Страницы

20.09.2021

Duqin: Qasim Süleymanini itirəndə elə bildim ailə üzvümü itirdim


“General Süleymani əsl qəhrəman idi. O təkcə İranın maraqları üçün, şiə dünyası uğrunda vuruşmurdu, o bütün Müqavimətin qəhrəmanı idi. O imperializmin hegemonluğuna qarşı, Qərbin islam dünyasında, Yaxın Şərqdə və ümumiyyətlə planetar səviyyədə öz şərtlərini yeritmək cəhdlərinə qarşı müqavimətin qəhrəmanı idi. Odur ki, mənimçün general Süleymanının itirilməsi elə bil ailə üzvümün, hətta bəlkə də daha əziz adamımın itirilməsi demək idi. O mənə çox yaxın olan mənəviyyat adamı idi”. 
Bu sözləri tanınmış Rusiya politoloqu, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, İzbor Klubunun üzvü, professor Aleksandr Duqin avrasiya.info saytına açıqlamasında demişdir.
Politoloq Qasim Süleymanini “Müqavimətin, çoxqütblü dünya uğrunda mübarizənin qəhrəmanı” adlandıraraq bildirmişdir: “O Yaxın Şərqin şiə icmasının adi dini qrup olmaqdan çıxaraq siyasi gücə çevrilməsində çox işlər görmüşdür ki, bu da olduqca vacib məsələdir. Yəni o faktiki olaraq şiəliyi Yaxın Şərqin əsas subyektinə çevirməyi bacarmışdır. O sünnilərlə, müsəlmanlarla və digər xalqlarla birgə bütün ölkələr və sakinlər üçün
ədalət, azadlıq və sərbəstlik istəyirdi. O İran, İraq, Suriya, Liviya və Livan xalqlarının böyük fədaisi idi. O Livan xalqının müstəqilliyi və müqaviməti üçün böyük işlər görmüşdür. Başqa sözlə, general Süleymani böyük qəhrəman və əsl strateq idi. Əlbəttə onun aramızdan getməsi, bu gün bizimlə olmaması hamımızçün böyük zərbədir”.
Duqinin sözlərinə görə Süleymani təkcə siyasi xadim, hərbi strateq deyildi, həm də əsl din xadimi idi: “Onun şəxsiyyəti və mənəviyyatı təkcə geopolitik və hərbçi olmağa sığmırdı, o həm də ruhani bir şəxs idi. O əsl şəhid idi. Baxın, şəhid sözünün ərəbcə iki mənası var. Biri cəfakeş, digəri isə şahidlik edən mənasındadır. O adam şəhid sayılır ki, həqiqətə şahidlik edir. Belə adam öz həyatını hansısa şəxsi maraqlara qurban vermir, o öz ölümü ilə uğrunda vuruşduğu yolun müqəddəsliyinə şahidlik edir. O öz ölümü ilə şahidlik edir ki, bizim döyüşümüz haqq yolundadır. Bu mənada Süleymaninin ölümü əks-təsir məsələsidir. Onlar bizim qəhrəmanlarımızı öldürməklə biz zəfləmirik, əksinə güclənirik. Axı biz inanclı adamlarıq - biz xristianlar və müsəlmanlar Allaha inanırıq. Biz bilirik ki, Allah bizim qətiyyətimizi, haqq uğrunda fədailiyimizi, bu yolda canımıza belə heyfimizin gəlməməsini görürsə, demək Allah bizə kömək olacaq. Yaxşı, əgər Allah bizimlədirsə, bəs kim bizə qarşıdır? Bizim düşmənlərimiz materialistdirlər və düşünürlər bizim qəhrəmanlarımızı cismani məhv etməklə biz zəifləyəcəyik, ya geri çəkiləcəyik. Xeyr, əslində belə şəhidlərimiz çox olduqca biz get-gedə güclənirik. Çünki şəhid qəhrəmanlarımız bizə uca göylərdən kömək olacaqlar. Və bu kömək – metafora deyil, real gücə malikdir. Odur ki, bizi öldürmək olmaz. Kim Allahladırsa, ona heç kimin gücü çatmaz. Bu mənada general Süleymaninin, o cümlədən İraq xalqının qəhrəman oğlu Mühəndisinin öldürülməsi bizi əslində zəiflətmək iqtidarında deyil. Məsələn, Süleymanini itirməklə Rusiya-İran münasibətləri heç də zəifləməyib, İranın Yaxın Şərqdəki fəaliyyəti azalmayıb, İran İslam İnqilabı Keşikçiləri Korpusu, İran vətənpərvərləri öz mövqelərindən geri çəkilməyiblər. Əksinə mövqelərimiz daha da güclənib. Əgər insan öz həyatını haqq yolunda qurban verirsə, o mübarizəni zəiflətmir, daha da gücləndirir. Biz maddiyyatçı deyilik, biz qələbəni qoşunların sayı, ölülərin və sağların miqdarı ilə hesablamırıq. Biz reallığı haqqın dərəcəsi ilə ölçürük. Əgər insan öz həyatını haqq yolunda, ədalət uğrunda qurban verirsə, bu iş daha da güclənir. Odur ki, Qasim Süleymaninin işi yaşayır və davam edir. Onun ölümünə Rusiyadakı reaksiya bizim mövqelərimizi burda daha da gücləndirmişdir. O bizə arqument verdi, göstərdi ki, baxın, düşmənlərimiz hər şey edəcəklər ki, dostlarımızı, müttəfiqlərimizi məhv etsinlər, demək biz Rusiya-İran alyansında daha möhkəm durmalıyıq. Biz Rusiya və İran xalqları Müqavimət cəbhəsində birgə dayanmalıyıq. Ona görə ki, bu yolda Qasim Süleymanı kimi ən yaxşı oğullarımız can qoyublar”.
Politoloq rus xalqının Süleymaniyə verdiyi böyük önəmdən danışaraq bildirmişdir ki, onun ölümü Rusiyada əsl milli matəm kimi qarşılanmışdır: “Mənim yadımdadır ki, general Süleymani öldürülərkən onun ölümü Rusiyada böyük kədərlə, Yaxın Şərqdə hərbi strategiya ilə məşğul olan adamlarımız arasında isə əsl matəmlə qarşılandı. Bu bizimçün böyük zərbə və hüzn oldu. Onun ölümü bizə bizlərdən birinin ölümü kimi təsir etdi. Sanki İran xalqının yox, Rus xalqının hansısa böyük qəhrəmanı, vacib hərbi sərkərdələrindən biri öldürülmüşdü. Süleymani təkcə İran xalqının deyil, Rus xalqının da strateqi, çoxqütblü dünya uğrunda mübarizi sayılırdı. İran xalqı kimi Rus xalqı da Süleymanini öz döyüşçüsü, öz əsgəri kimi görürdü. Süleymaninin ölümü – rus xalqının yaxın bir dostunun rəşadətli ölümü idi. O bizimçün böyük əhəmiyyət kəsb edirdi. Süleymaninin ölümünə rus strateqləri, rus hərbçiləri necə yanıb yaxılırdılar, necə heyfslənirdilər, bunu sözlə ifadə etmək çətindir. Onun alçaqcasına öldürülməsi burda ABŞ-a olan nifrəti, o cümlədən bu provokasiyanın arxasında duran İsrailə nifrəti daha da artırdı, qisas hissi yaratdı. Onun ölümünün Rusiyadakı nəticələri belə oldu. Süleymaninin ölümü Rusiya-İran müttəfiqliyində düşmənə qarşı bizim birgə mübarizəmizi daha da möhkəmləndirdi. Odur ki, Süleymanin özünü qurban verməsi hədər yerə olmayıb. Onun ruhu daim bizimlə olacaq”.

Комментариев нет:

Отправить комментарий