Страницы

06.08.2020

Nigar Köçərli gömrükdəki "hoqqabazlıqlar"dan yazdı: "Onlarla insan bu tələyə düşür”

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Dövlət Gömrük Komitəsini tənqid atəşinə tutub.
Nigar Köçərli sosial şəbəkədə gömrükdəki rüşvət və süründürməçilik barədə geniş post yazıb.
Onun sözlərinə görə, DGK rəhbərliyində dəyişiklik ediləndən sonra prinsipal olaraq rüşvət verməyən bir şəxs kimi onun işi bir qədər asanlaşıb. “Amma açıq demək lazımdır ki, hər şey yenə də əvvəlki kimi qalır. Doğrudur, gömrükdə təmiz insanlar da var. Bununla belə, həqiqət bundan ibarətdir ki, gömrük nazirlərin və çinovniklərin ac balaları üçün “çörək yeri” olub”,- deyə Nigar Köçərli bildirib.
O gömrükdəki süründürməçiliyə diqqət çəkərək qeyd edib ki, bir məhsulun gömrük rəsmiləşdirilməsi üçün 4 gün vaxt lazım olur. Vətəndaşlar bir möhür vurdurmaq üçün alçaldılmış şəkildə kabinetləri gəzirlər. “Mən bu yaxınlarda Türkiyəyə kitab apardım. Orada bu məsələ 20 dəqiqəyə həll olundu. Amma Azərbaycanda gömrük rəsmiləşdirilməsi üçün 4 gün vaxt lazımdır. Əgər bu vaxta qədər rəsmiləşdirmə baş tutmasa o zaman səni cərimələr gözləyir”,- deyə xanım Köçərli vurğulayıb.
“Əli və Nino”nun sahibi gömrükdəki broker şirkətlərinə də diqqət çəkib. O xüsusilə “Ramal Trans” MMC-nin adını qeyd edib. Nigar Köçərlinin sözlərinə görə, sahibkarlar bu şirkətə 500-600 civarında pul ödəməlidir. Bu pulun nəyə görə ödənildiyini isə heç kim bilmir: “Qəbzlər də qəribədir. Deyilir ki, guya bu məbləğ yükün boşaldılması üçündür. Amma bizi də məcbur edirlər ki, 200 manat ödəyək. Gömrüyün mətbuat xidməti deyir: “Özünü “Əli və Nino”nun rəhbəri kimi təqdim edən şəxs bilmir ki, Ramal Transın gömrüyə heç bir aidiyyətı yoxdur”. Yoxdur? Onda olar mən onlara daha bir qəpik belə ödəməyim?”.
Nigar Köçərli qısa idxal bəyannaməsinə də toxunub: “Bu yəqin ki, Azərbaycanın gömrük tarixində qara səhifədir. Heç kəs bilmir ki, bu bəyannamə nə üçündür. Hətta ağıllı gömrük işçiləri də anlayır ki, bu mənasızdır. Təəvvür edin, qısa idxal bəyannaməsini portala yerləşdirmək üçün vaxtı ötürsəniz, o zaman 1500 manat cərimə olunacaqsız. Axı bu məhsul onsuz da gömrüyə gələcək və biz adi bəyannamə verəcəyik. O zaman mal gəlməmiş qisa idxal bəyannaməsinə nə ehtiyac var? Hər gün onlarla insan bu tələyə düşür”. /demokratik.az/

Комментариев нет:

Отправить комментарий