Страницы

11.02.2021

İslam inqilabı İranı irəli apardı

Cəmil Şirvanov

İran İslam İnqilabı haqqında danışarkən, bu inqilab İrana nə verdi, əvəzində nə aldı barədə danışmaq lazımdır.
Qısaca onu deyə bilərəm ki, inqilabdan öncə İranın çox yüksək səviyyədə inkişaf etdiyi, müasir, insan hüquqlarının təntənə çaldığı bir dövlət olduğu haqqında böyük bir mif mövcuddur. Amma bu əlbəttə ki bir mifdən başqa bir şey deyil.
İnqilabın baş verməsi üçün şah hakimiyyəti və onun havadarı olan Qərb əlindən gələni etdi. Bu inqilabın baş verməməsi üçün lazım olan heç nəyi etmədilər, amma indi bunun nəticələrindən şikayətlənirlər.
Heç kim inqilabı İrana kənardan sırımadı. İranın öz əhalisi bunu etdi. Şah rejiminə qarşı alternativ təklif edilən ideologiyaların içindən xalq bunu seçdi.
İslam inqilabı ilk növbədə İranın itirilmiş suverenliyini qaytardı. İnqilabdan əvvəl əhalisinin əksəriyyətinin yoxsul yaşadığı İranı dirçəltdi. Hər kəsin təhsil, tibbi yardım almaq, ev sahibi olmaq, iş qurmaq və s. imkanlarını yaratdı. İdarəçilik sistemi daha proqressiv və işlək səviyyəyə qədəm qoydu. İraqın hücumu dəf edildi. İran  yoxsullar ölkəsindən sözün əsl mənasında sosial bir dövlətə çevrilə bildi.
İran ABŞ və dostları kimi bir cinayətkar qruplaşmaya qarşı hələ də effektiv mübarizə aparır. Vətən uğrunda şəhid olanların öz xatirəsi və ailəsinin qayğısı ən önəmli məsələlərdən biridir.
Tehran şəhərinin qızıldan olan rəmzi açarını Niksona təntənəli surətdə təqdim edən Pəhləvidən fərqli olaraq İnqilab hökuməti İranı müstəqil, öz maraqlarını müdafiə edən güclü bir dövlətə çevirdi.
İnqilab İranı öz resursları hesabına kosmosa çıxan barmaqla sayılası ölkələrdən birinə, nano texnologiya üzrə inkişaf edən- ilk 10-luğa düşən dövlətlərdən birinə çevirdi.
İnqilab bütün dəhşətli sanksiyalara baxmayaraq nəinki ayaqda durmağı bacardı, hətta ölkəsinin inkişafına nail oldu.
İnqilab İrandan nə aldı sualına belə cavab verərdim: Çox şey. Heç nə idael olmur. Heç bir rejim hər vətəndaşın hər marağını təmin edə bilmir. Bu rejim də bu xüsusiyyətdən hali deyil. Tehranın bir qrup meşşanlarının kefli həyat tərzinin sonu, kommunistlərin və digər siyasi ideologiya nümayəndələrinin repressiyaları və bir sıra məişət səviyyəsində olan məhdudiyyətləri misal çəkmək olar.
İran cəmiyyətinin də digər cəmiyyətlər kimi problemləri var və o heç də digər öz kalibrində olan dövlətlərdən bu sahədə geri qalmır. Amma İnqilabın verdikləri ilə aldıqları arasında müqayisə rasional şəkildə aparılsa, görünən o olar ki inqilab İranı irəli apardı.
Xalq bu yolu seçdi. Əgər istəsə yenə başqa yolu seçər. Bu İranın daxili işidir.
Bizə qalmayıb.
İranda qadınların baş örtüyünü açması və insanların açıq şəkildə spirtli içki qəbul etməsi dərdi də bizə qalmayıb.
İran xalqı bir dəfə inqilab etdi və özünü düşdüyü vəziyyətdən bu formada  çıxartdı. Lazım olsa bir də edər, başqa formada vəziyyətini dəyişər.
Biz öz halımıza ağlayaq.

Комментариев нет:

Отправить комментарий