Страницы

21.06.2021

HEÇ BİR XALQ MÜHARİBƏ İSTƏMİR

Nadir Qocabəyli

Müharibədə uduzmuş Paşinyanın seçkidə qələbə qazanması ermənilərin çoxunun savaş istəmədiyini göstərir. Müharibə istəmirlərsə, deməli, çoxunun Qarabağda gözü də yoxdur. Əlbəttə. Nəylərinə lazımdır Qarabağ!.. 
Sadə insanlara əmin-amanlıq, sabitlik, güzəran, çörək, övladlarının sağ-salamat və yanlarında olması vacibdir. Bizdə burada müəyyən dairələr tərəfindən nə qədər "xoxan" kimi qələmə verilməyə çalışılsa da, erməni də insandır, onun da dərd-səri, balası var...
Həm də unutmayaq, erməni pisdirsə, biz yaxşı ola bilmərik. Çünki qonşuyuq, oxşar xüsusiyyətlərimiz, cəhətlərimiz çoxdur. Musiqimiz, ritmlərimiz, rəqslərimiz, mətbəximiz, demək olar birdir. Ermənilərlə bizim təkcə dil və din ayrılığımız var, qalan məsələlərdə istənilən türkdilli xalqdan onlara daha yaxınıq. Hətta bəzi regionlarımızın ləhcəsi, danışıq intonasiyası da ermənilərlə hədsiz oxşardır. Bu qədər ortaq dəyərləri olan iki millət bir-birini niyə qırsın axı...
Xalq heç vaxt müharibə istəməyib. Çünki müharibədə onun heç bir qazancı yoxdur. Ancaq itkisi çoxdur, özü də ağır itkisi. Cavan övladlarının qətli, ev-eşiyinin dağılması, didərginlik, qaçqınlıq, köçkünlük, var-yoxdan çıxma...
Ermənilər Paşinyana ona görə səs verdilər ki, o sülh, qurbansız həyat vəd edir. Müharibə partiyasına rəhbərlik edən rəqibləri ona görə uduzdular ki, işğal etdikləri Qarabağın, törətdikləri cinayətlərin ermənilərin çoxuna dəxli və xeyri yox idi. Onların çoxu verdikləri qurbanlar, itikilərlə yanaşı, həm də daim qorxu altında yaşayırdılar. Çünki azərbaycanlılar (türklər) hər an qisas ala və bunu edərkən erməninin yaxşısına-pisinə fərq qoymaya bilərdilər. Zatən bu gün bu ritorika çox aktualdır...
Bu gün onlar Paşinyana minnətdardılar, çünki zəbt olunmuş torpaqları geri qaytarmaqla erməniləri böyük bir yükdən azad edib. Artıq onlar qorxmurlar, çünki günahlarını qismən də olsa yuduqlarını düşünürlər. Azərbaycanlıların torpaqlarını qaytarıblar. Sabah deyəcəklər ki, axper, masab hakkı, bizim heç bir günahımız yoxdur. Bunu edənlər balayanlar, koçaryanlar, sərkisyanlar, onların ətrafı olub. Onlar  bizim balalarımızı əlimizdən zorla alaraq Qarabağa aparıblar, öldürüblər. Gördüyünüz kimi, onlara səs də vermədik...
Və haqlı olacaqlar. Çünki onları ən yaxşı halda aldadıblar, qaza gətiriblər, millətçi, şovinist, faşist damarlarını tərpədiblər, "dəli" qanlarını coşdurublar...
Kimsə deyəcək ki, erməni heç vaxt düzəlməyəcək. Yalandır! Adı Daşdəmir olanların hamısının yumşaldığını gördük bu dünyada. Müvafiq düzgün siyasət ermənini də muma döndərər... Həm də bu təkcə erməni məsələsi deyil. Bu, qlobal bir oyundur, ingilis fitvasıdır...
Sadə insan, adi vətəndaş üçün Vətən həqiqətən onun evindən, 2 sot həyətindən, 2 metr hasarından, darvazasından məhəlləsindəki, kəndindəki durumdan, dolanışıqdan başlanır. Bunlar olmayanda böyük Vətən də olmur. Olur e, yalandan, televizorda, radioda, saytlarda, yaltaq məmurların, davadan pul qazananların, sarsaq millətçilərin, küyə gedən bədbəxtlərin, avamların dilində...
Vaxtilə ingilis xalqı da 2-ci dünya müharibəsində qələbə qazanan baş nazir Çörçilə səs verməmiş, o seçkilərdə məğlub olmuşdu. Bütün bunlar xalqların müharibə istəmədiyini göstərir... 
Bu gün erməni və Azərbaycan xalqları da müharibədən yorulub. Xalqa hərənin öz damı altında sakit yaşaması, təsərrüfatla, alverlə, qurub-yaratmaqla məşğul olması lazımdır. Qonşunun kim olması da önəmli deyil, əsas odur ki, sənə dəyib-dolaşmasın, sataşmasın, problem yaratmasın. Bunu təmin etmək isə dövlətin, siyasətçilərin işidir. Daha dəqiqi, siyasətçilər, dövlət aranı qarışdırmasa, xalqın bir-biriylə işi yoxdur. 
Vaxtilə azərbaycanlılar bağçalarının meyvəsini, narını, heyvasını, gilasını, şaftalısını, əriyini yığıb İrəvan bazarına aparır, asanlıqla satır, ordan kərə yağı, ayaqqabı, siqaret alıb gətirirdilər. Sonra siyasətçilər buna mane olmaq üçün erməniləri öyrətdilər ki, azərbaycanlılar getsinlər bayraqlarını yesinlər, gündə bir keçici qırmızı bayraq alırlar...
İmişlidən İrəvana yol, İmişlidən Bakıya olduğundan daha uzundur. Ancaq İmişli camaatı məhsulunu Bakı-İrəvan qatarı ilə daha çox İrəvana aparırdı... Çünki belə daha sərfəliydi...
Ermənilər alət boğçalarını çiyinlərinə ataraq gəlib burada dülgərlik, bənnalıq edirdilər. Sonradan siyasətçilər söhbət yaydılar ki, onlar hər yerə erməni xaçı simvolları qoyurlar ki, gələcəkdə buralar bizim olub desinlər... Qardaş, bu xaç elə bir şeydir ki, istənilən bir-birini kəsən iki xətti xaç adlandırmaq mümkündür. Bir də adı müqəddəs kitabımızda keçən, iman gətirilən İsa peyğəmbərin çarmıxa çəkilməsinin simvoludur da...
İnanın ki, bunları ancaq pis adamlar, müharibədən, qandan-irindən pul qazananlar, özündən asılı olmayan genetik xüsusiyyəti ilə qürrələlənən axmaq millətçilər, bir də sarsaq boşboğazlar ediblər. Bununla qlobal savaş dəllalarına, silah alverçilərinə, hakimiyyət hərislərinə münbit şərait yaradıblar...

Комментариев нет:

Отправить комментарий