Страницы

04.09.2020

Gülən Azərbaycanda kimlərə pul göndərir?

Aygün Muradxanlı

Ötən həftə Türkiyə mediası ABŞ Federal Təhqiqatlar Bürosunun Ohayo və İllinoys şatlarında “Gülən” cameəsinin lideri Fətullah Gülənə yaxın şəxslərlə bağlı eynizamanlı əməliyyat keçirməsi xəbərini yaydı. Xəbərlərdə bildirilirdi ki, əməliyyatlar zamanı 32 nəfər saxlanaraq federal məhkəmələr qarşısına çıxarılıb. FTB-nin rəsmi açıqlamalarına görə, saxlananlara qarşı vergidənyayınma, şübhəli valyuta əməliyyatlarında iştirak ittihamları irəli sürülüb və haqlarında həbs qərarı seçilib.
İllərdir Pensilvaniyada Vaşinqtonun himayəsində yaşayan Fətullah Gülənə qarşı belə bir basqı çoxları üçün gözlənilməz olduğundan təbii, çoxsaylı suallar yarandı. Türkiyənin dəfələrlə tələb etməsinə baxmayaraq Fətullah Güləni Ankaraya təslim etməyən ABŞ nədən onun çevrəsinə qarşı belə genişmiqyaslı əməliyyat aparıb?
Gülənin nəhəng kapitalı idarə etdiyi sirr deyil. Türkiyədə və Ankaranın təsir dairəsində olan ölkələrdə ciddi şəkildə sıxışdırıldıqdan sonra bu kapitalın axışı azalsa, yönü dəyişsə də Gülən hələ də nəhəng biznes imperiyasının sahibi sayılır. ABŞ-dakı qanunsuz maliyyə əməliyyatları şübhələrini birbaşa Federal Təhqiqatlar Bürosunun araşdırması da ittihamların iri vəsaitlə bağlı olduğu ehtimalını yüksəldir. Hər halda, 2 ştatda 32 nəfərin saxlanması ilə sonuclanan eynizamanlı əməliyyat Gülənçilərin sevimli biznes sahəsi olan 5-6 “dönər evi”, “paxlava odası” ilə bağlı olmayıb.
İrəli sürülən ikinci iddia da yetərincə ciddidir – şübhəli valyuta əməliyyatları. Beynəlxalq məkanda baş verən maliyyə fırıldaqlarının əsas hüquqi qiymətləndirməsi... Bildiyimiz qədərilə, hüquqda qaynağı bilinməyən paraların bəyannamələrində məqsəd aydın göstərilmədən qısamüddət üçün yaradılan şirkətlərə transfer edilməsi, daha sonra isə trafikdə “yoxa çıxması” şübhəli maliyyə əməliyyatları kimi tanınır. Məsələyə burdan baxsaq, ehtimal edə bilərik ki, Fətullah Gülən “Ağ Evlə hər addımı 100 faizlik razılaşdırma” şərtini pozaraq özfəaliyyətlə məşğul olmağa cəhd edib, tərəfdarlarının bank hesablarından ABŞ-ın arzu etmədiyi hesablara pul köçürüb və elə buna görə cəzalandırılıb.
Həm ABŞ-dan, həm Türkiyədən gələn rəsmi açıqlamalar yetərincə “ütülüdür”. Türkiyənin təhlükəsizlik orqanlarına yaxın qaynaqlar bildirir ki, Fətullah Gülən camaatının üzvləri prezident seçkisi öncəsi Donald Trampın vergi ödəmələrindəki boşluqların doldurulması üzrə tapşırıqları əsasında saxlanıb və burada hansısa siyasi çalar aramağa ehtiyac yoxdur. ABŞ-ın federal qanunlarına görə, vergidənyayınma faktları aşkarlandıqda vergi ödəyiciləri dövlət büdcəsinə borc ödənilənə qədər həbsdə saxlanır. Verginin məbləğindən asılı olaraq bir sıra ştatlarda vergi borcu məbləğindən başqa cərimə, eləcə də qısamüddətli həbs cəzaları da var. Buna görə də vergi borcları ödənən kimi saxlanılan şəxslərin azad ediləcəyi ehtimalları yüksəkdir.
İkinci ittihama – şübhəli pul transferinə gəlincə, maraqlıdır ki, Türkiyənin xüsusi xidmət orqanlarına yaxın qaynaqlar açıqlamalarında bu məsələyə aydınlıq gətirməyiblər. Vurğulanan odur ki, Fətullah Gülən camaatına qarşı AKP iqtidarının sərt tədbirlərindən sonra ölkəyə daxil olan iri məbləğli valyuta ciddi təqib edilir. Türkiyə ilə ABŞ arasında para trafiki isə xüsusi nəzarət altındadır. Rəsmi informasiyalara görə, son aylar bu kontekstdə Türkiyədə şübhəli bank əməliyyatlarına rast gəlinməyib. Demək, “gülənçilər” ABŞ rəsmilərinin “şübhəli köçürmə” kimi qeydə aldığı əməliyyatı Türkiyənin deyil, üçüncü, bəlkə də dördüncü, beşinci ölkələrin bankları ilə həyata keçiriblər.
Ehtimal ölkələri sırasında Azərbaycan və Gürcüstanın adı ilk sıralarda çəkilir. Səbəb Fətullah Gülən cameəsinin uzun illə Azərbaycanda ciddi dayaqlarının olması, Türkiyədə haqqında məhkəmə iddiası qaldırılan bir çox “FETÖ”çunun isə dünyaya Gürcüstan üzərindən “açılmasıdır”.
Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli razılaşmadan sonra Gülən cameəsinin Bakıdakı və ölkənin regionlarındakı dayaqlarına ciddi zərbə vuruldu, Azərbaycan vətəndaşı olmayanların demək olar hamısı, qısa zamanda ölkədən çıxdı və ya çıxarıldı. Azərbaycan vətəndaşı olan “gülənçi”lər haqqında isə bunu demək mümkün deyil. Əsas şəxslərin müəyyən bir hissəsi “məcburi hicrət”ə getsələr də, sonradan Azərbaycana qayıdıblar. Bəziləri isə ümumiyyətlə ölkəni tərk etmədən “inzivaya” çəkiliblər. Bəziləri öncədən tutduqları vəzifələri davam etdirirlər.
Gülən cameəsinin hakimiyyət iddialarının heç zaman ikinci plana atılmadığını, maskalanmaq məharətlərinin yüksək səviyyədə olduğunu nəzərə alsaq, Azərbaycanda yeni idarəetmə aparatının formalaşdırılması prosesində onların yenidən hərəkətə keçmə ehtimalları yüksəkdir. Ona görə də günün birində ABŞ Federal Təhqiqatlar Bürosunun Gülən camaatının şübhəli maliyyə əməliyyatları haqqında açıqlamasında Azərbaycanın adı keçsə, təəccüblənməyəcəm. Sizi bilmirəm...

Комментариев нет:

Отправить комментарий