Страницы

25.08.2020

Göydəki almalar yeyilib çoxdan

Nuhəmməd Cəfərov

Ümidlər can verir, donubdur həyat,
Matəm libasını geyibdir, heyhat.
Yoxdur o məğrurluq, itib əzəmət,
Özü öz halından üzülür millət...

Təzadlarla dolu bir həyatdayıq,
Dumanlar içində sanki itmişik.
Səmanın altında hansı qatdayıq,
Bəlkə yuxudayıq, bəlkə yatmışıq...

Millət dərd içində, bəla içində,
Gümanlar ümidə təsəlli verir.
Yox zərrə inam da gələcəyində,
Ümüd son nəfəslə təcəlli edir.

Bəlkə doğrudan da biz qayıdarıq,
İtmiş ümüdlər də cücərəcəklər.
Zoğ verib, torpaqdan boy da atarıq,
Körpə fidanlardan ağaca qədər.

Hələ ki minillik yuxu üzündən,
Diksinib dünyaya baxmamışıq ki?
Yağıyla dostları bilməməmizdən,
Sən demə düşmənlə qardaşmışıq ki?

Və bəlkə karvanda yol gedirik biz,
Düşmən əlindədir qədər ipimiz.
Boşuna yaşanan hər bir ilimiz,
Bizi arzulardan uzaqlaşdırır.

Bəlkə də düşməyir göydən üç alma,
Şəkərli röyalar çin olmayandan.
Sən də qulaq asma hər nağılıma,
Göydəki almalar yeyilib çoxdan...

Комментариев нет:

Отправить комментарий