Страницы

15.06.2021

RUSİYA İRANA NÜVƏ SİLAHI YARATMAQDA KÖMƏK EDƏCƏK

“İran nüvə problemi” adını almış, amerikanlar tərəfindən aktiv şəkildə şişirdilən məsələnin bütün aspektlərindən başqa daha ikisini – avrasiyaçılıq və geopolitik aspektini digərlərindən ayırmaq və təhlil etmək vacibdir. Bu iki aspektə diqqət cəlb etmədən nə İran problemini, nə də digər atlantist və avrasiyaçı dövlətlər arasında olan qarşılıqlı münasibətlərdəki problemləri həll etmək mümkün deyil.
Birincisi, geopolitikanın yaradıcılarından olan ser Xelford Makinderin “Avrasiyaya nəzarət edən bütün dünyaya nəzarət edir” fikrini xatırlamaq lazımdır. Hazırda araşdırdığımız məsələdə heç bir şübhə yoxdur ki, söhbət İranın yürütdüyü siyasətlə razılaşmaq və ya razılaşmamaqdan getmir, məhz Avrasiya materiki üzərində nəzarəti ələ keçirməkdən gedir. ABŞ tərəfindən işğal olunmuş İraq, Əfqanıstan, Türkiyə, Müşərrəfin rəhbərlik etdiyi marionet Pakistandan ibarət cənub sanitar kordonun tam olmasına yalnız İran mane olur. Məhz İran özünün müstəqil, antiamerikan siyasəti ilə ABŞ-a cənub sanitar kordonunu tam tikib-qurtarmağa imkan vermir. Məhz İran problemi atlantistlərlə avrasiyaçıların mübarizəsidir. Bu mübarizədə bir tərəfdə öz ərazisinə daxildən nəzarət etməyə çalışan materikal avrasiyaçı qüvvələr, digər tərəfdə isə Avrasiya materikini ələ keçirmək üçün onun cənub sahili boyu ərazilərə soxulan atlantist qüvvələrdir.
Bugünki dünya xəritəsinə nəzər yetirsək, aydın şəkildə görərik ki, ABŞ-ın yarandığı gündən qəbul edilmiş, İkinci Dünya Müharibəsindən sonra Avrasiyaya qarşı aktiv tətbiq olunan “Anakonda” strategiyasının həyata keçirilməsi başa çatmaq üzrədir. “Anakonda” cənubda sanitar kordonu tikib qurtarandan sonra onu materikin perimetri boyu düzdüyü amerikan hərbi bazaları ilə möhkəmlətməklə Avrasiya materikini “boğmağa” cəhd göstərir.
Cənub sanitar kordonunun ən başlıca funksiyalarından biri bizim üçün həyati vacib əhəmiyyətli məsələ olan isti dənizlərə çıxışımızın qarşısını almaqdır. ABŞ onilliklər boyu bu siyasəti yürütsə də materik qüvvələri bu çıxışı almaqda israrlıdırlar. Sovet dövründə olduğu kimi indi də Hindistan bizim geopolitik müttəfiqimiz olmaqda davam edir. Lakin bizim Hindistan üzərindən Hind okeanına çıxışımızın yolu Əfqanıstanda bağlıdır. Biz Sovet dövründə Əfqanıstan uğrunda döyüşü uduzmuşduq. Indi isə orada amerikan bazaları yerləşir. Hind okeanına yolumuzun üstündə həm də Pakistan durur ki, o ölkə də ABŞ təsir zonasına aiddir.
Hind okeanına Çin üzərindən çıxış məlum səbəblərə görə mümkün deyil. Bu gün Çin ABŞ-la aktiv əməkdaşlıq edən, müstəqil və böyük bir geopolitik gücdür. Rusiya ilə Çinin münasibətləri dərin strateji əməkdaşlıq haqqında danışılacaq qədər yaxşı səviyyədə deyil. Belə olan halda Rusiyanın isti dənizlərə birbaşa çıxış imkanı İranla strateji müttəfiqlikdən keçir.
ABŞ bu gün Cənubi Qafqazda zərif bir kəmərlə İrana birbaşa çıxışımızı bağlayıb. O bizim Azərbaycan və Gürcüstan vasitəsilə İrana çıxışımızın qarşısını kəsib. Lakin tərəddüdlər içində olan Azərbaycandan İrana çıxmaq daha rahatdır, nəinki ABŞ-ın birbaşa nəzarətində olan Əfqanıstan və Pakistan vasitəsilə Hindistana çıxmaq. Ona görə də bizim isti dənizlərə çıxmağımız üçün daha əlverişli ölkə İrandır. Məhz buna görə də İran ətrafında baş verən hadisələr dəqiq, aydın geopolitik çalarlara malikdir. Mahiyyət etibarilə bu ölüm-dirim məsələsidir – Rusiya Anakondanın ölümcül qoynudan çıxa biləcək, ya yox.
ABŞ-ın birqütblü dominantlığa can atdığı, bütün dünya dövlətlərinə öz iradəsini qəbul etdirməyə çalışdığı bir şəraitdə İranın yürütdüyü siyasət birqütblü dünyaya qarşı müqavimət, heç olmasa çoxqütblü dünya vektorunu təyin etməyə cəhd kimi qiymətləndirilməlidir. Rusiyanın son 10 ildə açıq şəkildə aktiv mövqe sərgiləmədiyi (ondan əvvəl isə Qərbə meyl etdiyi) bir dövrdə İranın bu cür davranışı sadəcə qəhramanlıqdır. İran ABŞ-ın iradəsinə cəsarətlə sinə gərən, öz suverenliyini və müstəqilliyini açıq bəyan edən bir dövlətdir. Əlavə olaraq onu deməliyik ki, İran ABŞ ilə təkbətək mübarizə aparmaqla həm də bizim maraqlarımızı qorumuş olur. Bizə Hind Okeanına çıxmaq lazımdır. Və İran müqavimət göstərdiyi müddətdə bizim də Hind Okeanına çıxmaq şansımız yaranır. Məhz bu amerikanları qıcıqlandırır və qorxudur. Rusiya özünü toparlayıb cənub istiqamətindən necə hücuma keçəcək? Bax Amerikanı narahat sual budur. Ona görə də tələsir – İraqla və Əfqanıstanla olduğu kimi İranı da həmin qanlı ssenari üzrə öz nəzarəti altına almağa çalışır. 
ABŞ-ın hərəkətləri təsdiqlənmiş geopolitik sxemə uyğundur: bəhanə tapmaq, suveren dövlətin işlərinə qarışmaq, onu suverenlikdən məhrum etmək, öz nəzarəti altına almaqla böyük Avrasiya məkanından yeni ərazilər qoparmaq. Belə bir şəraitdə İran faktiki olaraq çöxqütblü dünya uğrunda təkbaşına mübarizə aparır. Hal-hazırda bu prosesə Venesuela da qoşulmaqdadır. Geopolitik subyektlilik əldə etməkdə olan Çin də çoxqütblü dünya klubuna qoşulmaq üzrədir.
Yaranan vəziyyəti təhlil edərkən başa düşürsən ki, əgər ABŞ İrana hücum edib onun suverenliyinə son qoysa, onda növbəti hədəf Rusiyanın özü olacaq. “Anakonda”nın həlqəsi tamamilə bağlanacaq. Amerikanın təkbaşına hegemonluğunun final mərhələsi – Rusiyanın müstəqilliyinə son qoyulması, onun süqutu, ümumiyyətlə geopolitik subyekt kimi dünya xəritəsindən silinməsi başlayacaq. Nə qədər gec deyil, bu təhlükəni dərk etmək lazımdır. Rusiyanı qoruyub saxlamaq istəyiriksə, ən azından İrana kömək etməliyik. İdealda isə çoxqütblü dünya qurmaq uğrunda mübarizəyə qoşulmalıyıq.
Rusiya rəhbərliyi bütün bu illər ərzində özünü passiv aparmış, İrana qarşı irəli sürülən nüvə silahı hzırlanması ilə bağlı ittihamları şübhə altına almamış, bununla yanaşı İran rəhbərliyinin İsrailə qarşı bəyanatlarını da qınamışdır. İndiki vəziyyətdə İranın nüvə silahına malik olması onun alterqlobalist status qazanması deməkdir və bu Rusiya üçün sərfəlidir. İranın nüvə silahına sahib olması Rusiyaya geopolitik reabilitasiya üçün kart-blanş verilməsi deməkdir. Bununla belə, İran rəhbərliyi həmişə qeyd edir ki, nüvə silahının yaradılması islam dininin normalarına ziddir və bu silahı yaratmaq məqsədi güdmür. Burda söhbət İranın suverenliyinin qorunmasından gedir. İranın suverenliyinin saxlanılması Rusiyaya öz suverenliyini möhkəmləndirməyə imkan verir. Əgər Rusiya İranı açıq-aşkar müdafiə etsə, ABŞ-ı çoxqütblü dünya düzəni ilə barışmağa məcbur edəcək. Əgər İran öz mövqeyində israrlı olsa, sabah biz çoxqütblü dünyada yaşayacağıq. Yox əgər müqavimət göstərməyi dayandırsa və mövqeyini itirsə, o zaman ABŞ-ın təkbaşına hökmranlığı heç vaxt olmadığı qədər real olacaq.
Avrokontinentçi Şröder və Şirakın avroatlantist Merkel və Sarkozi ilə əvəzlənməsi Moskva-Tehran strateji oxunu Avrasiya materikal geopolitikasının əsas konstruksiyasına çevirmişdir. Rusiya və İranın yaxınlaşması qarşılıqlı fayda və güzəştlər şəklində formalaşmalıdır. Bunun üçün İran aydın, ardıcıl materikal avrasiyaçı strategiya qurmalı və  Moskva kontinental Avropa və Çin ilə münasibətlərdə özünün geopolitik prioritetlərini dəqiqləşdirməlidir.
İranın nüvə proqramı ABŞ-ın əlində İrana qarşı bütün dünyada propaqanda aparmaq üçün bir “kozırdir”. Məsələ heç ABŞ-ın İran bombasından qorxmasında deyil. Çünki birincisi, həmin bomba hazırlansa belə, bu çox tez bir zamanda baş verməyəcək, ikincisi, həmin bomba heç vaxt Amerikaya gedib çatmayacaq. Nüvə silahına malik olmaq İranı geopolitik subyektə çevirəcək. Birqütblü dünya qurmağa çalışan Amerikanı ən çox narahat edən məsələ budur. Regionda yeni bir regional qütbün yaranması onun planlarına uyğun deyil. Axı geopolitik subyektlə hədə dilində danışmaq mümkün olmayacaq. Çoxqütblü dünya qurmaq istəyən dövlətlərin klubunda nüvə layihəsinin olması məhz onun iştirakçılarının potensialını gücləndirir, real geopolitik konfiqurasiya qurmasına imkan verir. Deməli, İran “bizim adamdır” – Rusiyanın “adamı”. Möhkəm çoxqütblü strateji ox yaratmaq üçün İranın nüvə texnologiyasına malik olması həm də bizim marağımızdadır.
Rusiyanın İranla münasibətlərindəki hərəkətləri ondan xəbər verir ki, Rusiya məsələnin strateji əhəmiyyətini dərk edir, ona görə də İran nüvə proqramının başlanğıc nöqtəsi olan Buşehr AES-in tikintisi Rusiya dövlət başçısının nəzarəti altındadır. 
Amerikanlar birmənalı olaraq İranın hazırki rəhbərliyini dəyişməkdə qərarlıdırlar. Belə bir rejim onları qane etmir. Onlara marionet İran lazımdır. Onlara regionda plasdarm lazımdır. Rusiyanın neytral mövqeyi amerikanlar üçün əlverişlidir. Bizim qarışmamağımız amerikanların xeyrinədir. Amerika axıra qədər öz bildiyini qovacaq, nəticədə isə həm İran, həm də Rusiya ziyan çəkəcək. ABŞ bu regionda öz istəklərinə biz yalnız biz qarışmadığımız halda çatar.
Vladimir Putin İrna nüvə silahı yaradılmasında yaradılmış bütün maneələri aradan götürdü. Müqavilə bağlanması zamanı yaranan hüquqi çətinliklərin və cihazların müxtəlif tipləri arasındakı uyğunsuzluqların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqlarında o layihənin həyata keçirilməsində zaman fərqinin necə yaranmasını izah etdi, daha doğrusu, Rusiya tərəfdən işi pozmağa çalışan şəxslərin təqsirini bağışladı. Putin dedi: “Rusiya lap əvvəldən bəyan elədi ki, nəinki müqavilə bağlamaq, hətta bu müqaviləni yerinə yetirmək niyyətindədir, biz bu öhdəlikləri öz üzərimizdən atmırıq”. O mütəxəssislərin yeni müqavilə üzərində də işlədiklərini bildirdi. O zaman Putin vəziyyəti tam iflas halından çıxarmalı, şəxsən texnoloji, hüquqi, ödəniş və s. məsələlərə qarışaraq Rusiyanın sifətini qorumalı oldu.
Buşehrdə Rusiya-İran strateji tərəfdaşlığının taleyi həll edilir. Atom Elektrik Stansiyanının tikintisi barədə müqavilə bir növ strateji müttəfiqlik haqqında sazişdir.  İranın nüvə proqramı – bizim proqramımızdır. Bu proqramın həyata keçirilməsi Rusiyanın özünə güclü və etibarlı dost qazanaması demək olacaq.

Müəllif: Valeri Korovin















Tərcümə: Cəmil Şirvanov

Комментариев нет:

Отправить комментарий