Страницы

18.11.2020

Unutmağa haqqımız yoxdur: Amrid Yunusov

Gözəl oğlan idi. Onun yaraşığını artıran isə gülən gözəl gözləri idi. Başdan-başa həyat eşqi, səmimiyyət, mehribanlıq idi bu cavan. Kəndin sevimlisi idi. Qusar rayonunun Əniğ kəndində anadan olmuş Yunusov Amrid Zaur oğlu uşaqlıqdan hərbçi olmaq arzusunda idi. Ona görə də hərbi xidmətini başa vuranda valideynlərinə öz taleyini MAXE ilə bağlamaq istədiyini bildirdi. 2018-ci ildən motoatıcı alayda manqa komandiri kimi xidmət edən çavuş Amrid Yunusovun aldığı fəxri fərmanlar və təşəkkürnamələr onun gələcəkdə yaxşı hərbçi olacağından xəbər verirdi.
Döyüşlər başlanandan bir az əvvəl o valideynlərinin razılığı ilə istəklisi ilə əhd-peyman bağlamışdı. Onlar müharibə bitən kimi toy edəcəklərini planlaşdırmışdılar. Ata-anası gəlin otağı bəzəmişdi. Lakin qəddar müharibə hər şeyi dəyişdi.
Qarabağ müharibəsinin ilk günlərindən Amrid ön cəbhədə döyüşlərə atıldı. Füzuli uğrunda gedən döyüşlərdə 25 yaşlı Amrid qəhrəmancasına həlak oldu.
Onu son mənzilə yola salmağa gələn insan seli sosial şəbəkələrdən Amridin saysız-hesabsız qəhrəmanlıqları ilə bağlı onun döyüş yoldaşlarının bölüşdükləri xatirələrdən danışırdı. Bu igid ləzginin döyüşkən əzminə heyranlıqlarını qeyd edən cəbhə dostlarının xatirələri valideynlərə təsəlli idi. Lakin müvəqqəti təsəlli.
Övlad böyüdüb onu ərsəyə çatdıran, 25 il onun hər əzabına qatlaşan anası Rəfilənin, atası Zaurun dərdini bu dünyada heç nə yüngülləşdirə bilməz.
Onlar tez-tez Amridin albomunu vərəqləyir, onun şəkillərinə baxmaqdan doymurlar. Rəfilənin ayrılarkən mənə dediyi sözlər yadımdan çıxmır: "Amrid kişi kimi vuruşdu, kişi kimi də həlak oldu".
Atası isə əlavə etdi: "Amrid qəddimizi əysə də, başımızı uca etdi".
Bunları deyəndə hər ikisinin gözləri yaşlı idi.
Bu qürurlu ata-ana gözlərimdə dağ kimi ucaldı. 
Allah rəhmət eləsin!

Sədaqət Kərimova

Комментариев нет:

Отправить комментарий