Страницы

07.12.2020

GÖZÜN AYDIN OLSUN, ŞUŞA

Şirinxanım Kərimbəyli ŞADİMAN

Əsgərimiz səf bağlayıb düzülübdü sıralara,
Məlhəm çəkir otuz illik köz bağlamış yaralara,
Saf qaliblik sədamızın səsi gedir haralara...
Ordumuzun nərəsindən haray düşüb boz dağ-daşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!

İndi daha başımız da sinəmizdən qalxacaqdır,
Durna gözlü bulaqların durulaşıb axacaqdır,
Nər oğullar yağıların axırına çıxacaqdır,
Açsın qoynun “Cıdır düzü” soy bildiyi hər yurddaşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!

Bilirsənmi içimizdə nə müddətdir həsrət gəzir?!
Sən işğala düşən gündən məmləkəti kədər əzir,
Bu gününə canımızı eyləmişik sənə nəzir,
Mənfur düşmən divan tutub, zülüm edib vətəndaşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!

Bölgə-bölgə yurdlarımız bu xəbəri bayram edir,
Sanki Vətən özü durub soydaşlarla bir kam edir,
Batıb qəlbdə qaranlıqlar, ürəklərlə can şam edir,
Bu payızda qurtuluşun, çıx get deyir qarlı qışa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!

“Qarabağın şikəstəsi” zilə qalxsın gur səs ilən,
Xanəndələr cuşa gəlsin ruhu oxşar nəfəs ilən,
Talan olmuş Qarabağın vidalaşır qəfəs ilən,
Tərk eləsin hicran yurdu, yoxdu daha yer təlaşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!

Azğınlaşmış mənfur düşmən günbəgündən yolun azdı,
Özün ali saydı yağı, zənn elədi el dayazdı,
Qoy var olsun Baş Komandan, yurda yeni tarix yazdı...
Əsgərimiz azğınların ümidlərin çırpdı daşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!

Cıdırında yallı gedən düşmənlərin talan oldu,
O basılmaz ordu mifi Ordumuzla yalan oldu,
Yurd yağıdan təmizlənir sənə sarı gələn yoldu...
Bundan sonra min illərlə şiş dağlarda məğrur yaşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!

Qov dumanı başın üstdən, dumanların keçər olsun,
Əyilib buz bulağından qız-gəlinin içər olsun,
İnnən belə dost-düşməni bir-birindən seçər olsun!
Üzeyirlə, Natəvanla qoy çəkilsin adın qoşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!

Bilirsən ki, içimizdə möhnət yükü ağır olub,
Abır-həya güdən bəzən yad gözündə fağır olub,
Haqqımızı istəyəndə çox vaxt çığır-bağır olub,
Pənahəli xanın ruhu yurdum deyir hər qarışa,
Azadlığın mübarəkdir, gözün aydın olsun Şuşa!

Bilirsən ki, səni necə azad etdi şanlı əsgər,
Qanın tökdü, şəhid oldu qəlbi vətən canlı əsgər,
Düşmənlərə qan uddurdu, yurda isti qanlı əsgər,
Qalxdı azğın yağılarla qəhrəmanlar haqq savaşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!

Şadimanın müjdə dolu sözü düşüb kağızlara,
Qurtuluşu misra edən gözü düşüb kağızlara,
Bu zəfəri ərzə yayan salam olsun ağızlara,
Şad xəbərin özəlliyi gətiribdi eli cuşa,
Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!

Комментариев нет:

Отправить комментарий