Страницы

17.08.2021

Sən Rusiya boyda fövqəlgücü necə qavalayajaxsan, ağsaqqal?


Bildiyiniz kimi Əfqanıstan hökuməti Talibana məğlub oldu.
Bu yazıda taliblərin kimliyindən, yaxşılığından, pisliyindən danışmayacam. Məqsədim başqadır.
Ümumi yazılanlara baxanda görürsən ki, Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi ölkə ictimaiyyətində az da olsa xof yaradıb. Əfqanıstan bizim sərhədlərimizdən təqribən 2 min km uzaqlıqda yerləşir, amma dediyim kimi bu xofun "bir ucu" gəlib artıq Azərbaycana da çatıb.
İndi qayıdaq yazının Mustafasına.
Son günlərdə yaşlı-başlı babam yaşında kişilər, biri çıxıb bütöv bir milləti təhqir edərək donuz deyir, o biri deyir "sülhməramlıları" qavalıyax, başqa birisi "güneyli soydaşlarımızı ayağa qaldırıb molla rejimini dağıtmaq lazımdır" deyir və s.
Özü də baxırsan ki, yaşadıqlarını yaşayıblar, yeddi arxadan dönənləri üçün mal-dövlət yığıb, ruslar demiş "kraynim sluçi" xaricdə ev-eşik də alıblar.
90-cı illərin eyforiyasından ayılmayan bunlar başa düşmür ki, təhqir elədiyin xalqın ölkəsində 3 milyon azərbaycanlı yaşayır. Başa düşmürsən ki, sən indi pafoslu boğazdan yuxarı danışacaqsan deyə o insanlar üçün təhlükə yarana bilər.
Sən Rusiya boyda fövqəlgücü necə qavalayajaxsan, ağsaqqal?
Bunun nə ilə nəticələnəcəyini təsəvvür edə bilirsiz?
Neynəyək, bu basabasda Rusiya ilə müharibə eləyək?
"Görüş" kinosunda deyildiyi kimi "bu sizin üçün gecə pambıq yığmaq deyil".
Bir qrup güneyli dərdi çəkənlər də ki, başqa cür kinokomediyadılar.
Biz dədə-babalarımızdan belə eşitmişik ki, qonşuda yanğın olanda ora su ilə gedərlər ki, həmin yanğın bizim evə keçməsin. Bunlar isə benzin ilə gedirlər.
Başa düşmürsüz ki, sərhədimizdə olan istənilən xaos, gərginlik ani moment bizim də ölkəmizə sıçraya bilər?
Oturub-durub Amerikaya dua eləyir ki, İranı bombalasın və ya ölkədə türk-fars vətəndaş müharibəsi başlasın.
Yəni başa düşmürsüz ki, Allah eləməmiş qonşumuzda belə bir şey baş versə ən azı ölkəyə 10-15 milyon qaçqın gələ bilər? Məgər Suriyadan, İraqdan, Əfqanıstandan Türkiyəyə gedən qaçqınlar barədə xəbəriniz yoxdur? Türkiyədə artıq əsəblər tarıma çəkilib, yerli əhali ilə qaçqınlar arasındakı qarşıdurmalardan xəbəriniz yoxdur?
Sizə nə var ki, Allah eləməmiş bir qarışıqlıq düşsə qaçıb gedəcəksiz, olan yenə kasıbın balasına olacaq.
Bəzi vətəndaşlar da bu "patriotların" yağlı dillərinə aldanıblar.
Allah eləməmiş gəmi batsa vallah-billah göyərtəni ilk bunlar tərk edəcəklər.
Uzun sözün qısası, qonşularla maksimum dərəcədə balanslı davranmaq lazımdır. Cənubi Qafqazda gözü olan o qədər çaqqal-çuqqal var ki, moment gözləyirlər ara qarışsın.
Ona görə də bölgədə xaos heç kimə sərf eləmir.
Yazmaqla fikri tam çatdırmaq olmur. Onsuz da uzun oldu. Bura qədər səbri çatıb oxuyanlara təşəkkürlər.


Müşfiq Heybətov

Комментариев нет:

Отправить комментарий