Страницы

23.05.2020

Fələstinli uşaq

Pərviz Arif

Məni əfv eylə, Fələstinli uşaq
Bu qədər zülmə yumub göz, susuram
Gecələr fəryadımın xeyri nədir
baş əyib zalıma gündüz, susuram.
Məni əfv eylə ki, yardım yerinə
baxıram haqsız axan qanlara acizcəsinə
qulaq adətkar olub sanki bu zülmün səsinə.
Sığınıb gizlicə bir parça çörək kölgəsinə
səni qurban verirəm özgəsinə.

Hələ tezdir, yaşayırsan nələri
sənə bəxş etdi həyat gülləri yox, güllələri
Belə qardaşlıq olar?!
Mən uşaqlıqda atamla əl-ələ
dolanım hər qarışın çöl-çəmənin,
sən uşaqkən ata can tapşıra qarşında sənin.
Belə düzgünlük olar?!
Hanı dünyanın ədalətliləri,
hanı İslamımızın əhdə sədaqətliləri?!
Niyə din qardaşının dadına yetmir görəsən?!
Min əlacsız uşağın naləsini
bir ərəb şeyxi eşitmir görəsən?!

Məni əfv eylə, Fələstinli uşaq,
Seçilirsə əməlimdən niyyət.
Bu Ramazanda düzüb süfrəmə hər cür nemət
açıram iftarımı əhvalı xoş.
Sən isə dad eləyirsən su deyib
gözü yaşlarla dolu, kuzəsi boş.

Məni əfv eylə ki, sakit baxıram.
sən uçan bombalar altında yatarkən mən isə,
“sətir altında” özümdən çıxıram.
Hanı bəs vəhdəti imanlıların?
Dili laldır, gözü kordur dünya.
Canı cansızdan ucuzlaşdırılır canlıların.
Elə bil adi qəza nöqtəsi olmuş Qəzza.
Mərhəmət gözləmə qatillərdən
yetimin halına olmaz ki, yanan
hələ sən körpə ikən gülləyə tuş gəldi anan.

Ola bilməz belə bitsin hər şey.
Batacaq haqsızın axırda səsi.
Bu əzazilləri tapşır Haqqa
bir ümid vardır, Onun məhkəməsi...
Bizsə öyrəncəliyik dildə hünərdən danışaq,
Bu müsibət də bizi bir yerə cəm eyləmədi-
necə tək-tək vuruşaq?!
Bizi əfv eylə, Fələstinli uşaq...
Bizi əfv eylə, Fələstinli uşaq...

Комментариев нет:

Отправить комментарий