heç bir yerdə olmadığını iddia edir və köləlik vəziyyətinin dəyişməz olduğunu söyləyirdi. “Aristotel qulu gəlir gətirən əmlak hesalb edirdi. Çünki bir halda ki, qul quldarın mülkiyyətində idi, onun əməyinin nəticəsi də quldar tərəfindən mənimsənilməli idi. Beləliklə, quldarlıq insanla əşya arasındakı həddi silmiş, nemət yaradan əmək hər cür azadlıqdan məhrum edilmişdir. Aristotel göstərirdi ki, hər cür ağır fiziki işləri qullar görməlidirlər. Fiziki işlərdən azad olanlar isə dövlət işləri ilə məşğul olmalıdırlar”. (4, səh.45-46)
Aristotelə görə dövlət insanların yüksək mənəvi və intellektual ehtiyaclarını ödəmək üçün mövcuddur. İnsanlar yalnız dövlət sayəsində vəhşilikdən qurtula və mədəni ola bilərlər. Dövlət ədalət üzərində qurulanda xalqın həyatı firavan olacaq və xoşbəxt bir həyat yaşayacaqdır. Aristotelə görə dövləti ancaq müəyyən intellektual qabiliyyəti olan azad vətəndaşlar qura bilər. Ancaq bu azad vətəndaşlar da müxtəlif aspektdən bir-birlərindən fərqlidirlər. Mütəfəkkirin fikrincə dövlətin ən vacib vəzifələrindən biri vətəndaşın fəzilətli olmasıdır. Dövlətin vətəndaşların fəzilətlərini artırmaq məqsədi yoxdursa, dövlət sadəcə bir ittifaqdır. 
Aristotelə görə adi insanlar əkinçilik, ticarət və fiziki əməklə məşğul olurlar. Aşağı siniflərdən və fəzilətdən aşağı olmayanların dövlətdə payı olmamalıdır. Aristotel kölələri, xarici vətəndaşları, fəhlələri və əkinçiləri vətəndaş kimi qəbul etməyin tərəfdarı deyil. Aristotelin vətəndaşlıq məfhumu həm məhdud, həm də imtiyazlı bir anlam kəsb edir, qulların, əcnəbilərin, işçilərin və əkinçilərin dövlət idarəçiliyində iştirak etməsi və ictimai sahədə işləməsi yararsızdır. Qullar işlərini yaxşı yerinə yetirməlidirlər və üsyan qaldıracaq qədər cəsarətli olmamalıdırlar. Aristotelə görə, dövlət yararlı bir zəmində qurulduğu təqdirdə köləlik düzgün və təbiidir. Dövlət quruluşunda qullar xidmət edir, istehsalda iştirak edir, azad vətəndaşlar isə idarəetmə işlərində iştirak edir və ictimai maraqlarda çalışırlar. Təbiət fəzilət baxımından azad insanları qullardan üstün etmişdir. Aristotelin sözlərinə görə köləlik insan təbiəti və onun yaranması ilə əlaqədardır. Yaradılış nəticəsində təzahür edən köləlik statusu sonradan dəyişdirilə bilməz. 
Aristotel bəzi demokratik ölkələrdə əcnəbilərin, hətta nikahdan kənar uşaqların da vətəndaş kimi qəbul edilməsini müvəqqəti vəziyyət hesab edir. Vətəndaşın əmlakının yalnız sərhədə və ya şəhər mərkəzinə yaxın olması ədalət və bərabərlik prinsipinə ziddir. Vətəndaşların iki əsas vəzifəsi vardır: mülki və hərbi. Aristotel kifayət qədər sərvətə sahib olmayan insanların kölələrə bənzər bir həyat sürdüyünü düşünürdü.
Aristotel dövlətin genezisi problemində anropoloji nzəriyyənin tərəfdarı kimi çıxış etmişdir. “Аntrороlоji nəzəriууə Aristotelin əsərlərindən çıxış edərək, dövlətin təzаharünü insаnın ictimai təbiəti ilə əlаqələndirir. Aristotel iddia edirdi ki, insan ictimai (siyasi) və kollektiv varlıq kimi müəууən birgəуаşауış fоrmаlаrındа mövсud ola bilər, həmin birgəуаşауış fоrmаlаrındаn ən yüksəyi isə dövlətdir.” (5, səh.124.) Aristotelə görə dövlət əhalinin ehtiyaclarını ödəmək iqtidarına malik olmalıdır. Dövləti müəyyən intellektual qabiliyyəti olan azad vətəndaşlar tərəfindən təsis edilmiş bir təşkilat olaraq tanıdan Aristotel bu azad vətəndaşların vahid düşüncəyə malik olmadığını qeyd edir. Filosof sərbəst vətəndaşların bir-birlərindən fərqli olması amilinin tarazlığın qorunmasında vacib rol oynadığını düşünür. Çünki dövlət zatən ayrı-ayrı şəxslər arasındakı tarazlıq yaradır. Lakin ayrı-ayrı şəxslərdə nəzərdə tutulan tarazlıq qul, əkinçi və işçiərə şamil edilmir, bu tarazlıq yalnız dövlətin azad vətəndaşları arasındakı tarazlıqdır.
Aristotel müxtəlif konstitusiyalara, yəni idarəetmə formalarına ümumi bir fikir verir. Dövlətin konstitusiyası kimin ali hakimiyyətə sahib olmasından asılıdır. Aristotelin dövlət doktrinasına görə, insan yalnız özü üçün yaşamır, insan təbiəti etibarilə ictimai həyat üçün yaradılmışdır. Bu baxımdan cinsi münasibətlər və qan qohumuğu, dil və fitri mənəvi instinktlər insanı digər insanlarla bağlayır. Cəmiyyətin bütün digər formalarını özündə cəmləşdirən mükəmməl cəmiyyətin çoxaspektli fəaliyyəti nəticəsində dövlət meydana gəlir. Bu mükəmməl cəmiyyətin məqsədi yalnız iqtisadi amillə bağlı deyil. 
Aristotelə görə idarəetmə formaları konstitusiya formalarından asılıdır və konstitusiya bir dövlətdə suverenliyin tənzimlənməsidir. Hər kəsin hökm sürdüyü hakim konstitusiya quruluşu və hüquqi idarəetmə forması olan politeya düzgün, demokratiya isə səhv idarəetmə formasıdır. Bu baxımdan Aristotelin fikrincə politiya ən yaxşı idarətetmə formasıdır. Ədalətin balanslı biçimdə mövcud olduğu politiya oliqarxiya və demokratik idarəetmənini uzlaşması nəticəsində ortaya çıxan yeni idarəetmə formasıdır. “Aristotelin polisiyası təbəəliyin siyasi instinktlərinə ən çox uyğun gələn siyasi sistem idi. Aristotel politiya terminini və nəzəriyyəsini demokratiyanı zadəganların nifrət və hiddətindən xilas etmək istərkən yaratdı. Ali dövlət postlarına namizədlərin kütlə içərisindən seçilməsinə və səsvermə yolu ilə təyin olunmasına istinad edən hakimiyyəti zadəganlar nifrətlə “demokratiya”, yəni qara camaatın hakimiyyəti adlandırsalar da, Aristotel belə bir dövlətə qarşı daxili bir simpatiya duyurdu. O, güman edirdi ki, xalqı hakimiyyətin əsası kimi tanıyan və bu əsasdan çıxış edən dövlət zadəganların gəda hakimiyyəti kimi səciyyələndirdiyi formanı da ala bilər, mükəmməl və kamil də ola bilər. Görünür, Aristotel politiyanı məhz belə bir mükəmməl və kamil dövlət forması hesab edirdi”. (6, səh. 106).
Dövlət insanın özünəməxsus qabiliyyətlərini inkişaf etdirə biləcəyi yeganə mühitdir. İnsan təbiəti ilə sosial varlıq olduğu üçün cəmiyyət də təbiidir. Başqa sözlə, cəmiyyət süni deyil, çünki dövlət heç də müqavilə əsasında ortaya çıxmamışdır. Aristotel cəmiyyəti canlı orqanizmə bənzədirdi. Aristotelə görə insanları bir araya gətirən əsas ünsür nəsilartırma və yaşamaq instinktidir. Dövlət kiçik icma formasında mövcud olan ailələrdən ibarət olduğu üçün siyasi mübahisələr ailədən başlamalıdır və bu müzakirələr köləliyə də aiddir. Çünki qədim dövrlərdə qullar ailənin bir hissəsi hesab olunurdu. Aristotelin sözlərinə görə, cəmiyyətin mənbəyi ailədir, ailə kişi və qadın tərəfindən çoxaldılması və insanların gündəlik ehtiyaclarını ödəmək üçün təbii olaraq bir araya gəldiyi ilk cəmiyyətdir. 
Aristotel üçün köləlik məcburi deyil, zərurətdir. Çünki bəziləri əmr vermək üçün, bəziləri də əmri yerinə yetirmək üçün yaradıldı. Bu baxımdan bəziləri idarə edir, bəziləri də idarə edilir. Lakin Aristotelin qanuni hesab etdiyi təbii köləlikdir. Kiminsə insanı zorla başqasına tabe etdirərək onu qul halına gətirməsini qəbul etmirdi. Aristotel bildirir ki, fərdi mülkiyyət olduğu təqdirdə torpaq sahibi məmnun olur və istehsal artır. Ədalət anlayışı isə qanunidir. İctimai həyatda ədalət bərabərliyi təmin etməlidir. Bərabərlik iki fərqli sahədə baş verir. Birincisi, var-dövlət, şan-şöhrət və digər nemətlərin bölüşdürülməsində bəhs olunan bərabərlikdir. Digəri tərəflərin müqavilələrdəki aktlar arasındakı ədalətdir. Aristotelə görə, böyük şəhərlər ümumiyyətlə yaxşı idarə edilmir, çünki böyük bir izdiham idarə edilə bilməz. Dövlət müharibələr zamanı özünü qorumağa qadir olmalıdır. 
Aristotelə görə siyasət bir elmdir və siyasət dövlətdə insanların ortaq həyatını ən yaxşı şəkildə necə təşkil etməyi bilməkdir. Siyasətin mahiyyəti və məqsədi vətəndaşlara yüksək mənəvi keyfiyyətlər bəxş etmək, onları ədalətli insanlar halına gətirməkdir. Yəni siyasətin məqsədi ümumi mənada ədaləti təmin etməkdir. Bu məqsədə çatmaq elə də asan deyil. Bir siyasətçi nəzərə almalıdır ki, insanlar həm fəzilətlərə, həm də qəbahətlərə malikdirlər. Buna görə də siyasətin vəzifəsi kamil insanların tərbiyəsi deyil, vətəndaşlarda fəzilət tərbiyəsidir. Vətəndaşın fəziləti vətəndaşlıq borcunu yerinə yetirmək, hakimiyyətə və qanunlara tabe olmaqdır. Buna görə siyasətçi ən yaxşı dövlət quruluşunu axtarmalıdır. Təbii inkişafın məhsulu olan dövlət, eyni zamanda ən yüksək ünsiyyət formasıdır. Təbiətcə insan siyasi varlıqdır və dövlətdə insanın bu siyasi ünsiyyət prosesi başa çatır.
Aristotelin ictimai-siyasi fəlsəfəsinin əsas müddəalarının  ehtiva olunduğu “Politika” (yun. “Πολιτικὰ”) traktatı filosofun həyatının son illərində (e.ə. 335-322) qələmə alınmışdır. Filosofun Afinada yazdığı bu əsərdə dövlətin bir elementi olan ailənin problemləri, köləlik, vətəndaşlıq, dövlətin mahiyyəti, eləcə də onun idarəetmə formaları və məqsədləri müzakirə olunur. Ümumiyyətlə, Aristotel dövləti ümumi mənfəət üçün təşkil edilmiş bir cəmiyyət olaraq təyin edirdi. Kəndlərdə birləşən ailələr) dövlətin ayrılmaz hissəsini təşkil edir. Aristotel ailə dedikdə kölələri olan patriarxal ailə nəzərdə tuturdu və ailənin başçısını monarxa bənzədirdi. Aristotel müəllimi Platonun ideal dövlətini tənqid edərək, dövlətdə şəxsi mülkiyyətin və ailənin qorunmasının vacibliyini müdafiə edirdi. “Aristotel Platonun ideal dövlət layihəsində təklif etdiyi arvadların, uşaqların və əmlakın ümumi olması fikrinə etijraz edir və əsas kimi onu göstərirdi ki, arvadlaıin və uşaqlarm ümumi olması əxlaqa ziddir, əmlakın ümumi olması isə dövlətdə hərcmərcliyə səbəb olacaqdır. Aristotel ictimai iğtişaşlann səbəblərini maddi mənfəət əldə etmək istəyində görürdü. O, üsyanlara və vətəndaş iğtişaşlarma səbəb olan psixoloji amilləri xüsusi fərqləndirirdi. Məsələn, bərabərliyə can ataıaq bu cür amillərə aiddir. Dövlətdə bu və ya digər qruplann hədsiz uçalması, üstünlük hissi və tamahkarlıq, islahatlar aparılmasmda qətiyyətsizlik, paxıllıq, qorxu və s. siyasi hərəkatlara və üsyanlara səbəb olur”. (7, səh.116)
Aristotelə görə dövləti yaradan beş element vardır: 
1) Ərzaq istehsal edən kəndlilər;
2) Alətlər düzəldən sənətkarlar;
3) Mal mübadiləsi və paylanması ilə məşğul olan tacirlər;  
4) Dövləti rasional şəkildə idarə edən məmurlar;
5) Dövləti qoruyan hərbiçilər.
Aristotelə görə dövlətdəki qarşıdurmaların səbəbi əhalinin müxtəlifliyi və hakim siniflər arasındakı şəxsi ziddiyyətləridir. Mütəffkir dövlətdə sabitliyi gücləndirmək üçün vətəndaşlar arasında müxtəlif qorxular yaratmağı, qanunun aliliyini gücləndirməyi, məsuliyyətləri bölüşməyi və gənc nəslin tərbiyəsinə qayğı göstərməyi təklif edir. Dövlət bütün cəmiyyətə qayğı göstərməlidir, ədalət olmadan dövlətin yaşaması və fəaliyyət göstərməsi mümkün deyil. Ədalət olmadan dövlət yaxşı idarə edilə bilməz. Təhsil, fəzilət və istedad yaxşı həyat təmin etmək üçün dövlətin ən çox düşünməli olduğu məfhumlar olmasına baxmayaraq, ədalət bir dövlətin ən yüksək fəziləti olmalıdır. Cəmiyyətdə ədalət hamı üçün bərabərdir. Dövlətə qarşı cinayət törədənlər, qəsdən adam öldürənlər, ictimai maraqlara qarşı çıxanlar və s. hamısı məhkəmələrdə mühakimə olunmalıdır. Dövlətdə həqiqətə və ədalətə aid olan işləri mühakimə etmək üçün səlahiyyətli insanların olması da lazımdır. Hökm verənlərdən əlavə bu müddəanı tətbiq edəcək insanlar da olmalıdır.
Elmi-fəlsəfi yaradıcılığının zənginliyi və dərin məzmunluluğu vəsiləsilə tədqiqatçılar tərəfindən insan biliyinin həqiqi ensiklopediyası adlandırılan Aristotelin fəlsəfi irsi hər zaman öz aktuallığını qoruyub saxlamışdır. Elladanın sonuncu nəhəng filosofu, “Müəllimi-əvvəl” (“Magister Primus”- “Birinci müəllim”) deyə adlandırılan Aristotelin nəhəng və əvəzsiz fəlsəfi irsi uzun illər bir sıra parlaq dühaların yaradıcılıq fəaliyyətlərilə güclü təkan vermişdir. Ensiklopedik düha olan Aristotelin fəlsəfi sistemini tədqiq etmək, onun dövlət və siyasət barədə irəli sürdüyü ideyaları incələmək antik dövrün dövlət konsepsiyasına peşəkar yanaşma haqqında məlumata malik olmaq baxımından önəmlidir.

Комментариев нет:

Отправить комментарий