Страницы

08.12.2020

Ermənistan adlı qlobus

Oleq Panfilov

Ermənistanın qədim tarixi dolaşıq və naməlumdur: yunanca “Ἀρμενία” adlandırılan bir ərazi olub, orda müxtəlif insanlar yaşayıblar. Onların indiki ermənilərlə heç bir əlaqəsi olmayıb. Əgər bir əlaqə varsa da, bu həddindən artıq dolayı – hürritlərin, urartuluların, luvilərin və son iki-üç min ildə Kiçik Asiya çöllərində yaşamış bir çox digər xalqların assimilyasiyası ilə yaranan bir əlaqədir.
Erməni tarixi o qədər qarışıqdır ki, X əsrin dərinliklərinə – ən qədim əlyazmanın, yəni erməni dilində ilk tarixi sənədin aid olduğu dövrə (981-ci il) enmək imkansızdır. Bütün digər sənədlərə olan istinadlar isə dolayı və uydurma xarakter daşıyır.
Ancaq əsas məsələ bu deyil – keçmişi dumanlı olan bir çox xalqlar uydurma tarixdən əziyyət çəkirlər. Bir halda ki, belə fürsət yaranıb, son 200 il ərzində o qədər şey yazıblar ki, gələcək tarixçilər bu “avqi axurları”nda hələ uzun müddət eşələnməli olacaqlar.
Burada əsas məsələ odur ki, indi özlərini erməni adlandıran insanların son əsrlərdə yaşadıqları Asiya məkanı bir neçə ölkəyə – Türkiyəyə, İrana, Suriyaya, bir az Livana və Gürcüstana, həmçinin müxtəlif dövrlərdə, ən çox da son yüz ildə bir vaxtlar oranın parçası olmuş digər qitələrdəki ölkələrə yayılır.
“Erməni problemi”nin qloballığı görüntüdür, əslində ermənilər sayları 9-10 milyonu keçməyən kifayət qədər kiçik xalqdır. Üstəlik mənşə baxımından qərb və şərq hissələrinə bölünür. Ki şərq hissəsi də qərb hissəsi hesabına formalaşdırılıb.
Kiminsə “soyqırım” adı verdiyi 1915-ci il hadisələri rəqəmlərdən tutmuş mötivlərə qədər müxtəlif şərtlərə görə əksər ölkələr tərəfindən “soyqırım” kimi qəbul olunmur. Türkiyə necə ildir ki, müstəqil beynəlxalq komissiya yaratmağı və hər şeyi aydınlaşdırmağı təklif edir, amma Ermənistan nədənsə buna razı deyil.
Bax elə bu “nədənsə” – ən anlaşılmaz məqamdır. Biz balaca bir planetdə yaşayırıq. Onsuz da burda bir yığın problem, həllolunmamış münaqişələr var, daha bir problemi dondurmaq nəyə lazımdır? Niyə son nöqtə qoyulmasın? Ondan sonra da peyğəmbərlərin – həm xristian, həm müsəlman, həm də yəhudi – vəsiyyət etdikləri kimi sülh və qarşılıqlı hörmət şəraitində yaşayaq.
Niyə 1827-ci ildən – “Rusiya Ermənistanı” ərazisinin yarandığı, keçmiş İrəvan xanlığı İrandan və Türkiyədən gələn etnik ermənilərlə doldurulmağa başlandığı andan 1991-ci ilə qədər gələcək Ermənistan SSR artıq monoetnik ölkəyə çevrilmişdi? Bu etnik baxımdan steril cəmiyyətdə yaşamaq arzusu hardan yaranıb?
İşğal altında saxladığı Qarabağı itirəndən və “Böyük Ermənistan” mifi dağılandan sonra müasir Ermənistanı nə gözlədiyi barədə fikirləşəndə yuxarıda sadalananlarla yanaşı bir çox başqa suallar da meydana çıxır. Müasir “erməniliyin” (Paşinyanın sevimli termini) ideoloqlarının şüarlarını nəzərə alsaq, o “Böyük Ermənistan” yalnız bir xalqın məskunlaşması üçün nəzərdə tutulmuş qlobusa çevrilməliydi.
İstənilən gələcək üçün zəmin – ideyaların həyata keçəcəyinə xidmət edən zəmanətlər olmalıdır. Əgər Ermənistan yenə öz anklavına qapanıb qalarsa, öz enerji ehtiyatları və öz kommunikasiyaları olmayan bir ərazini necə bir gələcək gözləyə bilər? Yalnız yenə yavaş-yavaş mənasızlaşmaq və olan-qalan əhalinin tonusunu qorumaq üçün növbəti “böyük”, “məğlubedilməz” və s. şüarları dozu.
Özünütəcrid heç vaxt heç kimə xeyir verməyib. 44 günlük müharibədə darmadağın olmuş və faiz nisbətilə böyük insan itkiləri vermiş ölkənin heç bir gələcəyi yoxdur. Vəziyyət o qədər ağırdır ki, artıq dərmanlardan yox, defibrillyatordan danışmaq lazım gəlir.
Qlobus yaranmadı, əvəzində hava doldurulmuş şar alındı.
Artıq Ermənistan öz incikliklərini, o cümlədən uydurma incikliklərini də unudub, qonşularla sağlam düşüncəyə uyğun yaşamalıdır.
Nə Türkiyə, nə də Azərbaycan heç yerə yox çıxmayacaq – onlar daha zəngin və daha güclüdür. Rusiyanın Cənubi Qafqazdakı bu kiçik, nə strateji, nə iqtisadi, nə də kommunikasiya baxımından maraqlı olmayan anklavının taleyi Qərbdə heç kimi ciddi şəkildə narahat etməyəcək.
Və yekun olaraq… Son günlərdə müxtəlif erməni siyasətçilərinin fikirlərində sağlam düşüncə əlamətləri axtarıram, amma iqtisadiyyat və inkişaf perspektivləri haqqında bir kəlmə də eşitmirəm. Deyəsən, “erməniliyin” mahiyyəti elə budur – dövlət qurmağı bacarmır və belə ənənəsi qətiyyən yoxdur.

azlogos.eu

Комментариев нет:

Отправить комментарий