Страницы

02.07.2020

Nuhəmməd Cəfərov - Fikirlər

Fikir var çalpaşıq, fikir var qırıq,
Fikir var qanadlı bir quşa bənzər.
Onları ram etmək istər sayıqlıq,
Dalınca qaçasan daim sərasər.

Fikir var bənzəyir gözəl gəlinə,
Ağ örpək altında xoş simalıdır.
Hərcayı söz gəlməz onun dilinə,
Dərhal bilinər ki, çox kamallıdır.

Fikir var, dəvəyə qanad bağışlar,
Uçurub sökəcək hər damı-daşı.
Fikir var, arandan keçər yoxuşa,
Yerindən oynadar nəhəng sal daşı.

Fikir var, milçəkdən fil yaradandır,
Fitnədir, yalandır, nəfsi qapqara.
Fikir var, elə bil qara yaradır,
Təbib də tapmamış bu dərdə çarə.

Fikir var şəfalı, min dərdə məlhəm,
Dərdliyə dərdini unutdurandır.
Nuruna möhtackən qaranlıq aləm,
Danko ürəyi tək daim yanandır.

Fikir var, elə bil bir dəniz mehi,
Əsdikcə üzünə, halın xoş olur
Fikir var, ətir tək verir gül iyi,
Adam xumarlanır, lap bihuş olur.

Fikirlər məni də aldı apardı,
Tutmaq ümüdiylə dalınca qaçdım.
Quş olub uçdular ormanlıqlara,
Heyrətdən yerimdə duruxdum, çaşdım.

Комментариев нет:

Отправить комментарий