Страницы

03.06.2020

Əli Həsənov, Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli... – VƏZİFƏSİ İLƏ VİDALAŞMA NÖVBƏSİ KİMİNDİR?

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun prezidentin keçmiş köməkçisi Əli Həsənov haqda yazısı ciddi rezonansa səbəb oldu. Əslində, bu yazıda sadalanan faktların çoxu cəmiyyətə bəlli olsa da, polkovnik aylardır medianın da cavab axtardığı bir suala aydınlıq gətirdi. 
Belə ki E.Sabiroğlu yazısında Ə.Həsənovun Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Əbdürrəhman Vəzirova yazdığı məlum qalmaqallı məktubun onun tərəfindən ortaya çıxarıldığını etiraf etdi: “30 il həmin sənədin "Molodyoj Azerbaydjana" qəzetində çap olunan variantını arxivimdə saxlasam da, üzə çıxarmağı kişilikdən saymadığıma görə yayımına getmirdim. Lakin günün birində Əli Həsənovun həyat yoldaşım Tahirə xanım Səfərovanın Azərbaycan Dövlət Pedoqoji Üniversitetindən azad edilməsi barədə tapşırıq verməsindən sonra, dözmək artıq mümkün deyildi. Mən sənədi mediada yaydım və nəticəsi də pis olmadı...”.
Yeri gəlmişkən, bu məktubun hələ illər öncədən MTN-nin həbsdə olan generalı Elçin Quliyevin göstərişi ilə Moskvadakı arxivlərdən əldə edildiyi haqda iddialar da var. Bildirilir ki, Ə.Həsənov Prezident Administrasiyasında çalışdığı müddətdə həmin qəzetin nüsxəsini ölkədəki bütün arxivlərdən “yoxa çıxartdırıb”. MTN generalı bu sənədi Rusiyadakı arxivlərdən tapdırsa da, hakimiyyətdaxili çəkişmələrə getməmək üçün onun mediada yayılmasına sabiq nazir Eldar Mahmudov icazə verməyib. Məlumata görə, Elçin Quliyev MTN-dəki vəzifəsindən azad olunandan sonra, bu qurumda yoxlamalar aparılan zaman həmin məktub generalın sənədləri arasından tapılıb.
Əlbəttə, "Molodyoj Azerbaydjana" qəzetinin məlum nüsxəsinin Eldar Sabiroğlu kimi onlarla Azərbaycan vətəndaşının arxivində hələ də qaldığı kimsədə şübhə doğurmur. Görünür, MTN həmin dönəmdə vətəndaşlar arasında “sorğu aparmaqdansa” bu sənədi Rusiya arxivlərindən əldə etməyi daha məqsədəuyğun hesab edib. Ə.Həsənovun “qılıncının” dalı da, qabağı da kəsən ərəfədə başqa cür də ola bilməzdi. Amma bu məktubun kimin arxivində olmasından, kimin tərəfindən əldə edilməsindən daha çox, onun hansı mənbədən mediaya ötürülməsi maraq doğurduğundan, Eldar Sabiroğlunun məlum yazısı böyük diqqətə səbəb oldu. Üstəlik, E.Sabiroğlu məqalədə bir sıra ciddi nüanslara da diqqət ayırıb: “Yadıma Ensiklopediya ilə bağlı prezidentin yanında keçirilən müşavirə düşdü. Ə.Vəzirova Milli Ensiklopediyada geniş yer verilməsi, Heydər Əliyev barədə isə bir kəlmə danışılmaması prezident İlham Əliyevi möhkəm qəzəbləndirmişdi. Prezident haqlı idi. Baş redaktor İsmayıl Vəliyevi ordaca işdən çıxarıb, iclas otağından bayıra qovdu. Lakin Heydər Əliyevə böyük düşmənçiliklər etmiş maymaq Vəzirovu müdafiə edən Əli Həsənova bu münasibətin şahidi olmadıq. Üstəlik yaramaz əməl sahibi olan adam 20 ildən çox PA-da böyük vəzifədə oturdu və biznesinin inkişafına dövləti vəzifəsindən daha çox maraq göstərdi”.
Müəllif öz yazısında prezidentin sabiq köməkçisinin Ə.Vəzirova ünvanladığı məktubla bağlı barəsində səslənən çoxsaylı tənqidlərə verdiyi reaksiyanı da xatırladır: “Baş ideoloqun doğru iradlara cavabına fikir verin. Moskvada tələbə ikən Vəzirovu müdafiə bəyanatına qoşulmasına haqq qazandıraraq deyir ki, SSRİ-də yenidənqurma proseslərinin getdiyi bir vaxtda kimin ağlına gələ bilərdi ki, bu sənədə imza atmaq olmazmış. Yazıqlar olsun ki, bəyanata imzasını qoyan Əli Həsənovun vəzifədə çalışdığı müddətdə Vəzirovun əleyhinə demək olar ki, bir isbatlı yazısına rast gəlmədim. Bəs buna necə cavab verə bilər!?”
Əli Həsənov ittihamlara niyə cavab vermir? Vəzifədə olduğu dönəmdə hansısa saytda onunla bağlı bircə cümləlik tənqidi fikir qeyd olunduqda belə, cəmi 5-10 dəqiqə sonra həmin yazını sildirən və yazı müəllifini, yaxud da sözügedən KİV-i ən yaxşı halda “qara siyahı”ya saldıran Ə.Həsənovun təbbi ki artıq barəsində səslənən tənqidlərə cavab verəcəyi gözlənilən deyil. Uzun müddət dövlətin idarəçiliyində təmsil olunan, ölkə mediasına nəzarət edən bir şəxs kimi o yaxşı bilir ki haqsız olduqda susmaq ən böyük siyasi gedişdir. Bir də ki susmayıb nə edəcək ki?! Axı o, özünü hər kəsdən yaxşı tanıyır! Vəzifədə olduğu müddətdə törətdiyi qanunsuz əməllər hər kəsdən daha çox onun özünə bəllidir. Hansı ki bu əməllərin hələ cəmi 3-5 faizi cəmiyyətimizə bəllidir. Bəlli olmayanları araşdırıb ortaya çıxara bilsək, gözümüzün önündə necə dəhşətli bir mənzərə yaranacağını təsəvvürə gətirmək belə, olmur. Şübhəsiz məhz bu səbəbdən də o 2019-cu ilin 28 noyabrından bu yana susmağa üstünlük verməkdədir.
Yeri gəlmişkən, Əli Həsənov aylardır susmağa üstünlük versə də, istər mətbuatda, istər də sosial şəbəkələrdə onun “dili ilə” danışanlara ara-sıra rast gəlinməkdədir. Yəni dövlətin mətbuatın inkişafına ayırdığı milyonlarla manatı illərdir Ə.Həsənovun “xeyir-duası” ilə talan edənlər və sabiq köməkçinin dövlətin pulu ilə saxladığı trollar dəstəsi öz ağalarına hələ də sadiq olduqlarını nümayiş etdirirlər. Şübhəsiz bu sadiqlik də Əli Həsənovun hesabına vəzifə, milyonlar əldə etmələrindən, haqq etmədikləri halda jurnalistlər üçün tikilən binalarda mənzil sahibi olmalarından və s. irəli gəlir. Lakin bunların da danışmağı, öz ağalarını müdafiə etmələri bir yerə qədər...
Prezidentin sabiq köməkçisinin mediada “danışan dilləri” və sosial şəbəkdə “trol ordusu” olması bir yana, özünə sadiq olan kadrları bir sıra önəmli vəzifələrə yerləşdirdiyi də sirr deyil. Xatırladaq ki, artıq bu kadrların bir neçəsi vəzifədən azad olunub. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri Vüqar Səfərlinin, Əbdürrəhman Vəzirova yazılan məlum qalmaqallı məktuba imza atanlardan daha biri- Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbəri Nuşirəvan Məhərrəmlinin, eləcə də bu qurumlarda çalışan müəyyən şəxslərin vəzifələrindən azad edilmələrini buna misal gətirə bilərik. O da sirr deyil ki, Ə.Həsənovun yüksək vəzifə daşıdığı illər ərzində müxtəlif dövlət idarələrində işə qəbul etdirdiyi şəxslərin, qohum-əqrəbasının sayı da 3-5 nəfərlə məhdudlaşmır. Amma hazırda media ilə birbaşa və dolayı yollarla bağlantısı olan şəxslər bizim üçün daha böyük maraq kəsb etdiyindən Vüqar Səfərli və Nuşirəvan Məhərrəmovdan sonra Ə.Həsənovun daha hansı kadrının vəzifədən uzaqlaşdırlacağı haqda suala cavab tapmağa çalışacağıq. Həm də ona görə ki, sabiq köməkçinin qurduğu sistem və mətbuat sahəsində yaratdığı şəbəkə darmadağın olmayınca Azərbaycanda görünməz əllər tərəfindən medianın inkişafına hər zaman əngəl törədiləcəyi qənaətindəyik. O halda yuxarıda adlarını qeyd etdiyimiz şəxslərdən sonra Ə.Həsənovun media sahəsi ilə bağlantısı olan hansı kadrı vəzifədən uzaqlaşdırıla bilər?
Vəzifəni tərk etmək növbəsi kimindir? Bu suala cavab axtarmazdan öncə bir daha qeyd edək ki, son illərdə Azərbaycanın media siyasəti hər zaman Prezident Administrasiyasından tənzimlənib. O cümlədən KİVDF-nin özü də dolayısı ilə PA-dan idarə olunub. Nəzərə alsaq ki, Əli Həsənovun media siyasətinin “uzaqvuran toplarından” olan Vüqar Əliyev hələ də Prezident Administrasiyasındakı vəzifəsini icra etdirir, demək medianın fəaliyyətinə bu və ya digər şəkildə müdaxilə ediləcəyi istisna deyil. Ötən yazılarımızın birində də qeyd etmişdik ki, Vüqar Əliyev keçmiş kommunist, vəzirovçu “Əli Həsənov məktəbi”nin yetirməsi olmaqla yanaşı islahatçı düşüncəyə malik şəxs deyil. Bu səbədən də Ə.Həsənov dönəmində onun “missiyası” müxtəlif məmurların, biznesmenlərin əleyhinə olan yazıları saytlardan sildirməkdən o yana keçməyib. İndi belə bir şəxsin medianın inkişafına hər hansı töhfə verəcəyi inandırıcı görünmür...
Əlbəttə, KİVDF, MTRŞ ilə yanaşı Mətbuat Şurasının da yenilənməsinə ehtiyac olduğunu düşünürük. Doğrudur, bu təşkilat seçkili orqandır və rəhbər şəxsləri səsvermə ilə seçilir. Amma nəzərə alsaq ki, bu qurumun üzvlərinin böyük əksəriyyəti Əli Həsənovun nəzarətində olan qəzetlər olub, deməli indiyədək keçirilən seçkilərin məhz Prezident Administrasiyasından gələn təlimatla baş tutduğu şübhə doğurmur. O cümlədən bu günlərdə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Binəqədi bələdiyyəsinin sədri Niyaz Niftiyevin 431 ədəd saxta sənəd satmaqda ittiham olunaraq saxlanılması faktı da göstərdi ki, bu qurumun rəhbərliyində heç də peşəkarlar təmsil olunmur.
Odur ki Mətbuat Şurası rəhbərliyində yenilənmə həyata keçirməklə, peşəkar jurnalistlərin bu qurumda təmsil olunmasına şərait yaratmağın zamanı gəlib, hətta çoxdan keçib... 

muxalifet.az

Комментариев нет:

Отправить комментарий