Страницы

30.05.2021

"Vertolyotu Tamerlan Qarayevin əmri ilə Qatır Məmməd vurub"

Tanınmış ictimai-siyasi xadim Hacı Əbdülün Xural TV-yə qalmaqallı müsahibəsini sizə tədqim edirik.

– Hacı, üzr istəyirəm, aradan bu qədər illər keçib. Siz bu haqda harasa danışmısınızmı? Bu, çox dəhşətli bir açıqlamadır. Yəni Qatır Məmməd deyib ki, “Tamerlan Qarayev dedi ki, “buradan təyyarə keçəcək…”
– “Erməni vertolyotu…”

– “…Erməni vertolyotu… Onu vurun, içindəki adamları da öldürün…”?
– “…bir nəfəri də sağ buraxmayın, biçin…”

– Bu dəhşətli bir şeydir. Azərbaycan siyasi tarixini dəyişən bir açıqlamadır.
– Mən sənə ardını danışım bu dəhşətin?

– Buyurun.
– Dalını danışım, sən dəhşətin birini də burada gör. Mən türmədə olanda rəhmətlik Heydər Əliyev hakimiyyətə gəldi. Mən türmədə yatırdım. Sabahıma da ümid yoxdur. Uzaq olsun, türmədə olanlar bilir. Mən çarpayının aşağısında yatmışdım, üstdəki çarpayının altından da belə bir ağ pərdə çəkmişdim ki, öləndə heç kəs məni görməsin.

– Hə, ortadan pərdə çəkirlər.
– Görsənməsin. O pərdəni də ona görə çəkmişdim ki, ölsəm, görsənməsin. Çünki mən ölümümü gözləyirdim. Elə gözləyirdim ki, bax, bu saniyə ölərəm. Çünki bir artıq nəfəs alanda boğulurdum.

– Səsiniz də batmışdı, eləmi?
– Səs yoxdur.

– Amma həbs olunmamışdan əvvəl səsiniz qaydasında idi?
– Bəli, qaydasında idi. Qəzetlər yazırdı ki, “təkbir ustası”. Çünki hələ indiyədək mənim kimi “təkbir” deyən olmayıb. Elə gözəl səsim var idi. Parlamentdə də çıxışlarım var. Anam rəhmətlik gedər Heydər Əliyevin qəbuluna.

– Heydər Əliyev hakimiyyətə gələn kimi?
– Hə, gələn kimi… Gedər qəbuluna… Mənim bir balaca qızım vardı, heç 3 yaşı olmazdı. Onu da qəbula gedəndə yanında aparır. Sizin üçün bir maraqlı söhbət eləyim? Heç bir yerdə danışmadığım bir söhbətdir, sizin də fikrinizi dağıdım.

– Hə, buyurun.
– Tamam başqa söhbətə keçim bir anlıq. Mən politexnikdə oxuyanda subay idim və bizimlə paralel qruplar var idi. Orada bir qız oxuyurdu. Belə uzaqdan-uzağa bir-birimizi istəyirdik. İndi də o qız salamatdır, yəqin ki eşidir. O qədər ağır təbiətli qız idi ki… Mən cəsarət eləyib ürəyimi ona aça bilmirdim.

– Sevdiyinizi deyə bilmirdiniz…
– Deyə bilmirdim, yox. Cəsarət eləyib, deyə bilmirdim. Hər dəfə yanımdan keçərdi, kafedrada onu görməyə gedərdim, uzaqdan baxardım, amma cəsarət eləyib deyə bilmirdim. Demədim də… Belə-belə zaman keçdi. İnstitutu qurtardım, evləndim, uşaqlar oldu, bir-birimizi daha görmədik.

– Yəni o qızla siz qovuşmadınız?
– Qovuşmadıq… Qovuşmadıq….

– Çox maraqlıdır.
– Maraqlısı daldadı. Anam Heydər Əliyevin qəbuluna gedər, qapıda dayananlar anamı içəri buraxmazlar. Ali Sovetin qabağında. Bunu anam söhbət edərdi. Deyir, dayanmışdıq Ali Sovetin qabağında, bir dənə gözəl-göyçək qız məni gördü, dedi ki, “ana, sən kimsən?” Dedim ki, “mən Hacı Əbdülün anasıyam, içəri buraxmırlar…””

– Yoxsa bu qız həmin qızdır?
– (Gülür, başı ilə  təsdiqləyir…)

– Kim olub ki?
– Anam deyir ki, qız getdi, bir də gördüm ki, gəldilər bizi apardılar yuxarı – Heydər Əliyevin qəbuluna.. Gördüm ki, bu qız oturub katibənin stulunda. Sən demə, bu qız Heydər Əliyevin katibəsi imiş…

– Deməli, sizin o vaxt sevdiyiniz qız Heydər Əliyevin katibəsi olub?
– Hə…

– …Və sizin ananızı Heydər Əliyevlə görüşdürür və dolayısı ilə sizi xilas edir?
– Gələndən sonra anam söhbət edir ki, “gəldik Heydər Əliyevin qəbuluna…”

– Kimdir o qız, adı nədir?
– Yadımdan çıxıb. (Gülür…) Deyir, mənim yanımda o qız Heydər Əliyevdən xahiş elədi ki, Hacını buraxın. Deyir, “Heydər Əliyev mənə dedi ki, get şəhər prokuroru Çingiz Qəniyevin yanına, denən Hacını buraxsınlar.” Maşını yoxdur, maşın da verir. Deyir, qız məni yola salanda dedi ki, ana, məni tanıdın? Dedim, yox. Deyir ki, “ana biz oğlunla bir-birimizi istəyirdik, niyə məni oğluna almadın?” (Gülür…) Deyir, dedim, qızım, mənim bundan heç xəbərim olub ki… Mən bilməmişəm, bilsəydim, alardım. Belə, bir az fikrinizi dağıtdım.

– Hacı, çox kövrək adamsınız.
– Əşşi… (Kövrəlir…)

– Vallah… Məni də kövrəldirsiniz.
– Üzr istəyirəm. Türmədən çıxdım.

– Yəni Heydər Əliyev sizi dərhal buraxdı.
– Səhəri gün buraxdı. Heydər Əliyev hakimiyyətə gəlib, mənim də xəbərim yox. Nadzor gəldi, mənə dedi ki, “Hacı, ümid var idi sənin türmədən çıxmağına. Heydər Əliyev hakimiyyətə gəldi, sən də hakimiyyətə düşmənsən …” Məni təbii bir gülmək tutdu. Bir hədis yadıma düşdü. Güldüm. Soruşdu ki, nəyə gülürsən?

– Həzrəti-Yusifin də quyudan çıxma ehtimalı yox idi. Gəldi vəzir oldu.
– Bəli. Allah-təala buyurur ki, mən istədiyim bəndənin işini lazım gəlsə, onun düşməninin əli ilə düzəldərəm. Əgər siz də deyirsiniz ki, Heydər Əliyev mənim düşmənimdir, mən bunu qəbul eləyirəm. Əgər Allah istəsə, – öz sözünü özü deyib – onun əli ilə buraxdırar.

– Tam da Allahın dediyi kimidir.
– Bəli. Adə, nöqtəbənöqtə…  Səhəri gün nadzor gəldi, belə baxır mənim üzümə. Mənim də heç nədən xəbərim yox. Dedi, Hacı, sən nətəri adamsan? Yığış, Heydər Əliyev səni buraxdırdı. Gözləmirdim. Çıxdım gəldim. Mən bu hadisəni olduğu kimi səhəri gün qəzetdə verdim. Qatır Məmmədin ölüm hadisəsini də səhəri gün qəzetdə verdim.

– Demək, danışdınız o hadisəni?
– Necə sizə danışdımsa, elə də verdim. Bir gün “Baksovet”in (“İçərişəhər” metrostansiyası – Red.) qabağında dayanmışdım. Bir hündürboylu adam qarşımı kəsdi, salam verdi. Dedi, tanıdın məni, mən doktor Arifəm.

– Həmin Arif?
– Dedi, Hacı, mən sənə yaxşılıq elədim, səni azad elədim. Sən bunu getdin verdin qəzetə. Məni işdən çıxardılar. İndi mən gedirəm Moskvaya. Buradan başını götürüb getdi... Dəhşətlisi burasıdır. Bir neçə il bundan qabaq vertolyot qəzası ilə bağlı ANS veriliş hazırladı. Hamını çağırıblar. Bir neçə deputat da var idi, məni də dəvət elədilər. İctimai xadimlər, valideynlər belə oturublar. Hər kəs gördüyünü, bildiyini danışır. Dedim, mənim də vertolyot qəzası ilə bağlı az-çox məlumatım var. Söz versəydiniz, mən də deyərdim. Söz verdilər ki, buyur. Sizə necə danışmışam, onlara da elə danışdım. Onda Tamerlan Qarayev Çində səfir idi. Verilişin aparıcısı Mirşahin telefon xəttini qoşdu ona. Dəhşət burasıdır, ha, Əvəz müəllim, dəhşətli olanı burasıdır. Mirşahin Tamerlan Qarayevə dedi ki, Hacı Əbdül belə bir iddia qaldırıb ki, Qatır Məmməd sizinlə bağlı bunları danışıb və onun müəmmalı ölümü ilə bağlı nə deyə bilərsiniz? Dedi, dustaqdır, dustağı hər şey deməyə məcbur edərlər. Oturanlardan biri əlini qaldırıb, Tamerlan müəllimə sual verdi ki, Qatır Məmməd bunları müstəntiqə danışmayıb, istintaqa danışmayıb, bunu öz dustaq yoldaşına danışıb, burda heç bir məcburiyyət yoxdur. Bu barədə nə deyə bilərsən? Maraqlansanız, o verilişi tapıb baxarsınız.

ANS-in 20.11.2001-ci il vertolyot qəzası ilə bağlı hazırladığı tok-şoudan fraqmentlər:

"Hacı Əbdül: 1992-ci ildə mən Bayıl təcridxanasının xəstəxanasında yatırdım. Həmin dövrdə mənimlə birlikdə Qatır Məmməd də xəstə vəziyyətdə yatırdı. Vertolyot hadisəsilə bağlı rəhmətlik Qatır Məmməd çox şey bilirdi. Bəzən biz bayıra çıxanda görüşürdük. Həmin görüşlərdə o deyirdi ki, “Vertolyot qəzası ilə bağlı bildiklərini buradan çıxandan sonra açıb deyəcəyəm.” Nəzərdə tuturdu ki, o zaman hakimiyyətdə olan bir çox adamların bu işdə günahları var. Onlardan biri kimi Tamerlan Qarayevin də adını tez-tez çəkirdi. Onun danışdıqlarından belə çıxırdı ki, vertolyotu nə ermənilər vurub, nə də vurandan sonra ora gəliblər. Vertolyot bizim tərəfimizdən vurulmuş və bizim tərəfimizdən də o günə salınmışdır. Çox maraqlıdır ki, o zaman bu hadisə ilə bağlı Qatır Məmməd də dindirilmişdi. Ancaq onu deyə bilərəm ki, əgər Qatır Məmməd bunu belə deyirsə, deməli onun yanında olan yaxınları da bu işdən xəbərdardırlar.
Tok Şounun iştirakçısı: Məsələ ondadır ki, siz (Tamerlan Qarayev) bildirirsiniz ki, istintaq zamanı Qatır Məmmədə təzyiqlər olub. Amma Hacı Əbdül də bildirir ki, o da onun kimi bir dustaq idi və Qatır Məmməd də özü kimi bir dustağa ürək sözlərini açıb, burda hansı təzyiqdən söhbət gedə bilər?
Tamerlan Qarayev: Bir daha deyirəm ki, o, (Qatır Məmməd) mənim haqqımda nə deyibsə, o mənə məlum deyil. O barədə məni heç kim dindirməyib, mənə heç bir sual verməyiblər ki, məsələn, filankəs belə ifadə verib, sizin bununla bağlı fikriniz nədir? Digər tərəfdən, əgər onun tərəfindən ciddi iradlar, ciddi ifadələr verilibsə, kimin haqqında olursa-olsun, o cümlədən də mənim haqqımda – bunu istintaq yoxlamalı və buna bir qiymət verilməli idi. Hər-halda bu barədə mən də dindirilməli idim, ancaq onların heç birisi olmayıb və mən necə fikir yaratmışam bu barədə?"

– Verilişdə (bu hissə verilişdə montaj olunaraq çıxarılıb) Tamerlan Qarayev elə qışqırdı ki, “məndən əl çəkin, adımı hallandırmayın, ağzımı açaram, Azərbaycan bir-birinə dəyər”.

https://www.xural.com/qaynar-qazanda-haci-%C9%99bdul-ii-hiss%C9%99-%C9%99bulf%C9%99z-elcib%C9%99yl%C9%99-ol%C9%99n%C9%99-q%C9%99d%C9%99r-dost-olduq-video/

Комментариев нет:

Отправить комментарий