Страницы

23.09.2020

Bu xəyallara inanmağımız - fəlakətdir

Zahir Əliyev

Çıxışlarında tez-tez "Bir gece ansızın gelebiliriz" deyən Ərdoğan, böyük ehtimal, bunu qonşusu Fatmagül üçün deyir.
AKP hakimiyyəti ölkəsindəki terroru bitirmək üçün heç bir addım atmır, nəticədə vətəndaşlarının özlərinə də məğzi tam aydın edilməyən bir savaşda hər gün əsgərlər ölür. Amma hakimiyyət, milli və dini rıçaqlardan istifadə edib Türkiyə xalqının emosiyaları üzərində oynayaraq, bu davanın onların müqəddəs cihadları olduğuna inandıra bilib. Nəinki öz xalqını, hətta bir qədər də uzağa gedərək, bizim xalqımızı da bu xəyalət PKK cihadına həmfikir etməyi bacarıb.
Ölkəsinin sərhədində sülhü bərqərar edə bilməyən bir dövlət, belə bir məsələdə bizə necə kömək edə bilər? Onlar belə bir xəyalı qura bilər, səbəbləri var, amma bizim buna inanmağımız - fəlakətdir.
Türkiyə toplumunun köhnə imperiya xatirat və ehtirası ilə zirehlənib, çarəsiz hakimiyyətinə cazibə qataraq regiondakı geosiyasi mübarizələrdə pay axtaran AKP hocaları, xalqımızın dərdi və emosional vəziyyətindən məharətlə istifadə edir, hakimiyyətini və xirtəyə qədər zibilə batan TC-ni mürtəce bir romantizmlə bizimçün cazibədar etməyə, özünü köməyə gəlirmiş kimi göstərməyə çalışır. Qarabağı alıb bizə verəcəkmiş kimi saxta bir duruş sərgiləyir. Halbuki, 30 il qabaq iki vertolyotla, Yeltsinlə iki qədəh vurmaqla bunu rahat həll etmək olardı - hərgah münaqişə TC çapında olsaydı. Amma nə edəsən ki, romantik xalqım bu müqayisəni apara bilmir. 30 il əvvəl Qarabağ düyünü kimlərin əlində idisə, bu gün də elə ordadır. 30 il əvvəl TC münaqişənin harasında idisə, bugün də ordadır - dəyişən bir şey yoxdur.
Rusiya, İran, Çin kimi dövlətlərlə strateji müttəfiqlik vəziyyətindəykən, özünü NATO "genişlənməsinin" qurbanına çevirən TC, gözünü açıb özünü Qarabağ probleminin sərhədində gördü. Hərçənd, AKP hakimiyyətinə gəldikləri yerin əslində Rusiya sərhədi olmasını izah etməyə lüzum yoxdur məncə.
Amma hər ehtimala qarşı, hocam gələndə özü ilə "Paşinyan PKK ilə müttəfiqdir"i də gətirməyi unutmayıb. Hər iki xalqı bir daha "kandırmak" üçün yetərli izahatdır. Onlar elə bunu eşitmək istəyir. Qərbin Rusiya üçün qurduğu blokada həlqəsi və İran üçün yeni nəzarət pultu onların vecinə də deyil. 
TC-nin indiyədək heç bir geopolitik fəaliyyəti Türkiyə xalqının xeyrinə olmayıb. Nə qədər ki, NATO-nun üzvüdür, bu, belə də qalacaq. 
İllərdir Avropa Birliyi kimi bir xristian klubunun qapısında burnunun suyunu silən TC hökümətinin, xristian aləmində ciddi nüfuz və mövqe itkisi, tənqid və antipatiya qazancağına baxmayaraq, Ayasofyanı məscidə çevirmək addımı adekvat deyil, hərgah bu, Türkiyədəki müsəlman toplumunun gözünü boyayıb, ruhuna daha bir saxta islam pərçimi vurmağa xidmət etmirdisə; və ya regional münaqişələrdə islam faktorunun aparıcı hərbi güc kimi möhkəmlənməsi üçün, islam ümmətinə yalançı bir jest deyildisə. 
Mən dəqiq bilmirəm hocamız bunu nə üçün elədi, orada açılışda niyə Quran oxudu və sair. Amma bir şeyi dəqiq bilirik ki, bütün bu şounun islam dininə və müsəlmanlara heç bir dəxli yox idi.
Camelərin sayının məktəblərin sayından çox olduğu bir ölkədə, Ayasofya kimi tarixi bir incinin, mədəniyyətlər arasında mühüm bir körpünün, ölkədəki onlarla dindən birinə ibadət üçün təslim etmək - mürtəcelikdir. AKP hakimiyyəti bunun belə olduğunu yəqin ki, bilir və bu siyasi savadsızlığı özünə yaraşdırmaz. 
Nə Ayasofyanın tarixi keçmişi, nə də Türkiyə və Avropadakı multikultural vəziyyət bu addımı təqdir edir. Şayət siyasi xristianlıq lojası şəxsən bunu hocamızın qulağına pıçıldamayıbsa, kişilər yəqin ki, hələ də bu şokdan ayılmayıb.
Sentimental Türkiyə toplumu tez-tez adi həyatla filmləri və şişirdilmiş tarixi hekayələri bir-birinə qarışdıraraq, hocamızı "Reis" deyə çağırır. Yəqin, bu tipli qeyri-rəsmi xitablardan bəzən dövlət başçısı olduğunu unudub emosiyalara qapılır və məsələn, gedib Ayasofyanı came edir, prezidentlərin mühafizəçilərini yumruqlayır və sair.
Amma bu gün, TC-də sayca çox olan müsəlmanlar hocamızın ən güclü qalxanı və zirehidir. Əks halda şəhidlik, cihad və sair kimi islam ümməti üçün müqəddəs və məqbul sayılan hallar olmasa, ordudakı gərəksiz itgiləri, PKK, PYD propaqandalarını cəmiyyətə necə həzm etdirəcək hocam?
Hərçənd, bütün bu zülmü hocama rəva bilən coğrafi cəhət məlumdur.
Necə etdilərsə, xüsusən sünni təriqətində olan müsəlmanlar üçün barıt qoxusunu cənnət qoxusuna çevirə bildilər. Ərəb dünyasında bu, belədir. Amma Türkiyədəki müsəlman toplum, daha çox mötədil, sentimental, dini ideologiyası vətən-millət-bayraq üçlüyü ilə çulğalanmış, qatı türkçülük ideyası ilə örtülmüş bir müsəlman toplumudur. Belə bir toplum milli ideyaya görə hər kəsi tapdalaya-tapdalaya al bayrağı Çinə, Dərbəndə dikməyi məqbul və müqəddəs hesab edər. 
Fəlsəfi nöqteyi-nəzərdən millətçiliklə islam ideyası daban-dabana zidd olduğu üçün, Türkiyə müsəlmanını pozulmuş ilahi dəyərlər daha az narahat edir və ayağa qaldırmır. Bu fakt, onu rahat idarəolunan və sözəbaxan edir. Necə ki, AKP bir Ayasofyanı məscid etməklə özünü islama xidmət etmiş kimi göstərə bilirsə, Türkiyə müsəlmanı da bu addımı rahatlıqla göz yaşları və emosiyalarla Allaha xidmət kimi qəbul edə bilir. Ümumbəşər bir tarixi abidəyə bu qədər barbar münasibətin Türkiyə toplumunun əksər hissəsinin sevinc göz yaşları içində qarşılaması, əslində Türkiyədə islam adı altında, mərkəzində "namazqılan və milli təssübkeş" liderlər dayanan təhlükəli bir kultun formalaşmasını və bu liderlərin xalqın bütün mənəvi boşluqlarını necə rahat şəkildə öz xeyirlərinə doldura bildiklərini açıq şəkildə göstərə bildi. 
Hocamız dini zəmində fələstini, dini-milli zəmində uyğurları eyni zamanda ustalıqla müdafiə edə bilir. Bu haqda verdiyi mesajlardan toplumun emosiyaları coşur. 
Davosda o boyda Peresi "Polat Alemdar"ın jarqonunda çiləməsi belə, Türkiyə toplomuna "Bravo, Reis!" dedizdirə bildi. Kütlə təkrar aşiq oldu, alqışladı, sahibləndi. Halbuki ayıq xalq, bu siyasi səbatsızlığa görə ölkəni İsrail kimi dünya gücü ilə diplomatik krizis vəziyyətinə gətirdiyi üçün onu aylarla danlamalı, ictimai rəydə yıxıb sürüməli idi. Davosda başqa motivlər olmuş olsa da, hoca barıtı məhz Türkiyə toplumuna görə artırırdı. Çünki İsrailin qabağında mütləq bir diplomatik çöküş və siyasi məğlubiyyət faktı vardı. Bir az da hoppanıb düşmək icazəsi alınmışdı ki, bütün müsəlman və xüsusənTürkiyə toplumunun gözünə kül üfürsün. Acı həqiqət olsa da, əzilmiş islam ümməti bu cür pafosdan çox təsirlənir; onun, yalandan da olsa, bu cür "qisas"a ehtiyacı var. Hocamız nə etdiyini bilir.
Romantizmin hər cürəsi ilə ram edilə bilən kütlə, AKP-nin saxta xarizmasından şübhələnməz və buna görə də Qərbin Rusiyanı hava hücumundan müdafiə sistemləri ilə həlqəyə almaq siyasətinin bəlkə də son halqası kimi Naxçıvanı nəzərdə tutduğunu, bununçün TC-nin saxta xilaskar obrazından yararlandığını və buna cavab olaraq Rusiyanın Ermənistana külli miqdarda hərbi sürsat daşıdığını sezməz. Çünki kütləyə, mənəvi boşluğunu doldurmaq üçün təcili material lazımdı - o təhlil etmək qabiliyyətindən məhrumdur.
TC, İslamın və Məhəmməd Peyğəmbərin varisliyinin yer üzərində ən nəhəng hamilərindən biri olan İrana illərdir tətbiq olunan haqsız beynəlxalq sanksiyalara, İsrail və Qərb bloklarının İrana etdiyi siyasi və hərbi təzyiqlərə qarşı susur. Çünki, şiəlik Türkiyədə əsasən yad ünsürdür və cazibədar deyil. Buna görə ölkəni diplomatik krizisə salan hakimiyyəti toplum daşqalaq edəcək.
Uyğurlara müstəqillik, azadlıq tələb edir, amma eyni dini bölüşdüyü kürdlərlə diplomatik masa arxasına oturmur, terror deyə müharibə edir, öldürür. Çünki qatı milli ideologiya buna cürət edən hakimiyyəti sürgün edəcək.
Halbuki din müstəvisində məsələn, İran, Türkiyə, Azərbaycan, Suriya, Livan və s. birləşə bilsəydilər, güclü bir blokla hər şeyi hər kəsə diqtə edə bilərdilər. Hansı ki bu gün İran bunu təkbaşına edə bilir. Şayət bütün məsələ dində olsaydı, bugünə qədər bu və ya buna bənzər nələrsə mütləq olacaqdı. Demək məsələ islam deyil.
Məncə, məsələ heç milli mənsubiyyətdə də deyil, çünki SSRİ-dən sonra 30 il ərzində türk dövlətlərinin, dünyanı bir kənara qoyun, Allahın Ermənistanını belə, bir-iki saat qarınağrıya sala biləcək bir "tokatlaşmaları"nı görə bilmədik. Türk geninin dominant olduğu Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan demək olar eyni siyasi idarəetmə xəttini bölüşür. Belə bir xətt daha çox sovet xətir-hörməti, sədaqəti və ortabab, amma sabit bərəkəti ilə Rusiya dostluğunu - köhnə dostluğu üstün tutur. Hər dörd dövlətdə həm də sabit dini atmosfer hakimdir. Baxmayaraq ki, TC gülənçilərlə bu sabitliyi oralarda da pozmağa çalışdı. Heç birinin də TC-yə olan etimadı Rusiyaya olandan çox deyil. Türk millətçi ideologiyasının da hələ ki TC-dən Bakıya qədər yayıldığı və Xəzəri keçə bilmədiyinin şahidiyik. Çünki bu ideologiyanı bişirən mətbəx günbatandadı. Gündoğandakılar onsuz da xalis türklərdir, onların bir də türkçülük şovinizminə nə ehtiyacları var ki? Başqa sözlə, əhalinin 99%-dən çoxunun türk olduğu bir ölkədə boz qurd simgəsi nə ayrıseçkilik salıb ara qarışdırar və bir işə yarayar ki? Buna çəkilən xərc də izafi olar.
Məncə, problem Osmanlının varisi müsəlman TC-də deyil, problem NATO üzvü, ABŞ, İngiltərə mütəffiqi TC-dədir. Baxanda, heç NATO, ABŞ, İngiltərə də problem deyil, problem köhnə peşə sahibi olmaqdadır.
Biri 30 il gözləyib, seyr edib 30 il sonra dərdinə  şərik çıxmağa gəlirsə, bil ki, mütləq səndə ona lazım olan bir şey qalıb... 30 il sənin nə vaxt bu günə düşməyini izləyib əslində...
Qəzamız mübarək...

Комментариев нет:

Отправить комментарий