Страницы

21.09.2020

“Azərtac”ın rəhbəri BAKININ MƏRKƏZİNDƏKİ BİNANI TƏHVİL VERMƏK İSTƏMİR

Dövlət agentliyi üçün yeni binanın tikintisi niyə Əli Həsənova yaxın şirkətə həvalə olunub?

Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətindəki qanunsuzluqlar, o cümlədən büdcə vəsaitlərinin mənimsənilməsi, xüsusən Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaların tikintisindəki yeyintilərlə bağlı istintaq davam edir. Jurnalistlər binasını tikən şirkət – “Portos İnşaat” da audit yoxlamalarına cəlb olunub.
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, jurnalistlər binasıyla bağlı yeyintilərin araşdırması zamanı “AzərTac” dövlət informasiya agentliyilə bağlı da oxşar problem aşkarlanıb. Məlum olub ki, jurnalistlərin binası kimi, “Azərtac” üçün binanın tikintisi də eyni şirkətə – “Portos-İnşaat” MMC-yə həvalə olunub: “Necə olubsa, həm jurnalistlərin binası, həm də “Azərtac”ın binasının tikintisi üçün tenderdə eyni şirkət qalib gəlib. Bunun təsadüf olduğuna bu prosesdən azacıq xəbəri olan heç kimi inandırmaq mümkün deyil. Aydındır ki, KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərli də, “Azərtac”ın rəhbəri Aslan Aslanov da Əli Həsənova yaxın olub. Hər ikisinin “Portos”u qalib elan etməsinin əsas səbəbi də bu olub”.
Mənbənin sözlərinə görə, “Azərtac”a yeni binanın tikintisi üçün 2010-cu ildə Binəqədi rayonu ərazisində (Mərkəzi Seçki Komissiyasının binasının yaxınlığında) torpaq sahəsi ayrılıb, 2011-ci ildə isə şirkət tikinti işlərinə başlayıb. Üstündən 10 il keçsə də, hələ də “Azərtac”ın 6 mərtəbəli yeni binaya köçməsi baş tutmayıb: “Baxmayaraq ki, bu ilin yanvar ayında artlq binaya köçmək, “Azərtac”ın hazırda yerləşdiyi binanı boşaltmaq barədə rəsmi göstəriş verilib, amma agentliyin rəhbərliyi yeni binaya köçmür. Agentliyin rəhbəri Aslan Aslanov paytaxtın lap mərkəzində (Nizami kinoteatrının yanı) yerləşən bu binanı əldən vermək istəmir”.
Mənbə onu da qeyd edib ki, bina tikintisi ilə bağlı yeyintilər məsələsi araşdırılarkən başqa bir maliyyə qalmaqalının üstü açılıb: “2018-ci ilin dövlət büdəcəsindən “Azərtac”a 7 milyon 995 min manat vəsait ayrılıb. Həmin il üçün agentliyin yaydığı maliyyə hesabatında isə büdcədən aldığı və xərclədiyi vəsait 10 milyon 947 min manat göstərilib. Yəni 3 milyon manatdan artıq fərq yaranır. Bunu da sənədin əvvəlində mənfəət kimi qeyd ediblər. Maraqlıdır ki, gəlirlər bölməsində bunu göstərməyiblər. Cəmi xərclər 7 milyon 597 min yazıldığı halda həmin 3 milyon manatın hara xərcləndiyi heç yerdə aydın olmur. Büdcədə qalıq isə cəmi 31 min manat yazılıb. Belə güman etmək olar ki, həmin 3 milyon manat binanın tikintisi üçün ayrılıb və onun necə xərclənməsi barədə hesabatda bir kəlmə də yoxdur”. /azadliq.info/

Комментариев нет:

Отправить комментарий