Страницы

08.02.2021

İbrahim Sel: Qarabağa Rusiya sülhməramlıları gəlməsəydi, ABŞ sülhməramlıları gələcəkdi

Avrasiya Hərəkatı Azərbaycan təşkilatının rəhbəri, yazıçı-jurnalist İbrahim Sel ilə müsahibə

-Rusiya sülhməramlıları barədə fikriniz nədir? Doğrudanmı Rusiya sülhməramlıları Qarabağa beş illik gəliblər, yoxsa həmişəlik burda qalmaq fikrindədirlər?
-Bu sülhməramlı nə olan şeydir, mənim əvvəl-axır başıma girmədi. Bu institutu ABŞ yaradıb. ABŞ sülhməramlıları tarixən hara girdi, orda qan su yerinə axıb, müharibə saqqız kimi uzanıb. Mənim nəzərimdə Qarabağa rus hərbçiləri girib, sadəcə trendə uyğun olaraq qoluna sülhməramlı lipuçkası vurmalısan ki, səni düzgün başa düşsünlər. Tarixən rus əsgəri hara girdi, orda sülh yaranıb. O vaxt Qarabağda rus qoşunları olanda orda əmin-amanlıq yaranmışdı. Rus hərbçiləri 30 kəndi erməni terrorçularından təmizləyib bizə vermişdilər. 90-cı illərdə erməni terrorçularının əsas qənimi rus speçnazı idi. Elçibəy onları qovandan sonra Qarabağ əlimizdən çıxdı. İndi yenə də həmin rus hərbçiləri Qarabağa gəliblər və yenə də səliqə-sahman yaradırlar. Cəmi 3 gün idi rus gəlmişdi, artıq Qarabağda atəş səsləri tam kəsilmişdi. Rus belədi, hara ayaq basır, orda sülh yaranır. Amerikanlar hara ayaq basır, orda qan dayanmır. Amerikanlara maraqlı deyil siz hansı səbəbə görə dava edirsiniz, kim günahkardır, kim haqlıdır, tirka verirlər ki, vuruşun, son damla qanınıza kimi vuruşun, kompromisə getməyin və dediyinizdən dönməyin. Onlarçün əsas odur ki, güc-bəla ilə xoda saldıqları müharibəni dayandıran olmasın. Prezident Minsk Qrupunun qərbli həmsədrlərini niyə Bakıdan qovdu? Onlara o cür üz göstərilməsi elə qovmaq demək idi. Çünki Paşinyanı hakimiyyətə gətirənlər elə bunlardır. Paşinyanın hakimiyyətə gəlməsi üçün Minsk Qrupunun qərbli həmsədrləri şəxsən pul qoyublar, mayaları batır, bu pulu necə olursa olsun çıxarmalıydılar. Onlar danışıqlarda elə Paşinyanın nümayəndələri kimi iştirak edirlər. Ermənistandakı narıncı inqilab ABŞ-ın Minsk Qrupundakı həmsədri Stiven Mannın planı əsasında həyata keçirilib. Paşinyanı hakimiyyətə elə həmin Minsk Qrupu gətirib. İndi deyirsiz Minsk Qrupu Qarabağda haqqın tərəfində olacaqdı, ya da hansısa sülh yaradacaqdı? Minsk Qrupunun üzvü olan Amerika Ermənistanda narıncı inqilab etmək üçün can qoyub, Fransa isə Ermənistanla qardaşlıq əhdi bağlayıb. Bəyəm Paşinyanın hakimiyyətə gəlməsi iudeylərə asan və ucuz başa gəlib ki, bizə nəyisə güzəştə getsinlər? Stiven Mann Ermənistana qoyduğu mayanı heç çıxartmayıb da. Putin olan yerdə Minsk Qrupuna ehtiyac yoxdur, onları Bakıya buraxmamalıyıq.

-Sosial şəbəkələrdə rus qoşunlarının Qarabağdan çıxmasını tələb edənlər də var, bu məqsədlə petisiya başlanıldığı bildirilir. Bu barədə nə deyə bilərsiniz?
-Özünü yırtıb dağıdan liberalların təbliğatına uyanlar bilməlidirlər ki, rus ora bir az da gec gəlsəydi, ora fransız ordusu, ardınca da amerikan ordusu gələcəkdi. Bu bəyəm bizim xeyrimizəydi? Məgər ermənilər Fransanı ikinci ana vətənləri saymırlar? Yoxsa ABŞ-ı erməni lobbisi başına götürməyib? Bizə ən sərfəlisi elə rus sülhməramlılarıdır. ABŞ səfirliyinin qulabanında yatan şanlı jurnalistlərimiz bir çox məsələlərin üstündən sükutlar keçirlər, rus hərbçilərinin gəlişi ilə necə böyük təhlükələrdən qurtulduğumuzu gizlədirlər. Plan belə idi, Rusiya vaxtında tərpənib bunun qarşısını aldı, özü gəlib regionda oturdu, çünki buna daha çox haqqı çatır. Necə olur ki, ABŞ okeanın o üzündən gəlib burda sülhməramlılıq edə bilər, Rusiya edə bilməz? Ad belə olacaqdı ki guya bura Skandinaviya ordusu gəlir. Amma Skandinaviya kimi çurban ölkələrin ordusu olmur, bu amerikan ordusu idi. Amerikanların Skandinaviyada dislokasiya olunmuş qoşununu Qarabağa göndərəcəkdilər. Həm Ermənistandakı, həm də Azərbaycandakı 5-ci kolon bunu səbirsizliklə gözləyirdi. Olmadı, geriyə marş! Rusiya icazə vermədi. Qarabağa ABŞ ordusu girəcəkdi, Rus ordusu onu qabaqladı. Əlbəttə ki, bununla böyük bir faciədən qurtulduq. Çünki amerikanlar sənin tərəfində yox, ermənilərin tərəfində duracaqdılar. Liboşların ümidləri puç oldu və rusların gəlişi ilə böyük depressiya başlandı. Bəxtimiz onda gətirdi ki, Amerikanın başı seçkilərə qarışdı, vaxtında hərəkət edə bilmədi. Görək amerikan ordusu Qarabağa girsəydi, politoloqlarımız yenə də indiki kimi özlərini yırtıb dağıdacaqdılarmı? Amerikan sülhməramlılarının Qarabağdan çıxarılması üçün də imza toplayacaqdılarmı? Əlbəttə ki yox! Çünki əyinlərinə geyindikləri paltarı kostyumundan tutmuş alt paltarını kimi ABŞ səfirliyinin pulları ilə alıblar. Belə adamlar heç vaxt amerikanlara qarşı çıxmaz. Fransa bizə qarşı bu qədər əclaflıq etdi, görün Fransa səfirliyinin qabağında mitinq keçirdilər? Amma rus, ya fars haqqında bir qondarma xəbər ortalığa çıxan kimi yığışırlar Rusiya və İran səfirliyinin qarşısına, özlərini cırıb dağıdırlar.

-Rus sülhməramlıları erməniləri dəstəkləmirlər ki?
-Yox. Rus sülhməramlıları nə bizi, nə də erməniləri dəstəkləmir. Onlar haqqı dəstəkləyir. Bu konfliktdə isə haqq tərəfi bizik. Əsgərlərimiz döyüşə Ya Hüseyn sədaları altında gedirdilər, qarşı tərəfin məqsədi isə regionda Böyük Vatikan yaratmaq idi, Qərbi, NATO-nu bura daşımaq idi. Məhz buna görə Maksim Şevçenko dedi ki, Azərbaycanın qələbəsi- avrasiyaçıların antiqlobalist və antiimperialist dünya üzərindəki qələbəsidir. Bu sözlər mənim çox xoşuma gəldi. Əslində Ermənistanın ağası Soros idi. Soros da elə Qərbi hərbin hissələrindən biridir, sadəcə “yumşaq güc” mövqeyindən çıxış edir. Rusiyanın regionumuza qayıtmaq üçün qətiyyətli addımlar atdığı indiki şəraitdə sorosçuluq dövləti faciəyə düçar edir, xalqı məhvə sürükləyir. Biz sorosçularla vuruşduq və prezidentimizin dediyi kimi, onları iti qovan kimi qovduq. Bu müharibəni biz başlamamışdıq, Paşinyan qərbli havadarlarının əmri ilə bizə qarşı hücuma keçmişdi. Ermənstanın ABŞ cəsusu olan müdafiə naziri Tonoyan bizə qarşı gündə bir bəyanat verirdi, Bakını tutacaqları ilə hədələyirdi. Haqq bizim tərəfimizdə idi. İşimiz o cəhətdən yaxşı idi ki, 2019-cu ildən bəri Ermənistan hərbçilərinin Rusiya hərbçiləri ilə əlaqəsi tam kəsilmişdi, ruslar amerikan əskisinə çevrilmiş bir hökumətə heç bir kəşfiyyat məlumatı ötürmürdülər. Rusiyanın bizim tərəfimizdə olması bizi bu müharibədən qalib çıxardı. Ən əsası biz tərəfdə professional bir lider vardı, ona Paşinyan kimi hamaradüşmə, başdan səy, təsadüfən prezident kürsüsünə yiyələnmiş bir jurnalistə qalib gəlmək elə də çətin olmadı. İndi Paşinyan parlamentdə deyir ki, hələ Allahınıza şükür edin, bu qədər əsirinizi alıb geri qaytarmışam, daha məndən nə istəyirsiniz?

-Deyirsiz ki, Qarabağa amerikan ordusu girəcəkdi. Bəyəm ordumuz buna imkan verərdimi? Dövlətimiz bunu sakit qarşılayacaqdımı?
-ABŞ sən istəsən də, istəməsən də öz qoşununu Qarabağa gətirəcəkdi. ABŞ-a lazımdır ki, Ermənistanın İranla sərhədində olsun, bu sərhədə nəzarəti ələ alsın ki, gələcəkdə İranla müharibə apara bilsin. Dünya geopolitik proseslərinin dalğasında biz kimik ki? İngiltərə və onun vassalları, NATO, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Bankı kimi qlobal güclər var ki, dünyada istədiklərini edirlər və sənin müstəqilliyin onların heç vecinə də deyil. Onlar çoxdan özlərinin dünya hegemonluqlarına, dünya polisi olmaqlarına möhür vurublar. Onlar Rusiya, Çin, İran kimi güclü dövlətlərdən başqa heç kəsi saya salmırlar. Britaniya kəşfiyyatının rəhbəri özünü bizim regionun smotryaşşisi sayır. Onlar bircə Putindən qorxurlar. Soros 2020-ci ildə yazdığı məqalədə Putini “Stalindən sonra dünyanın ən qorxulu hökmdarı” adlandırmışdı və bütün Avropanı onunla mübarizəyə çağırmışdı. Müstəqilsən, lap yaxşı, demək Rusiya, Çin, İran kimi ölkələrlə hesablaşmadan səni lap rahatlıqla basıb əzmək olar. Arxanda güclü bir qüvvə dayanmayıbsa bu yırtıcılara asanlıqla yem olursan. Ayılıb bir də görürsən ki, akulanın mədəsindəsən, həzmə gedirsən. Britaniyanın məlum planı vardır ki, Qafqaz alovlanmalıdır. Qafqazda qanlı-qadalı müharibələr getməlidir. Deməyim odur ki, biz tam Rusiyaya doğru dönüş etməliyik, yoxsa əvvəl-axır regionu qarışdırıb böyük bir müharibə ocağı yaradacaqlar. Bunlar həyati məsələlərdir.

-Demək, belə çıxır ki, bu müharibədə Rusiya Azərbaycanın, Qərb isə Ermənistanın tərəfində olmuşdur? Məgər Ermənistan Rusiyanın strateji müttəfiqi deyildimi? Niyə Rusiya onunla birgə KTMT, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı kimi vacib təşkilatlarda təmsil olunan Ermənistana müharibədə kömək etmədi?
-Bilirsiz, mən bir dəfə bizim Avrasiya Hərəkatının aparıcı simalarından olan Valeri Korovinin sözlərini gülməli bir formada paylaşmışdım ki, hansı ölkədə narıncı inqilab oldu, həmin ölkə verməyə hazırlaşsın. Korovin ərazilərini nəzərdə tutmuşdu. Ermənistanın başına gələnlər da bu qəbildəndir. Ermənistanın düşdüyü vəziyyət başqa göylə gedənlər, özünü şir, qartal, qurd bilənlər üçün dərs olmalıdır. Dəfələrlə qeyd olunub ki, heç kəs çaşmasın, şişməsin və reallıqla hesablaşsın. Eyforiyaya qapılmaq uçuruma aparır. Reallığa düzgün qiymət vermək lazımdır. ABŞ səfirliyi imkan versə, erməni xalqı öz səhvlərindən nəticə çıxaracaq, amma yenə də ABŞ səfirliyinin fitnələrinə uymaqda davam etsə, tam məhvə gedəcək. Bizim Elçibəy kimi Paşinyan da öz sözləri ilə desək çoxvektorlu siyasət həyata keçirirdi, Uyğuristandan girib Madaqaskardan çıxırdı. Paşinyan da arvadının əlindən pultu ala bilmək iqtidarında olmadığı halda dünyanın yarısını almaq eşqinə düşmüşdü. Elçibəy Turan imperiyası qurduğu kimi Paşinyan da Frankofoniya imperiyası qururdu. ABŞ-ın təsirinə düşən bir çoxları kimi o da yüngül desək, qudurmuşdu, açarını itirmişdi. ABŞ-ın havadarlığı Paşinyanı o qədər şişirtmişdi ki, Putin Yerevana gələndə aeroporta gedib onu qarşılamadı. ABŞ-ın pulları və dəstəyi Paşinyanı o qədər harınlatmışdı, arxayınlaşdırmışdı ki, heç sarayının girişində qapıya çıxıb Putini qarşılamağı belə özünə rəva görmədi. Sən kim olmusan ki? Konçenni jurnalist olmusan da! Onun kimilər başa düşməlidirlər ki, regionun yalnız bir ağası var: Putin. Necə olur, sən Avropanın qomik prezidentlərinin qabağına çıxıb qarşılayırsan, onları bağrına basıb öpürsən, Amerikanın xırda qotur məmurlarının da pişvazına çıxıb qabaqlarında əyilirsən, hətta Afrikanın banan respublikalarının liderləri ilə qucaqlaşıb selfi çəkdirərək öz feysbukunda fəxarətlə paylaşırsan, amma Putini qarşılamağa çıxmırsan? O boyda liderin qabağına çıxmaqda səndə həvəs olmur? Ruslar belə yolunu azmış debiloidlərin ağıllandırmağın, haqq yoluna gətirməyin üsullarını gözəl bilirlər. Ermənistanın bir yekəbaş prezidenti var, Armen Sarkisyan, mən onun Putinlə davranışlarına baxdım, Putinlə elə danışırdı, elə bil Putin bunun qapısına borca gəlib, bu da böyük bir zibil-zad imiş. Çünki qudurub. İngiltərə vətəndaşlığı var, bilir ki, aləm qarışsa Londona qaçacaq. Əvvəl-axır çıxıb Londona gedəcək, belələrinin odla oynamaları, bu oyunların xalqın başına hansı müsibətlər gətirəcəyi qətiyyən veclərinə deyil. Rus əsgəri Gümrüdə hərbi hissədən çıxıb mağazadan siqaret ala bilmirdi, millətçilər onu tutub əzişdirirdilər. Halbuki həmin rus əsgəri erməni xalqını Yer üzündən silinməkdən xilas edib. Ermənilər rus əsgərinə Yerevanın mərkəzində heykəl qoymalı idilər, amma ermənilər ona kəllə atırdılar. Həftə səkkiz mən doqquz yığışıb Yerevanda rus səfirliyinin qabağında mitinq keçirdirdilər, səfirliyin həyətinə daş-kəssək, köhnə sapoq tullayırdılar ki, sən işğalçısan. Rusiyadakı səfirlik işçiləri onların əlindən bezmişdi. Mitinqlərdə ermənilər rus bayrağına od vurub yandırırdılar, bir nəfər yaxınlaşıb demirdi ki, ay bala, niyə belə edirsiniz? Niyə yediyiniz qabaq tüpürürsünüz? Hansı rusun xoşuna gələr ki, belə kadrları izləsin, bayrağının yandırılmasına sakit reaksiya versin? Baxın, rus əsgəri Qarabağda mağazaya girib və erməni satıcı ondan pul almayıb. Axı vaxt vardı bu yazıq rus əsgərinin üstünə cumurdular. Nə oldu bəs? Rus əsgəri Xankəndində kafeyə girdi, qaçıb qabağına tortla konyak qoydular. Vur bizim hesabımızdan, nuş olsun. Amma vaxt vardı rus əsgəri Yerevanda kafeyə girəndə sürüylə üstünə tökülüşürdülər. Narıncı inqilabdan sonra Rusiya ilə əlaqəsi olan adamların hamısını ya həbs etdilər, ya işdən çıxardılar. Təsəvvür edin mitinqlərdə iştirak edən, əlində Putinə söyüş yazılmış plakat yellədən adamı Ermənistanın Təhlükəsizlik Şurasının sədri qoymuşdular. Bu ölkənin axırı necə olmalıydı? Rusiyada universitet qurtaranı vəzifədən çıxarıb yerinə Amerika küçələrində tüfeylilik edən konçitaları qoyurdular. Sən demə Rusiyanın universitetləri yaxşı təhsil vermirmiş, Qərbin mason universitetlərinin təhsili gözəlmiş. Belə hallar nə vaxta kimi belə davam edəcəkdi? Rus buna nə vaxta kimi dözməliydi? Ermənistan, ya başqa dövlət olsun, bununla hara gedib çıxacaqdı? Ermənilər indi təəccüblənirlər ki, Rusiya niyə Ermənistana kömək etmədi. Qəribə məxluqlardır. Əgər sənin hökumətin Rusiyaya təpik atırsa, Rusiya sənə necə kömək etməliydi? Rəhim Həsənli gözəl bir status paylaşmışdı ki, rusa arxa çevirənlər bu dünyada, farsa arxa çevirənlər isə o dünyada məğlubdur. İronik də olsa, müasir dünyanın qanunu budur. Mən Ermənistan mətbuatının xülasəsini çıxarmışam, Rusiya haqqında bircə kəlmə də xoş söz tapmazsan. Erməni ziyalıları Sovet dövrünə qənim kəsiliblər, Rusiyanı Türkiyə ilə bərabər düşmən sayırlar. Halbuki həmin qaniçən rusun vaxtında Ermənistanın əhalisi artaraq 700 mindən az qala 4 milyona qalxmışdı, amma indi özləri 30 ildi əlləşirlər, 3 milyona çatdıra bilməyiblər. O vaxt biz Rusiyayönümlü təşkilatlar yaratmışdıq, Gürcüstanda da belə təşkilatlar vardı, amma KTMT və MDB üzvü olan Ermənistanda biri də yox idi. Erməni ziyalısının ən böyük arzusu ABŞ-da fırlanmaq, erməni jurnalistinin ən böyük arzusu Fransada şellənməkdir. Bunlar belə təfəkkürə sahiblənibilər. Bir tərəfdən ermənilər tələb edirdilər ki, ruslar onları Qarabağda qorusun, amma müqavilədə belə yazılmayıb axı, KTMT erməniləri təkcə öz ərazisində, yəni Ermənistanda qorumaq öhdəliyi götürüb, hətta belə yanaşmalardan sonra bu özü də müzakirə predmetinə çevrilə bilər. Ermənilər xırda narazılıqlar çərçivəsində ABŞ səfirliyi tərəfindən məqsədyönlü şəkildə qızışdırılırdı. Onlar tez dəmə gedən xalqdırlar. Ermənistanda heç 2 milyon adam yaşamır, balaca bir ölkədə minlərlə ictimai-siyasi təşkilat yaranıb. ölkədə isə pul yoxdur, hamısı gözünü ABŞ səfirinin cibinə dikib. Qərb fondları bu təşkilatlara milyonlar axıdır, onlar da Qərbdən hansı mahnı sifariş olundu, onu çalırlar. Amerikanlar ermənilərin başını yemək üçün ortalığa milyonlar töküblər. Bizdə yenə o vaxt əvvəl təşkilat yaranırdı, sonra isə qrant almaq üçün layihə yazıb verirdilər, bunlarda isə pulu o qədər axıdıblar ki, əvvəl qrantı ayırırlar, sonra kimə verək deyib təşkilatlar yaradırlar ki, götürün yeyin, biz deyəni deyin. Amerikoslar ölkəni başına götürüblər. Ermənistanda hansı daşı qaldırırsan, altındakı qurbağa da ingiliscə danışır.

-Sizcə, Vətən müharibəsində ruslar ermənilərə gizli də olsa heç bir dəstək vermədilər?
-Biz məsələlərə öz prizmamızdan baxırıq, amma ruslar əvvəldən heç bir müharibənin olmasını istəmirdilər. Ruslar əvvəldən erməni hakimiyyətini çox başa salmağa çalışdılar ki, daşı ətəyinizdən tökün, belə etməyin. Hətta Şuşanı bizimkilər almamışdan qabaq erməni hakimiyyətinə dedilər ki, gəlin danışıqlar masasına oturun, Azərbaycanla razılığa gəlin, bu rayonlar qanunla sizin deyil, Azərbaycanındır. Bu sözləri Rusiya Ermənistana elə iyirmi il idi ki deyirdi. Amma eyforiyanın biri bir qəpik idi, eqo cırıb dağıdırdı. Təbliğat elə aparılmışdı ki, ermənilər özlərini şir bilirdilər. Erməni əsgəri onlarçün terminator idi, amma rus əsgəri onların arxasında durmayanda gördülər ki, əsgərimiz cip-cip-cücələri oxuyur. Rusiya çox dedi, ermənilər eşitmədi. Bir tərəfdən erməni hakimiyyəti nə etsin, bu bədbəxtlərin ixtiyarları özlərində deyil axı, ABŞ səfirliyndən pultla idarə olunurlar.

-Sizcə erməni xalqı eyforiyadan ayıldımı?
-İndi erməni ziyalıları daha erməni telekanallarına baxmırlar, evlərinə krosna antennaları quraşdırıb rus kanallarına baxırlar. Deyirlər bizi aldadırlar və yanlış informasiyalar verirlər. Düzgün informasiya almaq üçün rus kanallarına baxırlar- buna məcburdurlar, sağ qalmaq üçün belə edirlər. Sovet vaxtı hamımızın sevimlisi olan bir erməni aktyoru vardı, Mkrtçyan, tanıyırsız, Şurikin kinosunda çəkilib. Onun qardaşı oğlu bilirsiz nə deyir? Deyir Rusiya bizə düzgün informasiya versin, başqa heç nə istəmirik. Biz informasiya çatışmazlığından boğuluruq. Amma nə fayda, liberal camiə hələ də xalqın ictimai-siyasi fikrini yönəltməklə, beyinləri piyləməklə məşğuldur. Ruslar bizə kömək etmədi, qəsdən gec gəldi ki qırılaq kimi nağıllarla ermənilərdə rusa nifrəti qoruyub saxlamağa çalışırlar. Sorosun Ermənistandakı bicləri hələ də bütün olanlarda Rusiyanı günahkar çıxarırlar. Ta müharibənin son gününə kimi Ermənistan hökuməti xalqı aldatdı, televiziya və mediada belə təbliğat aparıldı ki, qələbə çalırıq, vot-votdadı, az qalıb, bugün-sabah Bakını götürürük. Yayda Xəzərdə çiməcəyik, ikra yeyəcəyik. Hətta 2016-cı ildə Azərbaycan Ermənistanı əzdi, 2 min hektar torpağımız geri qaytardıq, lakin bu məğlubiyyət də erməni xalqından gizlədildi, ört-basdır edildi. Amma indi üzə çıxıb ki, ruslar erməni hökumətinə uduzacaqlarını başa salıb, deyiblər təcili danışıqlar masasına oturun. Erməni hökuməti sonadək bu təklifləri iqnor etdi. İndi erməni xalqı elə bir hala düşüb ki, hələ uzun müddət özünə gələ bilməyəcək. Bilməliyik ki, xalqları bu hala gətirməzdən qabaq onları dezinformasiya selində boğurlar. Bizdə də həmin eyforiyanı yaratmaq istəyirlər, lakin biz Ermənistanın səhvlərdən nəticə çıxarmalıyıq. Biz də ilk növbədə özümüzü ABŞ səfirliyinin təsirindən qorumalıyıq. Son zamanlar ABŞ səfirliyinin təsir agentləri bizdə də meydan sulamağa başlayıblar. Hiss olunur ki, Ermənistanda da, burda da bəzi qruplar eyni pəncərədən idarə olunurlar.

-Niyə jurnalistlərə belə aqressiv münasibət bəsləyirsiniz?
-Jurnalistlər maşallah hərşeyşünasdılar. Yəni hər şeyi bilirlər. Hər şeyi bilirsənsə, bizdən niyə soruşursan? Soruşursansa, demək fikirlərimizə hörmətlə yanaşmalısan, olduğu kimi dərc etməlisən. Baxırsan ki, veriliş gedir, aparıcı studiyaya Rusiya tərəfdarını və Rusiyaya qarşı olanı, hansı ki biz onun Qərbin cəsusu olduğunu gözəl bilirik, çağırıb, müzakirə gedir. Olsun, lap yaxşı. Kimin hara cəsusu olması alnına yazılmayıb ki, aparıcının bunu bilməsi vacib deyil. Amma aparıcı rəylərə müdaxilə edir. Diskussiyanı düzgün qurmaq üçün hər iki tərəfin görüşlərinə imkan tanımaq, heç bir tərəfə simpatiya bildirməmək lazımdır. Amma aparıcı nə edir? Dayanmadan öz fikrini soxuşdurur. Nə etsin, yazıq Rusiyaya öz dərin antipatiyasını gizlədə bilmir. Danışanın az qala sözünü kəsib deyir ki, Rusiyanı niyə tərifləyirsən, Rusiya pisdir. Belə olmaz axı. Adi elementar jurnalistika qaydalarına görə bu düzgün deyil. Jurnalist hər iki tərəfi hisslərdən uzaq, soyuqqanlılıqla dinləməlidir, amma jurnalist xoşuna gəlməyən, öz siyasi konyukturasına uyğun olmayan fikirləri eşidəndə replikalar atıb aranı qarışdırır. Görür ona lazım olan effekt alınmadı, başlayır manipulyativ suallar verməyə, replikalar tullamağa. Sən məsələyə heç bir münasibət bildirməməlisən, bütün tərəflərin fikrinə hörmətlə yanaşmalısan. Amma bizdə ABŞ qrantları hesabına elə bir iyrənc mühit formalaşıb ki, Rusiya haqqında müsbət fikir söyləyən kimi düşmən, rus cəsusu çıxarılırsan. Əlbəttə ki, burda söhbət siyasi kuluarlardan gedir, sadə camaat Rusiyaya normal yanaşır. Amma bizim çoban politoloqlar maşallah Azərbaycanda, Qafqazda, ümumən dünyada nə bir bəd hadisə baş verir, zəlzələ və sürüşmələrdən tutmuş öskürək və asqırağa kimi, hamısında Rusiyanı günahkar çıxarırlar. Bəziləri var ki, özlərinə xaricdə, Londonda, Bodrumda mal-mülk alıblar, ona görə arxayınlaşıblar, qaçacaq yerləri var, artıq təsir agenti kimi də yox, açıq şpion kimi fəaliyyət göstərirlər. Onları başa düşdük, onların qaçmağa yeri var, sözüm onların dəminə gedən bu zavallı kütlərədir. Bu conni inqlişlər İngiltərəni, İudeyanı özlərinə vətən seçiblər, burda müvəqqəti missiya yerinə yetirirlər, ilk təhlükə yaranan kimi pencəklərini qoltuqlarına vurub Qərbə uçacaqlar. Bəs siz niyə belə edirsiz? Bunlar əslində vətənpərvərlik adı ilə maskalanaraq başqa ölkələrin, beynəlxalq strukturların geopolitik maraqlarını güdürlər. Çıxıb arada yalandan xalqın güzəranı barədə danışırlar, hökuməti ara-sıra xalqın qayğısına qalmadığına görə tənqid edirlər, amma baxıb görürsən ki, bunlar xal qazanmaq üçündür, xalqın nəzərində öz təsirlərini ucaltmaq üçün gözdən pərdə asırlar, bunların əsas fəaliyyətləri, dərdləri-sərləri antirus propaqandasıdır. Axı bu politoloqların verdiyi ideyaları əksəriyyət dəstəkləmir, ona görə də arada xalqın şah damarını tutmaq, problemlərindən qırıldatmaq lazımdır ki, kontingent qaçmasın, politoloqumuzun “görkəmliliyinə” şübhə ilə yanaşmasınlar. Əsl niyyətləri xalqda rusa qarşı kütləvi nifrət, kin yaratmaqdır. Xalqa tez təsir etsin deyə bu fikirləri emosional ruhda çatdırırlar. Onlar bizim insanların etibarını istismar edirlər, sadəlöhvlüyümüzdən öz xeyrlərinə istifadə edirlər. Xalq ayağa qalxıb rusu Azərbaycana buraxmasın, bunlar da agent kimi Sibirə sürgün olunmaq perspektivindən xilas olsunlar. Ay-hay! Mən onlara əvvəl də demişəm, indi də deyirəm, nahaq yerə özünüzü yırtmayın, sel gələcək. Sel gələndə çör-çöpə baxmır. Həmişə deyirəm.  Əgər ABŞ sukası deyilsənsə, rusun gəlməsindən niyə qorxmalısan ki? Bax belə də yazın. Erməni müxalifəti Yerevanın mərkəzində, Azərbaycan müxalifəti Bakının mərkəzində eyni vaxtda rusların Qarabağdan çıxarılması üçün imza toplamağa başlayıb. Sizcə bu qəribə deyil? Əlbəttə bunlar hamısı eyni nöqtədən- ABŞ səfirliyinin mətbəxindən idarə olunurlar. Təlimatlar, trafaretlər, lozunqlar eynidir. Mən sizə onlarla belə faktlar, paralellər, kəsişmə nöqtələri göstərə bilərəm. Müşahidələr onu deməyə əsas verir ki, bizim bir çox jurnalistlərimiz Qərbin mondialist strukturlarının xoşuna gəlməkdən ötrü dəridən-qabıqdan çıxırlar, bəzi politoloqlarımız amerikan dolları qazanmaqdan ötrü hər rəzalətə girişirlər. Amma onlar bilməlidirlər ki, vətən maraqlarını hərraca çıxarmaqla uzağa gedə bilməyəcəklər. Hər şeyin vaxtı var. Mənim onlara sözüm budur ki, bilirəm, belə şeylərə inamınız da yoxdur, möhkəm köklənmisiniz, amma inanın, bir gün haqq ordusu gələcək, yaxanızdan yapışıb o məşhur şeirdə olduğu kimi deyəcək: Bəylər, bu vətəni nasıl satdınız? Nasıl qıydınız? Bunlar xalqımızın adına pazordurlar, ləkədirlər. Elə beləcə də yazın: pazor! Bunlar öz iudey xislətləri ilə unikal mədəniyyətimizı, əsrlər boyu formalaşmış əsrarəngiz sivilizasiyamızı yerə vurmaq istəyən adamlardır. Amma alınmayacaq. Rus və Azərbaycan qardaşlığı əbədidir, pozulmazdır, sarsılmazdır. Kim bu conni inqlişlər kimi ingilis kəşfiyyatına işləmirsə, onun rusların gəlişindən qorxusu olmamalıdır. Daşnaklar drondan qorxduğu kimi, bu politoloqlar da hacileyləkdən qorxurlar. Çox şey eləməyin, ay kişi, hacıleylək hökmən gələcək, əlyeri saxlayın. Lazım olsa hacıleylək sizi Qərbdən də dimdiyinə vurub gətirəcək. Axı demişdik, selin qabağını sizin kimi kötüklər ala bilməyəcək. Çoxları gördü Pensilvaniyadan qiblə çıxmayacaq, qibləsini dəyişdi. Siz də dəyişin. Haqq uşaqlarının qəlbi böyükdür, sidqi-ürəkdən tövbə edib daşı ətəyinizdən töksəniz, sizə keçərlər. Deməyim odur dəyişin, ay mağmunlar, sonra gec olacaq. Mənim bu propaqandonlara məsləhətim belədir. Bir az yavaşımaq lazımdır. Balalarınıza yazığınız gəlsin. Belə olmaz. Uzun illər bizim cəmiyyəti amerikan qrantları hesabına elə bir hala salıblar ki, dünənki danaotaranlar hörmətli politoloqlara, görkəmli analitiklərə çevriliblər. Bizim kimi haqq sözü deyənlər də ağzını açan kimi momentalnı qınaq obyektinə çevrilirik. Bizim tam düzgün və onluğa vuran fikirlərimiz daim hərşeyşünas opponentlərimiz tərəfindən başqa cür yozulur. Amerikanların bunlara öyrətdiyi bullinq qarayaxmasını bizlərə tətbiq edirlər. Yəni başqalarına da dərs olsun, heç kəs Rusiyaya tərəf danışmasın. Əlbəttə, bunlar populizm və demaqogiya ustalarıdır, biz reallıqla hesablaşanlar bunlara söz çatdıra bilmərik. Postmodernləşmiş cəmiyyətdə qlobal trend ona gətirib çıxarıb ki, real siyasi fikirlərə yer yoxdur, gərək çənəyə güc verəsən. 30 ildir populizm və demaqogiya real siyasətin əsas fəaliyyət mexanizminə çevrilib. Bütün siyasi debatlarımızda belə pafoslu ipləmələr ağalıq edir. Biz öz rasional arqumentlərimizlə onların mif və cəfəngiyyatlarını dağıtmaq istəyəndə elə bir metafizik hay-küy qaldırırlar ki, baş xarab olur. Görürsən ki, bunlara arqument yox, dediklərinin təsdiqi lazımmış. Elə bir ab-hava yaradıblar ki, camaat qorxusundan adını çəkə bilmir, kommentlərdə fikrini açıq yaza bilmir. Amma tezliklə bu diskursa düzəliş olunacaq, darıxmayın. Biz bu özünü yırtıb dağıdan politoloqları yaxşı tanıyırıq, çoxu ABŞ səfirliyinin qulabanında yatan, Qərb kəşfiyyatına bağlı strukturlardan yallanan və onlardan əppək uman tanınmış firuqlardır. Qoy onlar qorxsunlar, çünki ehtimal var ki, Qərb cəsuslarını yenidən yığıb Sibirin tayqasına göndərsinlər. Onları gələcəkdə qaranlıq tunel gözləyir. Sadə insanların rusun gəlişindən qorxusu yoxdur, xüsusən də köhnə nəsil, Sovet dövrünü yaşamış insanlarımız gözəl bilirlər ki, harda rus var, orda bərəkət var. Məmurlarımızdan tutmuş fəhləsinə kimi sadə insanlarımızın hamısı Rusiyanı sevir. Məsələn, məmurlarımızın Avropada qızıl biznesi də var, Rusiyada semiçka biznesi də var, lakin Rusiyadakı semiçka biznesi Avropadakı qızıl biznesindən on qat çox gəlir gətirir. Rusiya belə bərəkətli yerdir. Bəli, Qərb səfirliklərinin pulu ilə peysəri piylənmiş politoloqlardan fərqli olaraq sadə xalq Rusiyaya hörmət və heyranlıqla yanaşır. Rusa qarşı aqitasiya aparanların çoxu köhnə NATO cəsuslarıdır. Çünki rus gələndə bunların hamısını vaqonlara doldurub yenə Sibirə göndərəcək. Buna görə də özlərini yırtıb dağıdırlar. Ay aman qoyma gəldi. Bax buna görə xalqı rusa qarşı qaldırmağa çalışırlar. Bu adamlar internetdə də təxribat xarakterli fəaliyyətlə məşğuldurlar. Məqsəd aydındır: Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək. Hətta bu fikirdədirlər ki, Azərbaycan və erməni xalqları əl-ələ verib, köməkləşib Rus sülhməramlılarını regiondan qovmalıdırlar, bunu açıq-aşkar səsləndirirlər. Yəni yenidən müharibə başlasın, NATO da bundan istifadə edib Qarabağa dürtülsün. ABŞ və İngiltərə cəsusu olan həmin politoloqlar bax bu təlimatı alıblar, bu yöndə əzmlə işləyirlər. Gündə bir kanala müsahibə verib rusu söyürlər, xalqı rusun üstünə qaldırmaq istəyirlər. Amma rus buna imkan verməyəcək, çünki amerikanlar Qarabağda otursalar, təkcə İranı yox, Şimalı Qafqazı da qarışdıracaqlar, Rusiyaya da fəsadlar yaradacaqlar. “Qarabağı öz gücümüzlə də ala bilərdik” təbliğatı məhz buna xidmət edir- NATO-nu regiona gətirməyə. Ay camaat, bilin, “Rus ordusu gəlir, qoymuon” hay-küyünü qaldıranlar NATO agentləridir. Vaxt olacaq onların dosyeləri ortalığa qoyulacaq. Siz onların dəminə getməyin. Bax belələri cəmiyyəti elə bir hala gətiriblər ki, gərək debata çıxanda ekstravaqant millətçi çıxışlar eləyəsən, yoxsa xoşa gəlməyəcəksən, xalq düşməni adı verəcəklər. Bəli, elə məni də bu cür adlandırıblar. Olsun. Amma mən xalqımın xoşbəxtliyi üçün ikinci yol görmürəm, yeganə yol- Rusiya yoludur. Aydın təfəkkürü bizim siyasi arenada küncə sıxışdırmağa çalışırlar. Reallıqla hesablaşmağa çağırırsan, avtomatik sənin milli kimliyinə şübhə yaradırlar. Pantürkist səhifələrində lap DNK polisi fəaliyyət göstərir: kim haqqı dedi, onu naxadu erməni çıxardırlar. Ermənistanda narıncı inqilab olana kimi mən müharibəni dəstəkləmirdim, deyirdim bu müharibə bizimçün faciələrlə nəticələnəcək, Qarabağ problemini Rusiya vasitəsilə danışıqlar yolu ilə həll etmək lazımdır. Pantürkist səhifənin admini olan qadın kommentdə yazmışdı ki, “elə Qarabağı sən satmısan”. Mən həmişə demişəm, yenə də deyirəm, xalqı rusa qarşı kökləyənlər- düşmən kəşfiyyatına işləyənlərdir. Rusa qarşı propaqanda – elə Azərbaycana qarşı propaqanda deməkdir. Dövlətimiz tezliklə bu şəxsləri layiqincə cəzalandıracaq. Antirus təbliğatı Azərbaycan xalqının mənəvi, hərbi-siyasi və geopolitik maraqlarına qarşı köklənib, bizə ziyandan başqa heç bir şey gətirmir. Belələri parlamentdə də var, hakimiyyət koridorlarında də var, hansı ki mən onları 6-cı kolon adlandırıram, müxalifətdə lap boldur, bütün siyasi proseslərdə yaxından iştirak edirlər. Tezliklə bunların hamısı neytrallaşdırılacaq. Bunlar təhlükə mənbəyidirlər. Tarixi proseslər göstərdi ki, istənilən ölkədə narıncı inqilab zamanı əsas rolu Qərbə bağlı QHT-lər, ictimai-siyasi təşkilatlar oynayır. Bu gün Azərbaycandakı partiyaların bir çoxu NATO-nun ölkəmizdəki gizli ordusu rolundadırlar. Bunlar NATO-nun ölkəmizdəki diversiya və sabotaj qruplarıdır, sadəcə insanlarımızın hissləri ilə oynamaqla, psixologiyasını pozmaqla məşğuldurlar. 30 ildi biz bunların fəaliyyətini görürük. Ölkəmizdəki partiya və QHT-lərin çoxu yarımşpion strukturlardır. Lap şprion strukturu olmasalar da, Qərb kəşfiyyatının rahatca istifadə edə bildiyi bazadırlar. Trigger saatında onların dağıdıcı psixologiyası işə düşəcək və dövlət quruculuğuna qarşı yönələcək. Bunlar təcili likvidasiya olunmalıdırlar. Axı məhz bunlar idi bir müddət qabaq Ermənistanda ABŞ kəşfiyyatının həyata keçirdiyi inqilabı xalq inqilabı, ABŞ cəsusu Paşinyanı isə xalqın adamı adlandırırdılar. Onlar mətbuata müsahibələrində, açıqlamalarında Paşinyana əsl demokrat, İlham Əliyevə isə diktator deyirdilər və bizdə də bu cür dırnaqarası xalq inqilabının baş verməsinin vacibliyini yeridirdilər. Onlar idi Paşinyana huri-mələk libası geyindirmişdilər, öz prezidentimizi isə qaniçən obrazında göstərirdilər. Halbuki Ermənistanda da hakimiyyətə bunlar kimi küçə uşaqları, şantaj və işverənlik yolu ilə reket haqqı yığan, fahişəliyin hər üzünü görmüş jurnalistlər gəlmişdi. Mitinqlərə çıxanda ABŞ səfiri Ukraynadakı kimi onlara peçennik paylayırdı ki, möhkəm durun, yaxşı olacaq. Özləri mitinqə çıxanda azad sözdən danışırdılar, insan hüquqlarından dəm vururdular, hakimiyyətdə oturandan sonra onlara qarşı mitinqə çıxanları dubinkanın altına basırdılar. Liberal həmişə belə olub, belə də olacaq. Məgər bunlar yaddan çıxıb? Onlar indi də ölkəmizdə ABŞ-ın xeyrinə inqilabın baş verməsini planlaşdırırlar və fürsət gözləyirlər. Çünki buna məcburdurlar. Gələcəkdə onları dumanlı perspektiv gözləyir. Havadan Sibir tayqalarındakı şam ağaclarının iyinə oxşar iy gəlir.

-Medianın yaratdığı dediyiniz acınacaqlı vəziyyətdən çıxış yolu kimi sizin hansı konkret təklifləriniz var?
-Bizim ən zəif nöqtəmiz odur ki, ABŞ səfirliyinin çərçivələrinə uyğunlaşmış liberal jurnalistikamız xalqdan vacib məsələləri gizlədir. Xalqa xəbəri yox, xəbərin surroqatı çatdırılır, yəni suyunun suyunun suyu. Bu isə bəzilərinin dünyanı köndələn başa düşməsinə səbəb olur. Qatığa qara, kamançaya tapanca deyilir, bu isə faciəyə gətirib çıxarır. İnsanları nə qədər Türkiyə mətbuatından tərcümə olunmuş, Anadolu Ajansın hazırladığı xəbərlərlə yemləmək olar? İnsanlara dar fortoçkadan keçirilmiş, filtr olunmuş xəbərlər verirlər, vacib xəbərlər isə onlardan gizlədilir, ya da təhrif olunmuş formada çatdırılır. Məsələn, Rusiya nəyisə pis edibsə bu xəbəri verirlər, nəyisə yaxşı edibsə vermirlər, əksinə Türkiyə nəyisə pis edibsə vermirlər, nəyisə yaxşı edibsə verirlər. Beləcə özləri üçün fikir bucağı formalaşdırırlar. Xüsusən şanlı Sovet keçmişimizin nailliyyətləri qara fonda göstərilir, ləkələnir, tarixi sənədlər təhrif olunmuş şəkildə təqdim olunur. Xalqımıza çatdırılan informasiyaları və müzakirə olunması üçün ortalığa atılmış mözvuları çeşidləyərkən və qruplaşdırarkən NATO laboratoriyalarında hazırlanmış, informasiya müharibəsinin aparılmasının tanış qanunları, üsulları və metodları ilə rastlaşırıq. Hal-hazırda Azərbaycanın siyasi gündəmində elə mövzular peyda olub və müzakirəsi aparılır ki, bu mövzular təbii yox, süni qabardılmış mövzulardır. Bunlar qlobal qüvvələrin planının həyata keçirilməsi üçün lazım olan yol xəritəsinin elementi kimi ortalığa atılmışdır və qəsdən gündəmə gətirilib. Beynəlxalq mondialist strukturların kolonial planlarının məkrli konturları ilə üst-üstə düşən elə məsələləri xalqın dərdinə-sərinə çevirə bilmişlər ki, bunların xalqımızın həyati məsələləri, vacib problemləri və onların həlli ilə qətiyyən əlaqəsi yoxdur. Belə məsələlər ona görə narahatedicidir ki, xalqımızın təhlükəsizliyinə birbaşa və dolayısı yolla təhlükədir. Mətbuat özünün əsl funksiyalarını düzgün yerinə yetirmir. Liberal jurnalistika, hansı ki bizdə bundan başqa jurnalistika yoxdur, təhrif olunmuş informasiyada fokuslanıb. KİV-də Qərbyönümlü monopoliya hökm sürür. Biz paralel informasiya-analtik qruplar yaratmalıyıq və bu diskursa düzəliş etməliyik. Belə köndələn diskurs bizim milli identikliyimizi zədələyir. Onların saxta gündəmlə qabartdıqları və xalqın tələb predmetinə çevirmək istədikləri məsələlər ölkəmizin inkişafı üçün münbit şərait yaradan, iqtisadi stabilliyimizi qoruyan qarantlara zərbə vurur. Xüsusən antirus və antiiran təbliğatı xalqımızın gələcək təhlükəsizliyi üçün ağır fəsadlar hazırlayır. Bizim avrasiyaçı qrup isə insanlarımızın intellektual potensialını artırmağa çalışır. Biz bundan xalqımızın xeyrinə, onun xoşbəxt və təhlükəsiz gələcəyi üçün yararlanmalıyıq. Mənim xalqım düzgün informasiya almalıdır, o buna layiq xalqdır. Çox acınacaqlı bir vəziyyət yaranıb və bu vəziyyət dünyanı köndələn başa düşməyə gətirib çıxarıb. Məgər bu tempdə davam edən şıdırğı informasiya müharibəsində aldığımız informasiya informasiyadırmı? İnsanlara səhərdən axşama kimi dezinformasiya yedizdirirlər, həqiqi, vacib və lazımlı informasiyalara onların əli çatmır. Soydaşlarımızın dünyada gedən real proseslərdən xəbəri olmalıdır. Hava və su kimi vacib olan, taleyimizi həll edən məsələlər qalır kənarda, yalançı gündəm yaradırlar və şişirdib baş qatırlar. Sosial şəbəkələrdə süni yaradılmış məsələlər ətrafında ajiotaj qaldırılır və belə boşboğaz məsələlərin həlli yolları üçün geniş müzakirə açırlar. Bu məsələlərdən biri də elə Rus sülhməramlılarının Qarabağdan çıxarılmasıdır ki, Qərb agentləri tərəfindən tirajlanır. Hadisələrin birtərəfli, kəsilmiş, kontekstdən çıxarılmış, dəlilsiz-sübutsuz formada təqdim olunması xalqımızın müəyyən kəsimində çaşqınlıq yaradır, NATO maraqları güdənlərə sərf edən baxış bucağı formalaşdırır. Cəmiyyəti feyk-nyus informasiyasının ümidinə qoyublar, çünki hipnoz altına salıb idarə etmək istəyirlər. Bizi xalq kimi yox, Türkiyədəki zombiləşmiş kütlə kimi formalaşdırmaq istəyirlər ki, öz məkrli məqsədləri üçün istifadə etsinlər. Türkiyə çiçədi? Çiçədi. Rusiya kxadı? Kxadı. Hətta vahhabi Pakistan belə çiçədi, amma şiə İran kxadı. Sən bir işə bax a! Fətulla Gülənin gəlinlərinə məxsus saytlar xarici nəşrlərdən ancaq Rusiya haqda neqativ xəbərləri seçib dərc edirlər, olmayanda lap özlərindən quraşdırırlar da. Baxın, saytlarımızdan biri xəbər dərc edib: “Rusiya Türkiyəyə təslim oldu: Ankaradan yaxa qurtara bilməyəcək”. Ay maşallah! Bu da oldu: Ərdoğan Putini əsir götürdü. Rəis keçən dəfə Axta Az saytında Şoyqunu şillə-təpiyin altına basmışdı, bu dəfə Axırıncı Yol saytında Putini cərcənək eləyib. Mən yazdım, halal olsun, belə jurnalistika ilə nəinki Dərbəndi, Kamçatkanı da almaq olar. Demək, bizim xalq NATO-nun təbliğat maşınından da çox bu qıjı jurnalistikanın əlində əsir-yesir qalıb. Kişilər işləyirlər də! Ortada konkret nəticələr var. Xalqımızın yarısına elə gəlir ki, rəis arada Putini çiləyir. Təəssüf ki, belələrinin cəfəng nağıllarına bir qism insanlar inanır. Desən ki bəlkə tərsinədir, qırğın düşər. Liberal jurnalistika üçün reallıq plastilindir və ona istənilən görüntünü vermək olar. Xüsusən də NATO kəşfiyyatının pulu ilə ərsəyə gəlmiş hondinqə məxsus saytlarda bu cür kakofoniyalar boldur. Müasir dünyanın bir vacib qanunu var: İnformasiyalısansa, demək silahlısan. Bizim tarixi gedişatlardan xəbərimiz olmalıdır, proseslərin mahiyyəti ilə yaxından maraqlanmalıyıq, hər boşboşazlığa, məqsədyönlü çərənçiliyə inanmamalıyıq. Mənim imkanım olsa bu məsələni strateji müstəviyə keçirərəm, xalqımızı əsl informasiya speçnazına çevirərəm. Təəssüf ki, mənim belə bir imkanım yoxdur. Mən o vaxt təkliflər etdim ki, milli-mənəvi dəyərləri, prezidenti, dövlətçiliyi, Rusiyanı dəstəkləyən dini, solçu, siyasi təşkilatlar yaransın, liberalizmə, qərbçiliyə, atlanizmə qarşı ölkəmizin müqavimət immuniteti formalaşsın. Alternativ tarix janrında danışsaq, mən heç əvvəldən imkan verməzdim ki, ölkədə bircə dənə də olsun liberal və sağçı təşkilat yaransın. Çox maraqlı tendensiya formalaşıb. Əslində qeyri-hökümət təşkilatı siyasətə qarışmamalıdır. Məhz elə buna görə həmin təşkilatlar və ətraflarında fırlananlar ictimai sektor adlanır. Siyasi yox a, ictimai sektor. Onların fəaliyyət dairəsi siyasi arena yox, vətəndaş cəmiyyəti olmalıdır. Amma bizdə qeyri-hökumət təşkilatları hamısı aktiv siyasətə girişiblər. Ona görə də deyirəm ki, gəlin yığışağın, bunlara bir sənət tapağın. Məsələn, Qarabağı minalardan təmizləməyə göndərəyin, ya da gələcəkdə Sibirin bataqlıq yerlərini abadlaşdırmağa göndərmək olar. Cəmiyyətə xeyirli bir işlə məşğul olarlar. 30 ildi bunlar Bakıda atmosferi zəhərləyirlər. Koronavirusdan da təhlükəli olan bu virus mənbələrini dezinfeksiya edib neytrallaşdırmaq vaxtıdır. Bilirəm çoxları inciyəcək, incisin, eybi yox, başadüşüləndir, axı bizdə vəziyyət elədir ki, siyasi məsələlərdən danışanda hökmən tibbi faktlara da toxunmalısan.

-Fikir verdim, Rusiya sülhməramlılarının Qarabağa gəlişi münasibətilə sosial şəbəkələrdə sizi təbrik edənlər də vardı...
-(Gülür) Hə, vardı belə bir şey. Bəli. Mən demişdim ki, əvvəl-axır haqq ordusu qayıdacaq. Rusiyanın Qarabağa gəlməsi – Avrasiya Birliyinin yaradılmasına start deməkdir. Biz böyük tarixi proseslərin astanasındayıq, keçid dövrünü yaşayırıq. Tezliklə böyük müqəddəs imperiya yenidən bərpa olunacaq. SSRİ Qarabağ probleminin meydana çıxması ilə dağılmışdı, Qarabağ probleminin həlli ilə də yenidən yaranacaq. Təəssüf ki, üzü üzlər görmüş liberal jurnalistikamız hadisələri xalqa başqa yöndən çatdırır və bu hadisələrin düzgün qiymətini vermir.

-Bəs müstəqilliyimiz necə olacaq?
-Mən bunu açıq deyə bilmərəm. Sadəcə başa düşməliyik, dövlətlər necə yaranır, formalaşır, hansı etaplardan keçir və itirlər. Ən əsası onlar hardan və necə idarə olunurlar. Elə dövlətlər var, əslində dövlət deyil, layihə-konstruksiya mahiyyətindədir, elələri də var də tarixi, oturuşmuş dövlətlərdir, Dövlətlərin bu cür təsnifatı bizə, siravi oxuculara çatdırılmayıb, ətraflı başa salınmayıb. Əgər supersistemlərin özüllərinin necə formalaşdığını və fəaliyyət göstərdiyini başa düşmürsənsə, məsələlərə dar çərçivədən baxmalı olacaqsan. Odur ki, bu barədə nəsə tutarlı bir söz demək mümkün deyil. Mən özüm mürəkkəb sosial supersistemlərin mahiyyəti barədə dolğun məlumata malik deyiləm. Amma tam əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı da çeçen, tatar və digər xalqlar kimi Avrasiya xalqları ailəsində öz layiqli yerini tutacaq. Ümumiyyətlə söhbətimizin retrospeksiyası mənim heç də xoşuma gəlmir. Yaşımın elə bir vaxtı, həyatımın elə bir çağıdır ki, mənə sakitlik lazımdır, qalmaqallardan uzaq durmaq gərəkdir. Odur ki, keçək başqa məsələlərə.

-Yox, mən elə istərdim ki, məhz avrasiyaçılıq üzərində daha çox dayanaq, çünki bu elə sizin mövzunuzdur, fəaliyyət sferanızdır.
-Tutaq ki, bəzi məsələlərdən açıq danışdıq, auditoriya bunu necə qəbul edəcək? Elə bir dövrdə yaşayırıq ki, kriptokolonial sistemlər müstəqillik kimi sırınır və xalqlar da bunu rahatca həzm edir. Bax biz deyirik Azərbaycan dövləti, ermənilər deyir erməni dövləti, gürcülər deyir gürcü dövləti var, amma Qərb hakim dairələrində, Qlobal Prediktorda bizə dövlət kimi baxmırlar. Dünyada idarəçilyin xarakeri dəyişmişdir. Bir çox dövlətlər beynəlxalq siyasətin güclü subyektləri sayılırlar ki, beynəlxalq vəziyyətə ton verirlər, bəziləri isə zəif geopolitik nöqtələrdir ki, onlarla heç kəs hesablaşmır. Bizlər onların nəzərində ciddiyə almağı, səsimizi eşitməyi lazım bilmədikləri xırda coğrafi məkanlar sayılırıq. Biz onlarçün həyata keçirmək istədikləri qlobalizasiyanın təhlükəsiz subyektləriyik. Onlar öz gizli planlarını həyata keçirib bizi qlobal boyunduruğa saldıqları zaman bizim kimilərin rəyini soruşmayacaqlar, bir gün ayılıb görəcəyik ki, bu çıxılmazlığın içindəyik.

-Rus sülhməramlılarının Qarabağa gəlişi ilə müstəqilliyimizin təhdid altına düşdüyünü, rusların əslində Qarabağa öz imperiya siyasətlərini həyata keçirmək üçün gəldiyini iddia edənlər var...
-İndiki dövrdə müstəqillik formal xarakter daşıyır. Məgər Gürcüstan müstəqildi? Yoxsa Ukrayna? Ya Ermənistan? Amma bu ölkələrdə kimi dindirirsən, deyir müstəqilik. Öz müstəqillikləri ilə fəxr edirlər. Hadisələrin gedişatı sizə də aydın göstərdi ki, bu ölkələrdə dövlətçilik dayanıqlı deyil, müəyyən yarımkolonial administrasiya var ki, Qərbdən verilən tapşırıqları icra etməklə məşğuldurlar. Keçmiş Sovet respublikaları hal-hazırda Vaşinqtonun diqtəsi və idarəçiliyi altındadırlar. Məsələn, gördünüz ki, bütün dünyada elan olundu, koronavirusa qarşı ən yaxşı vaksinlər Rusiya vaksinləridir və Ukrayna da bu vaksinlərdən almaq istədi. Amma ABŞ nə dedi? ABŞ dedi sən kimsən Rusiyadan vaksin alırsan? Mən sənə Rusiyadan vaksin almağa icazə vermirəm. İronik desək, səni özüm peyvənd edəcəm. İndi ABŞ-ın məsləhət gördüyü, göndərdiyi peyvəndlərlə Ukrayna xalqını iynələyəcəklər, xalqı astaca xəstələndirib yarımcan hala salacaqlar, iflic vəziyyətinə gətirəcəklər. Moldava, Pribaltika ABŞ-ın dalınca düşməklə nə qazanıblar? Pribaltikada bir kilkə zavodu qalmışdı, o da bağlandı. Gürcüstanda bütün nazirliklər Vaşinqtondan göndərilən direktivlər əsasında fəaliyyət göstərir. ABŞ dünyada ən böyük səfirliyini Yerevanda açıb, bura diplomat adı altında 2500 zabit gətirib, Ermənistanı da onlar idarə edirlər. Hətta Gəncənin bombalanması əmrini də Ermənistan hökuməti yox, onlar vermişdi. Elə indi də Ermənistan hakimiyyəti Tehranla Vaşinqton arasında qalıb şırğalanır. 30 ildir Azərbaycan ekoloji təmiz məhsul buraxa bilmir, İsrail icazə vermir, xalqa sintetika yedizdirilir. Buna görə on minlərlə adam rak tutub, bir müharibədən də çox insan itkisi vermişik. Qərb Azərbaycanda nə qədər şübhəli islahat və konvensiyalar həyata keçirib ki, xalqımız hələ də bu prosedurlardan əzab-əziyyət çəkir. 30 il ərzində xalqı ac saxlamaq yolu ilə ABŞ-ı öz resurslarımızla təmin etmişik. Buna tezliklə son qoyulacaq. Gəlin reallığın gözünün içinə düz baxaq. Bizə sərf eləməyən sözləri eşitməməzlikdən gəlirik, pafoslu sözləri isə şişirdib baş tacı edirik. Sevindirici haldır ki, prezidentimiz Avropa İttifaqına girməyəcəyimizi bəyan etdi. Rəsmi şəkildə Avropaya inteqrasiya yoluna son verildi. Bilənlər bilir ki, Avropa İttifaqı adı şərti xarakter daşıyır, Avropa İttifaqını ABŞ və İngiltərə idarə edir. Avropa İttifaqı anqlosaksonların yaratdığı yeni kolonial sistemin müasirləşdirilmiş adıdır.

-İran kimi, Koreya kimi müstəqilliyimizi saxlamaqla dediyiniz qlobal təhdidlərə özümüz sinə gərə bilmərikmi?
-Elə bir şərait yaradırlar ki, sən öz ölkəndə yeməyə çörək tapmırsan, çöllərə düşürsən, mühacirət çoxalır, hamı bir tikə çörək dalınca xaricə üz tutur. Məgər özümüzün bunun qarşısını almağa sanballı bir mexanizmimiz varmı? 2001-ci ildən Yaxın Şərqdə aləm bir-birinə dəyib, ard-arda müharibələr gedir, insanlar cır-cındır içində, aclıq-səfalət içindədirlər, pıtraq kimi qırılırlar. Varmı elə bir qüvvə ki bu qırğınların qarşısını alsın? Varmı elə bir qüvvə ki dünya hegemonlarına desin mənim ölkəmə girmə, qarışdırma, uzaq dur? Varmı elə bir qüvvə ki qırılan milyonlarla insanın ahu-naləsinə əlac eləsin, bu qırğınların qarşısını alsın? Beş Azərbaycan boyda olan İraqın ərazisinə amerikanlar girib, İraq onları öz ölkəsindən çıxara bilmir, Azərbaycan ərazisinə girsə necə, Azərbaycan onları çıxara biləcəkmi? İraq parlamenti qərar da qəbul edib ki, amerikanlar ölkə ərazisindən çıxmalıdırlar, amma yenə də çıxmırlar, qovursan da getmirlər. Ölkələrin qayda-qanunlarını heç saya da salmırlar, bu qanunlar sizlər-bizlər üçün, adi bəndələr üçündür, dünya ağalarının öz qanunları var. Hətta Tramp amerikan generallarından tələb etdi ki, amerikan əsgərləri Yaxıb Şərqdən çıxsınlar, yad ölkələrdə getməsinlər, öz vətənlərinə qayıtsınlar, amma nə oldu? Pentaqon generalları heç Trampı veclərinə qoymadılar. Pentaqon 2003-cü ildə xəritə təqdim etmişdi, bu xəritədə Yaxın Şərqdə dövlətçilikləri məhv ediləcək ölkələr göstərilmişdi, bu xəritədə bizim ölkənin də adı var. Dünyanı idarə edən ravvinlərə lazımdır ki, ölkələrdə idarəetmə institutları məhv olsun və hər yerdə xaos olsun. Baxın, yaxınlığımızda olan Şərq ölkələrini nə günə qoydular. Özünüz şahid oldunuz ki, Qərb müsəlman ölkələrində vahhabiləri hakimiyyətə gətirirdi. 2001-ci il 11 sentyabr terrorunu özləri həyata keçirdilər ki, Yaxın Şərqə girib buranı xaraba qoysunlar. 11 sentyabr terroru ABŞ-ın müdafiə naziri Donald Ramsfeldin və məşhur yəhudi admiral Çerbovskinin hazırladığı məlum strategiyanı həyata keçirmək üçün törədildi. Həmin strategiyada məqsəd odur ki, kapitalizmin yeni formasına keçilməlidir, elə bir formasına ki, burda əsas rolu iqtisadiyyat yox, dollar oynayacaq. Yəni Rotşildin pulları dünyada hər şeyi həll edəcək, istehsalata ehtiyac qalmayacaq. Dünya iki hissəyə ayrılacaq. Bir hissəsi sionistlərə baş əyən, onların idarəçiliyi altında olan ölkələrdir ki, burda stabiliik qorunub saxlanacaq. Bir hissəsi isə bizim kimi, Asiya və Afrika ölkələri kimi zavallı, kimsəsiz ölkələrdir ki, bunlardan xammal mənbəyi kimi istifadə edəcəklər. Bizim faydalı qazıntıların hesabına birincə qəbildən olan ölkələrin rifahını saxlayacaqlar, bizim xalqlarımız isə bir tikə quru çörəyin ümidinə qalacaq. Sionist ölkələrini biz yedizdirəcəyik, asiyalılar, müsəlmanlar. Plan belədir. Birinci hissəyə aid olan ölkələr qlobalçıların yaratdığı Yeni Dünya Nizamına inteqrasiya olunmuş ölkələrdir, amma İran kimi qlobalçılığa qarşı çıxan, ona kəlla atan ölkələr vardır ki, bunlar gec-tez məhv edilməlidir. Yaxın Şərqdə baş verən müharibələrin səbəbi də budur. Qlobalçılar xəritələrinə saldıqları ikinci qəbildən olan ölkələrdə dövlətçilik strukturlarını tam məhv edəcəklər, özü də elə bir formada məhv edəcəklər ki, bir də həmin dövlət strukturları dirçələ bilməsin. İŞİD və Kürdistan dövlətlərini bununçün yaratmışdılar. ABŞ-ın məlum planında bu qondarma terrorçu dövlətlər Şərqdəki mövcud dövlətlərin biz də daxil olmaqla sərhədlərini parçalamalı, bizim torpaqlar hesabına böyük vahhabi və kürd dövlətləri yaratmalıydı. Bu dövlətlər isə İsrailin gələcəkdə formalaşdırmaq istədiyi Ümumdünya Sion İmperiyasının forpostlardır. Dünya bosları deyirlər ki, indiki sərhədlər ədalətli deyildir və biz bu sərhədləri düzəldəcəyik. Bəs onların gözündə ədalət nədir? Kürdün də, vahhabinin də dövləti olmalıdır. Putin məhz bu cür məkrli planların qarşısını aldı. Kondoliza Rays açıq deyirdi ki, biz Yaxın Şərqdə “konstruktiv xaos” adlanan qarışıqlıq yaradacayıq və qan su yerinə axacaq. Məqsəd o deyil ki, liboşların və ya bizim başıboş müxalifətçilərin dediyi kimi diktator rejimlərini yıxsınlar, yox, onların məqsədi odur ki, ümumiyyətlə hökumətçiliyi məhv etsinlər, dövlətçilik institutlarını silsinlər, tam bardaq yaransın, hamı bir-birini necə gəldi qırsın. Bütün məsələləri pul həll etsin, pulun da mənbəyi haradır? ABŞ-da Rotşildin pulkəsən maşını. Qərb iqtidarlı-müxalifətli bizim burda heç bir dövlətimizi istəmir. Dediyim kimi, Qərbin Şərqdə iki sevimli dövləti vardı, biri İŞİD, digəri də Kürdistan idi ki, bunlardan da digər ölkələrinin dövlət mexanizmlərini söküb yığmaq üçün yararlanmaq istəyirdi. Tutaq ki, hansısa bir pis diktatoru yıxdın, yerinə demokrat adlanın ipləməni gətirdin, nə olasıdı ki? Xalqın xeyrinə nəsə dəyişəcək ki? Əksinə. Qlobalçılar həmin dövləti rahat məhv edib xalqı süründürəcəklər. Siz nə qədər müstəqillikdən dəm vursaz da, onlar sizin dövlətçiliyinizi daha rahat dağıdacaqlar və başınızın üstündə hökumət yerinə BP kimi transmilli şirkətlərin hakimliyini yaradacaqlar. Ona görə də deyirəm ki, biz hamımız Rusiyanın təhlükəsizlik çətiri altında birləşməliyik. Bu gün BP neftimizi pulsuz sümürüb aparır. Budur müstəqillik? Adını müstəqil qoymuş ölkələrin hamısında transmilli şirkətlər təbii sərvətləri çapıb talayır, oğurlayıb daşıyır, xalq bir tikə çörəyə möhtacdır. Görün xalqın bunun qarşısını almağa gücü varmı? Xalqın BP kimi şirkətlərə müqavimət göstərməyə gücü varmı? Yoxdur. Xalqa sintetik ərzaq yedizdirilir və o məhvə gedir. Buna son vermək vaxtı çatıb. Siz özünüzə nə qədər müstəqil adı qoyursunuz qoyun, anqlosaksonların kitab-dəftərində adınız başqadır. Orta əsrlərdə kolonial sistem fərqli idi, ingilislər gəmi ilə aborigenlərin adasına yan alırdılar, burda düşərgə salırdılar və adanı idarə edirdilər. İndi isə müstəmləkəçiliyin yeni, daha proqressiv formatı yaranıb ki, biz bu formatın içində çabalayırıq.

-Demək təklif edirsiniz ki, ölkəmiz Rusiyanın tərkibinə qatılsın?
-O barədə heç nə deyə bilmərəm, bircə onu bilirəm ki, çox istərdim bizə huri-mələk kimi sırıdılan ABŞ, İngiltərə və Fransa kimi ölkələrin səfirlikləri bizim ölkədə bağlansın, biz onlarla Rusiya vasitəsilə ünsiyyət quraq. Bu səfirliklər fəsad ocaqlarıdır və regionu müharibəyə sürükləyirlər. Təkcə Ermənistan ilə yeni müharibə kifayət edəcək ki, ölkəmiz anqlosaksonların kolonial boyunduruğuna ilişsin. Yaxın Şərq cəhənnəmə çevrilsin deyə, burdakı dövlətçilik institutları dağılaraq məhv olsun deyə Pentaqon bu regionda xırda müharibələri təşkil etməkdədir, yatmış konfliktləri alovlandıraraq qırğına çevirməkdədir. İranda şiə inqilabı olanda, İran ABŞ-a qarşı çıxandan sonra İraqı İranın üstünə cumdurdular. Səddam Hüseyn sonra it kimi peşman oldu, başa düşdü ki, o da elə ABŞ-ın məlum strategiyasının qurbanı olub. Bizdə də təxminən belə oldu. Ölkəmiz Avropaya inteqrasiya xəttinə xitam verib Avrasiya yolu tutandan sonra Ermənistanı üstümüzə cumdurdular. Ermənistanda Qərbin adamlarının hakimiyyətə gəlməsi qlobalçılar üçün müharibəyə başlamağa münbit şərait yaratmışdı. Amma əsgərlərimizin mətinliyi və əlbəttə ki prezidentimizin strateqliyi sayəsində biz bu sınaqdan üzüağ çıxdıq.

-İraq və Suriya regionu daim geopolitik siyasətin hədəfində olub, burda əsrlər boyu müxtəlif təlatümlər, müharibələr baş verib. Siz isə həmin hadisələri nəyə görəsə bizim yerləşdiyimiz Qafqaz regionu ilə əlaqələndirirsiniz...
-İraq və Suriyadakı hadisələr zəncirvari davam etməliydi, alovlanma dağlası ordan bizə, İrana və Qafqaza keçməliydi. Əslində elə İŞİD-i Mehri kanalından Azərbaycana salıb, burdan Rusiya və İranla vuruşdurmaq üçün hazırlamışdılar, lakin Rusiya bu qanlı proseslərə mane oldu. Hələ Rus ordusu Suriyaya girəndə qlobalçıların planı pozulmuşdu. Ruslar Şərqdə şiə genosidini dayandırdılar, başımıza gələcək qanlı müsibətlərin qarşısını aldılar. Buna görə Rusiyaya minnətdar olmalıyıq. Putin xilaskardı. Məsələn, biz tam, sözün həqiqi mənasında müstəqil olsaydıq, müharibə hələ bitməmişdi, tam xaosa çevrilmişdi, hər iki tərəf tam gücdən düşənə kimi döyüşlər davam edəcəkdi. Amma Putin hadisələrə təsir edə bildi, döyüşlər dayandı və amerikanların arzuladığı genişmasştablı müharibənin qarşısı alındı. Hər şeyə ABŞ səfirliyinin dar pəncərəsindən baxmağa vərdiş etmiş şanlı mətbuatımız bu barədə danışmır, çünki sərf eləmir.

-Demək, belə çıxır ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması indiki halda Azərbaycanın xeyrinə deyil?
-Rus gəlməsəydi, Yerevana kimi ala-ala gedəcəkdik. Ay nə bilim, rus tez özünü ortalığa soxdu ki, Xankəndini götürə bilməyək. Nə, sən Azərbaycan əsgərinin gücünə inanmırsan?! Sən çaşdın, bala. Deməli bizdən deyilsən, ya ermənisən, ya rus agentisən, ya fars tulasısan. Belə pafoslu gicləmələr rasinal baxışı və sağlam düşüncəni küncə sıxışdırır. Bununla biz hara gedəcəyik? Cəmiyyət özü bu debillərə yerini göstərməlidir. Öz övladlarını vaxtında xaricə göndəriblər, amma deyirlər Azərbaycan əsgəri gərək vuruşub Zəngəzuru da alaydı. Öz övladları Londonda yaşayan bir qrup adam var ki, rusların Qarabağdan çıxarılması, yəni müharibənin davam etdirilməsi tələbini qoyublar. Türkiyəli şəhid anasının sözüdür, demişdi ki, “şəhid halvası sizin evdə bişməyincə halva sizinçün şirin olar”. Əlbəttə balalarını İngiltərəyə, ABŞ-a göndərmisənsə, müharibə tələb etmək, döyüş alnımıza yazılıb demək rahat olur. Təəssüf ki, bu cür əclafların fitnələrinə uyanlarımız da kifayət qədərdir. O gün biri bizim şərhdə yazıb ki, “rus ordusu burnunu soxmasaydı, indi şanlı ordumuz ermənilərin kökünü kəsmişdi, Azərbaycan ordusu dünya şöhrətli ordudur”. Mən də bilirəm ordumuz güclü ordudur. Amma sənə kim imkan verər ki, hansısa xalqın kökünü kəsəsən? Məgər xalqın kökünü kəsmək asan şeydir? Ümumiyyətlə bu bizə lazımdırmı? Deyim ki, bu müharibəni saxlamaqla Putin böyük bir savaba batdı. Hələ neçə ailənin gözü yaşlı qalacaqdı, neçə evə dərd-sər gələcəkdi. Nə qədər həyəcanlara, yaşantılara son qoyuldu. Mən demirəm ki, müharibəni uduzacaqdıq, yox, əlbəttə udacaqdıq, amma nə qədər kasıb-kusubun evinə dərd-sər gələcəkdi! Axı müstəqilliyin özəl xüsusiyyətlərindən biri də elə budur ki, müharibələrdə varlı balaları vuruşmur, kasıb-kusub vuruşur. Xüsusən Kəlbəcərin relyefi ilə əlaqədar itkilərimiz çox ola bilərdi. Mən bir video paylaşmışdım, bir ata müharibədən şikəst qayıdan övladını belinə götürərək darvazadan evin içinə aparır. O video mənə çox pis təsir etmişdi. Sonra biri də paylaşmışdı, gördüm ermənilərdə də belə hallar var. Əsgərlikdən sağ qayıdan uşağının ayağına düşərək canın tapşıranlar, sevincdən, həyəcandan ürəyi partlayaraq yerində keçinənlər vardı. Əlbəttə, övladı Londonda kef çəkənlər üçün belə hislər təsəvvür edilməyəcək şeydir. Əslində bunlara sərfəlidir ki, vətən oğulları müharibədə çox qırılsınlar. Axı müharibəyə vətənin ən yaxşı, ən sayseçmə, ən vətənpərvər oğulları gedir, onları ətçəkən maşında qırdırmaqla isə meydan boşalır, həmin ölkəni ələ keçirmək su içmək kimi asanlaşır. Onda bunların ağaları gəlib vətənimizi daha asan şəkildə öz boyunduruqlarına sala bilərlər. Təkrar müharibə ab-havasını bununçün qızışdırırlar.

-Ordumuzun gücünə inanmırsınız? Yəni deyirsiz ordumuz müharibədən qalib çıxmaya da bilərdi?
-Qələbə çalacağımıza şübhə etmirəm, amma müharibə uzansaydı, itkilər təbii ki çox olardı. Corc Buş deyirdi ki, strategiyamızın həyata keçirilməsi üçün ard-arda, fasiləsiz müharibələr aparılmalıdır, bütün ölkələri od-alova qərq etməliyik. Onların strategiyasında aydın göstərilir, hansısa tərəfin qələbı çalması vacib deyil, əsas odur ki, tərəflər maksimum dərəcədə bir-birlərini qırsınlar. Say azalsın. Belə deyək, hər iki tərəfdən atıb vuranlar aradan götürülsün, meydan qlobalçılar üçün boşalsın. Təkcə bizi yox, bütün Şərqi saqqız kimi uzanan müharibələr bürüməlidir. Biz belə qlobal təhlükələrə qarşı hazır olmalıyıq. Bu müharibədə Qərb Ermənistana dəstək versə də, əslində onlara nə erməninin, nə də bizim qələbəmiz vacib deyil, əsas odur ki, strategiyalarında göstərildiyi kimi müharibə maksimum, lap yüz il uzansın. Qərb bundan heç nə itirmir, əksinə qazanır. Məsələn, İraq və Suriyada nə qədər çox bardaq olsa, ABŞ onların neftini rahat daşıyıb aparırdı, amma ölkədə nizam olanda daşıyıb apara bilmir, çünki hökumət qoymur. Bu strategiya vaxtilə Pakistandan tutmuş Marokkoya kimi həyata keçirilirdi, indi ərazi genişlənib, bizim başımızda həyata keçirirlər. Vaxt var idi ABŞ Fars körfəsindəki nefti əldə saxlamaq üçün çarpışırdı, indi SSRİ dağılandan yeni, nəxi neft mənbələri ortalığa çıxıb, onları rahat basıb yemək lazımdır. SSRİ dağılandan ABŞ-ın məlum soyğunçuluq strategiyasını həyata keçirdiyi zona dörd dəfə böyüyüb, bu ərazilərdə də dövlətçilik strukturlarını yox etmək, dağıtmaq məsələsi ortaya çıxıb. Baxın Əfqanıstanı, İraqı, Liviyanı nə günə qoydular, bu ölkələrdə küçəyə çıxmaq mümkün deyil, bir-birlərini qırırlar. Amma Suriya Rusiyanın dəstəyi hesabına dayandı, tab gətirdi. Bu gün biz Rusiyaya yaxın olduğumuzdan, Rusiya ilə bir regionda olduğumuzdan bizə toxunmurlar. Rusiyadan qorxurlar. Rusun nəzərləri burda olduğuna görə regionumuzda istədiklərini edə bilmirlər.

-Sizcə Rusiyadan niyə qorxurlar?
-Rusiya yeganə dövlətdir ki, onun hərbi-kosmik qüvvələri var. Orduda olanlar bilir ki, hər bir dövlətin hərbi-hava qüvvələri var. Amma Rusiya dünyada yeganə dövlətdir ki, onda hərbi-hava qüvvələri yoxdur, hərbi-kosmik qüvvələrdir. Yəni Rusiya döyüşü kosmosdan idarə edən yeganə dövlətdir. Ona görə də Rusiya dünyada yeganə söz sahibidir. Hal-hazırda bizim narahat, çoxlarının göz dikdiyi varlı regionumuzda təhlükəsizlik və geopolitika məsələləri ön plana çıxır. Baxın, Paşinyan Makrona nə qədər zəng etdi? Makron nəsə edə bildi? Qərb özlərinin dediyi kimi baş verənlərlə bağlı narahatlıq ifadə etməkdən başqa heç nə edə bilmədi. Amma Rusiyanın zəif vaxtları olsaydı, onlar bütün NATO-nu Qarabağa töküb Azərbaycanı şumlayardılar. Ona görə də mən deyirəm ki, çalışmalıyıq Rusiya həmişə güclü olsun. Rusiya zəif olsa, dünya akulaları bizi də məhv edərlər. Ermənistan nümunəsi göstərdi ki, indiki şəraitdə Qərbə meyllənmək- xalqın fiziki məhvinə gətirib çıxarır. Müasir dünyada Rusiya- sağ qalmaq deməkdir. Putin kişi adamdır. O dediyi sözün üstündə durur. O bizə arxa duracaq, bizi NATO orientirlərindən qoruyacaq. Xilasımız da məhz bununla bağlıdır. Başqa yolu yoxdur. Azərbaycan vətəndaşlarının fiziki və mənəvi təhlükəsizliyinin qarantı Rusiyadır. Məhz Rusiyanın qorxusundan bizdə bir sıra yırtıcı layihələri həyata keçirə bilməyiblər. Çünki Rusiyanın adı hələ də üstümüzdədir. Geopolitik artilleriya atəşinin hədəfinə düşməmək üçün Rusiyaya sığınmalıyıq.

-Bayaq dediniz ki, Qərb üçün erməni, ya azərbaycanlı fərqi yoxdur, hər ikisinin məhvini istəyir...
-2001-ci ildə ABŞ ordusunun yüksək çinli məmuru Ralf Peters deyirdi ki, etnik təmizləmələri tam qaydasınca apara bilmirik, buna ABŞ-ın müharibə aparma qaydaları, dünya qanunları imkan vermir, nəsə bir variant tapmalıyıq ki, etnik təmizləmələri ürəyimiz istədiyi kimi apara bilək. Bu nə deməkdir? Bu yəhudi məmur açıq deyirdi ki, planeti qoy xalqlardan təmizləmək lazımdır, lakin biz amerikanlar qabağımıza çıxanı güllələsək qınaq obyekti olarıq, bütün dünya bizə düşmənçilik edər. Bəs nə etməli? Aha, bundan sonra İŞİD-i yaratdılar. İŞİD qabağına çıxanı qırırdı, ağına-bozuna baxmırdı, bircə ingilis kəşfiyyatının rezidenti Lourensin yaratdığı vahhabi dininə biət edənlərə toxunmurdu, qalan müsəlmanları isə sünnili-şiəli müşriklər, dindən çıxmışlar adlandırırdı. Türkiyənin Hatay bölgəsindəki NATO düşərgələrində İŞİD-i yaratdılar, bura Türkiyə ordusunun zabitlərini cəlb etdilər, onlar da İŞİD paltarında Suriya və İraqa doluşdular, şiələrin başını kəsdilər, regionu şiələrdən təmizləməyə başladılar. ABŞ müsəlmanları özünün müsəlman ordusu vasitəsilə qırmağa başladı. Beləcə Petersin dediyi kimi oldu, yəni dünya ABŞ-ı qınamadı, terror və genosiddə amerikanları yox, təkbirçiləri günahkar bildi. Yeri gəlmişkən, İŞİD təkcə müsəlmanları yox, xristianları da qırırdı. Bircə İsrail ilə vuruşmayıb, yəhudilərə güllə atmayıb, bir İraq lətifəsində deyildiyi kimi, İŞİD-çidən soruşurlar bəs İsrail ilə nə vaxt müharibə aparacaqsınız, cavab verir ki, İsrail müsəlmanlığı qəbul edəndə. Əvvəllər ingilislər Şərqdə “Ərəb baharı” həyata keçirirdilər, sözə baxmayan müsəlman hakimiyyətlərini devirib yerinə islamın sözə baxan modelini oturdurdular. İndi amerikanlara bu cür çevriliş, hakimiyyət dəyişikliyi lazım deyil. Onlar konkret hakimiyyətləri dağıtmaq istəyirlər, dövlətçilik institutlarını tam yox etməyə çalışırlar. Ki buralarda transmilli şirkətlərin hegemonluğunu oturtsunlar. ABŞ və NATO-nun regionumuzla bağlı, ermənilərin də, azərbaycanlıların da yaşadığı bu başıbəlalı Qafqaz ilə bağlı strategiyaları budur ki, ayaq basdıqları hər yerdə olduğu kimi sərhədlər silinsin, dövlət idarəçiliyi işləməsin, nəzarət etsin, ən əsası region qoy xalqlardan təmizlənərək boşaldılsın. Burda bizə belə təqdim edirlər ki, Suriyada diktatoru devirməklə məşğuldurlar, Liviyada vətəndaş müharibəsi gedir, amma əslində ABŞ-ın təmizləmə strategiyası həyata keçirilir. Belə bir qlobal strategiya masştabında biz çox zəif bəndik. Onların nəzərində biz heç kimik və Rusiya kimi arxamızda duran qüvvələr olmasa istədikləri vaxt bizi xaosa qərq edərlər, bizə əsl cəhənnəm yaşadarlar. Biz kimik ki, bizdən də güclü xalqlar, millətlər bu fitnələrin qurbanı olublar, milyonlarla adam itki veriblər, kuftankuf olublar. ABŞ, İngiltərə, İsrail kimi hegemon dövlətlər bu planları 20 il, 30 il qabaq çəkib imza atıblar, indi hissə-hissə yerinə yetirirlər, belə planların qarşısında ancaq Rusiya, İran kimi qüdrətli dövlətlər dura bilirlər, tab gətirə bilirlər.

-Avrasiya Birliyindənsə, türk xalqlarını özündə birləşdirən Turan Birliyi xalqımız üçün daha məqbul olmazdımı?
-Azərbaycanda böyük bir təbliğat industriyası yaradılıb ki, guya bizim qədimdə Turan adlı imperiyamız olub, az qala dünyanın yarısına ağalıq etmişik, indi də o imperiyanı bərpa etməliyik. Ağlı başında olan adamlar bilir ki, bu boş nağıldan başqa bir şey deyil. Reallıqla hesablaşmalıyıq. İŞİD tam aydın şəkildə göstərdi ki, Turan imperiyası bizlik deyil. Turan proyekti bizə yaddır, bu proyektdə biz azərbaycanlıların yeri yoxdur. Böyük Turan yaradılarkən azərbaycanlıları məhv edəcəklər, yaradıldıqdan sonra isə son qalıqlarının da başını kəsib Yer üzündən siləcəklər. Bu ilk növbədə onunla bağlıdır ki, azərbaycanlılar şiədirlər, Turanı yaradanlar isə fikir verdinizsə, osmanlı-vahhabi-nurçu mahiyyətlidirlər. Həm də onunla bağlıdır ki, azərbaycanlılar rus dünyasına daha çox oturuşublar, Turan matrisasına içəridən problem yaradacaqlar, əvvəl-axır bu matrisanı dağıdıb öz ocaqlarına- ariya-slavyan sivilizasiyasına qayıdacaqlar. Biz Türkiyədəkilər ilə tamam başqa dünyaların adamlarıyıq. Bizim rus dünyasında yaşamaq təcrübəmiz var, Türkiyədəkilər kimi Qərbin oyuncağı olmamışıq, tam zombiləşdirilməmişik, əsrlər boyu bərabərhüquqlu, öz sözünü deyən xalq olmuşuq, normal formalaşma periodu keçmişik. Mahiyyətinə varanda biz Turan adı ilə qurulan sion idarəçiliyinə qarşı çıxacayıq, satanist haqsızlıqlara və eybəcərliklərə etirazımızı bildirəcəyik, əvvəl-axır üsyana qalxacayıq, çünki bizim təbiətimiz belədir ki, sionçuluqla düz gəlməz. Qlobalçılar sadəcə Turan proyektində biz azərbaycanlıları qurbanlıq qoyun kimi görürlər, istifadə etdikdən sonra isə nəinki bir kənara tullayacaq, hətta özümüzü genosidə uğradıb sonumuzu gətirəcəklər. Diqqətli olmalıyıq. Turançılıq heç vaxt bizi Şah İsmayıl ucalığımızı verə bilməz. Turançılığa qapılsaq millətimiz məhv olar. Azərbaycan xalqı başa düşməlidir ki, Böyük Turan- əslində Böyük Sion deməkdir. Bu plan da digər qlobal planlar kimi Ümumdünya Yəhudi Hegemonluğunu qurmaq üçün ortaya atılmışdır. Tarixdə türkün Turan adlı dövləti olmamışdır, yalandır. Yeri gəlmişkən, Turan adlı tək bir dövlət olmuşdur, o da Əfqanıstanda yəhudilər yaşayan bölgədə yaranmışdır. Məhz həmin dövlət hücum çəkərək türkün yeganə qüdrətli dövləti olan Qızılbaş imperiyasını məhv etmişdir, dövlətçiliyimizi süquta uğratmışdır. Turan budur! Maskalanmış iudaizm. Əli şiəsi, Sovet mirası olan xalqımızın türk adı altında kriptoiudeylərin idarə edəcəyi Böyük Turan dövlətində yeri yoxdur. Lakin düşmənlərimiz xalqımızı tovlayıb Turan tələsinə salmaq istəyirlər. Necə ki Böyük Turan proyektində azərbaycanlılara yer yoxdur, elə Qərbin Böyük Ermənistan proyektində də əsl ermənilərə yer yoxdur- Böyük Ermənistan da əslində ermənilərin məhvi əsasında yaradılacaq. Region xalqları bunu başa düşməlidirlər, yeganə xilas və ümid yeri olan Rusiyaya sığınmalıdırlar. Məhz bu səbəbə görə Fransa təcili olaraq Qarabağa kürdləri doldururdu. Lap əvvəldən hər iki tərəfdən müharibəni qızışdıranlar yerli xalqların nümayəndələri deyildilər. Xalqlar bu detallara varanda xalqların sağqalma mexanizmi işə düşür. Biz gələcək təhlükələri nəzərə almalıyıq və bu təhlükələrə hazır olmalıyıq. Ay haray türkəm deməklə dünyanı sənə verəcəklər? Türkçülüyü sionizmin dünya hegemenluğu üçün ortaya atıblar. İstənilən faşizm kimi türkçülük də sionizmin gizli qollarından biridir. Dünyadakı bütün millətçiliklər sionistlərin müəllifi olduğu Yeni Dünya Nizamını həyata keçirməyə xidmət edir. Son məqsəd budur- sionistlərin dünya hegemonluğu. Biz türklər, ruslar, farslar və digər böyük xalqlar bir-birimizi qırmalıyıq ki, cəsədlərimizin üzərində sionistlər gəlib yurdlarımıza sahiblənə bilsinlər. Məqsəd budur. Turançılığa gedən yol- uçuruma gedən yoldur. Məgər qlobal dünya gücləri türkə imkan verərmi ki, dünyaya sahib dursun, bu ki anekdotdur, sadəcə öz yolları üzərində duran maneələri türkün əli ilə aradan götürmək istəyirlər. Lap tutaq ki nə vaxtsa bizdə Turan olub, amma baxın, indi ki, həmin turançılıq bizdə bərpa olunmur, yeni turançılıq yaradılır. Hansı formada? Turançılığın surroqatı yaradılır. İsrailə sərf edən surroqatı. Fikir verin, turançılıq Rus fars erməni bunlar türkün düşməni formasında ortaya qoyulur. Türkün türkdən başqa dostu yoxdur formasında ortaya qoyulur. Yəni hamı ilə döyüşüb vuruşub gücdən düşək, bunlar da rahat gəlib başımızın üstünü kəsdirsinlər. Bunlar əslində özlərinin rus və fars düşmənçiliyini turançılıq kraskası ilə bəzəyiblər. Türkçülüyün bu cür formalaşdırılması üçün Qərb institutları, sionistlərin sosial eksperiment laboratoriyaları əzmlə çalışıblar. Bizim millətçilərin əlinə hazır trafaretlər veriblər. Milli və tarixi duyğularımızla oynayıb guya xalqımızı dirçəldirlər, amma əslində bizi məhvə itələyirlər. Milli fəxarət hislərindən istifadə edirlər, türkün dünyada hamıdan güclü olduğunu yeridirlər, tarixi öz istədikləri kimi traktovka edirlər, milləti özünə qapayaraq dünya işlərindən kənarda qoyurlar. Mən həmişə deyirəm, necə olur ki, bütün dünya millətçilikləri yəhudiyə qarşı köklənib, amma bizim millətçilik nədənsə rusa və farsa qarşı köklənib! Biz əksinə dostluğa, mehribançılığa önəm verməliyik, ümumi düşmənə qarşı bir olmalıyıq. Döyüş əzmini, strateji ucalığı, ruh yüksəkliyini bizə din verir, türkçülük yox. Qarabağ Ya Hüseyn sədaları altında alındı, Ya bozqurd sədaları altında yox. Dindar adam ölümə gedir, türkçü yox. Mömin gözündə qorxu olmadan oda atılır, millətçi yox. 41-ci ildə Döyçland über alles oxuyub döyüşə atılan 2 milyon millətçi 44-cü ildə dizini yerə atıb yalvarırdı, 48-ci ildə isə Sibirdə şalban daşıyırdı. Tarix millətçiliyin puç olduğunu dəfələrlə sübut edib, yenə də belə olacaq. İstənilən millətçi partiya başqanına yaxşı pul ver, əqidəsini avtomatik 180 dərəcə dəyişsin. Dindar adam isə öz inamı ilə o dünyaya gedir.
 
-Əgər turançılıq doğrudan da belə ziyanlıdırsa, bizi təhlükələr yaradacaqsa, nəyə görə bu qədər politoloqlarımız, siyasətçilərimiz həmin ideologiyanı dəstəkləyirlər, ona önəm verirlər?
-Turançılıq vaxtilə böyük biznes idi, bu biznesdə milyoner olanlar, hakimiyyət pilləsinə dırmaşanlar var. Böyük bir qism siyasətçi bu qondarma ideoloji platformada çörək sahibi olublar. Ona görə də həmin platformadan möhkəm yapışıblar və yayılması üçün səy göstərirlər. Turançılıq onların çörək ağacıdır. Bu sərsəm ideyalara köklənmiş institutlar, beynəlxalq təşkilatlar, hətta bürokratik sistemlər yaranıb. Məsələ burasındadır ki, bu biznes keyfiyyətli məhsul istehsal edə bilmir, kitayski şirpotrebdən başqa nəsə buraxmaq gücündə deyil. Odur ki, digər keyfiyyətli məhsul buraxan siyasi platformalara qıcıqla yanaşırlar. Konkurent məhsulu onların məhsulu yan-yana qoyanda əsəbdən partlayırlar, qarşılarındakı məhsulu vurub salırlar, çilik-çilik etməyə çalışırlar. Çünki xalq görəcək ki, onların məhsulu elə əzəldən hisli-paslı olub, hindkinoizm-motalizm janrında düzəldilib. Turançılığın yaşaya bilməsi üçün monopoliya lazımdır, konkurensiya olmamalıdır, başqa ideoloji platformalar onun yanında görünməmlidir. Məhz buna görə də turançılar harda hakimiyyətə gəldilər, dindarları və solçuları qırıb çatırlar. Çünki turançı diskurs dinin və solun yanında çox solğun, əzgin və müti görünür. Tək olanda isə turançılıq qızışır, cuşa gəlir, özünə kütləni cəlb edə bilir. Məhz buna görə də turançılığın daşıyıcısı olan politoloqlar başqa ideoloqlarla və siyasətçilərlə üz-üzə qalanda, debata gələndə azğınlaşırlar, quduzlaşırlar, özlərini saxlaya bilmirlər, səbir kasaları dolur. Çünki pasları açılır. Turançılığın ayaqda qalması üçün gərək o hökmən meydanda tək aparıcılıq etsin, tək çıxış etsin, monoloq söyləsin, onu dialoqa çəkib zibilini çıxarmasınlar. Ən yüngül belə müzakirə dinləyicidə ona qarşı komik münasibət, hətta ikrah yaradır. Buna görə də bizdə az qala tanrı kimi səcdə edilən bu politoloqları digər ölkələrdə tipik elmi və intellektual debatların heç kandarına da buraxmırlar. Bunlar çobandırlar, sadəcə qalstuk taxaraq pudralanıblar. Bunlar bizim hətta ən zəif həmfikirlərimizlə belə debatlarda daim pat vəziyyətinə düşüblər. Çünki arqument yoxdur, boş mif var. Yaxşı, məgər bizim xalq elə bir gücdədir ki, Rusiyadan Dərbəndi, Gürcüstandan Borçalını, İrandan Təbrizi alsın? Bu xalqa niyə yazıqları gəlmir? İnsanların emosiyaları ilə oynayırlar və bu onlara siyasi dividend gətirir. Biz sizinlə ilk növbədə cəmiyyətimizin düşüncə məntiqini dəyişməliyik. Onu bir az dürtmələməliyik ki, ayılsın. Reallığın əsl obrazına bir təpik ilişdirib kənara tullayıblar, boş arzu və sicilləmələri onun yerinə pərçimləyiblər. Amma biz Ermənistan timsalında gördük ki, reallığa kəllə atmaq olmaz, ona hörmətlə yanaşmaq lazımdır. Əgər ona ikrahla yanaşsan, diqqət yetirməsən, nəinki Madaqaskara kimi gedib çıxarsan, quru yurdda qalarsan. İnkişaf etmək istəyən cəmiyyətin aydın hədəfləri olmalıdır. Əgər bu hədəflər reallıqdan uzaqdırsa, nağıllar aləmindədirsə, sən bu hədəflərə necə nail ola bilərsən? Belə olan halda toplumun xalq kimi formalaşması öz sakral mənasını itirir. Belə xalqı ciddi xalq kimi qəbul etmirlər, necə ki indi erməniləri dünyada ələ salırlar. Axı bizdə də bu trend olan tezislərin çoxu Biləcərinin kruqundan o tərəfə işləmir, ciddi qəbul olunmur, onu xaricdə, ciddi bir məclisdə səsləndirsən, sənə gülərlər. Necə ki biz deyirik, Rusiya ilə İran Türkmənçay müqaviləsində bizi bölüblər, torpaqlarımızı işğal ediblər, ermənilər də deyir Rusiya ilə Türkiyə Sevr müqaviləsində Böyük Ermənistanı öz aralarında bölüblər, torpaqlarımızı işğal ediblər. Pyakin onlara dedi bəs necə olur ki, siz Türkiyədən qovulanda Rusiya İmperiyasının ərazisinə gəlmisiniz, gəldiyiniz ərazinin də adı İrəvan xanlığı olub, axı xanlıq sizlərdə olmur, bu sırf azərbaycanlılara məxsus anlayışdır. Ermənilər məəttəl qaldılar, çünki onlara 30 ildi mətbuat yeridir, tarix kitablarında də keçirlər ki, Rusiya ilə Türkiyə hücum çəkərək onların ərazilərini tutublar, Böyük Ermənistanı öz aralarında bölüblər. İndi bu yalançı pafosa oturuşmuş ermənilər gülünc vəziyyətə düşüblər- nə dala gedə bilirlər, nə də qabağa. Yalançı pafos tarixin həlledici anında millətin işini bloklayır, onu iflic halına salır. Pafos millətin evini yıxır. Vəziyyətə ayıq gözlə baxmalısan, nağıllara uymamalısan və hissə qapılmamalısan. Elə anlar olur ki, xalqın başını itirməsi onun Yer üzündən silinərək tarixə qovuşması ilə nəticələnir. Pafos milləti məhvə sürükləyir. Reallıq isə hərəkətverici qüvvədir, daim işləkdir. Sənin öz adın kimi inandığın ideyalar və ümidlər birdən birə kuftankuf olanda psixologiya da pozulur. 30 illik müstəqillik dövründə o qədər belə millətçi miflər yaradıblar ki, xalq özü də çaş-baş qalıb. Çoxlu mif və əfsanələr yaradaraq mediasferaya tullayıblar ki, abarotdadır, onlara dividend gətirsə də xalqın ziyanına işləyir. Beyinlərə feyk hücumlar, təbliğat tullantıları ilə xalqımızı əsas hədəflərdən uzaq salmışlar. Nə qədər ki, media və təhsil mexanizmləri millətçi mifologiya daşıyıcıları olan nurçuların əlindədir, bu millətin axırı olmayacaq. Əslində reallıq belədir ki, bizim Rusiyadan kənar heç bir ideologiyamız yoxdur. Azərbaycan xalqının maraqları, sakral arzuları daim Rusiya ilə bağlı olub, Rusiya ilə bağlı olacaq.

-Sosial şəbəkələrdəki statuslarınızda Türkiyəyə qarşı daim neqativ münasibətiniz müşahidə olunur. Amma Vətən müharibəsi vaxtı Türkiyə bizə yaxndan kömək etdi.
-Konkret nədə kömək etdi?

-Məsələn, dronlar verdi. Bu dronlar müharibədə həlledici rol oynadılar.
-Yutuba düşən zəfər videolarımızın, düşmənə ağır zərbələri əks etdirən çəkilişlərin çoxu bu dronların kamerasındakı görüntülərdən götürülüb, ona görə də sizdə belə bir təəssürat yaranıb. Amma müharibədə əsas rolu dronlar oynamadı. Dron vurur və vurduğunu sənə göstərir. Əsgər isə zülm çəkir, can qoyur, hərbidə deyildiyi kimi, qıy verir, çəkiliş hayında olmur. Bu müharibəni haqq olduğumuza inanan fədakar Azərbaycan əsgəri udub. Bizim yenilənmiş ordumuz vardı, ölümün gözünə dik baxan əsgərimiz vardı. Ona qalsa, biz tutarlı, strateji zərbələrimizi “Smerç”lə, “Polonez”lə endirmişik. Düşmən ən ağır itkilərini bu ağır raketlərdən verib. Dronların atdığı əl qumbarası boyda mərmiləri siz ciddi silah hesab edirsiniz? Əlbəttə, bu psixoloji təsir üçün gözəl vasitədir, çəkiliş üçün də gözəl vid alınır. Amma müharibədə əsas sözü ağır silahlar deyir. Erməni əsgərlərinin yarısı məhz bu silahlardan öldürülmüşdür ki, bu silahlardan erməni tərəfdə yox idi, bizdə vardı. Erməni ordusunda hər şey köhnə idi. Hətta kaskalarının şəkli internetdə var, 1960-cı illərdən qalma paslı kaskalardır. Erməni ordusunun taktiki metodları, strateji prinsipləri, hərbi planlaşdırma məsələləri hamısı köhnə idi, Sovet dağılandan sonra dəyişməmişdi, bizdə isə ordu tam yenilənmiş ordu idi. Texnoloji cəhətdən biz onlardan qat-qat üstün idik. Onlarda nəyə fikir verirsən, görürsən ən aşağısı 80-ci ildən qalmadır. Bu qələbə ilk növbədə sıravi əsgərlərimizin vətənpərvərlik əzminin, xüsusi təyinatlılarımızın misilsiz taktikasının və prezidentimizin bacarıqlı diplomatiyasının nəticəsidir. Mən bu məsələdə müdafiə nazirliyi rəhbərliyindəki tərifli generalların da xüsusi rolunu görmürəm. Amma gəlin bu məsələnin üstündən sükutla keçək, düşmənin əlinə kozır verməyək. Vaxt gələndə danışacaqlar, siz də eşidəcəksiniz. Bəxtimiz çəkdi ki, Ermənistanın başında jurnalist, bizim ölkənin başında isə əsl siyasətçi durdu. Bu sizə bir daha sübut etməlidir ki, jurnalistdən, filoloqdan dövlət başçısı olmaz. Üzə çıxdı ki, demokratik lider- əslində idarəçiliyi bacarmayan liderdir. Demokratik lider- əslində əngdən iti, amma başdan boş liderdir. İndiki Ermənistan hakimiyyətində oturanların siyasi təcrübəsi yoxdur, bizim cəbhəçi və müsavatçılar kimi meydan adamlarıdır. Bunlar dövlət idarələri görməyiblər, daim bazar-vağzal görüblər. Prezident aparatından tutmuş nazirlər kabinetinə kimi yüksək postları tutanların əksəriyyəti QHT işçiləri, media nümayəndələri və hüquq müdafiəçiləri adlanan zümrədən olan şəxslərdir. Ona görə də bu debil yığını bacarmaq bizə asan oldu. Jurnalistdən dövlət başçısı olar? Döyüşdə iki ayağını itirmiş veterandan olar, bəli, Stalin belələrini vəzifəyə qoyurdu, amma mitinqdə bar-bar bağıran ipləmədən olmaz. Paşinyan fenomeni bir daha göstərdi ki, filoloqa və jurnalistə dövlət etibar etmək olmaz. Bunlara heç ferma da tapşırmaq olmaz. Axı biz bunları 90-cı illərdə yaşamışıq, bu cür formulirovkalara yaxşı bələdik. Mal fermasını yola verə bilməyənlər, iki eşşəyin arpasını bölə bilməyənlər Milli Məclisə düşmüşdülər, ölkəyə qanun qoyurdular. Onlar anlamırdılar dövlət idarəçiliyi nə olan şeydir, dövlətçilik maşını nədir, nazirin vəzifələri nədir, deputat nələri bilməlidir, birdən birə gəlib hazırının naziri olmuşdular. İndi Ermənistanda da həmin situasiya yaranmışdı ki, prezidentimiz bu situasiyadan bacarıqla bəhrələndi. Bütün vacib dövlət vəzifələrinə Sorosun demaqoqlarını oturtmuşdular. Yəni ortada real iş yox idi, çərənçi boşboğazlıq vardı. Bizim prezident bu boşluqdan ustalıqla yararlandı.

-Hər halda Türkiyə bizə böyük mənəvi dəstək verdi və bu dəstəyin miqyasını kiçiltmək düzgün olmazdı. Regionda balansın qorunub saxlanması üçün Rusiya sülhməramlıları ilə yanaşı Türkiyə sülhməramlıların da Qarabağda olması təhlükəsizliymiz üçün vacib amillərdən biridir.
-Mən həmişə deyirəm ki, Türkiyə İraqda batırdı, Suriyada batırdı, Liviyada batırdı, Türkiyə Türkiyənin özündə batır, necə olacaq ki, gəlib bizdə Qarabağda sülh yaradacaq? Türkiyənin Qarabağda, ya hardasa başqa yerdə sülh yaratmaq gücü varmı? Türkiyəyə nə lazımdı? Vay-qan. Qərb NATO-nun əli ilə Yaxın Şərqi xaraba qoyub, çapıb talayırdı, Türkiyə də bu talana qoşulmuşdu. Türkiyə necə deyərlər, harda aşdı orda başdı. Türkiyə stabillik yox, talançılıq ustasıdı. Türkiyəyə lazımdı qonşuluqda növbəti gərginlik ocağı yaransın, Türkiyə də bundan faydalansın, pul götürsün. Məsələn, bu müharibə sayəsində ölkəmizdən Avropaya gedən qaz kəmərlərinə nəzarəti əlinə ala bilərdi, özünün Suriyadakı hazıryeyən terrorçularını bura töküb varlı Bakıya təsirini gücləndirə bilərdi və s. Ümumiyyətlə bizi Türkiyəyə ona görə calayıblar ki, Yer üzündən silsinlər, sonumuzu gətirsinlər. Nə yaxşı ki Rusiya var və Türkiyə digər qonşu dövlətlərdə çıxardığı oyunlarını burda çıxara bilmir. Ona sakitcə başa saldılar ki, sizdən sülhməramlı olmaz, sizə Ağdamda bir çayxana açacayıq, gəlin oturun bu çayxanada, nərd çırpın. Siz başqa işə yaramırsız. Həm də Türkiyə bizə psixoloji faktor kimi lazımdır, ona görə də başbilənlər Türkiyənin bura gəlməsinə razılıq verdilər. Düzdür belə məsələləri dilə gətirəndə bir çoxlarının xoşuna gəlmir, vaxtilə belə yanaşmalara görə bir çox Türkiyə sevdalıları təşkilatımızın sıralarını tərk ediblər. Amma olsun, mən haqqı deməliyəm. Şəhadət verirəm ki, xalqımız indiyədək nə xeyir görüb, ruslardan görüb. Şəhadət verirəm ki, xalqımız indiyədək osmanlılardan heç bir xeyir görməyib. Şəhadət verirəm ki, amerikanlar və ingilislər bizə aclıq və səfalətdən başqa heç nə gətirməyiblər. Şəhadət verirəm ki, İsrail müsəlmanların ən böyük düşmənidir.

-Amma sosial sorğular göstərir ki, cəmiyyətimizin əksər hissəsi Qərb tərəfdarı olmasa da, Rusiyaya qarşıdırlar və daha çox Türkiyəni dəstəkləyirlər.
-Xeyr, Azərbaycan cəmiyyətinin çox hissəsi, belə qurama sosial sorğuların iddia etdiyi kimi Rusiyaya qarşı deyildir. Rusiyaya qarşı olanlar QHT üzvləri və onların böyür-başında fırlanan, “ictimai sektor” adlanan yığnağın adamlarıdır. Sabah mənə imkan yaradılsa, mən Rusiyanı dəstəkləyən mitinqə on min adam çıxararam və biz bu biqələmunları silib süpürüb Xəzərə tökərik. Rusiyaya münasibət- aristokratizm göstəricisidir. Rusiyaya hörmələ yanaşanlar, onu sevənlər cəmiyyətimizin seçilmiş, yüksək təfəkkürlü insanları, Rusiyaya nifrətlə yanaşan, Qərb dəyərlərinə üstünlük verənlər isə aşağı zəkalılar, cəmiyyətin dibi və lümpenlərdir. ABŞ qrantları hesabına cəmiyyətimizin müəyyən hissəsini Rusiyaya qarşı kökləyə bildilər. Kişilər ABŞ qrantları hesabına Azərbaycanda vətəndaş cəmiyyəti quracaqdılar. ABŞ qrantları hesabına vayxana qurmaq olar, vətəndaş cəmiyyəti yox. ABŞ milyonlar tökdü ki, Azərbaycanda dini aradan aparsın, inamı söndürsün, amma ordumuz döyüşə dini şüarlarla getdi, xüsusən gənclərimizin İmam Hüseyn sevgisi barizliyi ilə ortalığa çıxdı. Demək onilliklərdir Azərbaycana buraxdıqları maya batıb! Bizdən İsrail üçün ikinci Türkiyə çıxmadı. Azərbaycan iudeyləşmədi, əksinə öz ənənəvi dəyərlərinə qayıtdı. Şah İsmayıl ruhunu bizim xalqın qəlbindən silə bilmədilər. Əslində biz şahsevən xalqıq, bizə heç prezident də lazım deyil, bizə əbədi, ömürlük seçilmiş hökmdar, elə indi trendə çevrilmiş dəmir yumruq lazımdır.

-Məgər dəmir yumruq diktatura sisteminə xas komponent deyilmi?
-Mən demokratiyaya çoxdan tüpürmüşəm və diktatura tərəfdarıyam. Qlobalizm, açıq cəmiyyət, insan hüquqları, liberal dəyərlər, tolerantlıq, demokratiya prioritetləri. “Sion müdriklərinin protokolları”nı oxuyun, bu terminlərin hamısından orda var. Orda tam aydın göstərilib, bunlar nə məqsədlə ortaya atılıb, əslində nəyə xidmət edir. Məhz bunlar əsas manipulyasiya vasitələridir. Bu evfemizmlər vasitəsilə idarəçiliyi məhv edirlər, dövlətçiliyin kökünə balta çalırlar, ənənəvi dəyərləri məhv edirlər, mədəni və insani tabuları dağıdaraq pozğunluq, çaşqınlıq və depressiya yaradırlar. Xalqa çörək lazımdır, azad seçki yox. Məsələn, əgər sən əsl demokratik cəmiyyət, vətəndaş cəmiyyəti, insani cəmiyyət yaratmaq istəyirsənsə, doğrudan da bu fikirdəsənsə, ilk növbədə internetdə pornosaytları silməlisən, pornofilmləri bloklamalısan və onları internetdən tam yox etməlisən. Amma qlobal ağalarımız interneti ilk növbədə pornonun yayılması üçün istifadə edirlər. Sabah petuxların hüquqlarını müdafiə edən təşkilat yaratsaz, ABŞ səfirliyi sizə sel kimi qrant pullar verəcək, amma kasıb-kusuba yardım cəmiyyət açsanız, qara qəpik də görməyəcəksiniz. Budur demokratiya!

-Dediklərinizdən belə çıxdı ki, cəmiyyətimizin çox hissəsi Rusiya tərəfdarıdır. Axı biz bunu heç də müşahidə etmirik.
-Mən iddia etmirəm ki, xalqımızın hamısı, məsələn, Gömrük İttifaqına üzv olmaq arzusu ilə alışıb yanır, yox, amma Rusiyada olan 2 milyon insanımız var ki, onlar bu ittifaqın vacibliyini başa düşürlər, bu ittifaqa üzv olmağımızı istəyirlər. Bəs onlar bizim xalqın nümayəndələri deyil? Bizim xalq 30 ildir Rusiyanın hesabına dolanır, regionumuzu qana çalxalayacaq qlobal təhlükələrin qarşısını Rusiya alır. 30 ildir ki, hər il azərbaycanlılar Rusiyadan vətənə yüz milyonlarla dollar pul köçürmələri edirlər. Belə xalq necə rusa qarşı çıxa bilər, antirus mövqedə dayana bilər? Bu 30 ildə biz faktiki olaraq Rusiyanın hesabına yaşamışıq, amma belə faktları xalqdan ciddi-cəhdlə gizlədirlər. Əksər insanların Rusiya haqqında neqativ rəyə malik olmasının səbəblərindən biri budur- doğrunu danışmırlar. Ruslarla bağlı şanlı keçmişimizi falsifikasiya edirlər, tarixi sənədləri köndələn şəkildə təqdim edirlər. Rusların xalqımıza verdiyi, sivilizasiyamıza gətirdiyi nailiyyətləri qaralayırlar, ləkəli şəkildə göstərirlər.

-Sizcə indiki keçid dövrü adlandırdığınız mürəkkəb dövrdə xalqımız üçün ən əsas olan nədir? Nəyə daha çox diqqət ayırmalıyıq, daha çox nəyin peşində olmalıyıq?
-Rus da gələcək, sosializm də quracayıq, o gözəl cəmiyyəti yenidən pərvazlandıracayıq. Amma indi bu keçid dövründə bizə professionallar lazımdır. Sən öz işini mükəmməll bilsən, mən öz işimi mükəmməl bilsəm, vətənimizi heç bir təhlükə təhdid etməz. Üstünlüyümüz odur ki, bizim prezidentimiz professionaldır. Professionalizm nədir? Təcrübə. Plyus Korotçenkonun dediyi kimi, MQİMO məktəbi. Moskva təhsili öz işini görür. Görün neçə ildi işləyir. İndi nə deyirsiniz, biz də reket jurnalistikada can çürütmüş işverənləri, əməkdar mitinq ustalarını və boşboğazlıq üzrə dünya çempionlarını gətirib qoyaq prezident, düşək Ermənistanın gününə? Skandinaviyanın petux ordusunun ümidinə qalaq, Makron cavab verməyəndə onun özündən 25 yaş böyük arvadına zəng edib yalvaraq. Avropa iudeylərinə ağlayıb-sızlayaq ki, kömək edin nolar nolar? Baxın görün Ermənistan nə günlərə qaldı, necə sındı. Heç mitinqləri də, narazılıq aksiyalarını da düzgün keçirdə bilmirlər, hər beş dəqiqədən bir yumruq davasına çıxırlar. Axı biz bütün bunları 90-cı illərdə yaşamışıq. Prezident aparatından əsl idarəçilərin qovulub bura filoloqların yığışması yeddi rayonumuzun getməsi ilə nəticələndi. Dərslərdən nəticə çıxarmalıyıq. Xalqımız öz sayıqlığını itirməməlidir. Bizim ikinci bir elçibəyin hakimiyyətə gəlməsinə imkan verməyə sadəcə mənəvi haqqımız yoxdur. Bir məşhur filmdə deyildiyi kimi, Lüger iki dəfə oseçka vermir. Möhkəm olmalıyıq. Qlobal çağırışlara qətiyyətlə sinə gərməliyik. O gücləri dəstəkləmək lazım deyil ki, sənin məhvinə gətirib çıxaracaq. Düşmənlərin gizli məkrli niyyətlərinin qurbanına çevrilməmək üçün, Elçibəyin bizi saldığı girdaba bir də düşməmək üçün qlobal təhlükələri düzgün qiymətləndirmək və nəticə çıxarmaq lazımdır. Allaha şükürlər olsun ki, bu gün Azərbaycan insanı başını uca tuta bilir, başqa millətlərin içində özünü fəxarətlə aparır. Bu ucalığı yerə vurmamalıyıq. Bilmirəm oxucularımız tərəfindən necə başa düşüləcək, amma mən bu ucalıqlara görə İlham Əliyevə minnətdaram.

-Əsgərlərimizin müharibəyə dini yön vermələrini, dini şürarlar səsləndirmələrini tənqid edənlər də oldu. Bu məsələyə necə baxırsınız?
-Belə söhbətlər adamda əsəb doğrurur. Bu vələduznalar çox söz deyə bilərlər. Üzə çıxdı ki, sionistlər bu 30 ildə təkcə cinahlarımıza zərbələr endirə biliblər, əsas mövqelərimizə heç nə edə bilməyiblər, ona görə də acığa düşüblər, bilmirlər nə etsinlər. Axı onlar uzun onilliklərdir ki, milli, mənəvi dəyərlərimizi silmək, vətən hissini öldürmək, ailə institutunu dağıtmaq, İmam Hüseyn sevgisini qəlblərdən yox etmək üçün milyonlar töküblər, bu işdə can çürüdüblər. Amma baxın, heç nə edə bilməyiblər. Necə böyük bir xalq imişik, İlahi! Şəxsən mən heç bilmirdim gənclərimizdə bu qədər vətən sevgisi, dinə bağlılıq var. Cəsarətləri vardı o fikirləri müharibə gedən dövrdə səsləndirəydilər. Bəli, o əsgərlər düz deyirlər, bizim ordumuz İmam Hüseyn ordusudur. Speçnaz elə bir yerdir ki, İmam Hüseyn daim səninlədi. Bura ateist də gəlsən, dönüb İmam Hüseynçi olursan. Mən o can qoyan qardaşların hamısının qarşısında baş əyirəm.

-Qələbə müjdəsi şəxsən sizə nə verdi?
-Şəxsən mən elə hislər yaşamışam ki, o hisləri sözlə ifadə etmək mümkün deyil. Sanki cavanlaşmışam, gümrahlaşmışam. Xoşbəxtəm ki, xalqımın belə bir tarixi anını mən də yaşamışam, bu böyük zəfərin fiziki də olmasa, mənəvi iştirakçısı olmuşam. Xalqımızın ictimai-siyasi həyatı dəyişib, mədəni-məişət tərzində rahatlıq yaranıb. Cəmiyyət sanki böyük bir ağır yükü üstündən atıb. Sevgi çoxalıb. Bir-birimizlə mehribanlaşmışıq. Qələbə ab-havası hələ də qalıb və hələ uzun müddət davam edəcək. Bilirsizmi, Putinə sevgi yaranıb. Ən əsası, ölkəmiz Qərbyönümlü inteqrasiya xəttinə son verib, Avrasiya Birliyinə üz tutub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də cansağlığı versin.


Hazırladı: Aqil Adiloğlu

Комментариев нет:

Отправить комментарий