Страницы

18.08.2020

Eldar Həsənovun həbsi və başsız qalan radikallar

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Səbail rayon məhkəməsinin qərarı ilə onun haqqında 3 aylıq həbs-qətiimkan tədbiri seçilib. Bu gün isə Prezident İlham Əliyevin Sərəncamı ilə Eldar Həsənov vəzifəsindən azad edilib.
Hazırda keçmiş səfirlə bağlı istintaq davam edir və bütün suallara cavab da proses yekunlaşandan sonra tapılacaq. Lakin cəmiyyəti Eldar Həsənovun həbsinin arxasındakı nüanslar maraqlandırır.
İlkin versiyalardan biri odur ki, Eldar Həsənov səfir olduğu Serbiyada işğalçı Ermənistana silah satılması məsələsinə barmaqarası baxıb, ya işini düzgün yerinə yetirməyib, ya da prosesdən xəbəri olsa da, bu barədə vaxtında məruzə etməyib. Bu silah versiyası əslində daha dərinə gedən məsələdir. Mümkündür ki, istintaqdan sonra da hər şey açıqlanmasın.
Ən diqqət çəkən məqam isə keçmiş baş prokuror və artıq sabiq səfir Eldar Həsənovun həbsinə verilən reaksiyalar, müdafiəsinə qalxan şəxslərdir. Bu şəxslər arasında ən diqqət çəkən adlar Arif Məmmədov, Qənimət Zahid və Natiq Adilovdur.
Eldar Həsənov mövcud iqtidarın nümayəndəsidir, yəni, adıçəkilən şəxslərsə müxalifətin. Bəs onları birləşdirən nədir, müxalifət keçmiş səfirin həbsini niyə ürəkağrısı ilə qarşılayır?
Misal üçün, Natiq Adilov dolayısı ilə Eldar Həsənovun xidmətlərini xatırladır və buna baxmayaraq, həbs edildiyini bildirir. Arif Məmmədov və Qənimət Zahid də eyni motivli çıxışlarında keçmiş səfirin müdafiəsinə qalxırlar. Bu, müdafiə kampaniyası Eldar Həsənovla adıçəkilən şəxslərin olduğu düşərgənin gizli əlaqələrindən xəbər verir.
Burada media cameəsinə yaxşı məlum olan, hətta, lətifəyə çevrilən məşhur hadisə yada düşür.
Deməli, Qənimət Zahid hələ Bakıda olarkən Eldar Həsənov mütəmadi olaraq onunla əlaqə saxlayır və "Azadlıq" qəzetinin vasitəsilə hakimiyyətdə rəqibi hesab etdiklərinə qarşı hücumlar təşkil edirmiş. Təbii ki, külli miqdarda ödənişlər qarşılığında. Eldar Həsənov hər dəfə Qənimət Zahidlə əlaqə saxlayanda söhbətə zarafatla başlayır, "məndən niyə yazmırsan, qorxma, nə qədər istəsən pul verəcəm, arada məndən də yaz" deyə bildirirmiş.
Bu hadisə Eldar Həsənovun radikal müxalifəti maliyyələşdirdiyinin kiçik detallarından biridir.
Keçmiş baş prokuror səfir göndəriləndən sonra da eyni fəaliyyəti davam etdirib, hətta Qənimət Zahid də daxil olmaqla bir sıra müxalifət nümayəndəsinin Avropada oturum almasına, daha sonra maliyyə ilə təmin edilməsinə köməklik göstərib.
Bir müddət öncə Eldar Həsənovun adı Arif Məmmədovla əlaqədə hallanırdı. Həmin vaxt ilk cavab "Azadlıq" qəzetindən gəldi. Qəzet yazırdı ki, "bu, hakimiyyət daxilində Eldar Həsənovun rəqiblərinin işidir". Hətta məqalədə konkret adlar da çəkilirdi.
Bütün bu faktlar fonunda adıçəkilən şəxslərin qismində radikal müxalifətin, o cümlədən radikal qüvvələrin Avropadakı qanadının ağlaşma qurması təsadüfi deyil. Çünki Eldar Həsənovun "söyüş müxalifəti" kimi tanınan qruplarla əlaqəsinin olduğu, onların maliyyələşməsi işində yer aldığı haqda məlumatlar kifayət qədərdir. Mümkündür ki, həbsin motivləri arasında bu detallar da var, lakin hər şeyi istintaq müəyyənləşdirəcək.
İndi bəlli olan yeganə məsələ Arif Məmmədovun, Qənimət Zahidin, Natiq Adilovun Eldar Həsənovun həbs edilməsinə göz yaşı tökməsinin, onun müdafiəsinə qalxmasının əsl səbəbidir. Görünür ki, "bosları" barmaqlıq arxasına gedəndən sonra başsız və pulsuz qalıblar. Ona görə də öz narahatlıqlarını biruzə verməyə başlayıblar...

Zaur Hacılı                      demokrat.az

Комментариев нет:

Отправить комментарий