Страницы

24.06.2021

AVRASİYA HƏRƏKATININ PROQRAMI. 7-Cİ HİSSƏ: AVRASİYAÇILIĞIN FORMALAŞMA TARİXİ


Lev Nikolayeviç Qumilyov (1912-1992) rus şairi N. Qumilyovun və şairə A. Axmatovanın oğludur. O etnoqraf, tarixçi, filosofdur. Asiyaya edilən bir çox ekspedisiyalarda iştirakçısı olub. Dəfələrlə həbs edilib. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1965-ci ildə nəşr olunan “Tarixi coğrafiya fənni haqda” əsərində ilk dəfə etnos haqqında nəzəriyyəsini şərh edib. 1976-cı ildə “Etnogenez və Yerin biosferi” əsərini tamamlayıb. 1989-cu ildə “Qədim Rus dövləti və Böyük Çöl” əsəri nəşr olunub. 1992-ci ildə vəfat edib.
Qumilyova kalmık millətindən olan avrasiyaçı E. Xara-Davanın “Çingizxan sərkərdə kimi” kitabı və P.S. Savitskinin əsərləri böyük təsir göstərmişdir. O öz əsərlərində avrasiyaçılığın əsas tezislərini inkişaf etdirmişdir. Ömrünün axırında özünü “sonuncu avrasiyaçı” adlandırmışdır.
QUMİLYOVUN NƏZƏRİYYƏSİNİN ƏSAS MƏQAMLARI.
a)PASSİONARLIQ NƏZƏRİYYƏSİ AVRASİYA İDEALİZMİNİN İNKİŞAFI KİMİ. Qumilyov avrasiyaçıların çıxardığı əsas tarixi-metodoloji nəticələri qəbul edirdi. Lakin onlarda özünün başlıca sualına cavab tapa bilmirdi: etnoslar arasında müsbət və ya mənfi komplimentarlığın (bir-birini tamamlamamağın) səbəbi nədir? Onun fikrincə, məsələ bundan ibarətdir ki, etnoslar təbii yaradılışlar kimi kosmosdan gələn və “passionarlıq effekti” yaradan, yəni yüksək aktivliyə, fövqəlgərginliyə səbəb olan müəyyən “energetik impulslarla” üzləşirlər. Belə hallarda etnoslar “genetik mutasiyaya” məruz qalırlar ki, bu da “passionarların” – xüsusi temperamentli və istedadlı insanların doğuluşuna gətirib çıxarır. Yeni etnosların, mədəniyyətlərin və dövlətlərin yaradıcısı da onlar olurlar.
b)ELMİ DİQQƏTİN ŞƏRQİN “KÖÇƏRİ İMPERİYALARININ” PROTOTARİXİNƏ YÖNƏLMƏSİ. Bu və qədim Avrasiyanın yerli əhalisinin nəhəng etnik və mədəni irsinin kəşfi qədim dövrün möhtəşəm, amma layiq olmadığı halda unudulmuş mədəniyyətləri ilə (hunlar, türklər, monqollar və s.) tamamilə tutuşdurula bilər.
c)“ETNİK KOMPLİMENTARLIQ” NƏZƏRİYYƏSİNDƏ TÜRKOFİL YANAŞMANIN İNKİŞAFI. Etnos – ümumiyyətlə götürdükdə insanların hər cür cəmi, tarixi taleyin ümumiliyinə əsaslanan “kollektiv”, xalq, kiçik xalq, millət, tayfa, qəbilə birliyidir. Hər bir etnosun əvvəli və sonu var: o doğulur, yetkinləşir, qocalır və ölür. Bununla bərabər heç bir etnos, heç bir xalq “tənha yaşamır”. Onların arasında müvafiq komplimentarlıq, simpatiya, dostluq ilə şərtlənən rəngarəng etnik əlaqələr mövcud olur. Ruslarda belə bir komplimentarlıq “monqoloidlərlə” asanlıqla qurulmuşdur, ancaq avropalılarla, xüsusən də katoliklərlə münasibətdə qorxunc çətinliklər yaranmışdır. Qumilyov yazırdı: “Babalarımız velikoruslar 15-16-17-ci əsrlərdə Volqa, Don, Ob tatarları və rus mədəniyyətini qəbul edən buryatlarla asanlıqla və çox sürətlə qaynayıb-qarışıblar. Velikoruslar özləri yakutların içində asanlıqla əriyiblər, yakutlaşıblar, daim qazaxlar və kalmıklarla yoldaşcasına, dostcasına əlaqədə olublar. Evləniblər, Mərkəzi Asiyada monqollarla problemsiz yola gediblər. Necə ki 14-16-cı əsrlərdə monqollar və türklər də Mərkəzi Rusiyada ruslarla asanlıqla qaynayıb-qarışıblar”. Ona görə də Moskva Rus dövlətinin tarixini rus-tatar etnik əlaqələri kontekstindən, Avrasiya qitəsinin tarixindən kənarda nəzərdən keçirmək olmaz.
YENİ AVRASİYAÇILIĞIN (NEOAVRASİYAÇILIĞIN) MEYDANA ÇIXMASI: TARİXİ-SOSİAL KONTEKST.
1.SOVET PARADİQMATİKASININ BÖHRANI. 80-ci illərin ortalarına doğru Sovet cəmiyyəti refleksiya və özünürefleksiya rabitəsini və adekvatlığını itirməyə başladı. Sovet özünüdərk modelləri dağılırdı. Cəmiyyət orientasiyasını itirirdi. Hamı dəyişikliyə ehtiyac hiss edirdi, amma bu duyğu tutqun idi, heç kəs dəyişiklikləri hardan gözləməli olduğunu bilmirdi. O dövrdə anlaşılmaz bir suayrıcı xətti yaranmışdı: “tərəqqi gücləri” və “reaksiya gücləri”, “islahatçılar” və “köhnəlik tərəfdarları”, “islahat tərəfdarları” və “islahat əleyhdarları”. Məsələ belə qoyulurdu: bəziləri Sovet sisteminin böhran keçirdiyini iddia edir, digərləri isə heç bir böhranın olmadığını söyləyirdilər. Hər şey bu (yetərincə saxta) problemin ətrafında fırlandığından, “islahatların” məzmunu, orientasiyası, onların digər tarixi mərhələlərlə əlaqəsi haqqında heç kəs düşünmürdü. Səciyyəvi haldır ki, “reaksiyaçı” və “islahat əleyhdarı” olan qüvvələr marksizmə və sovetizmə əsaslanan dünyagörüş rabitə sistemlərini çoxdan itirmişdilər və “islahatlara” qarşı əqidə baxımından yox, daha çox inersiya ilə müqavimət göstərirdilər.
2.QƏRB MODELLƏRİNƏ ALUDƏÇİLİK. Belə bir şəraitdə “islahat” termini öz-özünə “liberal-demokratiyanın” sinoniminə çevrildi. Sovet sisteminin böhranı faktından tələsikcəsinə (və həqiqətən müəmmalı şəkildə) Qərb modelinin aşkar üstünlüyü, onun kopyalanmasının zəruriliyi barədə nəticə çıxarıldı. Nəzəriyyə səviyyəsində bu həqiqətən müəmmalıdır, çünki “ideologiyalar xəritəsində” primitiv dualizmdə olduğundan (sosializm yoxsa kapitalizm, Varşava Müqaviləsi yoxsa NATO) daha çox seçim sistemləri vardır. Lakin məhz primitiv ikili məntiq üstünlük təşkil etdi: “islahat tərəfdarları” Qərbin şəksiz məddahlarına çevrildilər, onun məntiq və strukturlarını sürətlə mənimsədilər, “islahat əleyhdarları” isə məntiq və strukturunun get-gedə öz əllərindən sürüşüb çıxdığı postsovet quruluşunun süst müdafiəçiləri kimi çıxış etdilər. Belə bir nataraz durumda enerji potensialı, yeniliklər, dəyişiklik ümidi, yaradıcı impuls, perspektiv islahatçı-qərbçilərin tərəfində idi, “reaksiyaçılara” qalan isə ətalət, durğunluq, alışılmışa və məluma müraciət oldu. Məhz belə bir psixoloji və estetik dumanda Qərb liberal-demokratları 90-cı illərin Rusiyasında üstünlüyü ələ aldılar. Hərçənd aydın və şüurlu ideoloji seçim həyata keçirmək üçün heç kəsə imkan verilmədi. Qərbçilik və liberal-demokratiya Rusiyada 80-ci illərin sonu 90-cı illərin əvvəlində “xəlvəti”, son dərəcə ümumi və konkret olmayan “İslahatlar uğrunda!” şüarı altında bərqərar oldu. Məhz hansı islahatların nəzərdə tutulduğu barədə isə heç nə deyilmirdi. “İslahatçıların” bir qrupu tərəfindən bu, şüurlu həyata keçirilən hiylə olsa da, əhalinin əksəriyyəti üçün azad seçkinin səhv başa düşülməsi, yəni manipulyasiya idi.
DÖVLƏTÇİLİYİN SÜQUTU. “İslahatların” nəticəsi Sovet dövlətinin süqutu və SSRİ-nin qalığı olan Rusiyanın çöküşünün başlanğıcı oldu. Sovet sistemi və “Sovet rasionallığı” dağıldıqca, milli və tarixi şəraitə adaptasiya olunmuş yeni sistem və yeni rasionallıq yaradılmırdı. Tədricən Rusiyaya və onun milli tarixinə münasibətdə spesifik münasibət üstünlük qazanırdı: Rusiyanın keçmişinə, indisinə və gələcəyinə Qərb prizmasından baxmağa, hər şeyi xaricdən, kənardan, yad kimi qiymətləndirməyə başladılar (“bu ölkə” – “islahatçıların” tipik ifadəsi belə idi). Bu baxış Rusiyadan Qərbə deyil, Qərbdən Rusiyaya idi. Belə bir situasiyada təəccüblü deyil ki, Qərb mexanizmlərinin mənimsənilməsi hətta “islahatçıların” nəzəri baxışlarında milli dövlətçilik strukturlarını yaratmağa və möhkəmləndirməyə deyil, sonuncunu da dağıtmağa yönəlmişdi. Dövlətin dağıdılması “islahatların” təsadüfi nəticəsi deyil, faktiki olaraq Qərbin strateji məqsədlərindən biri idi.
POSTSOVET ŞƏRAİTİNDƏ ANTİQƏRB (ANTİLİBERAL) MÜXALİFƏTİN YARANMASI. “İslahatlar” inkişaf etdikcə və dərinləşdikcə adi reaksiyanın qeyri-adekvatlığı çoxları üçün aydın oldu. Bu dövrdə (1989-90) “milli-vətənpərvər müxalifət” yarandı ki, sıralarına minimal refleksiyaya qadir “sovet konservatorları”, “islahatlara” inamını itirmiş, yaxud onların antidövlət istiqamətini dərk etmiş bir sıra “islahatçılar”, hələ yenidənqurma dövründə formalaşan və hökmranlıq emosiyalarını neokommunist kontekstdə rəsmiləşdirməyə çalışan vətənpərvərlər hərəkatının bir sıra nümayəndələri (pravoslav-monarxik, milliyyətçi və s.) daxil oldular. Postsovet vətənpərvərliyinin konseptual modeli ciddi gecikmə ilə, heç bir xarici strateji, intellektual və maddi dəstək olmadan dağınıq şəkildə formalaşmağa başladı.
NEOAVRASİYAÇILIQ. Yeni avrasiyaçılıq ideoloji və siyasi hadisə olaraq bu kontekstdə meydana çıxdı, inersial sovetizm (Rusiya Kommunist Partiyası, Rusiya Kommunist Fəhlə Partiyası, “Zəhmətkeş Rusiya” hərəkatı), marginal monarxizm və dumanlı millətçiliklə (Rusiya Liberal Demokrat Partiyası) yanaşı (bəzən də birlikdə) tədricən postsovet Rusiyasının əsas patriotik özünüdərk istiqamətlərindən biri oldu.
NEOAVRASİYAÇILIQ İDEOLOGİYASININ İNKİŞAF MƏRHƏLƏLƏRİ VƏ ƏLAVƏ AXINLAR.
1-Cİ MƏRHƏLƏ (1985-90-CI İLLƏR): SAĞ AVRASİYAÇILIQ MİLLİ-MÜHAFİZƏKAR MƏCRADA. “Sağ avrasiyaçılıq” bu mərhələdə, neokommunist vətənpərvər dairələr kontekstində formalaşmağa başladı. Həmin mərhələnin polemik meydanında “liberal-islahatçılar” haqqında danışdığımız istiqamətləri “xoxanlaşdırdı”, kommunist isteblişment isə onları dəstəkləmədi. Bu qruplara hakimiyyətin və KİV-in münasibəti bəzən son dərəcə mənfi olurdu, bu səbəbdən onların obrazı güclü təhrifə məruz qaldı. Bununla yanaşı, onu da etiraf etmək lazımdır ki, bu qrupların “ekstremal” görünən xeyli layihəsi tez bir zamanda və tamamilə ciddi siyasi insansiyalar tərəfindən praktikada həyata keçirildi. Məsələn, 80-ci illərin sonlarında milli vətənpərvərlərin Xilsakar İsa Məbədinin bərpası, kilsələrin hər yerdə bərpa olunmasının zərurəti, Çar ailəsinin kilsə tərəfindən övliyalar sırasına keçirilməsi, inqilaba qədərki kilsə-monarxiya mədəniyyətinin qaytarılması, rus tarixinin sovet marksist-materialist ənənələrindən kənar tədrisi, orduda “polk keşişləri” vəzifələrinin tətbiqi və s. ideyaları bu qəbildəndir. Bu cür “mühafizəkar” tendensiyaları həm islahatçılar, həm də sovet konservatorları “qaragüruhçuluq” kimi damğalayırdılar. Buna baxmayaraq, bunlar hamısı tez bir zamanda hamının qəbul etdiyi fakta çevrildi, hərçənd bu təklifləri irəli sürən qrupları “xortdan” kimi qələmə vermək inersiyası bu gün də qalır və onlara qarşı münasibət açıq-aşkar qeyri-obyektivdir.
Bu kontekstdə “milli-mühafizəkar” hərəkatın meydana gəlməsi “neoavrasiyaçıların” ilk qruplarını formalaşdırmağa başladı.
1989-cu ildə “Sovetskaya literatura” jurnalında neoavrasiyaçıların ilk məqalələri peyda oldu (Aleksandr Duqin, “Proletar erasının sonu”), “Kontinent-Rossiya” almanaxının nəşri həyata keçirildi (1989), A. Duqinin “Kontinent-Rossiya”, “Avrasiya təhtəlşüuru” və s. məqalələri çap olundu. İtaliyada A. Dughin “Continente Russia” (1989), İspaniyada A. Dughin “Rusia: Misterio de Eurasia” (1990) kitabları çapdan çıxdı.
Elə həmin dövrdə tradinasionalizm klassiklərinin ilk məqalələri dərc olundu. 1990-cı ildə R. Genonun “Müasir dünyanın böhranı” əsərinin 1-ci nəşri A. Duqinin müfəssəl şərhləri ilə və A. Duqinin “Absolyutun yolları” kitabı tradinasionalizm fəlsəfəsi əsaslarının şərhi ilə çapdan çıxdı.
Bu dövrdə neoavrasiyaçılıq tarixi ənənəçilərə yaxın olan, pravoslav-monarxik, “etnik zəminli” elementlər daşıyan, sol ideologiyanı sərt tənqid edən sağ-mühafizəkar xarakter daşıyırdı.
Həmin dövrdə Duqinlə avrasiyaçılığı Heydər Camal da bölüşürdü, ancaq sonradan “islamçılığın” xeyrinə bu mövqedən imtina etdi. Qumilyovla (həyatının son illərində) və onun davamçıları ilə birbaşa kəsişmələr yox idi. Neoavrasiyaçılığın bu dövrünün təşəkkülü metafizik, fəlsəfi, nəzəri, dini tədqiqatların, mühazirələrin, məqalələrın çoxluğu ilə müşayiət olunur. Əsas vurğu ənənəçiliyin üzərinə düşürdü.
2-Cİ MƏRHƏLƏ (1991-1993-cü illər): NEOAVRASİYAÇILIQ VƏTƏNPƏRVƏR MÜXALİFƏTLƏ YAXINLAŞIR. Mürəkkəb ideoloji duruma düşən kommunist-mühafizəkarlar təcili olaraq surroqat (əvəzedici) ideologiya axtarmağa başladılar. 1991-ci ilin uğursuz qiyamından sonra Züqanov Duqinlə yaxınlaşır, “Den” qəzetinin baş redaktoru Aleksandr Proxanov isə avrasiyaçılığın bəzi ideyalarını Züqanova təlqin edirdi. Beləcə, yavaş-yavaş “qırmızı-ağ” müxalifət (aşağılayıcı tərzdə “qırmızı-qəhvəyi” adlandırılan) formalaşırdı. O əvvəlcə “Milli Qurtuluş Cəbhəsinin” ideya platforması oldu, sonra isə Rusiya Kommunist Partiyası proqramının əsasını təşkil etdi. İdeyaların bu şəkildə qovuşmasına imkan verən ümumi məxrəc rolunda məhz avrasiyaçılıq paradiqması çıxış edirdi. Bu dövrdə neoavrasiyaçı dairələr “antikommunizmə” nisbi olaraq yenidən baxırdılar (neoavrasiyaçılığın ilk etapının əlaməti) və “Sovet dövrünü” tarixi milli bolşeviklər (“smenovexovçular”) və “sol avrasiyaçılar” ruhunda yenidən qiymətləndirirdilər.
Bu dövrdə vətənpərvər “Den”, “Naş sovremennik”, “Sovetskaya Rossiya” qəzet və jurnallarında silsilə məqalələr dərc olunurdu. Geopolitikaya (A. Duqin, “Qitələrin böyük savaşı”, 1992), sakral coğrafiyaya, ənənəçiliyə, mühafizəkar inqilaba həsr olunmuş ilk məqalələr meydana çıxırdı. Bu, neoavrasiyaçılığın qızğın inkişafı, çoxlu məqalələr, seminarlar, mühazirələr, dəyirmi masalar, simpoziumlar, diskussiyalar və s. çağı idi. Neoavrasiyaçılıq istiqaməti ətrafında görünməyən ox ətrafında olduğu kimi ciddi siyasi layihələr sıraya düzülməyə başladı.
Həmin illərdə Moskvaya avropalı “yeni sağçı” nəzəriyyəçilər də gəlirdi (A. De Benua, R. Stoykers, J. Tiriar, K. Terraçano, M. Battara, K. Mutti və s.). Müasir Avropa düşüncəsinin bu mühafizəkar istiqaməti avrasiyaçıların ideya axtarışlarında rezonans oldu. Avropalı “yeni sağçılar” (anqlo-saksonlardan fərqli olaraq) mühafizəkar dəyərləri sosial dinamizm və avanqardla birləşdirirdilər, iqtisadiyyatda sol modellərə simpatiya bəsləyirdilər, antikommunist deyildilər və rusofil tendensiyalarla seçilirdilər. Neoavrasiyaçıların bu dairələrlə intensiv dialoqu onların konseptual baqajını əhəmiyyətli dərəcədə zənginləşdirirdi ki, bura “Avropa yeni sağçılarının” ideya laboratoriyalarında fəal surətdə inkişaf etdirilən müasir geopolitik, sosioloji, politoloji, fəlsəfi, dünşünaslıq, iqtisadi nəzəriyyələr inteqrasiya olunurdu. “Yeni sağçılar” kommunist dairələrə də müəyyən təsir göstərirdilər (onlarla birgə seminarlarda G. Züqanov, Y. Liqaçov, V. Çikin və s. iştirak edirdilər).
Bu zaman H. Camal yeni avrasiyaşılıqdan uzaqlaşaraq, sırf islamçı siyasi-dini fəaliyyətə yönəldi və “İslam Dirçəliş Partiyasının” (Tacikistanda qanlı savaş törədən) fəallarından biri oldu, Qafqazdakı “sələfi” (vahhabi) dairələrə cəlb olundu.
Tədricən neoavrasiyaçılıq vətənpərvər müxalifət və ziyalılar arasında populyarlaşdı. Səciyyəvidir ki, bu dövrdə avrasiyaçılığa liberal-demokratik kontekstdə yenidən baxılmasına ilk cəhd edildi. Bir sıra demokratlar “demokratik avrasiyaçılıq” layihəsini irəli sürməyə səy göstərdilər (Q. Popov, S. Stankeviç, L. Ponomaryov). Bunun əsasında terminlərin müəyyən mənada dolaşıq salınması dayanırdı – tanınmış hüquq müdafiəçisi A. Saxarov da Avrasiya haqqında danışırdı, ancaq fəlsəfi, siyasi və və geopolitik deyil, sırf coğrafi mənada (qatı atlantist olduğu üçün heç vaxt avrasiyaçılığa bu cür yanaşa bilməzdi). Saxarov “Avrasiya” anlayışına öz antikommunist fəaliyyəti məcrasında praqmatik yanaşırdı. O zaman SSRİ-nin tamamilə dağılması ağlasığmaz sayıldığından, Saxarov SSRİ-ni sovet ideologiyasından imtina etməklə sırf ərazi, coğrafi statusda qəbul etməyə çağırırdı. Bunun 20-ci əsrin ilk yarısındakı ideoloji avrasiyaçılığa və yeni avrasiyaçılığa heç bir aidiyyatı yox idi. “Demokratik avrasiyaçılar” sovetizmin çox tez dağılmasının postsovet məkanda radikal millətçilik və arxaik mühafizəkarlıq ocaqları doğuracağından qorxduqları üçün həmin təfəkkür gedişlərdən istifadə etməyə çalışırdılar. Bu yanaşma müəyyən “sosial-demokratik” cizgilərə malik idi. “Demokratik avrasiyaçılığa” elə bu yöndən “Qorbaçov Fondu”nun bəzi fəalları da (xüsusən Q. Şaxnazarov) yanaşırdılar. Ancaq bu xətt ciddi nəzəri və praktiki inkişafa nail ola bilmədi.
Səciyyəvi haldır ki, 1993-cü ildə “Ağ Ev” gülləbaran olunmamışdan qabaq Parlamentin sədri R. Xasbulatov və Konstitusiya Məhkəməsinin sədri V. Zorkin “Den” qəzetinə müsahibələrində məhz avrasiyaçılıq tərəfdarı olduqlarını (Duqin-Proxanov-Züqanov üslubunda) bəyan etdilər.
O dövrdə O. Lobov, O. Soskoves, S. Baburin kimi siyasətçilər də öz avrasiyaçılıqları haqda danışırdılar.
1992-93-cü illərdə “Avrasiya İcmalı Elementləri” teoretik jurnalının ilk 3 sayı çıxdı. Jurnalda neoavrasiyaçılıq nəzəriyyəsinin nəzəri əsasları, geopolitika, ənənəçilik, “yeni sağçılıq” nəzəriyyələri haqqında çoxsaylı materiallar və tərcümələr dərc olunurdu.
Elə həmin dövrdə ali təhsil müəssisələrində, çoxsaylı seminar və mühazirələrdə geopolitika və avrasiyaçılığın əsasları tədris olunmağa başladı.
3-CÜ MƏRHƏLƏ (1994-1998-ci illər): NEOAVRASİYAÇILIQ ORTODOKSİYASININ TEORETİK İNKİŞAFI. Milli-vətənpərvər müxalifət 1993-cü ildə ciddi məğlubiyyətə uğradıqdan sonra neoavrasiyaçılıq yavaş-yavaş müstəqil istiqamət götürməyə başladı. Yeni avrasiyaçılıq mövzularının milli-vətənpərvərlik siyasəti məcrasında (Rusiya Kommunist Partiyası, Rusiya Liberal Demokratik Partiyası və s.) praqmatik və fraqmentar mənimsənilməsinin yetərli olmaması, əsas güc istiqamətlərinin və təşkilatlarının Avrasiya Layihəsini tam şəkildə reallaşdırmaq üçün zəruri və qənaətbəxş səviyyədə tarixi subyektliyə malik olmaması haqqında ciddi nəticələr çıxarıldı.
Belə bir şəraitdə neoavrasiyaçılar başlıca səylərini əsas nəzəri istiqamətlərin – geopolitikanın, fəlsəfə tarixinin, dinşünaslığın daha dəqiq təkmilləşməsi üzərində cəmlədilər. Bu illərdə A.Q. Duqinin əsas əsərlərinin – “Konspirologiya” (1994), “Mühafizəkar inqilab” (1994), “Avrasiya Misteriyaları” (1996), “Xoş Müjdə Metafizikası” (1996), “Geopolitikanın əsasları. Rusiyanın geopolitik gələcəyi” (1997), “Proletariatın tampliyerləri” (1997) nəşri həyata keçirildi, N.S. Trubetskoyun, Q.V. Vernadskinin, N.N. Alekseyevin, P.N. Savitskinin (1995-1998-ci illər) əsərləri “Aqraf” nəşriyyatında A.Q. Duqinin şərhləri ilə nəşr olundu.
1996-cı ildən avrasiyaçılar internetdə aktiv fəaliyyətə başladılar. Avrasiya fəlsəfi portalı “Arktogey”, sonralar isə evrazia.org əsas saytı yaradıldı.
Bu dövrdə Rusiya Kommunist Partiyasının, Rusiya Liberal Demokrat Partiyasının, “Bizim evimiz - Rusiya” hərəkatının, yəni solçuların, sağçıların və mərkəzçilərin proqram sənədlərində avrasiyaçılığa birbaşa və dolayı müraciətlərini, həmçinin avrasiyaçılıq mövzusuna dair məqalələrin artdığını görürük. Mühüm məqam odur ki, Avrasiya mirasına maraq bir qayda olaraq istorioqrafiyanın səviyyəsi ilə məhdudlaşırdı. Avrasiyaçılığın dünyagörüş, fəlsəfə, siyasi təlim, tarixi metod olaraq yenidən aktuallaşdırılmasına isə praktiki olaraq heç kəs cəhd etrmirdi.
Bununla bərabər, avrasiyaçılığın millətçilər, pravoslav “fundamentalistlər” və kommunist-ortodokslar tərəfindən tənqidi güclənirdi. Vətənpərvərlər hərəkatı çərçivəsində avrasiyaçılığa qarşı tədricən üç münasibət formalaşırdı: 1.Avrasiyaçılıq ideologiyası ilə uyğunlaşma (neoavrasiyaçılığın özü); 2.Avrasiyaçılıq ideologiyasının ayrı-ayrı müddəalarının fraqmentar mənimsənilməsi (Rusiya Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası); 3.Avrasiyaçılığın sərt inkarı – ifrat solçularda ortodoksal kommunist, ifrat sağçılarda pravoslav-monarxik və irqçi, “vətənpərvər-demokratlarda” isə (S.Y. Kurqinyan) Qərb humanizmi mövqeyindən.
Elə bu zaman yumşaldılmış “akademik” neoavrasiyaçılıq (professor A.S. Panarin) maarifçilik paradiqmaları elementləri ilə (Avrasiya ortodoksiyasında inkar olunan) meydana çıxaraq, anti-Qərb, anti-liberal, anti-qlobalist mövqelərin radikallaşması istiqamətində təkamül etdi. A.S. Panarinin əsas əsərləri bu vaxt çap olundu.
Bu dövrdə avrasiyaçılığın müxtəlif dərəcəli rusofob çalarlara boyanmış əsas türk-Turan istiqamətləri formalaşdı. Avrasiyaçılığın kalssik irsindən yalnız türkofiliya (orda həqiqətən mövcud olmuş) götürülür, ancaq panturanizm və federal mərkəzdən maksimal muxtariyyət səyləri ilə birləşdirilirdi. Səciyyəvi haldır ki, Tatarıstanda avrasiyaçılığı millətçi, antirus, separatçı təşkilat olan Tatar İctimai Mərkəzinin keçmiş ideoloqları inkişaf etdirirdilər.
Avrasiyaçılıq Qazaxıstanda da populyarlaşdı. Qazaxıstan prezidenti Nursultan Nazarbayev özü bu ideyanının daşıyıcısı kimi çıxış etdi. Bu məcrada əlamətdar hadisə baş verdi – Astanada L.N. Qumilyov Universiteti açıldı. 1994-cü ilin aprelində Nursultan Abişoviç Nazarbayev Moskva Dövlət Universitetində Avrasiya Birliyi yaradılması ideyasını elan etdi. Avrasiyaçılığın tarixində ilk dəfə belə miqyasda bir siyasi xadim bu dünyagörüşə dəstək verdi və onun həyata keçirilməsi üçün konkret addımlar təklif etdi. Bu hadisənin mühüm əhəmiyyətini A.Q. Duqin sonradan özünün “Nursultan Nazarbayevin avrasiyaçılıq missiyası” kitabında (2004) hərtərəfli və məzmunlu şəkildə təhlil etmişdir.
Elə həmin illərdə bəzi neoavrasiyaçılar (smenovexovçuluq və N. Ustryalovun sol avrasiyaçılığı ruhunda olan) ifrat solçu gənclərin siyasi  layihəsi olan Milli Bolşevik Partiyasının yaradılmasında və “Limonka” gənclər qəzetinin buraxılmasında iştirak etdilər. Məqsəd rus gəncliyinə (itirilmiş nəslə) yaradıcı özünüifadənin qeyri-Qərb, yerli formalarını təlqin etmək idi. 1996-1997-ci illərdə Milli Bolşevik Partiyası qəfil deqradasiyaya uğrayaraq, estetik-intellektual cərəyandan “siyasi xuliqanlığa” çevriləndə, yeni avrasiyaçılar tam ayrılmaya getdilər və müstəqil mövqedən çıxış etməyə başladılar.
4-CÜ MƏRHƏLƏ (1998-2001): NEOAVRASİYAÇILIĞIN MƏRKƏZÇİ SİYASİ MÖVQEYƏ ÇEVRİLMƏSİ, KƏNAR SİYASİ-MƏDƏNİ VƏ PARTİYA TƏZAHÜRLƏRİNDƏN QURTULMA PROSESİNİN BAŞA ÇATMASI VƏ MÜSTƏQİL İSTİQAMƏT GÖTÜRÜLMƏSİ (“ARKTOGEYA”, “YENİ UNİVERSİTET”, “AVRASİYA MÜDAXILƏSI”). 4-cü mərhələnin neoavrasıyaçı düşüncəsi geopolitik metodologiyanın inkişafına və bu metodologiyanın konkret siyasi və beynəlxalq təzahürlərin analizinin tətbiqinə istiqamətlənmişdi. Geopolitik intizamın ayrı-ayrı nəzəri tərəflərinin dəqiqləşdirilməsi ilə paralel olaraq, daha konkret tətbiqinin sxemləri və modelləri işlənib hazırlandı. Bu mərhələdə dini sferada rus Prasvoslavlığı məcrasında staroobryad (əski təriqət) irsinin dərindən öyrənilməsi baş vermiş, bütün milli tarixin daxili qanunauyğunluğu naminə “rus raskolunun” fundamental əhəmiyyəti haqda ideya inkişaf etmişdir.
Siyasətdə bu mərhələ mərkəzçi mövqeyə tam keçidlə əlamətdardır ki, bu da praktiki olaraq Y.M. Primakovu dəstəkləməkdə özünü göstərib. 1998-ci ildə avrasiyaçıların lideri A.Q. Duqin Dövlət Dumasının spikeri Q.N. Seleznyovun müşaviri təyin olunub.
1998-ci ildə A. Duqinin “Bizim Yol” adıyla nəşr olunan avrasiyaçı broşurası, 2002-ci ildə “Avrasiya Yolu” kimi yenidən çapdan çıxdı. “Zavtra” qəzetinin əlavəsi olan “Avrasiya Müdaxiləsi”nin müntəzəm nəşri reallaşdı, hərçənd “Zavtra” redaksiyasının RFKP-çi və çox zaman ekstremist mövqeyi getdikcə yeni avrasiyaçılarla daha çox haçalanırdı (həm əsas, həm də xüsusi məsələlərdə). A.Q. Duqinin 2001-ci ildə çapdan çıxan iki cildlik “Rus tərzi” əsərində ən müxtəlif sahələrə – politologiyaya, iqtisadiyyata, din tarixinə, ədəbi tənqidə, sənətşünaslığa, geopolitikaya, sosiologiyaya və s. dair yeni avrasıyaçı yanaşmanın geniş panoraması verildi. Duqinin mətbuatda – “Nezavisimaya qazeta”da, “Moskovskiye novosti”də, “Literaturnaya qazeta”da çoxsaylı məqalələri və müsahibələri dərc olundu. Duqin 1998-ci ildə “Finis Mundi” radiosunda musiqili-fəlsəfi silsilə proqramlar yaydı, 1998-1999-cu illərdə “Svobodnaya Rossiya” radiosunda yeni avrasiyaçılıq və geopolitika üzrə həftədə bir saatlıq proqram apardı.
2000-ci ildə A.Q. Duqin neoavrasiyaçılıq dünyagörüşü paradiqmasını paralel siyasi layihə etmək üçün sonuncu cəhd göstərir- o “Rossiya” sol-mərkəzçi hərəkatının (lideri Q.N. Seleznyov) nəzəri proqramının hazırlanmasında fəal iştirak edir, ilkin mərhələlərdə hərəkatın Mərkəzi Şurasında təmsil olunur. Amma Q.N. Seleznyovun avrasiyaçılığa simpatiyasına baxmayaraq, bu təşəbbüs ciddi siyasi nəticələr vermir. “Rossiya” hərakatının yaradılmasının gedişində daha çox formal əsaslarda təşkilatlanan Avrasiya strukturları bu andan etibarən müstəqil siyasi kurs götürərək özünü göstərməyə başlayır.
V.V. Putin Baş nazir səlahiyyətlərini yerinə yetirməyə başladığı andan avrasiyaçılar onun siyasi kursunu dəstəklədiklərini bəyan etdilər. Mərkəzçi tendensiyalar möhkəmlənməyə başladı və tarixi perspektivsizliyi artıq şübhə doğurmayan müxalifətlə uzunmüddətli və sıx əməkdaşlıq prosesində əldə olunmuş ciddi nəticələr sayəsində bir az da mətinləşdi. Hazırkı şəraitdə avrasiyaçılıq kursunun inqilabi deyil, yalnız təkamül formatında gerçəkləşə biləcəyinə əminlik hasil oldu.
2001-ci ildə Putin Gömrük Birliyi ölkələrinin rəhbərləri ilə birlikdə Bişkekdə Avrasiya İqtisadi Əməkdaşlığı təşkilatını elan etməklə avrasiyaçıların ümidlərini doğrultdu. Bunun davamı olaraq Putin Bruneydə “Rusiya – Avrasiya ölkəsidir” deyərək ciddi bəyanat verdi.
2000-ci ildə islamçı-vahhabi qruplar avrasiyaçı ideologiyanı uzurpasiya etməyə ilk cəhd göstərdilər (A.V. Niyazov). 2001-ci ildə efemer “Rusiya Avrasiya Partiyası”nın yaranması elan olundu. Bir tərəfdən Heydər Camal radikal islamizm mövqeyindən avrasiyaçılığın tənqidini formalaşdırdı.
5-Cİ MƏRHƏLƏ (2001-2002): RADİKAL MƏRKƏZÇİ MÖVQEYİNDƏ “AVRASİYA” ÜMUMRUSİYA SİYASİ-İCTİMAİ HƏRƏKATININ YARADILMASI, RF PREZİDENTİ V.V. PUTİNƏ TAM DƏSTƏK HAQQINDA DEKLARASİYA. 2000-ci ilin oktyabrında neoavrasiyaçılar öz hərəkatlarına “Avrasiya” Ümumrusiya Siyasi-İctimai Hərəkatı statusu verilməsi haqqında yekun qərar qəbul etdilər, 2001-ci ilin yanvarından etibarən bu qərar yekun təşkilati tədbirlər mərhələsinə keçdi.
21 aprel 2001-ci ildə Moskvada “Avrasiya” Ümumrusiya Siyasi-İctimai Hərəkatının təsis qurultayı keçirildi. Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin rəhbəri şeyxülislam Talqat Tacuddin “Avrasiya”ya daxil olduğunu bəyan etdi. “Avrasiya” Ümumrusiya Siyasi-İctimai Hərəkatı öz mərkəzçi orientasiyasını (Radikal Mərkəz) və RF Prezidenti V.V. Putini dəstəklədiyini elan etdi. 2001-ci ilin mayında Ədliyyə Nazirliyi “Avrasiya” Ümumrusiya Siyasi-İctimai Hərəkatını rəsmən qeydiyyata aldı.
“Avrasiya İcmalı” qəzetinin müntəzəm nəşrina start verildi. 2001-ci ilin iyununda “Avrasiya” Ümumrusiya Siyasi-İctimai Hərəkatı Moskvada “Prezident-otel”də “İslam təhlükəsi – İslama təhlükədirmi?” adlı beynəlxalq konfrans keçirdi. Konfransda ənənəvi (Rusiyaya və avrasiyaçılığa loyal) islamla, əksinə, ideyaca və geopolitik olaraq terror, sabitliyi pozma mənbəyi olan, Rusiyaya qarşı təxribatçı fəaliyyətlər göstərən radikal islam arasındakı ziddiyyət geniş şəkildə aşkara çıxarıldı. Konfransın gedişində “Əl-Qaidə”nin strukturlarına, Bin Ladenə, Taliban hərəkatına xüsusi diqqət ayrıldı, həmçinin bu radikal istiqamətin Rusiyada qollarının olması haqda informasiya aşkar edildi.
2002-ci ildə “Aqraf” nəşriyyatı ilə birlikdə avrasiyaçı klassiklərin əsərlərinin nəşri davam etdirildi. E. Xara-Davanın “Monqol Rus Dövləti”, Y. Bromberqin “Yəhudilər və Avrasiya” kitabları A.Q. Duqinin və digər müasir avrasiyaçıların şərhləri ilə çap olundu. 2001-ci ilin dekabrında “Avrasiya” Ümumrusiya Siyasi-İctimai Hərəkatının siyasi partiyaya çevrilməsi prosesinə başlanılmasıyla bağlı qərar qəbul olundu. Bu qərar “Avrasiya” Ümumrusiya Siyasi-İctimai Hərəkatının 1 mart 2002-ci ildə Moskvada “Prezident-otel”də keçirilən Siyasi Şurasının genişləndirilmiş yığıncağında rəsmi şəkildə təsdiqləndi.
Bu mərhələdə “Avrasiya”nın teoretik materialları nəşr olundu: “Avrasiyaçılıq: nəzəriyyədən praktikaya”, “Avrasiyaçı baxış”, “Terrorun geopolitikası”, “Avrasiya məkanında Rus Pravoslav kilsəsi” (6-cı Ümumdünya Rus Xalq Məclisinin materialları), “Avrasiya Yolu” və s.
Regional təşkilatların və onların üzvlərinin sayı artdı. Bir çox regional şöbələr öz internet və çap nəşrlərini yaratdılar, həm teoretik, həm də praktiki-siyasi xarakterli aktiv müstəqil fəaliyyətə başladılar.
6-CI MƏRHƏLƏ (2002-2003): “AVRASİYA” SİYASİ PARTİYASININ TƏSİS OLUNMASI. 30 may 2002-ci ildə Moskvada Svyato-Danilov monastırında “Avrasiya” siyasi partiyasının təsis (islahat) qurultayı baş tutdu. Proqram və nizamnamə qəbul olundu, partiyanın lideri (A.Q. Duqin) və Siyasi Şuranın üzvləri seçildi.
“Avrasiya” siyasi partiyası avrasiyaçılıq ideyalarının təbliği ilə məşğul olur, A.Q. Duqinin rəhbərliyi altında Avrasiya tematikası üzrə monoqrafiyalar silsiləsi nəşr edirdi: “Avrasiya siyasi partiyasının Proqramı”, “Avrasiyaçılığın əsasları” və s. Avrasiya informasiya-analitik portalı – evrazia.org yaradıldı. A.Q. Duqin Rusiyanın mərkəzi nəşrlərində avrasiyaçılıq mövzusunda çoxsaylı məqalələr dərc etdirdi. “Rossiyskaya qazeta”, “Komsomolskaya pravda”, “Arqumenti i faktı”, “Literaturnaya qazeta”, “Nezavisimaya qazeta”, “Trud” kimi mərkəzi qəzetlərdə müntəzəm materiallar çıxdı. Duqin “Vremya”, “Vremena” (Birinci kanal), “Çto delat?”(Kultura kanalı), “Russkiy vzqlyad” (Üçüncü kanal), “Moment istinı” (TVS) və digər publisistik yönümlü televiziya verilişlərində çıxışlar etdi. Avrasiyaçılıq tərəfdarlarının sayı artdı, yeni regional şöbələr yaradıldı.
7-Cİ MƏRHƏLƏ (2003-2004): BEYNƏLXALQ AVRASİYA HƏRƏKATI. İlk avrasiyaçıların da əvvəlcədən bildirdiyi kimi, partiya formatı müasir dövrdə avrasiyaçılıq ideologiyasının inkişafını məhdudlaşdırır, belə bir təşkilati forma ilə bağlı ümidləri doğrultmurdu. Avrasiyaçılıq həm MDB ölkələri xalqlarının çoxuna, həm də uzaq xarici ölkə vətəndaşlarının bir çoxuna yaxın olan internasional dünyagörüş xarakteri daşıyır. Bundan başqa, Rusiyada formalaşan siyasi sistem siyasi partiyalarla siyasi dünyagörüşləri bir-birindən qəti surətdə ayırıb: parlament partiyalarının əksəriyyətinin heç bir dünyagörüşü yoxdur, ideoloji qruplar isə qeyri-partiya xarakteri daşıyırlar. Avrasiyaçılığın partiya formasının minuslarının uçot və analizi avrasiyaçıları Rusiya siyasi partıyası formatından uzaqlaşmağa və “Avrasiya Hərəkatı” Beynəlxalq İctimai Hərəkatı şəklində transformasiyaya sövq etdi.
Beynəlxalq Avrasiya Hərəkatının qurultayı 2003-cü ilin noyabrında Moskvada Jurnalistlər Evində keçirildi və 2003-cü ilin dekabrında Hərəkat rəsmi qeydiyyata alındı. Bu andan etibarən avrasiyaçılığın inkişafının 7-ci mərhələsi başlandı. 
Bu mərhələdən etibarən “Avrasiya”nın partiya özəklərinin Avrasiya Hərəkatı şöbələrinə transformasiyası baş verdi. Bir çox yeni kollektiv üzvlər və ayrı-ayrı şəxslər hərəkatın sıralarına daxil oldular. Avrasiya Hərəkatının başqa ölkələrdə – Qazaxıstanda, Belarusda, Tacikistanda, Qırğızıstanda, Ukraynada, Azərbaycanda, Ermənistanda, Gürcüstanda, Bolqarıstanda, Türkiyədə, Livanda, İtaliyada, Almaniyada, Belçikada, İngiltərədə, İspaniyada, Serbiyada, Polşada, Slovakiyada, Macarıstanda, Kanadada, ABŞ-da təşkilat strukturları yaradıldı.
Rusiyadakı şöbələrin partiya özəklərindən Hərəkat filiallarına transformasiyası prosesi və digər ölkələrdə Moskvadakı ümumi qərargaha bağlı təşkilatların yaradılması 2004-cü ildə başa çatdı. 2004-cü ilin dekabrında “Avrasiya” partiyası öz fəaliyyətini dayandırdı. Bu vaxtdan etibarən avrasiyaçılığın təşkilati strukturu əvəzolunmaz lider A.Q. Duqinin rəhbərliyi altında Beynəlxalq Avrasiya Hərəkatı oldu.
2004-cü ildə Beynəlxalq Avrasiya Hərəkatı Ali Şurasının tərkibinə aşağıda adı çəkilən şəxslər daxil oldular:
✳Sokolov A. S. – RF mədəniyyət naziri;
✳Toroşin A. P. – RF Federasiya Şurası Federal Məclisinin vitse-spikeri;
✳Aslaxanov A. A. – RF Prezidentinin köməkçisi;
✳Margelov M. V. – Federasiya Şurası Beynəlxalq Komitəsinin sədri;
✳Tacuddin T. S. – Rusiyanın və MDB-nin Avropa ölkələri müsəlmanlarının Mərkəzi Dini İdarəsinin baş müftisi;
✳Saqalayev E. M. – Tele-radio Verilişləri Milli Assosiasiyasının prezidenti, Rusiya Televiziya Akademiyası İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor (Rusiya);
✳Borisov A. S. – Saxa (Yakutiya) Respublikasının mədəniyyət naziri, Arktika Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rektoru, “Avrasiya Yaradıcılıq Birliyinin” sədri, akademik;
✳Qallua Pyer-Mari – general, strategiya və geopolitika üzrə mütəxəssis (Fransa);
✳Kalyujnıy V. İ. – RF-in Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri;
✳Abdımanapov S. A. – Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru (Qazaxıstan, Astana);
✳Cumaqulov A. C. – Qazaxıstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, “Postnoff” şirkətinin direktorlar şurasının sədri;
✳Çernışev A. S. – RF-in fövqəladə və səlahiyyətli səfiri, “RF Səfirlər Şurasının” sədri, “Rutam” rus-türk dostluq cəmiyyətinin prezidenti;
✳Yefimov N. N. – “Krasnaya zvezda” qəzetinin baş redaktoru;
✳Matuseviç Y. V. – Belarus Respublikası Prezidenti yanında İdarəetmə Akademiyasının direktoru, Belarus Respublikası Dövlət İdarəçiliyi elmi-tədqiqat nəzəriyyə və praktika institutunun direktoru;
✳Nifadyev V. İ. – Qırğızıstan-Rusiya Slavyan Universitetinin rektoru (Qırğızıstan, Bişkek);
✳Masov R. M. – Tacikistan Respublikası Akademiyası Əhməd Doniş adına tarix, arxeologiya və etnoqrafiya institutunun direktoru (Tacikistan);
✳Esenov M. K. – “Mərkəzi Asiya və Qafqaz” sosial-siyasi araşdırmalar mərkəzinin direktoru (İsveç), politologiya doktoru;
✳Rısbekov T. Z. – Maxambet Utemisov adına Qərbi Qazaxıstan Dövlət Universitetinin rektoru, professor (Qazaxıstan);
✳Qraç L. İ. – “Boqdan Xmelnitskinin varisləri” Ümumukrayna Birliyinin sədri, Ukrayna Ali Radasının xalq deputatı (Ukrayna);
✳Vitrenko N. M. – Ukrayna Tərəqqipərvər Sosialist partiyasının lideri (Ukrayna);
✳Jafyarov A. Q. – RF Ədliyyə Nazirliyi siyasi partiyalar və ictimai hərəkatlar şöbəsinin rəisi;
✳Tsaqarişvili S. A. – Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Gürcüləri Cəmiyyətinin vitse-prezidenti;
✳Bedyurov B. Y. – Dağlıq Altay Xalqları Konqresinin sədri, Rusiya Yazıçılar İttifaqının katibi;
✳Perinçek Doğu – Türkiyə Fəhlə Partiyasının sədri (Türkiyə);
✳Yukiko Kuraiva – İvato prefektura Universitetinin doktoru (Yaponiya);
✳Parvulesko Jan – yazıçı, geopolitik (Fransa);
✳Qrasiani Tiberio – “Avrasiya Geopolitik Araşdırmaları” jurnalının baş redaktoru (İtaliya);
✳Aleksiç Mila Nikoliç – Avropa və Avrasiya Serbləri Konqresinin sədri (Fransa – Serbiya və Çernoqoriya);
✳Və bir çox başqa görkəmli ictimai-siyasi xadimlər.
Avrasiya Hərəkatı çərçivəsində Saxa (Yakutiya) Respublikası mədəniyyət naziri A.S. Borisovun sədrliyi və RF mədəniyyət naziri A. S. Sokolovun hamiliyi ilə “Avrasiya Yaradıcılıq Birliyi”, o cümlədən “Avrasiya İqtisadi Klubu”, analitik idarə, nəşriyyat departamenti, Avrasiya təhsili departamenti və digər struktur bölmələr yaradıldı.
2004-cü ildə Beynəlxalq Avrasiya Hərəkatının lideri A.Q. Duqinin ranqında Avrasiya problematikasına həsr olunmuş aşağıdakı monoqrafiyalar nəşr olundu: “Siyasətin fəlsəfəsi”, “Avrasiya proyekti”, “Nursultan Nazarbayevin Avrasiya missiyası” və “Müharibə  fəlsəfəsi”. Duqinin “Geopolitikanın əsasları” dərslik kitabı ərəb dilində Beyrutda, serb dilində Belqradda nəşr olundu, “Rusiyada konservativ inqilab” monoqrafiyası isə İtaliyada çapdan çıxdı. Rusiyanın mərkəzi mətbuatında və xarici KİV-də fəal iş aparıldı.
2004-cü il aprelin 2-sində A.Q. Duqin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə birlikdə Avrasiya Birliyi dövləti ideyasının Nazarbayev tərəfindən elan olunmasına həsr edilmiş konfransda çıxış etdi. 2004-cü il iyunun 18-ində Duqinin “Avrasiya inteqrasiyası: müasir inkişaf tendensiyaları və qloballaşmanın çağırışları” beynəlxalq konfransının plenar iclasında proqram xarakterli tarixi çıxışı baş tutdu. Konfransda Avrasiya İqtisadi Birliyi ölkələrinin prezidentləri iştirak edirdilər. Avrasiya Hərəkatı bir il ərzində konfranslar, forumlar, simpoziumlar, “İqtisadi Klubun” iclasları, konqreslər daxil olmaqla 32 tədbir keçirdi. Avrasiya Hərəkatının nümayəndələri Qazaxıstandakı, Belarusdakı və Ukraynadakı seçkilərdə rəsmi müşahidəçilər kimi iştirak etdilər. 19 mətbuat konfransı təşkil olundu.
A.Q. Duqin 16 təhsil müəssisəsində – akademiyalarda, universitetlərdə, məktəblərdə avrasiyaçılıq, geopolitika və siyasi fəlsəfə haqqında mühazirələrlə çıxış etdi. Elə həmin il A.Q. Duqin Rostov şəhərində siyasi elmlər üzrə “Ənənəvi cəmiyyətlərin modernləşməsi prosesində siyasi strukturların və institutların transformasiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi və Astanadakı L. Qumilyov adına Avrasiya Universitetinin fəxri professoru rütbəsinə layiq görüldü.
2004-cü ilin dekabrında keçirilən Avrasiyaçı İntellektual Gənclərin Konqresində Beynəlxalq Avrasiya Hərəkatı çərçivəsində Avrasiya Gənclər Birliyi yaradılması haqqında qərar qəbul olundu.


Müəllif: Aleksandr Duqin


Tərcümə: Nadir Qocabəyli

Комментариев нет:

Отправить комментарий