Страницы

01.05.2020

TEZLİKLƏ QÜDS RUSLARIN OLACAQ

 Rusiyanın da İran kimi Qüdsə öz qanuni hüquqları vardır. Qüds Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Qüdsü müqəddəs hesab edən hər üç konfessiyanın nümayəndələri Rusiyada yaşayır. Hər il yüz minlərlə pravoslav bu müqəddəs şəhərə ziyarətə gedirlər. İsa peyğəmbərin qəbri olan məbəd burdadır. Klassik antik dövrlərdə Qüds- Tanrının məskunlaşdığı dünyanın mərkəzi sayılıb. Şiə və pravoslav esxatologiyasında Əl-Aksa məscidinin dağıdılmısı və onun yerində Solomon məbədəninin tikilməsi Şeytanın- Antixristin gəlişini səciyyələndirir. Pravoslav müqəddəslərinin hədislərinə görə, Dəccal taxt-taca məhz Qüdsdə oturacaq. Fələstin dövlətinin yaradılması və onun ayaqda qalması Rusiya dövləti üçün xüsusi önəm kəsb edir. Rusiyanın konservativ dairələri Fələstinə dəstək verilməsini xoşməramlı əməl hesab edirlər. Rusiya slavyanları ilə Fələstinin qədim xalqı arasında sıx mistik bağlılıq vardır. Fələstinlilərin çox hissəsi hələ İsa peyğəmbərin dövründən pravoslavdırlar. 19-cu əsrdə ruslar Osmanlı təcavüzü altında olan fələstinliləri müdafiə etmək üçün müharibəyə başlamışdılar ki, həmin dövrdə osmanlılara ingilislər və fransızlar himayədarlıq edirdilər. Qüds Məbədinə gələn rusiyalı zəvvarlar burda fələstinli pravoslavlar və müsəlmanlar tərəfindən istiqanlılıqla qarşılanırdılar. Hal-hazırda İsrailin işğal etdiyi Fələstin torpaqlarının çox hissəsi, xüsusən də müqəddəs yerlər sayılan ərazilər vaxtilə Rusiyaya məxsus idi. Fələstinin İsrail işğalından qurtarması rusların bu müqəddəs torpaqlara qayıdışı deməkdir. Məhz buna görə də ruslar fələstinlilərin azadlıq mücadiləsinə dəstək vermək əzmindədirlər. Orta əsr xristianları Qüdsü dünyanın mərkəzi hesab etmişlər. İudey dindarları da Qüdsü dünyanın gələcək mərkəzi kimi görürlər. Odur ki, hal-hazırda şəhərin təkcə şərq hissəsinə nəzarət edən İsrail şəhəri tam ələ keçirməyə çalışır.
 19-cu əsrin ortalarında Qüds torpaqları Rusiyaya məxsus idi. Burda Rusiyanın böyük Ruhani Missiyası vardı. Qüds torpaqları həmin Ruhani Missiyasına mənsub idi. 1856-1864-cü illərdə Qüdsdə rusların Fələstin Komitəsi fəaliyyət göstərirdi ki, şəhərin mərkəzindəki görkəmli binalarının hamısını həmin komitə tikmişdir (İsrail yarananda ölkənin başqa heç bir yerində belə gözəl və möhtəşəm binalar olmadığından İsrailin dövlət orqanları Qüdsdə bu binalarda yerləşdirildi; məsələn, Rus Xəstəxanası binasında İsrail Səhiyyə Nazirliyi, Serqiyev Sarayında Kənd Təsərrüfatı Nazirliyi, Nikolayevsk Sarayında Polis, Ədliyyə və Maliyyə nazirlikləri, Yelizavetinsk Sarayında İstintaq İzolyatoru, Mariinsk Sarayında Türmə, Rus Ruhani Missiyasında Məhkəmə, Rus General Konsulluğunda Yerusəlim Meriyası oturdu). 1864-cü ildə Fələstin Komitəsi adını dəyişərək Fələstin Komissiyası kimi formalaşdırıldı. 1889-cu ildə Fələstin Komissiyası öz torpaqlarının və binalarının idarəçiliyini Rusiyanın İmperator Pravoslav Fələstin Cəmiyyətinə verdi ki, cəmiyyət bir sıra böyük tikinti layihələri həyata keçirdi. Rus Ruhani Missiyasının mülkiyyətində isə bu missiyanın öz binası və Svyato-Troitski Məbədi qaldı. Həmin dövrdə Osmanlının nəzarətində olan Fələstində Rusiya dövləti bir sıra yeni torpaqlar və obyektlər də aldı. Rusiya İmperiyası xristianlığın beşiyi sayılan müqəddəs torpaqlarda öz geopolitik təsirini və fəaliyyətini genişləndirmək niyyətindəydi. Fələstində müxtəlif ölkələrdən təşrif buyuran pravoslav zəvvarların gəlib-getdiyi böyük bir məkan Rusiya dövlətinin əlindəydi. Rusiya Pravoslav Kilsəsi burda sanballı bir infrastruktur yaratmışdı ki, rusların həmin torpaqları hal-hazırda İsrail işğalı altındadır.
 19-cu əsrin axırları 20-ci əsrin əvvəllərində Qüdsdə yeganə oturuşan dövlət Rusiya dövləti idi. Qüdsə girəndə uzaqdan görünən yeganə məbəd rusların Svyato-Troitski Məbədi idi. Qüdsə gələn ziyarətçilərə rus yeməkləri- şi, borş, qara çörək, kvas, qreçka kaşası verilirdi. 20-ci əsrin əvvəllərində Qüdsə ziyarətə hər il 12-14 min rus gəlirdi. İsrailin izi-tozu da olmadığı bir dövrdə Fələstində rusların 10 kilsəsi, 2 qadın monastırı, 5 xəstəxanası və 7 karvansarayı vardı. Birinci Dünya Müharibəsi başlananda Fələstində və Suriyada ruslar 93 məktəb açmışdılar. Səxavətli ruslar bu məktəblərdə təhsili pulsuz etmişdilər. Şərq xalqlarının övladları bu məktəblərdə havayı oxuyub savad qazanırdılar.
 1918-ci ildə İmperator Pravoslav Fələstin Cəmiyyətinin adı dəyişdirilərək Elmlər Akademiyası nəzdində Rusiya Fələstin Cəmiyyəti qoyulsa da, 1992-ci ilə Rusiya Ali Soveti Prezidiumunun qərarı ilə yenidən tarixi adı qaytarıldı. Xruşşov hakimiyyətdə olduğu dövrdə SSRİ-də ateizmin hökm sürdüyünü əsas gətirərək rusların Fələstindəki müqəddəs torpaqlarını İsrailə satmaq qərarına gəldi. 1964-cü ildə Apelsin sövdələşməsi adlanan möhtəkir sövdələşmə nəticəsində rusların Fələstindəki torpaqları cüzi məbləğə- 4,5 milyona İsrailə satıldı. Həmin dövrdə İsrailin bu məbləği ödəməyə qara qəpiyi də olmadığından pulun əvəzinə apelsin verdi. Beləliklə, rus torpaqlarını sağa-sola paylamağa öyrəşmiş Xruşşov Fələstindəki rus torpağını apelsinə dəyişdi. İsrail aldatma yolu ilə Fələstindəki rus torpaqlarını da ələ keçirə bildi. Məhz bu sövdələşmədən bir neçə gün sonra SSRİ Mərkəzi Komitəsi Xruşşovu işdən qovdu.
 Rusiyanın Fələstindəki torpaqlarının çox hissəsi həmin möhtəkirlik nəticəsində əldən çıxsa da, Rusiya Ruhani Missiyasının binası, Svyato-Trotski Məbədi və Serqiyev Sarayı İsrailə satılmayan obyektlər sırasındadır. Hal-hazırda Rusiya Müqəddəs Torpaqda mülk sahibliyinə görə Vatikan və yunanlardan sonra üçüncü yerdədir. Rusiya dövləti Fələstində itirdiyi torpaqları geri qaytarmaq niyyətindədir və uzun müddətdir ki, bu yöndə çalışır. Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas 2008-ci ildə Vifleem şəhərində Rusiyaya torpaq verdi ki, İmperator Pravoslav Fələstin Cəmiyyəti burda Rusiya Mədəni və Elmi Mərkəzi tikdi. Fələstin rəhbərliyi İerixon şəhərində də Rusiyaya belə bir torpaq sahəsi verilməsi qərarına gəldi. İerixonda Rusiyaya Moskobiya adlanan ərazi, eləcə də İsa Peyğəmbərin böyük hörmətlə yanaşdığı, Pravoslav Kilsəsinin müqəddəslərindən sayılan Zakxeyin çıxdığı ağac olan ziyarətgah verildi. Bundan başqa Rusiya Eleon dağında da mədəni mərkəz tikmək niyyətindədir. Eleon dağının başında Voznesenski pravoslav qadın monastırı yerləşir ki, bu monastır Moskva Patriarxatının tərkibindədir. 2008-ci ildə isə İsrail Qüdsin mərkəzindəki Sergiyev Sarayını Rusiyaya qaytardı.
 Sadə rus insanları Fələstini daim əzəli yurd, ana vətən, doğma yer sayıblar. Filosof Nikolay Berdyayev Fələstinin rus milli şüuruna doğmalığı barədə belə yazırdı: “Mənəvi şeirlərimizdə Rus- kainatdır, rus çarı- çarlar çarıdır, Yerusəlim də Rusiyadır...” Rus insanları daim Fələstinə- pravoslavlığın taleyi ilə qırılmaz tellərlə bağlı olan xristianlığın beşiyinə can atıblar. Minlərlə rus insanı xristianlığın ərsəyə gəldiyi bu yerlərdə olmaq arzusundadırlar. Bu gün Qüdsə Rusiyanın hüququ qondarma İsrail dövlətinin hüququndan qat-qat çoxdur. İndi İsrailin başına min oyunlar açdığı Fələstin və Suriya xalqlarının dayağı tarixən ruslar olmuşlar. İŞİD Suriya və İraq xalqların qanını içdiyi bir dövrdə rusların onların köməyinə çatması da məhz bu qəbildən başadüşüləndir. Fələstinə rusların qayıdışını şərtləndirən proseslərə artıq başlanmışdır.

İbrahim Sel, “Avrasiya tarixi”

Комментариев нет:

Отправить комментарий