Страницы

23.03.2021

İlahi, 14 saat da iş olar?!

Nadir Qocabəyli

Yaxınlıqda mütəmadi bazarlıq etdiyimiz bir dükan var. Qiymətlər münasibdir, həm də artıq 10 ilə yaxındır bir-bizimizə bələd olduğumuzdan, yəni bərkdən-boşdan çıxdığımızdan ora gedib gəlirik. Onlar artıq anlayırlar ki, mənə kəf gəlmək olmaz, mən də onların bu anlayışını qiymətləndirirəm. Qəbzimi əsasən verirlər, zay malı qaytarırlar, qiymətlə bağlı anlaşılmazlıq olanda mübahisə etmirlər. Amma əvvəllər bunların hamısı  olub, çəkişə-çəkişə bərkişmişik...
İşçilərin də çoxu məni tanıyır, hörmət edirlər. Elə bilirlər ki, vəzifəli adamam. Hətta bir dəfə satıcı qızlardan biri yoldaşıma deyib ki, deyəsən dayı vəzifəli adamdır, çünki yaman hirslidir... 
Meyvə-tərəvəz şöbəsində təxminən 60 yaşlı bir kişi işləyir. Bakı ləhcəsində danışan, bəstəboy, mehriban, ünsiyyətcil bir adamdır. Deyəsən, bir az da vurandır. Arada salamlaşır, söhbətləşirik. Şəkəri və təzyiqi var. Bir dəfə mənə dedi ki, ayaqları yaman ağrıyır, kafelin üstündə işləmək kələyini kəsir. Sonra bir xeyli müddət görünmədi. Ara-sıra küçədə-zadda görəndə, deyirdi ki, işdən çıxıb, müalicə olunur. 
Bu gün işlədiyini gördüm. Salam verdim və “deyəsən, qayıtmısan” deyə soruşdum. “Yoox, - o cavab verdi, - prosta uşaqlar işdən çıxıblar deyə işçi çatışmır, müdir zəng elədi ki, imkan varsa, bir-iki günlük gəl, təzə işçi götürək, onları öyrət. Mən də sözünü yerə salmadım... İndi işçi axtarırıq, tapaq, işi başa salım, sonra yenə gedəcəyəm istirahətə, işləyə bilmirəm...” 
Maraq üçün soruşdum ki, necə işçi lazımdır sizə, istəyən olsa, deyim. Cavab verdi ki, “zdarovı olsun”, yəni güclü, bədənli. “Çünki maşından kisə-zad boşaldacaq...”. 
Maaşı soruşdum, 400-450 manat dedi.
İş vaxtını xəbər aldım, dedi, vallah, onu müdirlə danışarsız. Əlimi yanındakı gəncin çiyninə qoyub soruşdum: “Məsələn, bu cavan oğlan  gündə neçə saat işləyir?”  
- Bu hər gün saat 10-da gəlir, gecə 12-də gedir. İşdən çıxan o biri oğlan 8-də gəlib, 10-da gedirdi... – o dedi.
- Deməli, 14 saat, - dedim. O cavab vermədi.
- Bəs istirahət günləri? – soruşdum.
- Vallah, onu da müdirlə danışın, ayda 1-2 dəfə işi olanda gəlməyə bilər...
İlahi, 14 saat da iş olar? Özü də bu soyuqda buz kimi kafelin üstündə. Belə də zülm olar. Ona görə də işçilərin bədəni dözmür, hamısı bir müddət işlədikdən sonra qaçır... 
İnanın ki, bu istismarın əlindən qaçıb cəbhəyə gedənlər var. Onlar düşünürlər ki, heç olmasa vətən yolunda, şərəflə ölərlər. Heç olmasa, şəhid olarlar, adları qalar. Valideynləri onlara görə pensiya alar. Şikəst olub qayıtsalar belə, dövlətdən müəyyən müavinət alarlar. Daha burda gündə 14 saat buz kimi kafelin üzərində işləyib, 1-2 ildən sonra şalvarlarını islada-islada gəzməzlər...
Mən o marketin, onun müdirinin adını çəkmirəm. Ona görə yox ki, onlarla münasibət saxlamaq istəyirəm, ya nədənsə qorxuram. Əsla. Çəkərəm, lap o yana da keçərəm. Bir ay qabaq Oba marketlə bağlı yazdığım statusdan sonra marketin müdiri və işçiləri məndən çəkinməyə, hətta ehtiyatlı rəftar etməyə başlayıblar. Bu mənə sərf edir. Amma insaf da dinin yarısıdır. Vaxtilə bizneslə məşğul olduğum üçün qazancın necə ağır, çətin bir şey olduğunu anlayıram. İşçi az işləmək, çox maaş istəyir, ancaq ona deyəndə ki, gəl faizə razılaşaq, risk etmir, deyir mənə dəxli yoxdur, iş oldu-olmadı, mənim məvacibimi vaxtında ver...
Odur ki, problem əsasən mühitdə, ölkədəki sistemdə, aparılan siyasətdədir. Məsələ siyasidir. Vətəndaşların gündə 14-16 saat, istirahət günləri olmadan işləməsinin əsas günahkarı bu hökumətdir. Əmək müqaviləsi-filan haqqında verilən rəsmi bəyanatlar da boş söz yığını, cəfəngiyyatdır. Bunları, qanunu tələb edənlərin nəsibi əbədi işsizlik və ac qalmaqdır...

Комментариев нет:

Отправить комментарий