Страницы

21.11.2020

Səni yad eyləyərik gündə fəxarətlə

Xilqət Talıbov

Səni yad eyləyərik gündə fəxarətlə, şəhid,
Üzüağ kamə yetişdin bu şəhadətlə, şəhid.

Öldürübsən bu şəhadətlə dəyərsiz ölümü,
Xar edib düşməni mərdanə, şərafətlə, şəhid.

Təkcə Allah bilir, ey Kərbübəla mə`zunu,
İmtahandan necə keçdin, neçə qiymətlə, şəhid.

Parə-parə əl-ayağın səpilib toprağə,
Vermisən canı Vətənçün nə səxavətlə, şəhid.

Bir zamanlar sənə fərman verənlər indi,
Baş əyir özləri qarşında nəzakətlə, şəhid.

Xoş sənin halına, cənnətdə şəhidlər ağası
Özü pişvaz edəcəkdir səni xəl`ətlə, şəhid.

And ola qolsuz Əbəlfəzdə olan qeyrətə ki
Olmusan pak məhəbbət ilə, qeyrətlə şəhid.

Eşq karvanına çatdırdın özün, biz qaldıq,
Çəkirik hər nəfəsi ahı xəcalətlə, şəhid.

Uca adın nə qədər ki yer alar şe`rində
Xiqətin şe`ri sürər ömrü lətafətlə, şəhid.

Комментариев нет:

Отправить комментарий