Страницы

03.06.2020

SOCAR-ın rəhbər şəxslərinin “xarici şirkəti” – “Foster Wheeler”də MİLYARDLARLA MAXİNASİYA

SOCAR-ın rəhbər şəxslərinə məxsus Foster Wheeler ("SOCAR-Foster Viler Mühəndislik" MMC) adlı şirkət üzərində milyardlarla dolların mənimsənildiyinə dair faktlar üzə çıxıb.
elchi.az-a daxil olan məlumata görə, SOCAR-ın xarici investisiyaların idarə edilməsi idarəsinin rəisi Vaqif Əliyev və Strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun təşəbbüsü ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təkmilləşdirilməsi və müasirləşməsi adı altında SOCAR-dan 2 milyard dollar pul ayrılıb. Bəzi məlumatlara görə, bu zavodun başa çatdırılması üçün 2 milyard dollardan əlavə daha 1 milyard dollar da yenidən ayıracaq.
Halbuki beynəlxalq standartlara uyğun belə bir neft emalı zavodunun sıfırdan tikintisi üçün 3-4 milyard dollar pul kifayət qədər bəs edir. Bəs görəsən, SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılmış bu zavodun təmirinə, modernləşməsinə 2-3 milyard dollar ayırmaq nə dərəcədə düzgündür? Bu sualın cavabını yalnız iki nəfərdən soruşmaq lazımdır. Çünki bu planın başında SOCAR-ın iki nəfər rəhbər şəxsi dayanıb: Vaqif Əliyevlə Tofiq Qəhrəmanov.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təkmilləşdirimək və müasirləşdirmək üçün 2-3 milyard pul ayırmaq planı da birdən-birə "kəşf” olunmayıb. Tofiq Qəhrəmanov bu layihəyə Elməddin Dadaşov adlı bir şəxsi cəlb edib. Daha doğrusu, Bakı SOCAR-Foster adlı bir MMC təsis ediblər və bu təşkilatın rəhbərliyinə də başda Tofiq Qəhrəmanov olmaqla Vaqif Əliyevin təşəbbüsü ilə Elməddin Dadaşov gətirilib. O da müəyyən məqsədlər üçün…
Elməddin Dadaşov SOCAR Foster Wheeler ("SOCAR-Foster Viler Mühəndislik” MMC) şirkətinin rəhbəridir. Bu MMC Neft Emalı Neft-Kimya və Ətraf Mühit Layihələrində Mühəndislik, Satınalma və Tikintiyə Nəzarət və Layihənin İdarəedilməsi xidmətləri göstərən Birgə Müəssisədir (Bu təyinat üzrə yaradılıb). Yuxarıda qeyd olunduğu kimi bütün Birgə Müəssisələr, o cümlədən "SOCAR-Foster Viler Mühəndislik” MMC-də Vaqif Əliyevin nəzarəti altındadır.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunu təkmilləşdirmək və müasirləşdirmək üçün 2-3 milyard pul ayırmaq planı da məhz SOCAR-Foster Viler şirkətinin təftişindən və audit araşdırmasından sonra baş tutub. Guya bu şirkət xarici şirkətdir və beynəlxalq təcrübəyə malikdir.
Bir neçə dəfə də Elmar Qasımovun rektoru olduğu Bakı Ali Neft Məktəbində görüşlər keçirən Elməddin Dadaşov rəhbəri olduğu şirkəti cəmiyyətə xarici şirkət kimi "sırımağa” çalışıb.
Yeri gəlmişkən, Tofiq Qəhrəmanov SOCAR-Foster Viler şirkətini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığa da cəlb etmək istəyib və hətta buna nail də olub. Belə ki bu şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edərək, neftlə çirkləndirilmiş ərazilərin öyrənilməsi, dəyərləndirilməsi və bu əraziləri gələcəkdə təmizləmək istəyindədir. T. Qəhrəmanovun buna necə olması da maraqlıdır. Məlumata görə o ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə qohumluq əlaqələrinə malikdir. Ən maraqlı və gülməli məqam isə 13 dekabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Abşeron yarımadasında neft və digər maddələrlə çirklənmiş torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi layihəsi çərçivəsində "Amec Foster Wheeler” şirkətinin nümayəndələri ilə görüş keçirməsidir. Görüşlə bağlı məlumatda şirkət xarici şirkət kimi göstərilir, halbuki "Amec Foster Wheeler” şirkəti elə SOCAR Foster Wheeler şirkətinin özüdür. Sadəcə olaraq nazirliklə xarici şirkət kimi müqavilə bağlamaq üçün şirkətin adından SOCAR sözü çıxarılıb.
Burada Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təkmilləşdirilməsi və müasirləşdirilməsi məsələsi yenidən diqqət çəkir. Əslində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təkmilləşdirilmək və müasirləşdirmək üçün 2-3 milyard pul ayırmaqdansa, bu zavodu Qaradağ rayonuna köçürüb, zavodun yerləşdiyi ərazini "AĞ ŞƏHƏR”in balansına vermək daha məqsədəuyğun idi. Ona görə ki, bu zavodun yerləşdiyi coğrafi ərazi Ağ şəhər layihəsinin uğurunu qismən kölgədə saxlamağa xidmət edəcək. Və o ərazi "QARA ŞƏHƏR” imicindən çıxa bilməyəcək. Bu layihəni təxirə salıb, Qaradağda dünya standartlarına uyğun yeni neft emalı zavodu tikmək və bu ərazini "Ağ Şəhər”in balansına vermək hələ də gec deyil.
Əgər xatırlayırsınızsa, bir müddət əvvəl Vaqif Əliyevin rəhbərliyi ilə Türkiyədə də "SOCAR-Star” tikildi. 7 milyard dollarlıq layihənin açılışına Azərbaycan Prezidenti cənab İlham Əliyevlə birlikdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılmışdı. Halbuki bu zavodu da beynəlxalq normalara cavab verən zavod kimi 4-5 milyard dollara başa gətirmək mümkün olardı.
Görünür, SOCAR-da havaya sovrulan milyardlarla dollar pulun təyinatı barədə ölkə başçısı, cənab prezident İlham Əliyevə düzgün məlumat verilmir. Buna görə də SOCAR –da aparılan yoxlamalar zamanı milyardların yoxa çıxdığı ilə bağlı informasiyalar heç də yalan deyil.
Araşdırmalarımız davam edir.
Mövzuya bir də qayıdacağıq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

miq.az

Комментариев нет:

Отправить комментарий