Страницы

13.08.2021

QAZİ MƏHƏMMƏD: İLK BAXIŞDA ƏDALƏTLİ GÖRÜNƏN HƏRƏKAT SOYĞUNÇULUĞA NECƏ ÇEVRİLDİ


Qafqazda ruslara qarşı ilk üsyanı avar dindarı Qazi Məhəmməd qaldırdı. Dini təhsil görmüş Qazi Məhəmməd ilk əvvəl Qafqazın yerli adət-ənənələrinə qarşı çıxırdı və insanları islam qanunları ilə yaşamağa səsləyirdi. O bildirirdi ki, Dağıstanda inam, xeyirxahlıq və ədalət get-gedə azalır, həqiqət bulaqları quruyur, buna səbəb isə insanların dini qayda-qanunlardan uzaq olması, daha çox yerli adət-ənənələrə bağlanmasıdır. Qazi Məhəmməd “faydalı mənbələri təmizləmək” fikrindəydi ki, “günah və cəhalət içində məhv olan xalqını xilas etsin”. O Dağıstanın başından əskik olmayan bəlaların kökünü də insanların dindən-imandan uzaq düşməsinə görə Allahın göndərdiyi cəza ilə bağlayırdı.
Regionun hörmətli ruhanisinə çevrilən, özünü dinin qəzəbli daşıyıcısı və yayıcısı kimi tanıdan Qazi Məhəmməd ilk əvvəl qədim dağlı adətlərinə qarşı fəaliyyətə başladı, hansı ki bu adətlər dinə qətiyyən uyğun gəlmirdi və dağlıların birliyinə əsas əngəl idi. Adətlər isə hər bir xanlıqda bir cür idi, hər el özünəməxsus qeyir-adi qaydalarla yaşayırdı. Bunlardan ən pisi qan intiqamı idi ki, nəsildən nəsilə ötürülərək böyük qırğınlara səbəb olurdu. Qan intiqamı ona gətirib çıxarırdı ki, hətta bəzən bütöv əyalətlərin əhalisi bir-birlərini qıraraq boşalırdı. Şəriət qatilin özündən başqa bir kimsəsini öldürməyi qadağan edirdi, amma həmin dövrdə Qafqazda qatilin təkcə özünü yox, bütün tayfasını qırıb kökünü kəsməyə çalışırdılar. Qız qaçırma, qul alveri, torpaq davası, qoluzorluluq, zəif görünəni sıxışdırma- bütün bu adətlər əsrlər boyu Dağıstanın başbəlasına çevrilmişdi və qanunsuzluq xaosu yaratmışdı. Harınlamış xanlar xoşlarına gəlməyənləri qayadan tullayırdılar, kasıb kəndlilərin qızlarını ata dəyişərək özlərinə arvad edirdilər, bir az çox mal-heyvan artıranı zorla tutub əlindən alırdılar. Bəy-xanlar günahkar bildikləri adamları ürəkləri istədikləri kimi cəzalandırırdılar; məsələn, gözünü çıxarır, qulaqlarını kəsir, bədəninə qızdırılmış dəmirlə damğa basır və üstünə qaynar yağ tökürdülər. Bütün bunlar əlbəttə dinlə daban-dabana zidd idi.
Qazi Məhəmməd hətta ona yazıb oxumağı öyrədən, dini təhsil verən Səid Arakanskiyə də qarşı çıxdı, onu yolundan çəkindirmək istəyən bu din aliminin xalq arasında nüfuzuna alçaltmağa çalışdı. O ətrafına yığdığı dindarlara belə dedi: “Ey siz, bilik axtaranlar! Səid sizə ancaq onu verə bilər ki, öz qabında var. Onun isə heç nəyi yoxdur, dilənçidir! Belə olmasaydı Çardan məvacib almağa ehtiyacı olmazdı”.
Qazi Məhəmməd adət-ənənələri “şeytan törəməsi” elan etdi və bildirdi ki, kasıblıq və cahillik içində olan Dağıstanı ancaq şəriət xilas edə bilər. O kəndbəkənd düşərək bu yolda aqitasiya aparmağa başladı. İlk olaraq yaşadığı Qimrı kəndinin camaatı onun çağırışına səs verdilər. Həmin dövrdə baş verən hadisələrin canlı şahidi Qimrıdan olan Xasanilav belə danışır: “Cümə günü Qimrıdakı məsciddə üləma Daudilau dedi: “Ey siz, dostlar! O bəd əməl olmadı ki, bizim aulda törədilməsin. İnsanlar daim bir-birlərini qırırlar. Belə pis şəraitdə biz çox yaşaya bilməyəcəyik. Gəlin insanları məcbur edək ki, heç kəs başqasının malına toxunmasın. Sözləşək ki, pis adamın məcburən qabağını alacayıq. Yaxşıca fikirləşək və bütün aullara adətlər qoyaq: Bu cinayəti törədən bu cəzanı alacaq, o günahı işlədən o cür cəzalandırılacaq və sair”. Bundan sonra Qazi Məhəmməd ayağa qalxdı və dedi: “Xeyr, biz adətlər üzrə hərəkət etməyəcəyik, əsl şəriət yeridəcəyik. Hər bir pis əmələ qarşı şəriətin hazır qərarı var. Dostlar! Siz nə istəyirsiz – şəriət, yoxsa adət?” Hamı qışqırdı: “Biz şəriət olmasını istəyirik”. İnsanlar məsciddən çıxdıqdan sonra aulun kənarına getdilər və burda dədə-babadan qalma adətlərin yazıldığı kağızların hamısını yandırdılar”.
Qazi Məhəmmədin çağırışına qoşulan kəndlərin məscidlərindən yerli mollalar “Şəriət qayda-qanunları ilə yox, adət-ənənələrlə gedirlər” ittihamı ilə qovuldular və yerlərinə Qazi Məhəmmədin təyin etdiyi “düzgün” mollalar oturdular. Lakin Qazi Məhəmməd başa düşürdü ki, təkcə moizələrlə acınacaqlı vəziyyətə düzəliş etmək mümkün olmayacaq. Beləliklə, Qazi Məhəmməd öz ətrafına atıb vuran adamları yığdı. O ilk olaraq yaşadığı Qimrının bundan sonra şəriət qayda-qanunları ilə idarə olunacağını, burda yerli adət-ənənələrin qadağan olunaraq ortadan götürüldüyünü elan etdi. O bu iş üçün yazdığı risalədə milli adət-ənənələrin Allahın qayda-qanunlarına zidd olduğunu bildirərək göstərirdi: “Adi hüquq normaları- şeytanın tərəfdarlarının yazdığı topludur. Qəlbin dinclik nədir bilmədiyi, Allahın hakimliyinin qəbul olunmadığı evdə necə yaşamaq olar? Müqəddəs islamın inkar olunduğu, cahil qaragüruhun köməksiz adama qərar çıxardığı yerdə necə yaşamaq olar? Mənfurluğun şöhrət, pozğunluğun ədalət sayıldığı, müsəlmanlığın nəyə çevrildiyi bilinməyən yerdə necə yaşamaq olar?”
Qazi Məhəmməd dağlarda mənəvi inqilaba start vermək niyyətindəydi. O Dağıstanı kəndbəkənd gəzir, adət-ənənələrdən uzaq durmağa, dini qaydalarla yaşamağa çağırırdı. Onun fikrincə dini qaydalarla yaşamaq insanlara daha çox rahatlıq və azadlıq verəcəkdi və insanlar qardaşlaşaraq mehriban yaşayacaqdılar. Xüsusən onun istəyi bu idi ki, günahı olan yerli adətlərlə yox, şəriət qanunları ilə cəzalandırılsın. O bildirirdi ki, ilk növbədə xanlara məhkəmə qurmağı qadağan etmək, günahkarın cəzalandırılmasını daha ədalətli şəriət məhkəməsinə həvalə etmək lazımdır. Qazi Məhəmmədin fikirləri get-gedə daha çox insanların xoşuna gəlirdi və onun şəriətinə bütün Avarıstan meyillənməkdəydi. Onun şöhrəti tədricən hər yerə yayılırdı. Onun yaratdığı qayda-qanunlar barədə bazarlarda, xan saraylarında və məscidlərdə ağızdolusu danışırdılar.
Lakin ilk əvvək milli adət-ənənələrə qarşı çıxan bir hərəkat sonradan ruslara qarşı qazavata çevrildi. Bir məsəldə deyildiyi kimi, istəyirdik hər şey yaxşı olsun, amma həmişəki kimi alındı.
Qazi Məhəmmədin hərəkatı niyə ruslara qarşı mübarizəyə yön aldı? Çünki Qazi Məhəmmədin tərəfdarları şəriət qaydalarını qoyub yerli adət-ənənələrlə hərəkət edənləri sərt cəzalandırmağa başladılar, məqbul bildikləri dini formanı həyata keçirmək üçün cəza yoluna əl atdılar. Cəzalandırılmış adamlar isə regiondakı Rus administrasiyasına müraciətlər etdilər.
Beləliklə ilk görünüşdə haqq-ədalətin yayılmasını nəzərdə tutan bu hərəkat bir müddət sonra Qafqazda oturuşmaqda olan rus dövlətçiliyi ilə üz-üzə gəldi. Qazi Məhəmmədin müridləri ona biət etmək istəməyən zadəganları öldürməyə, kəndliləri qırıb çatmağa başladılar, bir müddət sonra isə özlərinə maliyyə bazası yaratmaq üçün hər yerdə açıq soyğunçuluğa keçdilər. Bir tərəfdən, onun hərəkatına qoşulmuş dağlıların əksəriyyəti əsrlər boyu qənimət yürüşləri ilə məşğul olmuş kriptoiudeylərdən idi ki, onlar öz köhnə sənətləri ilə məşğul olmaq üçün münbit şərait gördülər. Qazi Məhəmmədin işini aparan əsas adamlar dədə-babadan çapqınçılığa öyrəşmiş şəxslər idi ki, onları bu yoldan çəkindirmək hərəkatı tam dayandırmaq demək olardı. Beləcə ilk əvvəl haqq-ədaləti yaymağı, dinin bərqərar olunmasını hədəfləyən layihə passionar iudey energetikası sayəsində soyğunçuluq hərəkatına döndü və Qazi Mühəmməd bu təmayülün qarşısını ala bilmədi.
Müridlərin cəzalandırdığı və çapdığı çoxlu sayda köməksiz insan Rus administrasiyasına şikayətə axışdı. Regionda nizam-intizamın yeganə qarantı olan Rus hərbi komandanlığı onlara biət etməyən bəy-xanları qırdıqlarına və çapdıqlarına görə Qazi Məhəmmədin dəstəsinə qarşı hərəkətə keçdi. Qaçaq-quldurluğa qarşı mübarizə aparan Rus qarnizonları ilə Qazi Məhəmmədin müridləri arasında bir çox yerlərdə toqquşmalar baş verdi. Nəticədə Qazi Məhəmməd “Ruslar Qafqazda şəriətin bərqərar olmasına mane olur, dinə qarşıdırlar” fikrinə gəldi, rusları kafir elan etdi və onlara qarşı qazavata səslədi.
Fransız şərqşünası Aleksandr Benniqsen qazavatın yaranmasında şübhəli sektanın rolundan danışır və və bu sektanın nəqşibənd təriqətinə bağlı olduğunu güman edir. Qazi Məhəmməd əsas fəaliyyətinə 1820-ci ildən başlamışdı. Təbliğat və genişlənmə işində onun əsas məntəqəsi köhnə iudey məkanı olan Endirey (əsl adı Jderi- cühud yurdu) olmuşdu. Endireyin iudey kahinləri özlərini şıx elan etdilər, sekta yaratdılar və Qazi Məhəmmədin əsas silahdaşlarına çevrildilər. 1828-ci ildə onlar Qazi Məhəmmədi irəli verərək bütün Dağıstanın imamı elan etdilər və “kafirlərə”- ruslara qarşı mübarizəyə yönəltdilər. Məhz Endireyin iudey kahinləri ruslara qarşı fətva verdilər və xalqı müharibəyə qaldırdılar. Çünki rus hərbçiləri onların yerli xalqları əzməsində, Qafqaz ellərinə hücumlarında əsas maneə idi. Tezliklə avar və çeçen qaçaq-quldurları Qazi Məhəmmədin ətrafında sıx birləşdirdilər və regionun əsas başbəlasına çevrildilər. Bir azdan müridizm ideyalarının təsiri altına düşən bir qrup ləzgi və kumık da Qazi Məhəmmədin Rus dövlətçiliyinə qarşı mübarizəsində onun ordusuna qoşuldular.
Qeyd edək ki, Dağıstanın tanınmış və hörmətli ruhaniləri və alimləri Qazi Məhəmmədin ruslarla apardığı müharibəyə qarşı çıxmışlar. O dövrün Səid Arakanski, Şeyx Camaləddin kimi əsas və avtoritetli din xadimləri onun apardığı mücadilənin islam dininə uyğun gəlmədiyini və qərəzli olduğunu bildirirdilər. Usişa kəndindən olan üləma Titalav deyirdi: “Bizim diyarda Allahın yolu ilə gedən əsl qazi tapa bilərsinizmi? Qazilərdə əsl kafirlərin kim olması haqqında təsəvvür düzgün olmadığına görə onlar Allahın yolundan çıxıblar. Onlar gürcüləri öz basqınları ilə bezdiriblər. Halbuki gürcülər də qızılbaş rəiyyəti və ya osmanlı təbəələri kimi Allah adamlarıdır. Hər necə olursa olsun bizim onların qanını tökməyə, əmlaklarını əllərindən almağa, əsir götürməyə haqqımız yoxdur”. Səid Arakanski nəinki quldurluq yürüşlərinə, ümumiyyətlə qazavata qarşı çıxırdı, bunu dinə-imana sığışdırmırdı. O qoluzorlu müridlərin geniş tətbiq etdiyi cavabdehi cəzalandırmaq üçün onun əmlakını ələ keçirmək və ya sadəcə dəymiş ziyanı ödəmək üçün əmlak müsadirəsi hallarını günah adlandır, müridləri belə hallara son qoymağa çağırırdı. Şeyx Camaləddin bildirirdi ki, ruslar Dağıstana tam azadlıq veriblər və burda heç bir aqressiv hərəkətlər etmirlər, bu səbəbdən onlara qarşı çıxmaq düzgün deyil. Camaləddinin oğlu Əbdurəhman bildirirdi ki, Qazi Məhəmmədin mənsub olduğu təriqət cihad aparılmasına icazə vermir. Tanınmış din alimi Məhəmməd Titalav Dağıstanın digər alimlərini bir yerə yığıb belə sual vermişdi: “Dövrümüzdəki bu qaziləri din uğrunda həqiqi mübarizə aparanlara necə aid etmək olar? Axı biz gözəl bilirik ki, onların məqsədi qənimət ələ keçirmək və varlanmaqdır. Onlar ki Allahın sözünü ucaltmırlar və sədəqə paylamırlar. Bəs onda Allahın yolunu necə gedirlər?”
Hərəkatının təzəcə vüsət aldığı və regionda narahatçılıq törətməyə başladığı bir vaxtda Qazikumık xanının katibi işləyən Şeyx Camaləddin Qazi Məhəmmədin görüşünə gəldi və onu qan yolundan çəkindirməyə çalışdı. Camaləddin Qazi Məhəmmədi başa saldı ki, o Quran əsasında mənəvi yolla getməlidir. Yerli adətlər insan hüquqlarını boğaraq çıxılmaz bataqlıq yaratmışdı ki, bu bataqlıqda qoluzorluların tiraniyası formalaşmışdı. Adətlər sadə camaatı zəncirə vurmuşdu və Qazi Məhəmməd bu zənciri qırmağa çalışarkən öz təsirlərini itirməkdən qorxan hazıryeyən bəy-xanların, köhnə mollaların, riyakar ağsaqqalların müqaviməti ilə üzləşmişdi. Qazi Məhəmmədin adamları dini qayda-qanunları oturuşdurmaq üçün imtiyazlı köhnə təbəqəyə zor tətbiq etməyə başlamışdılar. Müridləri sərt yol tutaraq Qazi Məhəmmədə təklif edirdilər ki, bəy-xanları hər yerdə ucdantutma qırıb onların yerlərinə hakimliyə öz dindarlarını otuzdursunlar. Bu isə regionda böyük qarışıqlığa səbəb olurdu və din pərdəsi altında maskalanmış iudeylərin öz soyğunçuluqlarını davam etdirməsinə rəvac verirdi. Camaləddin təklif edirdi ki, Qazi Məhəmməd zor tətbiqi yolu ilə getməsin, moizələrə üstünlük versin, paklıq yolu tutsun, qan tökülməsinə qoymasın.
Qazi Məhəmməd Camalədinin təsiri altında bir müddət zor yolundan əl çəkdi. Şəriətçilərin döyüşkən başçıları namaz qılan, dua edən, nəsihət verməklə islah etməyə çalışan adi möminlərə çevrildilər. Camaləddin onları inandıra bildi ki, onlar cəng yox, təbliğat yolu tutmalıdırlar. Beləcə xəncərlər yerini moizələrə verdi.
Lakin bu Qazi Məhəmmədin ətrafına toplaşmış əksəriyyət təşkil edən temperamentli avar igidlərinə sərf etmədi. Onlar bu fikirdəydilər ki, ağzınlaşmış bəy-xanların cəzalandırılmasını davam etdirmək lazımdır, axı onlar bu işdən həm də böyük maddi qazanc götürürdülər. Onların fikrincə şəriətin yayılmasını moizələrin ümidinə bağlamaq olmazdı, şəriəti ancaq güc yolu ilə yaymaq olardı. Qazi Məhəmmədin namaza qayıtmasını və “ümidlərinin” puç olmasını görən radikal kontingent tədricən onu tərk edərək evlərinə dağılışdı. Şəriətçilər hərəkatının ilkin “uğurları” puç oldu və tormozlandı. Qazi Məhəmmədin get-gedə Dağıstana yayılmaqda olan nüfuzu və təsiri səngidi.
Ətrafındakı adamların ondan uzaqlaşdığını görən Qazi Məhəmməd yenə zor yoluna qayıtmağa üstünlük verdi. O müridlərini başına toplayıb onlara sərf edən yola- “qazavat” yoluna qayıtdığını bildirdi. Bundan sonra Qafqazda yeni qırğınlar başladı. Beləliklə neqativ iudey energetikası xeyir işlə başlamış bir hərəkatın soyğunçuluq kampaniyasına çevrilməsinə səbəb oldu.
Qazı Məhəmməd dağlarda 30-dan çox nüfuzlu və varlı bəyi-xanı öldürdü, onların mal-mülkünü, var-dövlətini ələ keçirdi, köhnə mollaları qırıb çatdı, yerinə öz dindarlarını təyin etdi. Qazi Məhəmmədin müridləri soyğunçuluq dalğasında varlanmağa başladılar. Sel kimi axan qənimətin və var-dövlətin fonunda Qazi Məhəmməd özü də ruhani qiyafəsindən çıxıb əsl quldurbaşıya çevrildi. Şeyx Camaləddin dəfələrlə Qazi Məhəmmədin yanına gəlib onu ruhaniyə yaraşmayan həyat tərzindən çəkindirmək istəsə də, o tutduğu yoldan uzaqlaşa bilmədi. Qazi Məhəmməd daxil olduğu kəndlərdən arabalara yüklənmiş bol qənimətlərlə çıxırdı. Onun müridləri uzun illər Dərbənd, Çeçen və Nazran torpaqlarına çapqınçılıq yürüşlərinə çıxdılar, ətraf ellərə gün verib işıq verməyərək soyub taladılar. Bu isə Qazi Məhəmməd hərəkatı ilə regiondakə Rus administrasiyası arasındakı konflikti daha da dərinləşdirdi.
1830-cu ildə Qazi Məhəmməd 8 minlik qoşun ilə Avarıstanın paytaxtı Xinzaxa yaxınlaşdı və Xunzax hakimlərindən ona biət etmələrini istədi. Xunzaxlılar onu tanımadıqlarını bildirdilər, rədd etdilər və döyüş başlandı. Xunzaxlılar Qazi Məhəmmədin qoşununu darmadağın etdilər və müridlər qaçmağa məcbur oldular. Bundan sonra avar hakimləri Rus komandanlığından kömək istədilər. Rus qoşunu 1832-ci ilin oktyabrında Qazi Məhəmmədim oturduğu Qimrı kəndini mühasirəyə aldı. Baron Rozen ona xəbər göndərdi ki, quldurluğa son qoysun və sülh danışıqlarına gəlsin. Qazi Məhəmməd yazdı ki, sülh danışıqlarına gəlmək fikri yoxdur və onun min atlı ilə Məkkəyə yollanmasına şərait yaradılmasını istəyir. Qızğın döyüşdən sonra Qazi Məhəmməd öldürüldü, köməkçisi Şeyx Şamil isə yaralanaraq qaçdı. Beləcə Qazi Məhəmmədin qanlı hərəkatına son qoyuldu.
Tiflis Gimnaziyasının direktoru Aleksandr Lilov yazırdı ki, yerli əhalinin içindən yaşlılar müridizmə maraq göstərmirdilər, onları “yolunu azmışlar” sayırdılar, amma gənclərdə böyük maraq vardı ki, xüsusən müridlərin “mühacir” adlanan pullu və get-gedə varlaşan təbəqəsi onlarda heyranlıq yaradırdı. Qimrıdan olan Xasanilav 1883-cü ildə yazdığı “İmam Qazi Məhəmməd” əsərində bildirirdi: “Köhnə dədə-baba adətlərində yetişmiş qocalar şəriətə qarşı idilər. O ki qaldı cavanlara, onlar şəriəti alqışlayırdılar və onlar üçün nə qədər böyük çətinliklər yaratsa da, şəriətin bərqərar olması ilə razı idilər”.
Tarixçi alim Nikolay Pokrovskinin tədqiqatından aydın olur ki, Qazi Məhəmmədin yürüşlərində əsasən Dağıstanın dağlardakı ac aulları iştirak edirdilər, rusların hesabına dolanışığını qurmuş aşağıdakı düzənlik aulları isə bu aksiyalara maraq göstərmirmişlər. Pokrovski yazır: “İmamın tərəfdarları düşərgəsi yalnız yürüşlər zamanı əsaslı dərəcədə çoxalırdı. Heç yürüşlər də həmişə hamı üçün cəlibedici görünmürdü. Varlı sənətkar və tacir mərkəzlərinin sakinləri Qazi Məhəmmədin dəstəsinə qoşulmurdular. Digər rayonlarla iqtisadi əlaqələr qazancın əsas və əhəmiyyətli hissəsini təşkil edirdi ki, Qazi Məhəmmədin dəstəsinə qoşulmaq həmin əlaqələrin kəsilməsinə gətirib çıxarardı. Dağ və düzənlik zonalarının sərhədindəki yolayrıclarında yerləşən aulların sakinləri də Qazi Məhəmmədin çağırışlarına qarşı idilər. Rusiya ilə açıq konfrtantasiya bu aulların mal-heyvanının qış otlaqlarına çıxışının bağlanmasına səbəb olardı”.
Müasir liberal tarixçilər həmin dövrdə baş verən hadisələri Qafqaz xalqlarının ruslara qarşı kütləvi müharibəsi kimi təqdim etməyə çalışırlar. Lakin heç bir tarixi sənəddə və mənbədə həmin hadisələr müharibə kimi qeydə alınmayıb. Rusiya dövləti Qazi Məhəmmədin vaxtında dağlılara qarşı müharibə aparmırdı; işlər də liberal tarixçilərin təqdim etdiyi kimi, elə faciəli şəkil almamışdı ki, mərkəz hansısa sərt addımlara əl qoysun, fövqəladə tədbirlər həyata keçirsin. Nə Dağıstana, nə Avarıstana, də də Çeçenistana müharibə elan olunmamışdı, Çar hökuməti bu əraziləri öz torpağı, əhalisini öz təbəələri hesab edirdi və rus hərbi hissələri burdakı camaat ilə yox, Rus hökumətini tanımaq istəməyən müridlərlə vuruşurdu. İrqi düşmənçilik yox idi, xalqlar arasında yenə də əvvəlki xoş münasibətlər qalmışdı; bir qrup dağlı onlara qarşı vuruşur deyə ruslar ümumən yerli camaata aqressiya ilə yanaşmırdılar, onların arasında bir-birinə nifrət yox idi. Burda çoxdan yaşayan rus əsgərləri- kazaklar və draqunlar yerli camaat ilə çoxdan qardaşlaşmışdılar və yerli adət-ənənələrə hörmətlə yanaşdıqlarından böyük hörmət qazanmışdılar. Bu sarıdan Qafqazda xidmət etmiş qraf Konstantin Benkendorfun Parisdə çap olunmuş xatirələrində danışığı epizod olduqca maraqlıdır. Qraf bildirir ki, bir dəfə Çeçenistan kəndlərinin birindəki bazarda Apşeron polku əsgərləri ilə yerli çeçenlər arasında dava düşmüşdü. Apşeron polku həmin əraziyə təzə gətirilmişdi və polkun əsgərləri hələ yerli sakinlərlə necə davranmağı bilmirdilər. Haya ərazidə çoxdan xidmət edən Kurinski polkunun əsgərləri gəlmişdilər. Lakin onlar Apşeron polkunun əsgərlərinin yox, çeçenlərin tərəfini tutmuşdular və davaya onlar tərəfdən qatılmışdılar. Kurinski polkunun əsgərləri sonradan Abşeron polkunun əsgərlərinə bildirmişdilər ki, biz burda çeçenlərlə birgə yaşayırıq, onlarla duz-çörək kəsmişik, ona görə də borcumuzdur ki, onlara kömək edək. Rus əsgərlərinin məsələlərə belə özünəməxsus yanaşmaları onların region əhalisi arasında hörmətini ucaltmışdı və stabiliyə böyük töhfələr vermişdi. Həmin dövrdə Qafqazda xidmət etmiş kazak atamanı Qriqori Filipson yazırdı: “Spesifik bir şəraitdə qarşılıqlı əlaqəli, lakin döyüşən mədəniyyətlərin inteqrasiyası baş verirdi. “Yeni” qonşular “yaxın” qonşulara çevrilməkdəydi. Hadisələrin birbaşa iştirakçıları üçün Qafqaz dağlılarına qarşı keçirilən hərbi tədbirləri müharibə adlandırmaq təəccüb doğurardı. Məgər Qafqaz diyarında hərbi vəziyyət elan olunmuşdu? Tam sonadək nə sənədlərdə, nə də fəaliyyətdə işlər müharibə kimi əks olunmadı, diplomatik müstəvidə isə hökumət bütün baş verənləri heç kəsin qarışmağa ixtiyarı çatmadığı daxili iş kimi qiymətləndirdi. Biz Qafqaz dağlılarını Rus təbəələri hesab edirdik və silahı yalnız o şəxslərə qarşı yönəldirdik ki, bizim hakimiyyəti tanımaq istəmirdilər”.
Məsələ burasındaydı ki, Rusiya hökuməti müsəlmanların nə dininə, nə adətlərinə, nə də əsrlərlə formalaşmış məişətinə müdaxilə etmirdi və toxunmurdu. General Aleksey Yermolov Qazi Məhəmmədin qazavatın qoşulmuş darginlərin Akuşa camaatına məktubunda məsələni belə izah edirdi: “Alicənab Rusiya hökumətinin sizə rəğbəti ilə kifayətlənin. Rusiya hökuməti sizin dininizə hörmətlə yanaşır, adət-ənənələri pozmur, əmlakınıza toxunmur və sizdən heç nə tələb etmir. Amma bilin ki, Böyük Hökmdarın sadiq təbəələrinə qarşı təhqir və ziyan ciddi cəzalandırılacaq və sonadək qisası alınacaq”. Çarın Qafqaza canişin təyin etdiyi Mixail Nikolayeviçin Dağıstan xalqlarına müraciətində isə deyilirdi: “Torpaq və meşələr əhalinin mülkiyyətinə aiddir, bircə qalalara ayrılmış yerlərdən başqa. İrarəetmə adətlərə və şəriətə əsaslanır və dövlət tərəfindən maliyyələşdirilir. Əhalinin sənətkarlıqla və ticarətlə məşğul olmaq hüququ tanınır, bununçün Gürcüstana, Car-Balakənə, Şəkiyə, Şirvana, Qubaya, Dərbəndə və digər yerlərə gedən yollar açıqdır. Din, müllkiyyət və adətlər toxunulmaz olaraq qalır, bircə qan intiqamı adətindən başqa ki, aradan aparılmalıdır”.
Rusların dağlılara normal münasibəti müqabilində dağlılar da özünməxsus tərzdə ruslara hörmətlə yanaşırdılar. 19-cu əsrin lak pedaqoqu Abdulla Ömərov yazırdı: “Dağlılar özünəməxsus mühakimə yürüdürlər. Fikirləşirlər ki, onlar öz uşaqlarına ilk növbədə Quran oxumağı öyrətdikləri kimi ruslar da öz uşaqlarına ilk növbədə İncil oxumağı öyrədirlər, ardınca xristian dininin doqmatlarını mənimsədirlər. İstənilən rus yazısı olan kağızı dağlılar İncil yazısı kimi qəbul edirlər; özünə hörmət qoyan müsəlman heç vaxt rusca yazılan kağızı natəmiz yerə atmır ki, orda Allahın adı yazıla bilər. Onlar İncilə və İsa peyğəmbərə də inanırlar, lakin bu fikirdədilər ki, əsl ilkin İncildə Allah xristianlara Məhəmməd peyğəmbər zühur edərkən onun ardınca getməyi tapşırmışdır, sadəcə xristian dindarları bu hissəni İncildən çıxarmış və təhrif olunmuş formada xalqa çatdırmışlar. Onlar həm də əmindirlər ki, xristianların dərinliyinə varan alim ruhaniləri həqiqətə bələd olaraq islama meyillənirlər”.

(Ardı var)

Turan Ekspress teleqram kanalı
@turan_ekspressi

Комментариев нет:

Отправить комментарий