Страницы

10.08.2020

Yaxın Şərqdə “Böyük İsrail” planı: İranla İsrail müharibə etsə nə olacaq?

“ABŞ Türkiyəni itirməsi müqabilində onun sərhədində Kürdüstan dövlətinin yaradılmasının tərəfdarıdır. Eyni zamanda ABŞ və İsrailin istəyi İran və Türkiyənin parçalanmasına çalışmaqdır”. “İsrail daim öz təhlükəsizliyi üçün ərəb ölkələrini təhdid kimi görür”Bu sözləri politoloq Nəzakət Məmmədova Yaxın Şərqdəki Qüds probleminin beynəlxalq aləmdə yaratdığı vəziyyəti şərh edərkən pia.az-a açıqlamasında qeyd edib.


ABŞ prezidentinin Qüdslə bağlı ifadə etdiyi fikirlər qlobal siyasəti silkələməkdə davam edir. Artıq müsəlman ölkələri gücü bir yerə qoyub, Qüdslə bağlı yaranmış vəziyyətdən çıxış yolları axtarmağa qərar veriblər. Qərb analitiklərinə görə, Tramp məlum qərarı ilə Yaxın Şərqdə böyük xaosun yaranmasına təkan verib. Hazırkı vəziyyətdə isə Yaxın Şərqdə Qüds problemi artıq demək olar ki, Suriya problemini ikinci plana atır. Gərginlik fonunda bir çox analitiklər İranla İsrail arasında böyük savaşın ola biləcəyini də istisna etmirlər. Belə bir ehtimal nə dərəcədə doğrudur? İranla İsrail arasında müharibə regionda hansı nəticələr doğura bilər və bu müharibənin baş verdiyi şəraitdə sünni ərəblər və Türkiyə hansı mövqedən çıxış edə bilərlər? Bununla yanaşı, bəzi iddialara əsasən İsrail Yaxın Şərqdəki xalqları özünə tabe edib, böyük bir imperiya yaratmağa cəhd edir. Hesab etmək olarmı ki, Tramp bu məqsədin həyata keçirilməsi üçün alətə çevrilir?

Mövzu ilə bağlı pia.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib.

İndiki şəraitdə Yaxın Şərqdə regional lider olmaq uğrunda Türkiyə, İran, İsrail və Səudiyyə Ərəbistanı arasında ciddi mübarizənin mövcud olduğunu bildirən politoloq Nəzakət Məmmədova görə, baş verən proseslərdən aydın olur ki, Yaxın Şərqdə liderlik mübarizəsi ilə yanaşı bir sıra siyasi oyunlar da oynanılır. Bunlardan biri də İran və Türkiyənin zəiflədilməsi və parçalanmasına çalışmaqdır: “İsrailin öz ərazilərini genişləndirmək istəyi və böyük İsrail dövləti yaratmaq planı həmişə müzakirə mövzusu olub və bu gün də geniş müzakirə olunur. Əvvəllər bu inandırıcı görünməsə də, sonrakı illərdə Yaxın Şərqdə baş verən real proseslər məlum planın olduğunu isbat etdi. Bu plan Yaxın Şərqdəki indiki ərəb ölkələrinin xəritədən silinməsi, 22 ərəb ölkəsinin sayının azaldılmağa çalışılması, mövcud olanların isə mənsəb və etnik əsaslarla parçalanaraq zəiflədilməsi fonunda İsrailin nüfuzunun artırılmasından ibarətdir. İsrail daim öz təhlükəsizliyi üçün ərəb ölkələrini təhdid kimi görür. İsrail dövlətinin yarandığı 1948-ci ildən bəri, bu dövlətlə ərəb ölkələrinin birləşmiş koalisiyaları arasında böyük müharibələr baş verib. Buna görə də İsrail ərəb ölkələrindən qorxur. İsrailin öz nüfuzuna qarşı qurduğu plana Yaxın və Orta Şərqin bir sıra ölkələri narazılığını bildirir. Ancaq İordaniya, Səudiyyə Ərəbistanı və bəzi ərəb ölkələri regional maraqları çərçivəsində və ABŞ-ın təsirləri ilə İsrailin planına qarşı heç bir müqavimət göstərmirlər. Qüds hadisəsində də gördüyümüz kimi, əksər ərəb ölkələri etiraz etməyə önəm vermirlər. İsrailin planına qarşı vaxtilə İraq, Suriya və bəzi ərəb ölkələri müqavimət göstərirdilər. Lakin aydındır ki, bu ölkələrin aqibəti çox pis oldu. İndiki şəraitdə daha çox Türkiyə və İran bu məsələyə qarşı açıq şəkildə müqavimət göstərməyə çalışır. 

Tramp adminstrasiyasının mövqeyinə gəlincə, biz ABŞ deyəndə bütöv bir dövləti nəzərdə tuturuq. Elə bilirik ki, bu dövlətin vahid mövqedən çıxış edən siyasi elitası var. Halbuki bu, düşündüyümüz kimi deyil. ABŞ-ın özündə bir neçə güc mərkəzləri mövcuddur və onların arasındakı mübarizə ABŞ-ın beynəlxalq aləmdəki xarici siyasətinə birbaşa təsir göstərir.

ABŞ-da güc mərkəzləri kimi hərbi elita götürülür və onun başında Pentaqon və ABŞ-ın silah istehsal edən nəhəng konsernləri durur. Digəri maliyyə güc mərkəzləridir. Onlar maliyyə vasitəsilə dünya siyasətinə təsir göstərməyə çalışırlar. Başqa mərkəz isə lobbiçiliklə məşğul olan qurumlardır. Onların arasındakı mübarizə ABŞ-ın xarici siyasətinə təsirsiz ötüşmür.

Hazırda görünən odur ki, yəhudi lobbisinin tərəfində olan Tramp adminstrasiyası ilə Pentaqon arasında böyük bir mübarizə gedir. Baxmayaraq ki, Trampın hakimiyyətə gəlməsində Pentaqonun müəyyən dərəcədə köməyi olmuşdu. Onlar elə hesab edirdilər ki, Tramp idarə olunan prezidentdir və asanlıqla idarə edib qərarlar qəbul etdirə bilərlər. Lakin belə olmadı. İndiki şəraitdə Pentaqon dövlət içində dövlətdir. Çünki onun milyardlarla dollar büdcəsi  var. ABŞ-ın Yaxın Şərqdəki hərbi aqressiya siyasətinə rəbərlik edən qurum da Pentaqondur. Trampın Qüdslə bağlı qərarı Pentaqonun planına da müəyyən dərəcədə mane oldu. Çünki ABŞ-la ərəb ölkələrinin münasibətləri pisləşdi. ABŞ-ın ərəb ölkələrinə satdığı silahın milyard dollarla vəsaiti silah istehsal edən şirkətlərə və Pentaqona gedirdi. 

Son zamanlar ABŞ-la NATO-nun münasibətlərinin kəskinləşməsi də müşahidə olunur. Bu da Pentaqonun mənafelərinə toxunan bir addımdır. Çünki Pentaqon ABŞ-la NATO münasibətləri tənzimləyən bir qurumdur. Tramp NATO-nun avropalı üzvlərindən illik ümumi daxili məhsulun 2%-nin üzvlük haqqı kimi ödəməyi tələb etmişdi və bildirmişdi ki, əks halda onları Rusiyanın təhdidindən qorumayacaqlar.

Təbii ki, bu tələb Pentaqon və avropalı NATO müttəfiqlərini qane etmədi və Trampın Qüds qərarının Avropa tərəfindən tanınmamasına səbəb oldu. Yəni, hazırda ABŞ-da yəhudi diasporası və Pentaqon katolik elitası arasında gedən mübarizə dövlətin xarici siyasətinə çox mənfi təsir göstərir. Bu vəziyyət ABŞ-ı dünya ölkələri ilə üz-üzə qoydu. Tək İsrailə görə ABŞ bütün ərəb ölkələri və dünya ictimaiyyəti qarşısında nüfuzunu xeyli dərəcədə itirdi.

Hal-hazırda Yaxın Şərqdə bir neçə ölkə regional lider olmaq uğrunda mübarizə aparır. Bu ölkələrə Türkiyə, İran, İsrail və Səudiyyə Ərəbistanı daxildir. Bu ölkələrdən Türkiyənin mövqeyini ABŞ dəstəkləmir. Əslində məlum ərazilər vaxtilə Osmanlı imperiyasının nəzarətində olub. Britaniya imperiyası öz keçmiş koloniyalarında təsirlərini saxlaya bilir, Rusiya postsovet məkanının zamanında Rusiya imperiyasının tərkibində olduğunu əsas götürür. Belə olan halda Osmanlı imperiyası ilə bağlı Türkiyənin iddiası da normal haldır. Bu baxımdan Türkiyəyə də rol verilməlidir. Məsələ burasındadır ki, nəinki Türkiyəyə rol verilməsi, hətta dövlətin parçalanması məsələ önə çəkilir. Yəni, burada Türkiyənin ərazisinin böyük dövlətlər arasında bölünməsini və ABŞ-ın özünə və İsrailə yeni müttəfiq dövlət yaratmaq istəyi nəzərdə tutulur.

İranın mövqeyinə gəlincə, kəskin şəkildə Səudiyyə Ərəbistanı və İsraillə üz-üzə gəlib. Türkiyə ilə İranın münasibətlərinin də çox yaxın olduğunu demək olmaz. Baxmayaraq ki, son dövrlərdə Suriya məsələsində Ruisya-Türkiyə-İran yaxınlaşması baş verdi. Türkiyə və İran imperiya keçmişi olan ölkələrdir. Belə ölkələr həmişə o keçmişlə öyünür, nüfuzunu geri qaytarmaq istəyir. Türkiyə-İran yaxınlaşması taktiki müttəfiqlikdir.

Hal-hazırda gündəmdə olan mövzu İran-İsrail və İran-Səudiyyə münasibətləridir. Hesab edirəm ki, ABŞ daha çox Yaxın Şərqdə Səudiyyə və İsrailin hegemonluğunu təmin etmək istəyir. Və gələcəkdə Suriya və İraqın şimalında bir kürd dövləti yaratmağı planlayır. Hansı ki, həmin ərazilərdə ABŞ-Türkiyə münasibətləri pisləşmişdi. ABŞ Türkiyəni itirməsi müqabilində onun sərhədində Kürdüstan dövlətinin yaradılmasının tərəfdarıdır. Eyni zamanda ABŞ və İsrailin istəyi İran və Türkiyənin parçalanmasına çalışmaqdır.

Əslində İran çox güclü dövlətdir. İranın Yaxın Şərqdə çox böyük bir siyasəti var. Nəzərə alsaq ki, İranın əlində Hizbullah kimi böyük bir ordu var. Hizbullah kimi bir təşkilatın Suriyada Əsəd rejiminin hakimiyyətdə qalmasında çox böyük rolu oldu. İranın hərbi gücünü işə salaraq öz maraqlarını həyata keçirir.

Bu baxımdan İranı asanlıqla məğlub etmək mümkün deyil. İran Suriyada Əsəd hakimiyyətinin qalmasında Rusiya ilə bərabər iştirak edən bir dövlət oldu. Eyni zamanda Suriyanın bölünməsinə imkan vermədi. Yəni, İran artıq öz gücünü göstərib. İranın Yaxın Şərqdə çox böyük geosiyasi maraqları var. Hal-hazırda proseslərin sonunu proqnozlaşdırmaq çox çətindir. Nəticələr ölkələrin daxili və xarici siyasətindən asılıdır. Yəqin ki, zamanla hansı dövlətin lider olacağını görəcəyik”.


Gülşən ŞƏRİF

Комментариев нет:

Отправить комментарий