Страницы

30.06.2021

İNGİLTƏRƏ ÖZ KONSULLUQLARINDAN KƏŞFİYYAT VƏ CƏSUSLUQ FƏALİYYƏTİ ÜÇÜN İSTİFADƏ EDİR


Yekaterinburqda Britaniya və Rusiya tərəfləri arasında beynəlxalq konflikt baş verdi. XİN-in Ural nümayəndəliyi Böyük Britaniyanın konsulluğundan tələb etdi ki, konsulluqdakı Britaniya Şurasını qovsun.
Hüquq müdafiəçiləri həyəcan təbili çalmağa başladılar. Həmin Britaniya Şurasında bu barədə fikir söyləməkdən çəkindilər. Britaniyanın Moskvadakı səfirliyində isə hadisə ilə bağlı quru və mənasız şərh verdilər.
Beləliklə “Britaniya Şurası” adlanan, Rusiya ərazisində fəaliyyət göstərən, lakin Britaniya tərəfindən birbaşa maliyyələşən QHT ilə bağlı tarixçə belə başladı. Britaniya Şurası Yekaterinburqdakı konsulluğun ərazisində yerləşməklə diplomatik immunitetə malik idi və Rusiya qanunlarının təsirindən kənarda qalırdı.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məxfi məlumatları britaniyalı şpionlara ötürən Britaniyanın Moskvadakı səfirinin 2-ci katibi Mark Dounu həbs edəndə də o Rusiya qanunlarının yurisdiksiyasına düşmədi, çünki diplomatik immunitetə malik idi. Amma həmin olay əsl Ceyms Bond haqqında filmlərin süjetini xatırladırdı. Səfirliyin əməkdaşlarına Moskva parklarından birində orta böyüklükdə, yumru bir daşın yanından keçmək kifayət idi ki, onların kompüterləri ordakı məlumatları qəbul edib götürsün. Həmin daş dediyimiz adi daş deyildi, doldurularaq daş cildinə salınmış bir aparatura stansiyası idi. Və ən maraqlısı o idi ki, həmin diplomat Mark Dou Rusiyada QHT-lərə qrant verilməsini kurasiya edirdi.
Yekaterinburqda, toxunulmaz sayılan Britaniyanın konsulluğunda yerləşən Britaniya Şurası kitabxanasında hansı məlumatların toplandığını yalnız ehtimal etmək olar. Əlbəttə, XİN bu qeyri-hökumət təşkilatını diplomatik immunitetdən məhrum etmək istəyirdi ki, hansısa məqamda lazımi tədbirlər görə bilsin. Bəs bu, bəzi hüquq müdafiəçilərinin qələmə vermək istədikləri kimi britaniyalıların təqib edilməsidir, yoxsa faktiki olaraq cəsus fəaliyyətini maliyyələşdirən təşkilatların təsirini azaltmaq üsulu?
Ümumiyyətlə Qərbin əsas fondları çox zaman səfirliklər və konsulluqların tərkibində olurlar. Məsələn, MDB ölkələrində tüğyan edən rəngli inqilabların rejissorları əsasən ABŞ-ın bu ölkələrdəki səfirləridir. Məhz ABŞ və Böyük Britaniya konsulluqları destruktiv tendensiyaların bağbanı sayılırlar.
Bəs onda hüquq normaları çərçivəsində həyata keçirilən elementar özünümüdafiədən söhbət gedirsə, hansı təqibdən danışmaq olar?
O ki qaldı Britaniya Şurası ilə bağlı vəziyyətə, bu konflikti tez bir zamanda həll etmək mümkün deyil. Britaniya kəşfiyyatı dünyada ən qədim kəşfiyyatlarından biridir. Nəzərə alsaq ki, az qala ən effektiv kəşfiyyatı da odur, onda bizim onun diqqət mərkəzindən xilas olmağımıza illər lazım olacaq.
Britaniya Şurası adlı təxribatçı təşkilat Yekaterinburqda, ardınca Sankt-Peterburqda, daha sonra isə digər yerlərdə yaşanan ard-arda skandallara baxmayaraq hələ də özünün “faydalı və müxtəlif işlərini” davam etdirməyə çalışır. Bu təşkilat ildə bir dəfə Britaniya filmlərinin festifalını keçirir, elmi mühazirələr və britaniyalı müəlliflərin kitablarının müzakirəsi gedən diskussiya klubları təşkil edir. Sovet imperiyasının məhvi də məhz bu cür başladı – xarici filmlərin və kitablarının müzakirəsi ilə. O cümlədən, postsovet məkanında baş verən inqilablar da diskussiya klublarında hazırlanmışdır. Şəbəkə müharibəsi gözəgörünməzdir və onun “ordusu” kənardan baxanda təhlükəsiz görünür. Amma nəticələri – dəhşətlidir.
Biz bu gün açıq danışmalıyıq: Rusiyaya qarşı şəbəkə müharibəsi gedir. Bu müharibə adi silah-sursatla aparılmır. Serbiyanın bir hissəsi olan Kosovadakı vəziyyət, Gürcüstandakı “qızılgül inqilabı”, Ukraynadakı “narıncı inqilab” deməyə əsas verir ki, ABŞ-ın siyasəti Avrasiya məkanının hər yerində millətlərarası, dinlərarası konfliktlərin qızışdırılmasına yönəlib. Və ABŞ hər yerdə müharibə aparılmasının yeni texnologiyalarından istifadə edir- buna “altıncı nəsil müharibəsi” və ya “şəbəkə müharibəsi” deyilir. Bu texnologiya Pentaqon tərəfindən çoxdan işlənib hazırlanmışdır, amma məhz indi MDB-də, bir az əvvəl isə Şərqi Avropa məkanında uğurla həyata keçirilməyə başlanmışdır. ABŞ-ın şəbəkə müharibəsinin əsas hədəfi, özlərinin də heç vaxt gizlətmədiyi kimi, Rusiyadır.
ABŞ tərəfindən həyata keçirilən işğalçılıq tendensiyalarına qarşı müqavimət göstərmək o halda mümkündür ki, ölkəmizin idarəçiləri şəbəkə müharibəsinin aparılmasının strategiyasını başa düşsün və bu prosesə adekvat müqavimətin formasını işləyib həyata keçirmiş olsun. MDB məkanının Rusiyanın geopolitik maraqları zonasında qalacağına amerikanların bizi cani-dillə inandırmaqlarına baxmayaraq, görürük ki, onlar əraziləri bir-birinin ardınca bizim təsir zonamızdan qoparmaqdadırlar. Amerikanın qərb təsir zonasının sərhədləri Rusiyanın sərhədlərinə kip yaxınlaşmaqdadır ki, bu da Rusiyanın dövlət təhlükəsizliyinə birbaşa təhdiddir.
Şəbəkə müharibəsi çox incə şəkildə aparılır. Burda informasiya texnologiyalarından, diplomatik şəbəkələrdən, qeyri-hökumət təşkilatlarından, siyasətçilərdən, jurnalistlərdən və KİV-dən aktiv surətdə istifadə edilir. Bu elə bir çoxsəviyyəli müharibədir ki, burda adi silah-sursatın yeri yoxdur, lakin bu müharibənin nəticəsi konkret “hərbi” qələbə – ərazi işğalıdır.
Bunu anlamamaq Rusiyanın uduzmuş duruma düşməsinə gətirib çıxaracaq. Və biz hər dəfə ayılıb fakt qarşısında qalacağıq ki, növbəti ərazi bizim nəzarətimiz altından çıxdı.


Müəllif: Valeri Korovin


Tərcümə: Cəmil Şirvanov

Комментариев нет:

Отправить комментарий