Страницы

27.08.2020

Ermənistan 7 rayonu qaytarmağa "hə" deyib, sənədə imza atıb

Son günlər Ermənistan cəmiyyəti öz liderləri timsalında müxtəlif mənəvi zərbələr almağa davam etməkdədir. Nikol Paşinyanın prezident İlham Əliyevlə danışıqlarda rayonların azad edilməsi ilə bağlı müzakirələr aparması, lakin erməni ictimaiyyətinə Azərbaycanla dialoqun məğzi ilə bağlı tamamilə başqa məlumatları verərək vətəndaşlarını aldatmasının ardından, Serj Sarkisyanın da 2015-2018-ci illərdə xalqına yalan danışdığı məlum oldu. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ötən həftə mətbuat konfransı zamanı 2016-cı ilin aprel hadisələrinə toxunmasının ardından düşmən ölkədə Qarabağ danışıqlarının detalları və aprel hadisələrinin pərdəarxası mənzərəsi haqqında qarşılıqlı mübahisələr pik həddə çatıb.
Ötən həftə sonu Qarabağdakı qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Samvel Babayan, hansı kı vaxtiylə Qarabağ döyüşlərində iştirak edib və Sarkisyanın silahdaşlarından biri olub, Ermənistanın eks prezidentini ifşa edib. Babayan Ermənistan mətbuatına açıqlamasında deyib ki, Serj Sarkisyanın nə deməsindən asılı olmayaraq, Ermənistanın sabiq prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məxfi sənədi imzalamağa hazır olub və onun əlində bunu təsdiq edən sənədlər var. O bildirib ki, Sarkisyan 7 rayonu heç bir şərt qoymadan qaytarmağa hazır idi. Mövzunu davam etdirən Babayan Ermənistan ictimaiyyətinə müraciət edərək aşağıdakıları deyib: “Sarkisyanın danışıqlar prosesi ilə bağlı nə dediyindən asılı olmayaraq, əlimizdə aparılan danışıqlar barədə sənədlər var. Həmin sənədlərdə aydın dillə yazılıb ki, əvvəlcə Dağlıq Qarabağ ətrafında yerləşən 5 rayon, bir müddət sonra daha 2 rayon Azərbaycana qaytarılır. Sonra Laçın dəhlizi onlara verilir, amma Sarkisyan bunun qarşılığında Dağlıq Qarabağın yekun statusu barədə danışıq aparmayıb. İndi soruşmaq istəriyəm, bu güzəşt deyilsə, yox... bu satqınlıq deyilsə, nədir?”
Əslində Samvel Babayanın dedikləri məlumun elanıdır. Doğrudan da həmin vaxt Rusiyanın vasitəçiliyi ilə intensivləşən Qarabağ danışıqlarında ortada Lavrov planı adlanan konkret sənəd olub - yenilənmiş Madrid prinsipləri. İlkin mərhələdə Ermənistan 5 rayonu boşaltmalı idi, sonrakı 5 il müddətində Kəlbəcər və Laçın qaytarılmalı, azərbaycanlı məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalı idilər.
Samvel Babayan Serj Sarkisyanı ifşa etmək üçün danışıqlarla bağlı gizli sənədləri üzə çıxara biləcəklərini, amma bunun ölkənin milli maraqlarlına ciddi zərbə olacağını əlavə edib.
Aprel döyüşlərinə toxunan Babayan prezident İlham Əliyevin prinsipial mövqeyindən də danışıb. Onun çıxışından məlum olub kı, Köçaryan dönəmində olduğu kimi Sarkisyanın da ölkə prezidenti kimi apardığı danışıqlar zamanı İlham Əliyevin konkret şəkildə ortaya qoyduğu istəklər reallaşmaq üzrə idi. Bu isə o deməkdir ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi ilə üst-üstə düşən detallar nəinki müzakirə predmeti idi, hətta faktiki olaraq artıq həllini tapmaq üzrə idilər. Burada xüsusiylə vurğulamaq lazımdır kı, danışıqlar masasında hələ vaxtiylə Köçaryan zamanında qəbul edilmiş və hal-hazırda da danışıqlar masasında yeganə sənəd olan Madrid prinsipləri münaqişənin məhz Azərbaycanın istədiyi kimi mərhələli həllini (Ermənistan uzun illər idi ki, münaqişənin paket həllinə səy göstərirdi) nəzərdə tutur.
Yeri gəlmişkən, müxtəlif mənbələrdən aldığım məlumatlara görə, Samvel Babayanın iddia etdiyi kimi, 2016 cı ilin aprel döyüşləri zamanı Prezident İlham Əliyev Moskvaya zəng etməyib. Həmin vaxt Moskvadan edilən zəng zamanı prezident İlham Əliyevdən götürülmüş ərazilərin qaytarılması və hərbi əməliyyatların dayandırılması istənilib. Lakin İlham Əliyev geri qaytarılmış torpaqların qaytarılması məsələsinə qətiyyətlə yox cavabı verib və bunun müzakirə mövzusu olmadığını deyib. İlham Əliyev bir daha öz prinsipiallığını, qətiyyətini nümayiş etdirib və göstərib ki, heç bir qüvvənin təzyiqi onu mövqeyini dəyişməyə məcbur edə bilməz. İlham Əliyev həmişə olduğu kimi bir daha göstərib ki, Azərbaycanın milli maraqları onun üçün müqəddəsdir və toxunulmazdır. Eyni halı, biz ən son düşmənin Tovuz təxtibatı zamanı Prezident İlham Əliyev tərəfindən Serbiya, Rusiyaya qarşı göstərdiyi yanaşmada da görmüş olduq.
Göründüyü kimi, vaxtilə Serj Sarkisyanın Ermənistanın müdafiə naziri postuna gətirilməsində müstəsna rolu olan hərbi-cinayətkar yoldaşı Samvel Babayan da onun iddialarının yalan olduğunu bildirir və qeyd edir ki, ortalıqda işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı konkret sənəd olub.
Əslində hal-hazırda da, Ermənistan Baş nazirinin apardığı danışıqlarda bu konkret sənəd müzakirə olunur: münaqişənin mərhələli həlli, işğal altındakı ətraf rayonların qaytarılmasını nəzərdə tutulur. Bir neçə ay öncə Rusiyanın XİN rəhbəri Sergey Lavrov da bunu təsdiq etmişdi...

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, s.e.n, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

Комментариев нет:

Отправить комментарий