Страницы

13.01.2021

Ömürlük bəs elədi

Fəxrəddin Quliyev

Mənim üçün ən böyük travma Cəbrayılda oldu...
Müharibə hələ yeni başlamışdı. Bizi Cəbrayılın tanımadığımız bir yerinə gətirdilər. Zülmət qaranlıq idi və bu qaranlıqda eşitdiyimiz atəş səsləri, ətrafa düşən top və minamyotların vahiməsi bizi əməllicə döyüş havasına salmışdı. Yeni alınmış bir ərazidə idik. Bizi əsgər maşınlarından aşağa enməyə qoymadılar. Sağımız, solumuz minalı idi və ətrafda şəhidlərimizlə bərabər erməni leşləri də var idi. Bizə bildirdilər ki, 10 dəqiqədən sonra set kəsiləcək. Hər kimdə telefon varsa söndürməyimizi istədilər. Fənərdən istifadə etməyin, siqaret yandırmağın qəti qadağan olduğunu bildirdilər. Komandirimiz 6:30-da döyüşə girəcəyimizi xəbərdar etdi. Tank əleyhinə bölük olduğumuz üçün təyinatı üzrə tank vurmağa getməli idik. Döyüşü tam geyim vəziyyətində gözləyirdik. Ən qorxduğum isə hər an əsir düşə bilməyimiz idi. Əvvəldən də ancaq bunu fikirləşirdim ki, əgər əsir düşsəm özümü öldürəcəm. Bu niyyətlə də sonda 1 güllə saxlayacağımı düşünürdüm.
Yuxusuz olduğumuz üçün oturduğum yerdə yuxuya getmişdim. Gecə 2:30 radələri idi. Rus ləhcəli biri bizim təcili aşağa düşməyimizi qışqıraraq bildirməyə başladı. Elə bu səsə səksəndim və artıq əsir düşdüyümüzü hesab etdim. Üstümdəki darağın birini avtomata taxdım və üzbəüz oturduğum döyüş yoldaşıma bilirdim ki, əsir düşdük. O da darağı avtomata taxtı. Gecənin qaranlığında top atəş səsləri, üstəgəl də o adamın qışqırığı başımı dondurdu. Başqa heç nə düşünə bilmirdim artıq. Fikrimdə yalnız maşından düşən kimi atəş açmaq və sonda şəhid olmaq idi. Ya döyüşüb ölməli idim ya da əsir düşməli. Keçirtdiyim həyəcan və stress mənə ömürlük bəs etdi. Yuxarıda qeyd etdiyim kimi ən qorxduğum şey əsir düşmək idi və artıq əsir düşdüyümü hesab edirdim. Bəlkə də əsir düşmüşəm deyə şübhədə olsa idim, bu qədər təsir etməzdi mənə. Özümdən biixtiyar əminliklə buna qəbullandığım üçün içimi silkələmişdi.
Fikirləşirsiz ki, əsir düşdük, hə?)
Yox.
Düşmədik. Sən demə bu heç vaxt adını eşitmədiyim, üzünü görmədiyim, səsini duymadığım hərbi hissəmizin əslən ləzgi olan qərargah rəisi imiş.
Adamı da bu atmosferlə, bu havayla döyüşə apararlar?
İkimiz də az qalmışdı ki, bədbəxt olaq.)
Sonradan bilmişəm ki, o çox döyüşkən və qəhrəman zabitlərdəndir.
Döyüşdə ağır yaralandı və çox şükür ki, sağ-salamatdır.

Комментариев нет:

Отправить комментарий