Страницы

14.05.2020

Çoxvektorlu Azərbaycan-Rusiya münasibətləri mühüm mərhələyə qədəm qoyub

Azərbaycan hər zaman yaxın və uzaq qonşuları, ayrı-ayrı dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq, müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək prinsipinə önəm verib, bu siyasi xəttə sadiq qalıb. Həyata keçirilən siyasi xətt uğurlu və məqsədyönlü olduğundan müsbət nəticələrini də verib. Təsadüfi deyil ki, məhz bu siyasət nəticəsində Azərbycanın bir sıra ölkələrlə əlaqələri strateji müttəfiqlik səviyyəsinə gəlib çatıb. Bu sırada Türkiyə bə Rusiya Federasiyasını xüsusi qeyd etmək yerinə düşər.
Son illərdə şimal qonşumuzla əlaqələrdə xüsusi bir canlanma, inkişaf özünü göstərir. İki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafı Bakı və Moskvanı strateji müttəfiqə çevirib. Rusiya ilə Azərbaycan arasında mövcud əməkdaşlıq və ortada olan potensial, imkanlar yeni inkişaf perspektivləri vəd edir. Təsadüfi deyir ki, bir neçə gün əvvəl Rusiya televiziyasına verdiyi müsahibədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bunu istisna etmədi.
Moskva ilə Bakı arasında mövcud olan əlaqələr və imkanlar barədə danışan beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyevanın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" ("Milli müdafiə") jurnalının may buraxılışına müsahibəsində deyib ki, bu gün strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətləri bütün istiqamətlər üzrə uğurla inkişaf edir: "Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Prezident Vladimir Vladimiroviç Putin ilə mənim çoxsaylı şəxsi görüşlərim ikitərəfli qarşılıqlı əlaqələrin inkişafına çox ciddi təkan verir, həmçinin bizim regionda vəziyyətə də müsbət təsir göstərir. Biz fəaliyyətimizin, demək olar ki, bütün sahələrini- ticarət, nəqliyyat, energetika, humanitar sahə və turizmi əhatə edən beş yol xəritəsi çərçivəsində proqramı fəal reallaşdırırıq. Ötən ilin sonunda bu yol xəritələrinə daha ikisi- innovasiyalar və gənclər siyasəti üzrə yol xəritələri əlavə edilib".
Belə olan halda Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd etmək olarmı? Ekspert hesab edir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxvektorlu Azərbaycan-Rusiya münasibətləri mühüm mərhələyə qədəm qoyub: "Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Ölkəmizin Rusiyaya qoyduğu investisiya 1,2 milyard dollar, Rusiyanın isə Azərbaycana qoyduğu investisiya 4,9 milyard dollar həcmindədir. İllik ticarət dövriyyəsinin həcmi 3 milyard dollara yaxındır. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın müəssisə qeydə alınıb, Rusiyanın ölkəmizin iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5 milyard dollardır. Hazırda iki  ölkə arasında 200-dən çox dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Keçən  il  Rusiya-Azərbaycan əməkdaşlığının 2024-cü ilədək olan dövr üçün əsas istiqamətləri razılaşdırıldı.Razılaşma  özündə 7 "yol xəritəsi"ni ehtiva edir. İlkin razılaşdırılmış 5 yol xəritəsi tərəflərarası ticarətin və qarşılıqlı investisiya həcminin artırılması, nəqliyyat potensialının inkişafı, birgə müəssisələrin yaradılması sahəsinə aiddir. Keçən ilin sonunda razılaşdırılmış 6-cı və 7-ci yol xəritəsi rəqəmsallaşma sahəsinə, büdcə-vergi sektorunda təcrübə mübadiləsinə, həmçinin humanitar əlaqələrin inkşafına istiqamətlənib".
Yeganə Hacıyeva bildirib ki, yol xəritələrinin sayı ikitərəfli münasibətlərin genişlənməsi üzərindən artıb və burda əsas yükü nəqliyyat-tranzit sahəsi üzrə əməkdaşlığımızın istiqamətləri müəyyənləşdirir: "Rusiya, Azərbaycan, İran və Hindistanın iştirakçısı olduğu "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi" layihəsi Qərbi Avropanı, Fars Körfəzini və Asiyanı birləşdirən bir layihədir. Azərbaycan layihədə 3 marşrut: Qərb, Şərq və Mərkəzi marşrutlar üzrə iştirakçıdır. İmzalanan iki yeni yol xəritəsi isə 2020-2022-ci illəri əhatə edir, maliyyə sahəsinin rəqəmsallaşdırılması sahəsində, innovasiyaların inkişafı və rəqəmsal iqtisadiyyat sahəsindəki əməkdaşlığı və ölkələrə qarşılıqlı səfərləri və humanitar təmasları artırılmasını nəzərdə tutur. Son iki yol xəritəsi üzrə razılaşmalar ilkin olaraq keçən il 3 oktyabr tarixində "Valday forumu"nda həyata keçirilib, 20 dekabr tarixində Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi zirvə görüşündə yekunlaşıb".

Məhəmmədəli QƏRİBLİ                  baki-xeber.com

Комментариев нет:

Отправить комментарий