Страницы

25.09.2020

Bu, artıq Andrey Qromıkodur...

SSRİ-nin diplomatiya tarixində Andrey Qromıkonun özünəməxsus yeri olub. 28 il xarici işlər naziri kürsüsündə əyləşən Andrey Qromıko 1950-ci illərin ortalarından başlayaraq dünyanın siyasi müstəvisində SSRİ-nin xarici siyasətini böyük peşəkarlıqla ifadə edib, həm də bu müstəvidə həlledici mövqeyini ustalıqla nümayiş etdirib.
Xarici diplomatlar tərəfindən “Cənab Yox” titulunu qazanan Qromıko ilə bir masa arxasında müzakirələr aparmaq heç də asan olmayıb, qarşı tərəf onun fikirlərini oxumaqda həmişə çətinlik çəkib, Qromıkonun peşəkar siyasi manevrləri çoxlarını çaşdırıb. Bəli, Qromıko haqqında deyilən məşhur ifadə də səbəbsiz yaranmayıb: “Əgər diplomat “hə” deyirsə, bu “ola bilər” deməkdir, əgər “ola bilər” deyirsə - bu “yox” deməkdir, əgər “yox” deyirsə, bu, artıq Andrey Qromıkodur...”
28 illik nazirlik fəaliyyətində Andrey Qromıkonun xarici ölkələrə saysız-hesabsız səfərləri olub. Sözsüz ki, bu səfərlər zamanı kuryoz hadisələr də nazirdən yan keçməyib.
Belə hadisələrdən biri də 1967-ci ildə Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının iclasında baş verib. Çıxışı zamanı Andrey Qromıko huşunu itirərək yıxılıb. Onu təcili zaldan çıxarıblar. 5-10 dəqiqə keçməmiş Qromıko geri qayıdıb, zalda olan iştirakçılar Sovet nazirini alqışlayıblar.
SSRİ-nin ən mühüm postlarından birini tutan xarixi işlər nazirinin Amerika Birləşmiş Ştatlarında tribunadan yıxılması hadisəsi böyük şayiələrə səbəb olub. Bu hadisəyə siyasi don geyindirənlər də olub, Qromıkonun Nyu-Yorkda yeməkdən zəhərlənməsi fikirləri də səslənib, bəziləri elə düşünüb ki, nazirdə ciddi xəstəlik var. Amma bu fikirlər şayiə olaraq qalıb.
Çünki, əvvəla, Qromıko olduqca sağlam bir adam olub. İkincisi, sovet nümayəndə heyətinin xarici dövlətlərə səfəri zamanı qida məsələsinə son dərəcə ciddi yanaşılıb, təhlükəsizlik məsələsi yüksək səviyyədə həyata keçirilib. Qromıkonun huşunun itirməsinin isə tam başqa səbəbi olub, geyim məsələsi.
Kremlin əsas tərcüməçisi olan və həmin tədbirdə iştirak edən Viktor Suxodrev “Dilim mənim, dostum mənim” xatirə toplusunda Qromıko ilə bağlı fikirlərini belə bölüşüb:
“Qromıko siyasi fəaliyyətində olduğu kimi, şəxsi həyatında da kifayət qədər ciddi bir şəxs idi. O cümlədən o, geyim məsələsinə də çox ciddi yanaşırdı. Dəblərin dəyişməsinə baxmayaraq, Qromıkonun qarderobu dəyişmirdi. Tünd rəngli kostyum, tünd rəngli qalstuk, açıq rəngli köynək. Köhnə dəbdə olan şlyapa isə Qromıkoya məxsusi olaraq Amerikada tikilib göndərilirdi. Onun geyimində diqqəti çəkən qeyri-adi bir məsələ də var idi. İlin fəsillərindən asılı olmayaraq Qromıko şalvarın altından isti alt paltarı geyinirdi. Yaxşı xatırlayıram, İndoneziyada səfərdə olan zaman görüşə gedərkən mən avtomobilin arxa oturacağında onun yanında əyləşmişdim. Qəfil gözlərim Qromıkonun ayaqlarına sataşdı, altdan geyindiyi isti paltarı corablarının içinə salmışdı. Çöldə isə havanın temperaturu müsbət 35-40 dərəcə idi. O bunu hansısa bir xəstəliyinə görə etmirdi. Qromıko çox sağlam bir adam idi. İş günü səhər saat 9-da başlayıb axşam 10-a qədər davam etsə də o gərgin işdən sonra 1 saat piyada gəzməyə vaxt ayırırdı, vaxtlı-vaxtında həkim müayinələrindən keçirdi. Onunla işlədiyim uzun illər ərzində bir dəfə də olsa onun dilindən səhhəti ilə bağlı şikayət eşitməmişdim. BMT tribunasından yıxılması da səhhəti ilə bağlı deyildi. Çünki həmin hadisədən sonra Qromıko ciddi şəkildə tibbi müayinədən keçirildi və heç bir patoloji hal aşkar olunmadı. Səbəb başqa idi. Onu yıxan isti olmuşdu. Zalda normal temperatur var idi, Qromıkonun “geyim temperaturu” onu haldan salmışdı. Onu zaldan çıxaranda otaqların birinə apardılar, pəncərinin nəfəsliyini açdılar, sərin su verdilər və o bir neçə dəqiqəyə özünə gəldi, zala qayıdıb çıxışını davam etdirdi. Heç bir ciddi həkim müdaxiləsinə, dərman preparatlarına ehtiyac olmadı, sadəcə naziri bir az “soyutdular”, vəssalam...”
Qeyd edək ki, 1909-cu ildə Qomeldə anadan olan Andrey Qromıko hələ Stalinin hakimiyyəti dövründən xarici işlər nazirliyində işləməyə başlayıb. Nazirliyə yeni kadrlar işə qəbul olunanda Vyaçeslav Molotov namizədlərin siyahısını Stalinə təqdim edib. Stalin Qromıkonun soyadını oxuyanda “bu soyad mənim xoşuma gəlir” deyib və tanımadığı bir adamın nazirliyə işə qəbul olunmasına razılıq verib. 1939-cu ildən xarici işlər nazirliyində çalışan Qromıko 1957-ci ildə Xruşov tərəfindən nazir vəzifəsinə təyin edilib və 1985-ci ilə qədər SSRİ tarixində ən uzun müddətli nazir olub. Qromıkonun 28 illik nazirlik fəaliyyəti SSRİ-nin xarici siyasətində bir çox hadisələrlə yadda qalıb. Dünyanın ən tanınmış siyasətçiləri Qromıkonun diplomatik fəaliyyətini yüksək qiymətləndiriblər, onun əsl diplomatlara xas olan soyuqqanlığını xüsusi vurğulayıblar.
Andrey Qromıko 1985-ci ildə baş katib kürsüsünə yiyələnə biləcək ən real namizəd olub. Ancaq o bundan imtina edərək Mixail Qorbaçovun namizədliyini dəstəkləyib və sonralar bu addımını siyasi fəaliyyətində yeganə səhvi kimi qiymətləndirib.
Öz yerini Qorbaçova verən Qromıko 1985-1988-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyib.
Andrey Qromıko ətrafdakı adamlara quru və soyuq adam təəssüratı bağışlayıb. Yaxın ətrafı onun gülməyini çox nadir hallarda müşahidə ediblər. Hətta yay fəslində belə isti alt paltarı geyinməsinə baxmayaraq 80 illik ömründə Qromıko öz daxili soyuqluğunu dəf edə bilməyib.
Qromıko 1989-ci ildə vəfat edib. Mərkəzi Komitədə onun Kreml divarları qarşısında dəfn olunması müzakirə olunsa da, naziri öz vəsiyyətinə uyğun olaraq Moskvada, Novodeviçye qəbirstanlığında dəfn ediblər.

Комментариев нет:

Отправить комментарий