Страницы

04.06.2020

İndian Removal Act

Ramil Həsənov

İndian Removal Act, yəni Hinduları Köçürmə Aktı- ABŞ-da ağ olmayan həqiqi yerli əhalinin, hinduların məcburi formada torpaqlarından məhrum edildiyi hüquqi bəyannamədir.
ABŞ tarixinə dünyada tərəzi prizmasından yanaşılmır və ABŞ barədə deyilən ifadələr ancaq demokratiya, hüquq, azadlıq və s. haqqındadır- halbuki ABŞ tarixində elə qeyri-insani ləkələr vardır ki, bəşəri hüquqsuzluğun ikonalarındandır. Maraqlı olan da odur ki, bütün bu hüquqsuzluqları edənlər siyasətə, bəşəriyyətə təqdim olunan ABŞ-ın elə ən ali siyasi xadimləri, hüquq carçılarıdır.
28 may 1830-cu ildə ABŞ prezidenti Andrew Jackson və ondan sonrakı prezident olacaq yardımcısı Martin Van Buren birlikdə İndian Removal Act adlı bəyannaməni hazırlayıb önə sürürlər.
Bu aktda ABŞ-ın yerli sakinləri olan hinduları Mississippi çayının digər tərəfinə, Amerikanın uzaq qərb səhralarına göndərmək nəzərdə tutulurdu.
5 böyük hindu kommunası olan Çikasov, Çoktav, Seminole, Çeroki və Krik icmalarına yalandan torpaq sənədi rəsmiləşdirilməsi vədləriylə tamamilə bilmədikləri yerlərə köçürülmələri nəzərdə tutulurdu.
Yüzillərdir uyğunlaşdıqları coğrafiyanı yararsız və bilmədikləri ərazilərə tərk etmək istəməyən yerli əhaliyə güc tətbiq edildi.
Nəticədə bu "hüquqi akt" bəşəriyyətin ən ədalətsiz köç, hətta genosid prosesini özündə əks etdirdi.
Yerli əhali haqqında uydurulan və irqçiliyə şərəfsizcə geydirilən donlardan biri də, yerli əhalinin heyvanlardan seçilməyən yaşayış iddiası, qeyri-mədəni icmalar olmasıdır ki, kökündən uydurulmuş yalan propaqanda idi. Çünki həmin hindu kommunalarının özlərinə məxsus təsərrüfatı, rəsmiləşdirilmiş mülkləri, sənətkarlıq sahələri və hətta məktəbləri belə vardı.
Hamısı vəhşicəsinə yurdundan qovuldu. Əlləri zəncirləndi, qul kimi bağlanaraq toplu halda köçürüldülər. Bu köç prosesində yerli əhalinin 25%-i yoldaca həlak oldu.
Məhv edilən yerli əhalinin əvəzinə həyasızcasına ağlar yerləşdirildi, yerli icma mülkü, torpaqları paylandı.
ABŞ-ın daim bəh-bəhlə qeyd olunan, kökündə istismar və genosid dayanan növbəti ştatları quruldu.

Комментариев нет:

Отправить комментарий