Страницы

12.06.2021

Mir Cəfər Bağırovun adı qısa sətirlərdə

“On bir il Mir Cəfər Bağırovla əl-ələ, çiyin-çiyinə” –  Həsən Seyidov

...1950-ci ilin yanvarında son 12 ildə birinci dəfə olaraq mənə məzuniyyət verdilər. Yessintukiyə getdim. İki həftə keçməmişdi ki, bütün Qafqazda görünməmiş tufan başladı, eyni zamanda güclü qar yağdı. Şimali Qafqaz qışlaqlarında Stavropol diyarının, Dağıstanın və Gürcüstanın qoyun sürüləri qışlayırdı. Sürəti saniyədə 35-40 metrə çatan tufan küləyi bir milyon başdan artıq qoyunu ağzına alıb Xəzərə tökdü.
Tufan Bakıya da çatdı, şəhərə bir metr qalınlığında qar düşdü, kömürlə işləyən Sumqayıt elektrik stansiyası işini dayandırdı, bütün ölkəyə, o cümlədən Azərbaycana böyük zərər dəydi.
Belə bir şəraitdə mənə Mir Cəfər Bağırov zəng vurdu, respublikada və Bakının özündə yaranmış vəziyyət haqqında danışdı. Başa düşdüm ki, məzuniyyəti yarımçıq qoyub Bakıya qayıtmaq lazımdır, mənim bu fikrimi Bağırov dərhal bəyəndi. Mən çox çətinliklə, üç sutkaya Bakıya qayıda bildim. Şəhərdə nəqliyyat işləmirdi, şimal şəhərlərində olduğu kimi kirşələr küçələrə çıxarılmışdı.
İşə başladım. Təbii fəlakətlə mübarizə üzrə fəvqəladə komissiyaya rəhbərlik edirdim. İki həftə ərzində hər yerdə qayda-qanun yarada bildik...
Bu vaxt Bağırov növbəti kadr dəyişiklikləri apardı: Dövlət Plan Komitəsinin sədri Musa Əliyev Elmlər Akademiyasının prezidenti təsdiq edildi, kənd təsərrüfatı naziri olan İmam Mustafayev EA-nın baş elmi katibi, əvvəl MK kənd təsərrüfatı şöbəsinin müdiri işləyən İlyas Abdullayev Nazirlər Soveti sədrinin müavini, onun yerinə isə Azneft sistemində hidrotexnik işləyən Şirəli Əliyev adlı bir nəfər təyin olundu. Sonradan mənə məlum oldu ki, bu adam Yemelyanovun uçotundadır, bəlkə də “beşliyin” işçi qrupuna daxildir. Bağırov onu özünə baş informator kimi götürmüşdü, onun əsas obyekti isə mən idim. Lakin Bağırov onun bivec adam olduğuna tezliklə inandı.
Mənim ətrafımda dairənin getdikcə daraldığını hiss edirdim. Lakin nə Bağırov, nə də mən bunu üzə vurmurduq. Hər ikimiz bütün gücümüzlə işləyirdik. Bağırov tez-tez məndən xahiş edirdi ki, büro iclaslarını onsuz keçirim. Prinsipial kadr məsələlərində onun rəyi mənə bəlli idi. 
Belə iclasların birində gündəlikdə Dövlət Təhlükəsizlik Nazirliyinin beş şöbə rəisinin təsdiqi məsələsi dururdu. Namizədlərin hər biri haqqında nazir F.S. Yemelyanov məruzə edirdi. O nazirliyin xarici kəşfiyyat məsələləri ilə məşğul olan ikinci şöbəsinin rəisliyinə dövlət təhlükəsizlik xidmətinin 27 yaşlı podpolkovniki, Leninqradda DTK Ali Məktəbini bitirmiş Əliyev Heydər Əlirza oğlunu birinci olaraq təqdim etdi. Biz namizədlərin hamısını təsdiq etdik. Yaxşı yadımdadır, kabinetdə, büro üzvləri qarşısında bir-birindən yaxşı, şux, əla formada olan beş azərbaycanlı balası həyəcanla durmuşdu, düşünürdülər ki, görəsən, büro üzvləri onlara necə münasibət göstərəcəklər? Nə kimi suallar verəcəklər? Lakin hər şey normal keçdi. Mən onların təsdiq olunduqlarını elan edib məsuliyyətləri barədə bir neçə kəlmə deyəndə, hamısının üzündə təbəssüm göründü. Yeri gəlmişkən deyim ki, həmişə olduğu kimi, birinci namizədə daha çox suallar verildi, o bunları tez və aydın cavablandırdı və mənim yadımda qaldı.
Həmin gün gecədən xeyli keçmiş Yemelyanov mənə zəng vurub soruşdu:
- Mənim qavriklərim sizdə necə təəssürat yaratdı?
- Əla idilər, görünür uşaqlar yaxşı hazırlıqlıdırlar. Çox xoşdur ki, azərbaycanlılar arasında belə dövlət təhlükəsizlik kadrları yetişir. Burada sizin də xidmətiniz az deyil, Fyodor Stepanoviç. Yeri gəlmişkən deyim ki, birinci təqdim etdiyiniz Heydər Əliyevin, büro üzvlərinin suallarına olan cavabları hamıdan çox xoşuma gəldi. Söz üçün cibə girən adama oxşamır. Məncə o çox irəli gedəcək...

“Mir Cəfər Bağırov xatirələrdə”, Ramiz Əhmədov, Bakı, “Nurlan”, 2006, səh. 79

Комментариев нет:

Отправить комментарий