Страницы

13.03.2021

Ramin Nağıyevdən Elşad Abdullayev barədə şok iddia

Sabiq rektorun Fransaya mühacirət etməsində Gülər Əhmədovanın rolu olub?

Fransada siyasi sığınacaq alan MTN-nin xüsusilə mühüm işlər üzrə keçmiş müstəntiqi Ramin Nağıyev fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı avrasiya.net-ə müsahibə verib. Ramin Nağıyev müsahibədə iddia edib ki, Elşad Abdullayevin Fransaya mühacirət etməsinə sabiq deputat Gülər Əhmədova yardımçı olub:
“2009-ci ildə o (Elşad Abdullayev) ailəsi ilə Moskvaya köçür və dərhal Fransada tanış adamları axtarmağa başlayır. Onu da deyim ki, Elşad Abdullayevin ailəsi hazırda Moskvadadır, həyat yoldaşı və oğlu. Hər ikisi Rusiya vətəndaşıdır. Niyə məhz Fransa? Cavab çox sadədir. Fransada Avropanın əsas beynəlxalq təşkilatları yerləşir, Avropa Məhkəməsi, İnterpol, YUNESCO və s. Elşad hesab edirdi ki, pulun gücünə o emiqrant statusu alacaq və Azərbaycan hökümətini Avropa Məhkəməsinə verəcək. Bakıda bir qadın dostu ona kömək edə biləcək bir adamın koordinatlarını verir. Bu Strasburqda Azərbaycan konsulluğunun bir aşpazı idi. Adı da Mehman. Sonra Elşad 2011-ci il aprel ayında rus pasportu ilə 6 aylıq Şengen vizası alır və Çexiyadan Strasburqa gəlir. Bu aşpaz onun oğlu (konsulluqda sürücü işləyir) və Mustafa Alınca adlı bir türk (Azərbaycan dilindən fransız dilinə tərcümə edən) Elşada bir neçə ay kömək edirlər. Ona ev tapırlar, Fransa dövlətinə təhvil edirlər, vəkil tuturlar. Elşad yalnız sənədlərin tərcüməsinə 25 min avro verir. Sonra Elşaddan 50 min avro istəyəndə o pulu verməkdən imtina edir. Aşpaz, oğlu və türk onu hədələyəndə, Elşad Fransa xüsusi xidmət orqanlarına müraciət edir və onlara bildirir ki, onu MTN əməkdaşları hədələyirlər. Nəticədə aşpaza vətəndaşlıq verilmədi və o Azərbaycana qayıtdı. Amma onun oğlu və türk Fransa vətəndaşları olduğuna görə Fransada yaşayırlar. Hazırda o türkü Avropa Məhkəməsinə verib ki, 28 min avronu qaytarsın. Yəni ki, məsələ belə olub.
Siz yəqin ki, təəccüblənərsiz, onun adı Gülər Əhmədovadır. Amma Elşad mənə deməmişdi ki, o deputatdır. Videorolikə baxandan sonra mən başa düşdüm ki, bu kimdir”.
Ramin Nağıyev daha sonra əlavə edib ki, Elşad Abdullayev yaydığı materiallarla Azərbaycan məmurlarını şantaj edir: “Siz onun xarakterini bilmirsiz, onun üçün birinci yerdə özü, onun maraqları dayanır. Qalan şeylər onun üçün boşdur. Öz məqsədlərinə çatmaq üçün o ailəsindən, qohumlarından, tanış, dostundan belə keçə bilər. Elşad öz dostları vasitəsilə mənimlə tanış olur və məndən xahiş edir ki, ona kömək edim. Mən razılıq verməmişdim, çünki video və sənədlərlə tam tanış olmamışdım. Elşad dedi ki, bütün materialları etibarlı yerdə gizlədib və hissə-hissə mənə tanış olmaq üçün verəcək. O belə izah etdi ki, Fransaya kiçik bir hissəsini gətirib, mətbuatda dərc olunandan sonra qalan sənədlər və videolar Fransaya gətiriləcək. O mənim maliyyə vəziyyətimi bilirdi və vəkilimin xərcini 15 min avronu ödəməyə söz vermişdi. Lakin 2011-ci il noyabr ayında mənə mətbuatda materialların dərcinin dayandırılmasını dedi. Sonra mənə məlum oldu ki, hər dəfə mətbuatda bir yazı gedəndən sonra onun vəkili vəzifəli şəxslərin yanına gedib onları şantaj edirdi ki, gələn dəfə onlar haqqında yazı çıxmamaq üçün pul versinlər. Bunu biləndən sonra biz mübahisə etdik və mən onunla bütün əlaqələri pozdum”.
Elşad Abdullayev isə “Azadlıq”a açıqlamasında bildirib ki, Ramin Nağıyevin bu cür danışması şəxsi-qərəzlikdən irəli gəlir və deyilənlərin əhəmiyyətli hissəsi yalandır: “Ramin Nağıyev məndən külli miqdarda pul istədi. Mən isə vermədim. Problem bundan sonra başladı. Həmçinin mən görürdüm ki, bu adam nala-mıxa vurur, ikibaşlı söhbətlər edir. Şübhələndim və beləcə əlaqələrimiz pozuldu”.
Onun Fransaya gəlməsində Gülər Əhmədovanın rolu olmasına gəlincə, sabiq rektor deyib ki, bu tamamilə əsassız iddiadır: “Gülər Əhmədova bu gün açıqlama verib deyir ki, Elşad Abdullayev Azərbaycana gəlib istintaqa ifadə versin. Bundan başqa o bilirdi ki, belə bir videosu var. Bu halda mənim Azərbaycandan çıxmağımda necə maraqlı ola bilərdi? Gülər Əhmədova Azərbaycan Beynəlxalq Universiteti fəaliyyət göstərərkən ora yoxlama göndərib. Yəni, bu adamın mənə hansısa yardım etməsi barədə iddialar sadəcə gülüncdür”. /azadliq.info/

Комментариев нет:

Отправить комментарий