Страницы

04.09.2020

Hizbullah yaranmış böhrandan qalib çıxacaq

Vüsal Sadıxov

2020-ci il avqust ayının 4-ündə Beyrut limanında böyük bir partlayış baş verdi. 200 nəfərə yaxın insan həyatını itirdi, təxminən 7000 nəfərə yaxın insan isə müxtəlif bədən xəsarətləri alaraq yaralandı. Partlayış yerindən 10 km radiusda yerləşən 300 000 nəfər insanın evi qismən zərər gördü və ya tamamən yararsız hala düşdü. Yaşayış binaları ilə yanaşı xəstəxanalar, məktəblər, muzeylər, otellər və başqa inzibati binalar da zərər gördülər. Ölkənin taxıl ehtiyatı saxlanılan elevator və dərman deposu da partlayış nəticəsində darmadağın oldu. Ölkəyə gətirilən qeyri-ərzaq məhsulların 60%, ərzaq məhsullarının isə 75%-i bu limandan həyata keçirilirdi ki, ümumilikdə ölkəyə 15 milyard ABŞ dolları dəyərində zərər dəydiyi bildirilir.
Partlayışa səbəb haqda ilkin məlumat olaraq qaynaq işlərinin aparıldığı və sırf təsadüf nəticəsində hadisənin baş berdiyi bildirilsə də, yekun rəy açılmış cinayət işinin sonunda ictimaiyyətə bildiriləcək. Amma status partlayışın özü və səbəbləri haqda da deyil. Status partlayışdan sonra Livanda yaranmış siyasi vəziyyətlə və ən əsas Hizbullahın vəziyyətilə bağlıdır.
Partlayış baş verəndən iki gün sonra Beyrutda hökumət əleyhinə etiraz aksiyaları başlandı. Ölkə üçün böyük əhəmiyyət kəsb edən limanın partlayışından dərhal sonra, bir neçə ildir siyasi hökumət böhranı ilə yanaşı iqtisadi böhran yaşayan Livanın gələcəyinin necə olacağı cəmiyyətdə müzakirə predmeti oldu.
Livandakı siyasi və iqtisadi böhranı daim Hizbullahın varlığı ilə əlaqələndirən siyasi qüvvələr dərhal partlayışa səbəb olan partlayıcı maddələrin Hizbullaha aid olması xəbərini yaydılar. Partlayıcı maddələrin saxlanıldığı terminalın belə Hizbullahın əlində olduğu xəbərləri tirajlandı.
Haşiyə olaraq qeyd edim ki, ümumiyyətlə Livanda baş verən hər bir neqativ hal həmişə Hizbullahla əlaqələndirilir. Koronavirus belə dünyada yayılan zaman Livanda ilk yoluxmanın İrana müqəddəs məkanlara ziyarətə getmiş livanlı zəvvarlar tərəfindən gətirildiyi söylənildi. Bu xəbər də sürətlə yayıldı. Amma sonra məlum oldu ki, ilk yoluxmanı İtaliyaya səfər etmiş livanlı katolik rahib gətirib. Hizbullah üzvlərini koronavirus yaymaqda ittiham edən başqa bir tanınmış jurnalist xanım da Fransaya etdiyi səfər zamanı koronavirusa yoluxaraq ölkəyə gəlmişdi.
Partlayıcı maddələrin və terminalın Hizbullaha məxsus olduğu xəbərlər də həmçinin həqiqətdə öz əksini tapmasa da, sürətlə daxildə və xaricdə tirajlanan bu xəbərlər səbəbilə Livanın böyük siyasi qüvvələrindən olan və eyni zamanda Hizbullaha müxaliflikdən çox düşmən mövqeyində olan Kətaib partiyasının tərəfdarları hökumət əleyhinə aksiyalara başladılar. Küçələrə həmçinin Hizbullaha müxalif mövqedə olan siyasi partiyaların da nümayənfələri qatıldı. Aksiyaların nəticəsi olaraq hökumətdə olmasının 7-ci ayı tamam olmamış texnokrat baş nazir istefa verməyə məcbur oldu. Halbuki son illərin ən müstəqil və bir iş görə biləcək baş naziri elə Həsən Diab idi. Amma onun hökumətdə olması ABŞ-a və Livana ərəb olduğu üçün öz profekturası kimi baxan Səudiyyə Ərəbistanına sərf etmirdi. Ölkəni iqtisadi böhrandan çıxartmaq üçün səy göstərən Diab hökuməti Hizbullaha qarşı loyal münasibətdə olduğu üçün ABŞ Livana ediləcək yardımlara əngəl törədərək qadağalar tətbiq etməyə başladı. Düzdür, bu əngəllər Diab hökumətindən öncə də Livana edilirdi və məqsəd Hizbullahı neytrallaşdırmaq idi. Diabın baş nazir seçilməsindən sonra isə bu daha da güclənmişdi. ABŞ və Qərbin yardım etməməsi səbəbilə hökumət üzünü Çinə çevirmək planı haqda düşünürdü, bu isə ABŞ və Qərbə heç sərf etmirdi. Odur ki liman partlayışı onlara hökuməti devirmək üçün gözəl bir şans oldu. Elə bu səbəbdən partlayış qəsdən törədilibsə, kimə daha çox sərf etməsi möhkəm arqument ola bilər ki, bu haqda ayrıca yazı yazmaq gərəkdir.
Hər ölkədə hökumət əleyhinə etiraz aksiyaları olanda haqlı və haqsız olmasından asılı olmayaraq ekstaza qapılan və özünün əlindən bir iş gəlmədiyi üçün natamamlıq kompleksindən əziyyət çəkən vətəndaşlarımız Beyrutda hökumətin istefasını xalqın qələbəsi olaraq təqdim etsələr də, əslində Livan üçün hökumətin dəyişilməsi Livan üçün bir zərbə olmuşdur. İstefaya təkan verən səbəblərdən biri və başlıcası 25 ildən çox Livan üzərində mandatı olan Fransanın prezidenti Emmanuel Makronun Livana səfər etməsi və yaranmış siyasi böhrandan qurtuluş üçün öz siyasi diqtəsini yeritmək olmuşdur. Tarixin ironiyası olsa da xristian falangist Kətaib partiyası əgər yarananda Livanı Fransa müstəmləkısindən azad ermək məqsədi güdürdüsə, bu gün Livanda hələ də dayaqları olan Fransanın yenidən Livanda söz sahibi olmasına kömək etmiş oldu.
Emmanuel Makron Beyruta ilk etdiyi səfər zamanı hamı bunun Hizbullahın sonu kimi qiymətləndirməyə başladı. Hətta Makron tərəfindən heç bir yerdə mənbəsi olmayan bir neçə punktdan ibarət yardım layihəsi də sosial şəbəklərdə və daha sonra mətbuatda yayıldı ki, guya Hizbullahın tərksilah edilməsi və s. həmin yardım paketində yer alıb. Amma gözlənilənlərin əksinə, partlayışdan 3 gün sonra çıxış edən Hizbullah lideri Seyid Nəsrullah Makronun səfəri haqda müsbət fikirlər söylədi. Daha sonra məlum oldu ki, Makron səfəri zamanı Hizbullah təşkilatının nümayəndələri ilə də görüşmüşdür.
Beyruta ikinci səfəri zamanı isə Emmanuel Makron Hizbullah təşkilatını Livanın bir parçası və xalq tərəfindən seçilmiş bir təşkilat olduğunu dilə gətirdi. Makron Hizbullahsız Livanın mümkün olmadığını və bunun daha böyük krizisə aparacağını bir çox siyasətçilərdən fərqli olaraq etiraf etdi.
Bu səfəri zamanı da Hizbullah təşkilatının nümayəndələrilə görüşən Makron bu sözlərinə görə tənqid edilsə də, əslində həqiqəti söyləmişdir. Livan parlamentinə keçirilən son seçkilər zamanı əvvəlki seçkilərdən fərqli olaraq Hizbullahın xalqdan daha çox dəstək alması da buna bariz sübutdur. Sadəcə olaraq Hizbullahın antiamerika və antiisrail mövqeyi qəbul edilmədiyi üçün ABŞ başda olmaqla havadarları bu həqiqəti görməzdən gəlirlər.
Adını qeyd etdiyim Kətaib və digər siyasi partiyaların Livanda baş vermiş vətəndaş müharibəsi zamanı hansı cinayətləri törətdiyi heç kəsə sirr deyil. Bu gün kostyum və qalstukda Hizbullahı terrorçu və İrana bağlı ölkə kimi təqdim edən həmin Cəəcəə, Cambulat və Cmayel ailəsi Livanda çoxlu qanlar tökməklə yanaşı hərəsi bir və ya bir neçə ölkəyə bağlı adamlardılar. Ölkəyə neçə illərdir rəhbərlik edən bu siyasətçilər həmçinin Livanı müflis edən iri bankların sahiblərilə dost və müttəfiqdirlər. Bir neçə ölkənin vətəndaşı olan eks baş nazir Səid Həriri rəsmi milyarder və bir çox şirkətlərin sahibidir ki, Livanın iqtisadi problemlərinin başlıca səbəbkarı məhz bu siyasətçilərdir. ABŞ, Fransa, Səudiyyə Ərəbistanı ilə isti münasibətdə olan bu siyasətçilər Hizbullahı Livanın başlıca problemi olaraq yalnız antiimperialist, antisəudiyyə və antiisrail mövqeyinə görə qaralayıb ittiham edirlər.
Hizbullah lideri son çıxışlarında Hizbullahın tam aramlıqla öz yoluna davam etdiyini, ölkənin rifahı və gələcəyi üçün bundan sonra da çalışacaqlarını və hər şeydən ümdə olaraq öz amallarından heç vaxt geri dönməyəcəkləri söyləməklə Hizbullahın yaranmış böhrandan da qalib ayrılmasına əmin olduğunu göstərir.
Bəli, Hizbullah Makronun sözlərinə tam etimad etmir. Amma yaranmış siyasi böhrandan çıxış yolunda ABŞ və Səudiyyə Ərəbistanından fərqli olaraq Fransanın tutduğu mövqenin daha düzgün olduğunu anlayır. 
P.S.: Şəkildə Seyid Həsən Nəsrullahın partlayışdan sonra etdiyi çıxışı işıqlandırmayan müxalif xristian televiziya kanalı LBC İnternational kanalının işçilərinin həmin çıxışı diqqətlə izlədiyi əks olunub.

Комментариев нет:

Отправить комментарий