Страницы

12.05.2020

Rusiyalı bloger Ermənistanın strateji obyektlərində çəkiliş etməyi necə bacarıb?

Bir qrup rus bloger tərəfindən “Youtube” sosial şəbəkəsində yerləşdirilən videogörüntülər Ermənistanda müzakirə mövzusu olmaqda davam edir. Həmin videogörüntülərdə İrəvan metrosunun yarım tikilmiş tunelləri nümayiş olunur. Rus blogerlər İrəvan metrosunun tunellərini təxminən 35 dəqiqə nümayiş etdirir, şəkil çəkdirirlər və sonra metronun fəaliyyətdə olan hissəsinin tunelinə daxil olurlar.
Əvvəlcə video müəllifi Den Stalk İrəvanın Respublika meydanını göstərir və Sovet İttifaqının dağılmasından sonra Acapnyak, Nazarbekyan və Davitaşen adlı 3 metro stansiyasının inşasının başa çatmadığını bildirir. Blogerlər yarım tikili stansiyalar arasındakı dəmir yolunun tərk edilmiş hissələri ilə maraqlanıblar.
Qeyd etmək lazımdır ki, Karen Dəmirçyan adına metro strateji bir obyekt statusuna malikdir və hətta çəkiliş aparılması üçün belə icazə tələb olunur, bu halda işçilərdən biri çəkiliş aparana təhkim edilir, sonuncu yalnız video yazma prosesinə nəzarət etmir, həm də onu istiqamətləndirir. Bəs, rus blogerlər nəinki tərk edilmiş tunellərə daxil olmağı, həm də əslində qadağan olunmuş çəkilişləri etməyi necə bacarıblar?
Erməni jurnalistlərə danışan Karen Demirçyan adına İrəvan metrosunun mətbuat katibi Tatev Xaçatryan rusiyalı blogerlərin videonu çəkmək üçün Metropolitenə müraciət etmədiklərini söyləyib. “Videoya gəlincə, qeyd edim ki, Ermənistan Polis İdarəsinin İctimai Təhlükəsizlik Baş İdarəsi tərəfindən artıq İrəvandakı “Barekamutyun” metro stansiyasında lentə alınan çəkilişlər, metronun havalandırma sistemlərinə və quyularına qanunsuz daxil olma faktı ilə bağlı araşdırma aparır. Xüsusi olaraq vurğulamağı zəruri hesab edirəm ki, Karen Dəmirçyan adına İrəvan metrosu sərnişinlərin təhlükəsizliyini təmin etmək sahəsində nəqliyyat nazirinin müvafiq əmrini rəhbər tutaraq sərnişinlərin təhlükəsiz hərəkətini təmin edir və bu əmrə görə metropoliten direktorunun icazəsi olmadan çəkiliş aparmaq qadağandır”,- deyə İrəvan metropolitenin rəsmi əməkdaşı bildirib.
Bununla yanaşı, Xaçatryan vətəndaşların metro ərazisində icazəsiz cib telefonları ilə çəkiliş aparması hallarının olduğunu da istisna etməyib. “Eyni zamanda, sizə bildirim ki, Karen Dəmirçyan adına İrəvan Metropoliten rəisinin göstərişi ilə müvafiq işçilər tərəfindən mütəmadi olaraq yoxlamalar aparılır və təhlükəsizliyin yoxlanılması üçün havalandırma sistemləri, quyular və tunellər nəzərdən keçirilir. Onu da qeyd edim ki, məsələ müvafiq qurumların diqqət mərkəzindədir və müxtəlif araşdırmalar aparılır. Həmçinin çəkilişlərin lentə alındığı vaxt baxımdan da araşdırmalar aparılır, çünki videonun nə vaxt çəkildiyi göstərilmir”,- deyə metropoliten rəsmisi əlavə edib.
Erməni jurnalistlər xəbər agentliyinin əməkdaşı bu kadrları lentə alan rus blogerləri ilə danışmağa da nail olub. O tunellərə giriş haqqında internetdən öyrəndiyini və videonun internetdə bu qədər səs-küyə səbəb ola biləcəyini düşünmədiyini bildirib.
- Tunellərdə çəkiliş aparmağa necə nail ola bilmisiniz?
- İnternetdə o tunellər barəsində çoxlu fotolar var. Dostlarımla birlikdə gəlmişəm və həmin ərazini araşdırmışıq.
- Tərk edilmiş metro tunellərində çəkilişləri nə vaxt həyata keçirmisiniz?
- Bu suala cavab vermək istəmirəm.
- Sizin çəkiliş aparmağa icazəniz olmayib. Bu icazə olmadan çəkiliş aparmağa necə nail ola bilmisiniz?
- Bilmirdim ki, həmin əraziləri lentə almaq olmaz, istənilən halda xəbərdarlıq nişanları yox idi. İçəri daxil olmağın qadağan olduğunu bilməmişəm. Girişə gəldik və heç bir problem olmadan daxil olduq. Əvvəlcə bu barədə məlumatım yox idi, sonra stansiyadakı işçilər mənə çəkiliş aparmamaq barədə xəbərdarlıq etdilər və çəkilişləri dayandırdım. Təxminən üç saat içəridə olduq. Videomun bu qədər çox izləyici toplamasına və Ermənistanda həyəcan doğurmasına təəccübləndim.
Onu da əlavə edək ki, rusiyalı blogerlər müxtəlif ölkələrə səfər edərək tərk edilmiş yerlərdə, tikilməmiş stansiyalarda və ya tikililərdə çəkilişlər aparırlar.

Alpər Mövludoğlu             ordu.az

https://www.youtube.com/watch?time_continue=2038&v=uQXLf2uFhbU&feature=emb_logo

https://www.youtube.com/watch?time_continue=109&v=pq6hFMktXFM&feature=emb_logo

Комментариев нет:

Отправить комментарий