Страницы

18.08.2021

İsfəndiyar Vahabzadənin Moldova macəraları – kilsədə moizə, səfirlikdə xaos, zəiflədilən diaspor


Dekabrın 11-ində təyyarə Kişinyov aeroportuna enəndə səhər yeni açılırdı. Bakıdan Moldovaya birbaşa reys olmadığına görə, İstanbulda təyyarə dəyişmək, 2-3 saat aeroportda gözləmək səbəbindən təxminən 8 saata gedib çıxmışdım Kişinyova. Yuxusuzluq və yorğunluq səbəbindən birbaşa otelə gedib, bir gün dincəlib, planlaşdırdığım görüşlərə sabahdan başlamağı fikirləşirdim. Amma məni qarşılayan Moldovadakı azərbaycanlı dostumdan eşitdiyim xəbərlər aeroportdan şəhərə gəlib çatana qədər həm yuxumu qaçırdı, həm də çox təəccübləndirdi...
Konqreslə bağlı son yeniliklərdən məhz Kişinyovda məlumatlı oldum. Çünki Moldovaya səfərimin məqsədi əslində, başqa idi: Ora keçmiş səfir, bu gün Əli İnsanova qoşulub camaata “ağıl öyrədən” İsfəndiyar Vahabzadənin əməllərini araşdırmaq üçün getmişdim...
Bu da təsadüfi deyildi. Sabiq nazir Əli İnsanov HƏP adlı partiya yaratdığını bəyan edib, ilk toplantılarından şəkil paylaşanda onun yanında dayananlardan birinin İsfəndiyar Vahabzadə olduğunu görüb, təəccüblənmişdim. Ona görə yox ki, İ.Vahabzadəni Əli İnsanovun tayı hesab etmirdim. Yox, əslində İsfəndiyar Vahabzadə elə Əli İnsanov kimi dönük, səfir işlədiyi vaxtlarda adı korrupsiya və xoşagəlməz işlərdə hallanan biridir.
2017-ci ildə Moldovada səfərdə olarkən onun bu ölkədə səfir işlədiyi dövrlərdə hansı oyunlardan çıxması haqda soydaşlarımız bizə xeyli faktlar açıqlamışdılar. Demişdilər ki, İsfəndiyar Vahabzadə Moldovadakı azərbaycanlıları səfirliyə buraxmırmış, səfirliyin qonaq evini özünün eyş-işrət yuvasına çeviribmiş, hansısa sənəd almağa gələn soydaşlarımıza rüşvətsiz heç bir sənəd vermirmiş və s... Hətta onun Moldovada kilsələrdə moizələrə oxuduğu, xristianlığa simpatiya bəslədiyi haqda da iddialar səslənirdi.
İsfəndiyar Vahabzadə Əli İnsanova qoşulanda, internet tv-lərdə iqtidara, xalqa “ağıl öyrətməyə” başlayanda çox kiçik bir yazı yazdım: “Öz əqidəsinə dönük çıxan, liderinə, komandasına xəyanət edən Əli İnsanova qoşulub, HƏP-çi olan İsfəndiyar Vahabzadənin Moldovada səfir olduğu dönəmdə hansı hoqqalardan çıxdığını 2017-ci ildə Kişinyovda səfərdə olarkən öyrənəndə şoka girmişdim. Adama sadəcə atası Bəxtiyar Vahabzadəyə görə hörmət edib tutmayıblar. Təkcə onu demək kifayətdir ki, dövlət büdcəsi hesabına Moldovada Azərbaycanın qonaq evini özünün şəxsi eyş-işrət, əyləncə yerinə döndərib, hovuz, sauna tikdiribmiş... İndi başını çomağa sürtür... Hikkəsi də odur ki, niyə büdcəni "diplomatik xərclər" adı ilə talamaq üçün növbəti dəfə ona vəzifə vermirlər...”
Bəli, məsələ məhz ondadır ki, İsfəndiyar Vahabzadənin qaza gəlməsinin yalnız bir səbəbi var: vəzifə, büdcə vəsaitlərini talayıb yenə kef etmək istəyir!
Hələ 2 il öncə İsfəndiyar Vahabzadə “Yeni Müsavat” qəzetinə müraciət edərək, geniş müsahibə vermək istədiyini demişdi. Əslində təxmin etmişdik niyə danışmaq istəyir. Açıq şəkildə vəzifə istəyirdi, görəv verilməsini xahiş edirdi hökumətdən. Bütün bunlara rəğmən atası Bəxtiyar Vahabzadəyə hörmət və sayğımızdan dolayı ona tribuna verdik. Əməkdaşımız – müsahibələr ustası Elşad Paşasoy ondan geniş müsahibə aldı.
Lakin açıq şəkildə vəzifə xahişinə dövlət haqlı olaraq əhəmiyyət vermədi.
Bundan sonra isə İ.Vahabzadə qeyzləndi, müxalifləşdi, internet tv-lərə çıxıb iqtidarı yamanlamağa başladı, ardınca da korrupsioner Əli İnsanova qoşuldu. Bu, əlbəttə acı təəssüf doğurur. O baxımdan ki, bir şəxsin sırf korporativ maraqlarına görə uzun illər təmsil olunduğu komandaya dönük çıxması anormal davranışdır və cəmiyyət üçün pis nümunədir, ömrü boyu yemək yediyin qaba tüpürməkdir. Mən sadəcə bunu tənqid etmişdim.
Bundan sonra İsfəndiyar Vahabzadə “gül ağzını” açdı, internet tv-də ən ağır təhqirləri ünvanıma işlətdi, jurnalistlər haqqında ağzına gələni dedi. Əlbəttə, mən onun səviyyəsinə enib heç bir cavab vermədim, baxmayaraq ki leksikonum kifayət qədər sərt və zəngindir. Sadəcə qərara gəldim ki, gedim Moldovaya, araşdırım ki, İsfəndiyar Vahabzadə konkret hansı əməllərin sahibidir, o, səfir statusundan necə sui-istifadə edib. Bundan sonra oxucu özü qərara gələcək ki, özünün leksikonu ilə desəm, əsl dılğır kimdir...
Elə Moldovadakı diasporumuzun acınacaqlı duruma gəlib çıxmasının səbəblərini araşdırarkən bəlli oldu ki, bunun əsas günahkarı elə 2006-2012-ci illərdə Moldovada səfir olmuş İsfəndiyar Vahabzadədir.
Bunun necə baş verdiyini diaspor təmsilçilərimizlə, Moldovadakı soydaşlarımızla söhbətdə aydın başa düşmək olur. Məsələ ondadır ki, Moldovada Azərbaycanın səfirliyi 2006-cı ildə açılıb. Onadək nümayəndəlik fəaliyyət göstərib. Zaman-zaman çətinliklər içərisində olan soydaşlarımız Kişinyovda səfirliyimiz açılanda seviniblər ki, üz tutacaqları, problemi olanda döyəcəkləri doğma bir qapı var artıq burada. Lakin bunun əksi baş verib. İsfəndiyar Vahabzadə Moldovadakı ilk səfirimiz olub. O, ətrafına və səfirliyə bir neçə geniş imkanlı diaspor təmsilçilərini buraxıb. Həmin şəxslərlə dolayısı yolla biznes əlaqələrinə girib, iddialara görə bəziləri ona “aylıq” verib və s. Beləliklə, orda özü üçün əyləncəli bir həyat yaşayıb. Nəhayətdə isə bu imkanlı şəxslərin bir növ girovuna çevrilib...
Burda bir haşiyə çıxaq. İsfəndiyar Vahabzadə tənqidlərə cavab kimi Moldovada səfir olarkən gördüyü işlərdən danışarkən faktiki olaraq özünü ifşa edib və təsdiqləyib ki, orda dövlət üçün yox, məhz özü üçün yaşayıb. Adam özü təsdiqləyir ki, Moldovada kilsədə moizələr oxuyub, buna görə ona medal da veriblər. Həmçinin bildirir ki, Moldova Elmlər Akademiyasının əvvəl müxbir üzvü, sonra isə həqiqi üzvü olub. Məgər səfir getdiyi ölkədə özü üçün çalışmalıdır, yoxsa dövlətin, soydaşlarımızın maraqları üçün? Bəli, Moldovada olarkən soydaşlarımız təsdiqlədilər ki, Vahabzadəni illərlə görmək, qəbuluna düşmək istəyiblər, lakin hər dəfə onlara bir cavab verilib: “Səfir yerində yoxdur”.
Bəs hardadır? Ya Elmlər Akademiyasının hansısa şöbəsində saxta, plagiat bir iş üzərində çalışıb şöhrətlənmək istəyirmiş, ya kilsədə moizə oxuyurmuş, ya da eyş-işrətlə məşğul imiş. Ermənilər, Ermənistan səfirliyi Azərbaycan əleyhinə çalışanda, bizim səfir də orada özünə maddi, elmi və dini karyera qururmuş...
İndi keçək konkret detallara və açıqlamalara.
Əslən Lənkərandan olan, 1986-cı ildən Moldovada yaşayan Şöhrət Əhmədov həm Moldova döyüşçüsüdür, həm də Qarabağ müharibəsinin iştirakçısı. 1992-ci ildə Moldovada separatizm baş qaldıranda onu da orduya çağırıblar və gedib döyüşüb. Şöhrət Əhmədov deyir ki, 1993-cü ilə şəxsi işi ilə əlaqədar Bakıya gəlib: “Mən burada olanda Ağdamda güclü döyüşlər gedirdi. Mən də qısa müddətlik şəxsi işimlə bağlı Azərbaycana gəlmişdim. Rəhmətlik Heydər Əliyev televiziyada çıxış edirdi, hər kəsi vətəni qorumağa çağırırdı. Mən bunun səhəri gün Ağdama getdim və könüllü döyüşməyə gəldiyimi dedim. Güllücə kəndi ərazisində ağır döyüşlər gedirdi. Mən ilk döyüşə orda girdim. Sonra digər istiqamətlərdə döyüşlər getdi, mən kontuziya aldığım üçün davam edə bilmədim”.
Ş.Əhmədov deyir ki, Moldovaya qayıdıb gələndən sonra burda işləyib, yaşayıb, ailə qurub: “Uşaqlarımla bağlı bir neçə dəfə səfirliyə gəldim. İndi xatırlaya bilmirəm konkret hansı sənəd idi, 2008-ci ildə onu almağım üçün səfirliyə gəldim. Burda məndən açıq şəkildə rüşvət istədilər. Düz 1 ay gəldim getdim, xahiş etdim ki, səfir məni qəbul etsin, qapının ağzında dayanıb burdan çıxanda qarşısını kəsib sözümü çatdırmaq istədim, amma bir dəqiqə dayanıb maşını saxlayıb dinləmədi. Mənə dedilər ki, rüşvəti elə səfirə veririk, mən də pulumu verib, sənədi aldım. Ondan sonra bir daha səfirliyə gəlmədim, çünki burada bizə doğma münasibət olmadı. Eşidirdim ki, İsfəndiyar Vahabzadə bütün günü qadınlarla kef məclislərindədir, səfirliyə də səfir maşınında qadınlar gətirir, amma mən şəxsən özüm bunu görməmişəm, çünki kənarda yaşayıram və səfirliyə də gəlmirdim. Bunu bu ətrafda yaşayan insanlardan eşidirdim. Mənim ayağım səfirliyimizə bir də 2018-ci ildə dəyib. Bizi indiyədək nə sayan vardı, nə axtaran. İndi səfirlik vətəndaşlarımızı diqqətsiz qoymur, diasporumuzu da sağlamlaşdırmaq üçün əllərindən gələni edirlər. İsfəndiyar Vahabzadə 2006-cı ildə bura gələndən sonra 2004-cü ildən Konqresin sədri olan Vüqar Novruzov və onun ətrafındakı bir neçə adamla birgə diasporumuzu məhv eləmişdilər. Diasporu öz maraqları üçün istifadə edirdilər, bizim də başımıza oyun açırdılar. Mən başa düşə bilmirəm, səfir bura biznesmenlərə qoşulub kef eləməyə, kilsədə xristianlara leksiya deməyə gəlmişdi, yoxsa dövlətimizə xidmət etməyə”...
İsfəndiyar Vahabzadənin kilsədə moizə oxuması məsələsi xüsusi qabardıldığından Şöhrət Əhmədovla görüşdən sonra digər soydaşlarımızla görüşü digər vaxta keçirib, başlayıram həmin kilsəni axtarmağa. Öyrənirəm ki, hörmətli Vahabzadənin moizə oxuduğu kilsə Kişinyovdan 40 kilometr aralıda Novoye Anenskiy rayonu, Novoye Troyka kəndində yerləşir. Straşenskiy rayonu, Unirey küçəsi 62 ünvanda isə sabiq səfirin dostu olan “batka” (sonra öyrənirik ki, müxalif dindarların baş monarxı imiş-red.) Panku Filoret Vasiliyeviç yaşayır.
Həmin kilsə Moldovada müxalif dindarların toplaşdığı məkan kimi tanınır və maraqlıdır ki, Ukraynadan idarə olunur. Vahabzadə də məhz belə bir müəmmalı yerlə əlaqədə olub...
Öncə yollanırıq Kişinyovdan 25 kilometr məsafədə yerləşən Straşenskiy rayonu, Unirey 62 ünvanda Panku Filoreti axtarmağa. Təxminən 3 saat axtardıqdan sonra axşam düşür və nəhayət ünvanı tapırıq. Ancaq qapını açan yoxdur... Qonşuları deyir ki, “batka” adətən, günün birinci yarısı evdə olur.
Qayıdıb gedirik Kişinyova. Səhər tezdən gəlirik, ünvana o anda çatırıq ki, “batka” artıq maşınını işə salıb, harasa getməyə hazırlaşır. Maşını həyətdə işlək vəziyyətdə olsa da, özü görünmürdü. Evinin qapısını döyürük, qapını açır, otaqdan həyətə çıxır və şübhəli baxışlarla bizi süzür.
Ona Azərbaycandan gəldiyimi deyirəm və İsfəndiyar Vahabzadə adlı birini tanıyıb-tanımadığını soruşuram. Gülümsər formada “Ooo, İsfəndiyar mənim dostum olub, xoş gəlmisiniz” deyir...
Və ardınca öz ampluama uyğun olaraq “batka”nın şəninə tərifli sözlər deyib, sonra soruşuram:
- Biz istəyirik ki, Moldovadakı keçmiş səfirimizlə bağlı geniş bilgilər əldə edək. Onunla necə dost olmuşunuz, sizi birləşdirən dəyər nə idi? Kilsəylə tanışlığı necə başladı, orada nədən danışırdı?
Yepiskop əlbəttə ki, çox hazırlıqlı adamdır. Nəzərə alsaq ki, Panku baş monarxdır, onun müəyyən bir dövlətin xüsusi xidmət orqanlarının nəzarətində olması da sirr sayılmaz.
O İsfəndiyar Vahabzadə ilə yaxınlıqlarının necə, hansı şəraitdə başlamasını açıqlamaqdan ustalıqla yayınsa da, sonrakı suallara cavabında müəyyən ip ucları verir. “Batka” bildirir ki, onun nəzarətində olan Novoye Anenskiy rayonu, Novoye Troyka kəndindəki kilsə (hansı ki, İsfəndiyar Vahabzadə orada moizələr oxuyurmuş) Ukraynaya tabedir, ora mütəmadi olaraq Ukraynadan ruhanilər gəlir. Bunu İsfəndiyar Vahabzadə özü də videoçıxışında demişdi. Və bir məqam da maraqlıdır ki, məhz bu kilsə müxalif dindarların, əsasən xaricdən gələn ruhanilərin toplaşdığı məkan kimi tanınır və Ukraynadan idarə olunması şübhəli məqamlara yol açır. Əgər İsfəndiyar Vahabzadə dinlə məşğul olmaq, dini moizələr söyləmək istəyirdisə, nədən Kişinyovun mərkəzindəki, yaxınlığındakı sağlam imicli kilsələrə deyil, 40 kilometr uzaqlıqdakı kilsəyə gedirmiş?
Moldovadakı səfirin bu ölkənin ərazisindəki Ukraynadan idarə olunan kilsəyə bağlılığının səbəbi nədir? Əlbəttə, bunu bəlkə də xüsusi xidmət orqanları araşdırmalıdır, bu, bir jurnalistin üstünü açacağı məsələ deyil...
“Batka” yalnızca onu deyir ki, İsfəndiyar Vahabzadə ona müraciət edərək, kilsədə leksiya söyləmək istədiyini bildirib və uzun müddət də gəlib bu işlə məşğul olub. Bəs moizələri nədən ibarət olub? Yepiskop Panku mühazirələrin konkret nədən ibarət olduğunu bir neçə dəfə soruşsaq da açıqlamadı, yalnız onu bildirdi ki, müxtəlif mövzularda leksiyalar söyləyib, əsasən dinlərin dostluğundan danışıb.
Kişinyovda bir çox soydaşlarımız iddia edirdilər ki, İsfəndiyar Vahabzadə xristianlığa simpatiya bəsləyib, onun daha üstün din olduğunu bildirirmiş. “Batka”dan soruşduq ki, İsfəndiyar Vahabzadə xristianlığı qəbul etmişdimi? Cavabı “diplomatik” oldu: “Biz bu haqda onunla danışmadıq, bunu deyə bilmərəm ki, edib, etməyib”.
Məlum olur ki, sözügedən mübhəm kilsə İsfəndiyar Vahabzadənin fəaliyyətindən çox razı qalıb. Hətta ora qədər ki, ona orden də veriblər. Bunu Vahabzadə özü də gizlətmir və videoçıxışında təsdiqləyir.
İ.Vahabzadə videoçıxışında özünü tərifləyir, “yaxşı səfir” olduğunu üç meyarla “əsaslandırır”: 1. Kilsədə moizə oxuyub, orden alıb. 2. Moldova Milli Elmlər Akademiyasına üzv olub. 3. Moldovanın fəxri vətəndaşı olub.
Kilsə fəaliyyətini yazdıq, akademiyaya da rüşvət hesabına ayaq açdığını ordakı əksər soydaşlarımız danışır. Moldova Elmlər Akademiyasından maraqlandıq, orda İsfəndiyar Vahabzadə adlı birini tanıyan olmadı. Hansı işi yazıb, nə müdafiə edib, o haqda da akademiyanın saytında heç bir məlumat yoxdur.
Bəs vəsiqəni necə əldə edib? Moldovadakı soydaşlarımız deyir ki, 5-6 il öncəyə qədər Moldova Elmlər Akademiyasında rüşvət tüğyan edib. Hansısa şöhrətpərəst ora üzv olmaq istəsə, aparıb pulunu verir və onun adına saxta, plagiat bir iş yazıb atırdılar arxivə, bir müddət sonra da yoxa çıxarırdılar.
Moldovanın fəxri vətəndaşı adını isə soydaşlarımızın bildirdiyinə görə, azərbaycanlı iş adamlarından birinin Moldova hökumətindəki dostlarının vasitəsi ilə “qara yolla” əldə edib.
Bu 3 işi ilə “yaxşı səfir” olduğunu iddia etmək gülüncdür. Çünki bu işləri dövlət üçün yox, məhz özü üçün edib. Səfir isə dövlət üçün çalışmalıdır, özü üçün yox. Özü üçün çalışdığına görə məsuliyyət də daşıyır...
Vahabzadənin səfirliyə dövlət tərəfindən ayrılan vəsaitləri müxtəlif cür maxinasiyalarla “xırd” etməsi haqda da kifayət qədər danışdı oradakı bilgili soydaşlarımız. Lakin bunları jurnalist yazısında yazmaq diplomatik baxımdan doğru sayılmır. Bunu yalnız müvafiq dövlət qurumları araşdıra bilər...
...Kişinyovda soydaşlarımızla söhbətdə bəlli oldu ki, məhz elə İsfəndiyar Vahabzadənin səfir olduğu dövrdə yaratdığı vəziyyət ucbatından Moldovadakı diasporumuzda da incik, narazı şəxslərin sayı artıb. Belə ki, o azərbaycanlıların problemləri ilə maraqlanmayıb, səfirliyə gələn soydaşlarımızı qapı ağzında saxlayıb. Sənəd almağa gələnlər günlərlə, bəzən aylarla süründürülüb və “şirinlik” verdikdən sonra bir arayışı verib. O səfir postunda olarkən yalnız özünün təbliğatını aparıb, Moldovanın fəxri vətəndaşı olub, kilsələrdə moizə oxuyub, Moldova Elmlər Akademiyasına üzv olmaq üçün “qara yollar”a baş vurub, boş vaxtlarında isə əyləncəli bir həyat yaşayıb. Faktiki olaraq dövlət maraqları, soydaşlarımızın durumu onu qətiyyən ilgiləndirməyib...
Kişinyovda 1983-cü ildən yaşayan, diaspor təşkilatının ilk qurucularından biri - 1998-2004-cü illərdə Moldova Azərbaycanları Konqresinin sədri olmuş Mehman İsmayılov onunla söhbətimiz zamanı maraqlı faktlar açıqladı. O dedi ki, 1991-92-ci illərdə Moldova Azərbaycanlıları Cəmiyyətini quranlardan biri olub: “Biz 1992-ci ildə ilk olaraq cəmiyyət yaratdıq. 1998-ci ildə diaspor təşkilatımızın rəhbəri seçildim. 2002-ci ildə təşkilatı Moldova Azərbaycanlıları Konqresinə çevirdik. Mən təşkilatı təhvil alanda aktiv bir fəaliyyəti yox idi, bir möhür vermişdilər, bir də elan etdilər ki, təşkilatın 3600 Moldova leyi cəriməsi var. Büdcə məsələmiz çox acınacaqlı idi. Ağsaqqal soydaşımız, “LukOİL Moldova”nın prezidenti Firuz İsayev bura gələndən sonra bizə həm maddi, həm də böyük mənəvi dəstək verdi. Həmçinin Rafiq Əliyev də bizə daim köməklik göstərirdi. Mən onlara bir daha sağ ol demək istəyirəm. Onların ciddi dəstəyi, Firuz müəllimin ağsaqqallığı sayəsində diaspor təşkilatımız xeyli gücləndi, bütün soydaşlarımızı bir araya gətirə bildik. Mən sədr olandan sonra ilk böyük işimiz Kişinyovda Nizami Gəncəvinin heykəlinin ucaldılması və abidənin arxasındakı parkda Azərbaycan Evinin inşasını planlaşdırdıq. O zaman şəhərin meri ilə çox yaxşı münasibətlərimiz vardı və bütün məsələləri danışmışdıq. 2004-cü ilin noyabrında mən sədrlikdən getdim. Məndən sonra nə oldu bilmirəm, Azərbaycan Evinin tikilməsi təxirə düşdü, yalnız Nizami Gəncəvinin heykəli ucaldıldı”...
Mehman İsmayılov deyir ki, 2004-dən ildən sonra diaspor təmsilçiləri arasında ayrı-seçkilik qoyulub, təşkilatın fəaliyyətində geriləmə baş verib: “Faktiki olaraq məni 2004-cü ildən sonra Konqresin tədbirlərinə dəvət etmədilər. Amma burda 1992-ci ildən bu yana bir ənənə vardı ki, keçmiş sədrləri bütün tədbirlərə çağırıb söz verirdik, heç bir ayrı-seçkilik yaratmırdıq, daim bir olurduq”.
Mehman İsmayılov bildirir ki, 2006-cı ildə İsfəndiyar Vahabzadə Moldovaya səfir gəldikdən sonra burdakı azərbaycanlıların problemləri daha da çoxalmağa başlayıb. Səbəb isə o olub ki, İsfəndiyar Vahabzadə soydaşlarımızın durumu ilə maraqlanmayıb. Ən ciddi problem isə o olub ki, 2007-2008-ci illərdən sonra müəmmalı səbəblərdən Moldovada vəzifədə olan azərbaycanlılar bir-bir işdən çıxarılmağa başlayıb. Məsələn, polis rəisi işləyən polkovnik-leytenant İlham Qubadov işdən çıxarılıb, şaxta müdiri Maarif Rəhimov vəzifədən azad edilib. Onlar qərəzli münasibət səbəbindən vəzifələrdən ayrılıblar, lakin müraciətlərinə baxmayaraq səfir İsfəndiyar Vahabzadə onları dinləməyib, heç səfirliyə yaxın da buraxmayıb.
Mehman İsmayılov təəssüflə qeyd etdi ki, hətta sırf şəxsi maraqlara görə bir neçə azərbaycanlını Moldovadan deport etdiriblər, biznesini dağıdıblar: “Mən burda cəmi bir dəfə İsfəndiyar Vahabzadə ilə görüşmək istədim. Ancaq bizim burdakı ağsaqqal soydaşlarımız, hörmətli insanlarımız haqda elə axmaq sözlər dedi ki, cavabını verib otaqdan çıxdım, bir daha ora getmədim. Faktiki olaraq səfir burda bir neçə nəfərin girovuna çevrilmişdi, başını əyləncə, moizə ilə qatırdı, həmin şəxslər də səfirliyi idarə edirdilər”.
Onun sözlərinə görə, ötənlərdə Moldovada xeyli azərbaycanlı müxtəlif vəzifələrdə olub, hətta parlamentdə təmsilçi də olub - mərhum Fərman Nuriyev: “Lakin 2007-2008-ci illərdən sonra - İsfəndiyar Vahabzadənin dövründə kifayət qədər problemlər yaşadıq. Təsəvvür edin, qəsdən azərbaycanlılara problemlər yaradırdılar, işdən çıxarırdılar. Biz milləti bir yerə yığmışdıq, bunlar dağıtdılar. Bu boyda konqres zəiflədildi, gəncləri qabağa getməyə qoymadılar, faktiki bu gün vəzifələrdə bir azərbaycanlı yoxdur. Niyə? Məgər İsfəndiyar Vahabzadə bura öz maraqlarını təmin etməyə gəlmişdi? Diasporun vəziyyətinə, üzləşdikləri digər problemlərə görə azərbaycanlılar səfirliyə müraciət edirdilər, onları da qəbul etmirdi”.
Moldovada diaspor fəallarından olan sabiq polis polkovnik-leytenantı İlham Qubadov isə İsfəndiyar Vahabzadənin Moldovada səfir olarkən ciddi korrupsiya əməllərinə yol verdiyini dedi: “Mən həmin dönəmdə polisdə çalışırdım, Buykan rayonunda bölmə rəisi işləyirdim. Hüquq-mühafizə orqanı əməkdaşları olan dostlarımdan məlumat alırdım ki, Azərbaycanın səfiri İsfəndiyar Vahabzadə xoşagəlməz işlərlə məşğuldur. Onun mütəmadi olaraq eyş-işrət məclisləri düzəltdiyi, diplomatik mandatdan kənar fəaliyyəti olduğu, böyük korrupsiyalara yol verdiyi haqda informasiyalar hüquq-mühafizə orqanlarının əməkdaşlarına bəlli idi. Mən bir azərbaycanlı kimi bundan utanırdım. Bir neçə dəfə İsfəndiyar Vahabzadə ilə əlaqələri olan soydaşlarımız vasitəsi ilə xəbər göndərdim ki, belə əməllər Azərbaycan adına xələl gətirir. Nəticədə İsfəndiyar Vahabzadə və onun müəyyən əlaltılarının Moldovanın o zamankı hökumətindəki dostlarının əli ilə məni 2011-ci ildə polisdən işdən çıxardılar. Təsəvvür edin, perspektivli bir polkovnik-leytenanta, hansı ki iki ay sonra polkovnik rütbəsi alacaqdım, belə “torba tikdilər”... Mən istəməzdim onun səfirlikdəki korrupsiya cinayətlərini necə həyata keçirdiyini media vasitəsi ilə açıqlayım. Hesab edirəm ki, bunu Azərbaycan dövlətinin müvafiq strukturları araşdıra bilər və yəqin araşdıracaqlar da”.
Moldovada daha bir soydaşımızın – stomatoloq-həkim Vaqif Məmmədovun başına isə elə oyunlar gətirilib ki, bundan film də çəkmək olar. Onu müəmmalı şəkildə tutublar, hücumda və şantajda günahlandırıblar və 15 il müddətinə həbs ediblər. 2 il yarımlıq mücadilədən və Moldovadakı ağsaqqal, nüfuzlu soydaşlarımızın müdaxiləsindən sonra həbsdən azad olub. Onun başına gətirilən müsibətləri isə ayrıca bir hekayə olaraq yazacağıq.
Bu yazıda son olaraq bir məqamı qeyd edim: Moldovada müxtəlif sahələrdə çalışan çoxsaylı soydaşlarımızla da görüşdük. Onlarla söhbətimizdən bir nəticə hasil oldu: Moldova Azərbaycanlıları Konqresinin güclənməsini hər bir soydaşımız istəyir və onlar düşünür ki, yeni sədr bütün azərbaycanlıları birləşdirə bilən, hər kəsin sözünü eşitdiyi şəxs olmalıdır. Ümid edək ki, soydaşlarımız bu şəxsi müəyyən edəcək, hər halda, Moldovada belə şəxslər çoxdur.

Elşad Məmmədli, Kişinyov-Bakı, musavat.biz, dekabr, 2019-vu il

Комментариев нет:

Отправить комментарий