Страницы

15.06.2021

AVRASİYA HƏRƏKATININ PROQRAMI. 5-Cİ HİSSƏ: AVRASİYA DÖVLƏTÇİLİYİ NECƏ OLACAQ

SUVERENLİK, YOXSA AVTONOMİYA? Rusiya Federasiyasının müasir dövlət quruluşunun onun subyektlərinin suverenliyi prinsipinə əsaslanması qüsurludur. Son onilliklərdə subyektlərə maksimal miqdarda dövlətçilik atributlarının verilməsinə yönəlmiş siyasət (Yeltsinin məşhur “İstədiyiniz qədər müstəqillik götürə bilərsiniz” siyasəti) situasiyanı qəlizləşdirib. Yerli elitalar onu özbaşınalığa dəvət kimi qəbul ediblər. Bu yanaşma labüd “müstəqilliklər paradının” gedişatındə Rusiyanı faktiki olaraq parçalanmaya düçar edib. Çeçenistan və bir qədər yumşaq formalı Tatarıstan örnəyi bunu açıq şəkildə göstərmişdir.
Məsələ burasındadır ki, suverenlik öz mahiyyəti etibarilə məhdud ola bilməz. O hər zaman durmadan tamlığa can atır (beynəlxalq işlərdə, ordu, milli pul vahidi və s. məsələlərdə müstəqilliyə). Klassik politologiyada hesab olunur ki, suverenlik ayrıca ərazini və onun üzərində tam hakimiyyəti nəzərdə tutur. Rusiya Federasiyası şəraitində bu yanaşma faktiki olaraq Rusiyanın birlik və bölünməzlik prinsipindən imtina anlamına gəlir (bir qədər təxirə salınmış yolla).
Federasiya modeli ümumiyyətlə götürdükdə müstəsna dərəcədə homogen (yekcins) cəmiyyətlərdə effektivdir. Rusiya kimi mürəkkəb, asimmetrik, qeterogen, çoxmədəniyyətli icmaların qeyri-bərabər məskunlaşdığı ölkələrdə tamamilə başqa prinsip tələb olunur. Belə bir prinsip avtonomiya prinsipi olmalıdır.
AVTONOMİYANIN PARAMETRLƏRİ. Avtonomiya suverenliyi (ümumiyyətlə, dövlətçiliyin istənilən atributunu) nəzərdə tutmur. Avtonomiya – özünüidarədir. Vəssalam. Strategiya, beynəlxalq münasibətlər, strateji planlaşdırma məsələləri onun kompetensiyasında deyil. Eyni zamanda, hazırda federal hakimiyyət orqanlarının kompetensiyasında olan, Federal qanunvericiliklə tənzimlənən bir çox məsələlər (mülki və administrativ hüquq, məhkəmə sistemi, iqtisadi və digər fəaliyyətin təşkili) avtonomiyalara göndərilə bilərdi.
Avtonomiyaların Rusiya Federasiyası subyektlərinin indiki halından başlıca fərqi odur ki, avtonomiyada subyekt kimi ərazi kvazi-dövlət qurumu deyil, müəyyən xüsusiyyətlər üzrə birləşmiş icmalar çıxış edir.
Avtonimiyalar istənilən ölçüdə ola bilər (bir neçə ailədən tutmuş bütöv xalqlara qədər). İri avtonomiyaların içərisində daha kiçik avtonomiyalar ola bilər. Bütövlükdə cəmiyyətin təşkilinin əsasında icma prinsipi dayanmalıdır.
AVTONOMİYALARIN TİPLƏRİ. 1)Milli. Tarixi birlik halında formalaşan, müəyyən özünüidarə ənənələrinə malik və eroziyaya məruz qalmamış vahid orqanizm təşkil edən xalqlar (millətlər) çərçivəsində yaranır.
2)Etnik. Millət xüsusiyyətlərə malik olmayan xalqlar üçün xarakterikdir.
3)Teokratik. Cəmiyyəti dini institutların təşkilatlandırdığı, dini institutların bəzən mövcud sosium çərçivəsində qismən real hakimiyyəti (məhkəmə, administrativ və s.) əvəzlədiyi yüksək dini şüura malik xalqlarda (millətlərdə) yaranır.
4)Dini (sakral). Dini xüsusiyyətlər üzrə birləşmiş icmalar üçün xarakterikdir ki, onlarda din cəmiyyətin özünü təşkilatlandırmasında iştirak etmir. (Yuxarıda göstərilən 4 avtonomiya tipi milli-teokratik, etno-dini və digər avtonomiya tipləri yaradaraq, uzlaşa bilərlər).
5)Mədəni-tarixi. İnsanların tarixən ümumi mental və mədəni xüsusiyyətləri əsasında formalaşmış ittifaqlarını birləşdirir. Məsələn, kazaklar, yaxud pomorlar.
6)Sosial-sənaye. Avtonomiyaların müəyyən qədər mükəmməl formasıdır ki, bir qayda olaraq şəhərcik əmələ gətirən müəssisələr, yaxud xalq təsərrüfatı kompleksləri ətrafında yaranaraq, qismən yaxın dövrdə məskunlaşan ərazilər üçün xarakterikdir. Perspektivdə digər ənənəvi tiplərin sosial-iqtisadi avtonomiyalarının bazasında yaradılmaları arzuolunandır.
7)İqtisadi. Artıq mövcud olan avtonomiyalara Federal qanunvericiliklə tənzimlənən sahələrdə müəyyən üstünlüklər təmin edən əlavə muxtariyyətdir (ərazilərin xüsusi hüquq rejimi, vergiqoyma, gömrük güzəştlərinə və s. görə fərqləndirilməsi).
8)Dil. Müxtəlif avtonomiyaların nümayəndələrinin linqvistik ümumiliyini nəzərə alan əlavə avtonomiyadır. Digər ənənəvi tiplərin avtonomiyalarını böldüyü kimi, birləşdirə də bilər.
9)İcma. Başqa ümumiləşdirici əlamətləri olmayan, bununla belə, eyni ərazidə birlikdə yaşayan və yaxud eyni sferada çalışan insanları birləşdirən avtonomiyadır. Misal üçün, ənənəvi tayfa-qəbilə quruluşları, yaxud keçmiş şəhərlilərin “ekoloji məskənləri”.
Heç bir icmanın formalaşmadığı bir sıra ərazilər (əsas etibarilə məskinlaşmamış və yaxud az məskunlaşmış) Federal torpaqlar elan oluna bilər- yəni yalnız Federal qanunvericiliyə (və Federal qaydalara) riayət olunduğu ərazilər olar.
AVTONOMİYA VƏ FEDERAL MƏRKƏZ. Avtonomiyalar Rusiya Federasiyasının indiki subyektlərindən fərqli olaraq mədəniyyət, məişət, administrativ, hüquq, təsərrüfat sahələrində qat-qat çox hüquqlara malik ola bilərlər. Faktiki olaraq avtonomiyalara məhkəmələrin, hüquq-mühafizə orqanlarının, idarəçiliyin, nəzarətin funksiyaları verilə bilər. Federal qanunvericilik yalnız bütün avtonomiyalar üçün eyni olan minimum məsələləri tənzimləməlidir. Federal məhkəmələr və federal hüquq-mühafizə orqanları müstəsna olaraq icmalararası səviyyədə münaqişəli məsələlərlə məşğul olmalıdırlar. Bütün icmadaxili məsələlər isə müstəqil, ənənələr əsasında formalaşmış və möhkəmlənmiş yerli qanunlara uyğun tənzimlənməlidir.
Eyni zamanda, avtonomiyalar milli təhlükəsizlik, beynəlxalq münasibətlər və strateji planlaşdırma ilə bağlı məsələlərin həlli hüququnu Federal hakimiyyət orqanlarına həvalə edir. Yerlərdəki bütün mövcud suverenlik rudimentləri likvidasiya olunmalıdır.
Avtonomiyalar prinsipinə əsaslanan yeni Avrasiya dövlət quruluşu federal hakimiyyət orqanlarının da müəyyən mutasiyanı nəzərdə tutur.
Dövlətdə əsas strateji qərarları qəbul edən orqan ölkənin əhəmiyyətli avtonomiyalarının ən yaxşı nümayəndələrini təmsil edən Avtonomiyalar Məclisi olmalıdır. Avtonomiyaların liderləri və daha hörmətli nümayəndələri arasından Federal hakimiyyət orqanı – Avrasiya Administrasiyası formalaşdırılmalıdır. Avtonomiyalar ümumi orduda, federal hüquq-mühafizə orqanlarında xidmət etmək üçün nümayəndələr göndərir. Məsələlərin əksəriyyəti yerlərdə uğurla həll ediləcəyindən, bürokratik aparat son dərəcə azsaylı olacaq.
Beləliklə, Qərbin formal seçki demokratiyası sistemi (Rusiyada elektoratı aldadan və pulla alan kriminal sistemi doğurmuş) ölkənin ən yaxşı icma nümayəndələri tərəfindən idarə olunmasında yaradıcı iştirakı nəzərdə tutan təbii demokratiya ilə əvəz olunacaq. Belə demokratiya tipi (“plebeylərin” yox, “vətəndaşların” demokratiyası) qədim Yunanıstan və müasir İsveçrə üçün xarakterikdir.
AVTONOMİYALARDA TORPAQDAN İSTİFADƏ. Torpaqdan istifadə prinsipial olaraq vacib məsələdir. Heç bir avtonomiyanın ərazini başqasına vermək hüququ olmamalıdır. Əsas olaraq bu prinsip götürülməlidir: torpağın mülkiyyətçisi Yaradandır (ümumiyyətlə, torpaq sakrallaşdırılmalı, bir növ “doğma torpaq kultu” yaradılmalıdır). Bütün torpaqlar Rusiya xalqlarının kollektiv istifadəsindədir, onlar üzərində Rusiya hakimiyyəti sərəncam verir. Avtonomiyalara hazırda tutduqları torpaq sahələri əvəzsiz istifadəyə verilir. Rusiya dövləti (perspektivdə bütün Avrasiya məkanı) daxilində sərhədlər anlayışı “hüdudlar” anlaşıyı ilə əvəzlən olunmalıdır. “Hüdud” şərti, hüquqi qüvvəsi olmayan liniyadır- həmin liniya bir icmanın istifadəsində olan əraziləri digər icmanın istifadəsində olan ərazilərlə birləşdirir. Hüdudlar “hərəkətlidir”, qeydiyyata alınmırlar. Sərhədlər bölürdülər, hüdudlar isə birləşdirmək üçündür.
Suverenlik prinsipindən fərqli olaraq avtonomiya prinsipinin özü subyekt olaraq əraziləri (özbaşına, çox zaman münaqişə ilə çəkilmiş sərhədlərə malik) yox, aydın öz milli-dini identifikasiyası, kollektivin bərabərhüquqlu üzvü olan insanı nəzərdə tutur.
Beləliklə, suverenlik prinsipinin avtonomiya prinsipi ilə əvəz olunması separatizmi və Rusiya Federasiyası (o zaman “federasiya” sözü ləğv oluna bilər) daxilində sərhəd mübahisələrini mümkünsüz edir. Dövlət möhkəmlənir, Rusiya xalqları isə ictimai inkişaf üçün unikal imkanlar qazanır.
AVTONOMİYALAR VƏ MEQAPOLİSLƏR. Avtonomiya prinsipinin tətbiqi üçün iri şəhərlər daha problemli zonalar sayılır. Şəhərlilər öz milli və dini ənənələrinə daha az bağlı olurlar. Onlar aktiv təsərrüfatçı deyillər. Onlar daha çox vesternləşmə və qloballaşma prosesləri ilə əhatələnirlər. Bundan başqa, ciddi torpaq qıtlığının olduğu Avropada və Yaponiyada böyük şəhərlərin yaranması, mənimsənilməmiş torpaqların bol olduğu Rusiyada bir qədər gülünc görünür. Bütün bunlar o deməkdir ki, iri şəhərlər yavaş-yavaş seyrəkləşdirilməlidir. Əsas istehsal sahələri şəhərlərdən çıxarılmalıdır. Yaşayış məhəllələrinə münasibətdə “sloboda” prinsipindən istifadə olunmalıdır- şəhərdən sanitar meşə zolaqları ilə ayrılan ekoloji ərazilər yaradılmalıdır ki, onlarda milli, dini, tarixi-mədəni, yaxud digər əlamətlər üzrə (burda “həmyerlilik” təcrübəsi xüsusən diqqətə layiqdir) icmalar formalaşdırılmalıdır. Beləliklə, idarəetmə orqanları, mədəniyyət müəssisələri və xidmət sahələri müasir şəhərlərin ərazisində qalmalıdır.
Artıq Moskvada “sloboda” prinsipinin reallaşdırılmasına dair nümunələrə rast gəlmək mümkündür. Moskva rəhbərliyi ayrıca ev və ya məhəllə çərçivəsində özünüidarəni təşviq edir. Bu, bir çox problemlərin effektiv həllinə imkan yaradır, ən başlıcası isə bu yolla meqapolisin komunallaşmasının təməli qoyulur – insanlar müəyyən icmanın bir hissəsi olmağa, birlikdə hərəkət etməyə öyrəşirlər. Nəticədə “slobodalarda” problemlərin çoxu sərbəst şəkildə həll olunacaq.
AVTONOMİYALR VƏ “QAYNAR NÖQTƏLƏR”. Əgər Rusiyanın əsas ərazisində subyektlərin suverenliyindən avtonomiya prinsipinə keçid hələlik təxirə salınırsa, yaxud ləng həyata keçirilirsə (ancaq bu çox təhlükəlidir), Rusiyanın “qaynar nöqtələrində” (həmçinin MDB ərazisindəki “qaynar nöqtələrdə”) onu dərhal tətbiq etmək lazımdır.
Rusiya ərazisində qan tökülməsinə gətirib çıxaran millətlərarası konfliktlərin səbəblərini analiz etsək (Çeçenistanda, Vladiqafqazın Priqorodnı rayonunda və s.), burda qüsurlu yerli suverenlik prinsipinin faciəvi rolunu aydın görərik.
Xalqların yerləşmə arealları o dərəcədə mürəkkəb təmaslara malikdir ki, onlar arasında düzgün sərhədlər çəkmək praktiki olaraq mümkün deyil. Suverenlik prinsipi yerli elitaları özləri üçün get-gedə daha çox dövlətçilik atributları mənimsəməyə (o cümlədən, sərhədləri möhkəmləndirməyə) sövq edir. Bütün bunlar konfliktli situasiyalara gətirib çıxarır ki, bu konfliktləri ilkin paradiqmada həll etmək mümkün olmur. Odur ki keyfiyyətcə fərqli, yeni konsepsiya lazımdır.
Avtonomiya prinsipi, hansı ki, suverenliyi və onun bütün atributlarını inkar edir, subyekt olaraq əraziləri (onların problemli sərhədləri ilə) yox, xalqları götürür və “dalandan çıxmağın” unikal imkanlarını təqdim edir.
***
Rusiya – çoxmillətli, çoxkonfessiyalı, çoxmədəniyyətli, nəhəng məskunlaşmamış ərazilərə, müxtəlif landşaftlara malik, çoxlu tarixən formalaşmış, mentalitetinə və həyat tərzinə görə bir-birindən fərqlənən icmaları olan unikal məkandır. Yad tarixi kontekstdə formalaşmış prinsiplərin ona tətbiqi ağrısız və effektli ola bilməz. Rusiyada klassik federal modelin həyata keçirilməsi – bu “gec partlayan mina effekti” verəcək ki, ölkəmizi çoxlu qan daman hissələrə parçalaya bilər. Hökmən Rusiyanın unikal xüsusiyyətlərini nəzərə alan, Rusiyada məskunlaşmış xalqlara tam milli və mədəni tərəqqi, dini dirçəliş, sülh və rifah təmin edəcək modeli tapmaq lazımdır.
Bu mənada suverenlik prinsipinin avtonomiya prinsipi ilə dəyişdirilməsi son dərəcə vaxtında və alternativsizdir.


Müəllif: Aleksandr Duqin













Tərcümə: Nadir Qocabəyli

Комментариев нет:

Отправить комментарий