Страницы

12.11.2020

Onlar böyük bir taleyüklü məsələnin bənnalarıdır

Zahir Əliyev

Oktyabrda kəndlərin birində şəhid ziyarətində idik. Şəhid atasının son dərəcə məzlumanə bir görkəmi vardı, elə bil nədənsə xəcalət çəkirdi.
Nə bilim,  sanki "övladım şəhid oldu, kaş bir neçə gün də döyüşə biləydi" kimi bir üzrxahlıq ifadəsi var idi üzündə - bax, o qədər məzlumanə duruşu vardı. Kədər, üzüntü, anlaşılmazlıq, qorxu və sair qarışıq hisslərin qovuşduğu bir ruh halı.
Öyrəndim ki, elə bir qızı, bir oğlu varmış. Meşədə əllə odun doğrayıb sataraq uşaqlarını böyüdüb. Və daha sonralar eşitdim ki, kədərdən arvadında əqli çatışmazlıq yaranıb...
Hələ bu, bir ailənin dramıdır.
Vətən müharibəsi iştirakçılarının qarşısında baş əyirəm, çünki onlar böyük bir taleyüklü məsələnin bənnalarıdır. Bizim bundan sonrakı həyatımızda yaşayacağımız hər an, məhz onların çiyinlərində bərqərar olan vətən torpağı üstündə keçəcək. Bundan üstün şöhrət ola bilməz: vətən bənnaları.
Şəhidlik ən ali dəyərlər uğrunda könüllü olaraq canını fəda etməkdir. Bundan üstün bir bəşəri və vətəndaşlıq əməli ola bilməz.
Müharibə bütün varlığı ilə fəlakətdir.
Hətta qələbə qazansan belə, arxasıdan onillərlə kəsilməyəcək ah-nalələr, qan-cəsəd qoxuları, bədbəxtliklər gələcək...
Əlbəttə, vətənçün bunların hamısı mütləq vəzifədir, ta o vaxtacan ki bütün bunlar müharibə üçün faktor olmasın.
Sülhün təcəlla etdiyi yerdə Allah lütfü var. Sülhün səbəbkarında da Allah sevgisi və xofu, həm də bəşərə sevgi, həyata sevgi var...
Sülhə çatmaq üçün hər şey mübahdır. Xüsusən ən sonda olanı ən əvvəl etmək mümkündürsə; sülhə aparan qanı, sülh üçün faktor olana qədər dayandıra, kədəri beşikdəcə boğa bilirsənsə...
Bütün şəhidlərin ruhuna salavat...
Vətən sənə canım fəda!

Комментариев нет:

Отправить комментарий