Страницы

19.09.2021

Vüqar Səfərli: "Yazılanları oxuyanda adam özü-özünə nifrət edir"

“O binaların tikilməsinə Əli Həsənov nəzarət edirdi, bəzən mənimlə, bəzən də mənsiz gedib baxırdı...”
 
2009-2020-ci illərdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fonduna rəhbərlik etmiş, hazırda isə 20 milyona yaxın büdcə vəsaitinin mənimsənilməsi ittihamıyla həbsdə olan Vüqar Səfərli özünü təqsirli bilmir. O sentyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyib ki, ona qarşı irəli sürülmüş ittihamlar əsassızdır.
Vüqar Səfərlinin sözlərinə görə, Fondun maliyyə məsələləri, qəzetlərə ayrılan vəsaitlər və s. haqda qərarları Müşahidə Şurası verib. Onun isə Müşahidə Şurasının qərarına müdaxilə etmək imkanı olmayıb.
Sabiq icraçı direktor deyir ki, 2009-cu ildə Fond yaradılıb, prezidentin onu bu quruma rəhbər təyin etməsindən sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev onu qəbul edib. Deyib ki, Fondun fəaliyyətinə nəzarəti Əli Həsənov həyata keçirəcək.
Vüqar Səfərliyə qarşı ittihamlardan biri budur ki, o, Əli Həsənovun oğluna məxsus binada fond üçün baha qiymətə ofis icarəyə götürüb. Nəticədə bu illər ərzində 800 min manata yaxın vəsait israf olunub. O isə bu ittihamla razılaşmır. Deyir ki, Dövlət Əmlak Komitəsi fond üçün yer tapmağı onların özünə həvalə etmişdi. Həmin yer icarəyə götürüləndə razılaşdırılıb, qiymətlərdən Maliyyə Nazirliyi də xəbərdar olub və buna razılıq verib: “Biz oranı Əli Həsənovun ailə üzvünə məxsusluğuna görə yox, əlverişli olduğuna görə seçdik. Nəşriyyata da, metroya da yaxın idi. Bizə dedilər ki, orda yerləşən digər qurumlar kvadrat metri 20-22 manata icarəyə götürüb, sizə 18 manata verərik. Maliyyə Nazirliyinin rəhbərliyilə əlaqə saxladım, onlar bildirdilər ki, normal qiymətdir, müqavilə bağlayın. Biz də bağladıq. Bu illər ərzində bir dəfə də bizə hər hansı dövlət qurumu irad bildirməyib ki, icarə haqqı bahadır. Biz hər il xərclərimizlə bağlı hesabat vermişik. Bu gün də fond həmin binada fəaliyyət göstərir”.
İttihamda yazılıb ki, Vüqar Səfərli rəhbərlik etdiyi quruma aid olmayan ofis üçün də icarə haqqı ödəyib. O ifadəsində bu məsələyə də toxunub: “2019-cu ilin yanvarında Prezident yanında Bilik Fondu fəaliyyətini dayandırdı. Bu qurum da həmin binada yerləşirdi. Əli Həsənov mənə dedi ki, bizim Fondun fəaliyyətinin genişlənməsini istəyirlər, buna görə Ramiz Mehdiyevin adına məktub yazım. Fondun avadanlıqları bizə verilsin, onların ofisinin icarəyə götürülməsi üçün də Maliyyə Nazirliyinə məktub göndərib. Maliyyə Nazirliyindən cavab gəldi ki, indi ilin ortasıdır, ehtiyat vəsait yoxdur, gələn ilin əvvəlində o ofisin icarəsi üçün də vəsait köçürüləcək. Həmin osifə Prezident Administrasiyasının təyin etdiyi bəzi blogerlər yerləşdirilmişdi. Cinayət işinin materiallarında yazılıb ki, guya ofis bazar qiymətinə görə 12-13 manat olmalıydı, dövlət rüsumu isə 47 qəpik idi. Gülünc rəqəmdir, kvadrat metri 47 qəpiyə harda icarəyə ofis var? Bunlar kvadrat metri 47 qəpikdən hesablayıb, bu illər ərzində ümumilikdə 22 min 326 manat icarə haqqı hesablayıblar. Guya biz 812 min 585 manat artıq ödəmişik, bu qədər vəsaiti israf eləmişik. Biz bunun vergisini də ödəyirdik, hesablamada onu da çıxmayıblar. 119 min 77 manat bunun vergisi eləyib”.
“Futbol+qol” qəzetinə maliyyə vəsaiti ayrılması haqda danışan Vüqar Səfərli deyib ki, ittiham aktında bu qəzetə həyat yoldaşının təsisçi olmasına görə pul ayrıldığı yazılıb, amma bu yalandır. Təqsirləndirilən şəxsin sözlərinə görə, hansı qəzetlərə maliyyə ayrılması məsələsində qərar verən Müşahidə Şurası olub: “Qəzetlərə maliyyə ayrılmasıyla bağlı qaydalar vardı. O qaydaları da Müşahidə Şurası müəyyənləşdirirdi. Mən sadəcə qərarları icra etmişəm. Müşahidə Şurasının iclaslarında iştirak etsəm də, qarışmağa ixtiyarım yox idi. Bütün iclasların videoyazıları var”.
Vüqar Səfərli bildirib ki, 2018-ci ilin sonunda Əli Həsənov onu çağırıb, prezidentin qəzetlərin səviyyəsindən narazı olduğunu deyib. Tapşırılıb ki, qəzetlərin sayı azaldılsın, keyfiyyət artırılsın. Bu istiqamətdə müzakirələrdən sonra bəzi qəzetlərə maliyyə dəstəyi göstərməkdən imtina olunub.
Sabiq icraçı direktor Səbail rayonu, “20-ci sahə” ərazisində jurnalistlər üçün binaların tikilməsi zamanı milyonlarla vəsaitin yeyintisi ittihamından ətraflı danışıb. O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintiyə Nəzarət Agentliyi tərəfindən yoxlamalar aparılıb, rəy verilib. Jurnalistlər üçün tikilən birinci bina 31 milyon 466 min, ikinci bina isə 26 milyon 208 min manat qiymətləndirilib: “Biz tikintini aparan şirkətə pulu əvvəldən ödəməmişik. Əksinə həmişə borclu olmuşuq. Mənim müdaxilə etmək imkanım və səlahiyyətim olmayıb. Vəsait birbaşa şirkətin hesabına köçürülüb. Bəs niyə istintaq həmin vəsaitin kimin əli ilə hesabdan çıxarıldığını aydınlaşdırmayıb? Mənim 64 yaşım var. İnsan həyatıyla oynamaq olmaz. Mən gördüyüm işlərə görə cavab verəcəm. Vəzifədə olan hər bir şəxs kimi, mənim də nöqsanlarım olub. Hamı gözəl bilir ki, o vəsaitlər necə gəlib, necə gedib. İstintaq bunu araşdırmayıb. Tikintini aparmış “Portos” şirkətinin bir müddət direktoru olmuş Ədalət Vəliyevin müraciəti var. O yazır ki, 16 milyon vurulmuş ziyanı ödəməyə hazırdır. Qohumlarının ona bağışladığı mülkü zərərin əvəzi kimi verir. Etiraf edir ki, biz eləmişik”.
Vüqar Səfərli vuğulayıb ki, onu tikintinin keyfiyyətsizliyinə görə də ittiham edirlər. Halbuki bu məsələnin ona aidiyyəti yoxdur: “O tikintilərə Əli Həsənov nəzarət edirdi. Mənimlə də, mənsiz də ora gedib baxırdı. Beton, armatur keyfiyyətsizdirsə, buna mən cavabdeh ola bilmərəm ki. Divarın suvağı 5 santimetr olmalıydı, 3 santimetr olub. Mən suvaq ölçən deyiləm axı...”
Keçmiş Fond rəhbərina qarşı ittihamlardan biri də cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasıdır. Vüqar Səfərli deyir ki, bankda üzərinə həbs qoyulmuş vəsait də, əmlaklar da cinayət yoluyla – yeyinti nəticəsində əldə olunmayıb. O iddia edir ki, əvvəldən biznesi olub və bunun hesabına əldə edib: “Sonradan vəzifədə olduğuma görə bizneslə məşğul ola bilməzdim. Ona görə əvvəlki biznes kənardan idarə olunub. O dövrdə əldə olunan gəlirlər depozit kimi banka qoyulub, hər il gəlir götürülüb. Bizim qəzetin satışından aylıq gəlirimiz təxminən 10 min olurdu. İstintaq bizim ailənin bu gəlirlərini nəzərə almayıb, hamısını yeyinti kimi qələmə verib”.
Vüqar Səfərli əlavə edib ki, onun rəhbərlik etdiyi dövrdə Fondun fəaliyyətilə bağlı yoxlamalarda özünün iştirakı təmin edilməyib, bu da qanunsuzdur: “Mən ərizəmi verib vəzifədən çıxandan sonra bir günün içində bütün işçilərdən də ərizə alıb, hamısını çıxarıblar. O cür təzyiq altında da onlardan izahat alınıb. İstintaq dövründə üzləşmə keçirilməyib. Müşahidə Şurası əsas qərar verən orqan olub. Amma nə sədrini dindiriblər, nə də üzvlərini. Soruşmayıblar ki, vəsaitlərin ayrılması haqda niyə qərar vermisiz?”
Keçmiş icraçı direktor xatırladıb ki, 2009-cu ildə 4 illik Fondun icraçı direktoru təyin ediləndən sonra prezident daha iki dəfə 2013 və 2017-ci illərdə daha iki dəfə ona etimad göstərib. Bundan başqa, üç dəfə də onu müxtəlif orden-medallarla təltif edib: “Möhtərəm prezident “Vətənə xidmətə görə” ordenini şəxsən özü təqdim etmişdi mənə. İndi isə ittihamda yazılanları oxuyanda adam özü-özünə nifrət eləyir. Elə saxlanılırıq ki, sanki xalq düşmənləriyik. Telekanallar elə təqdim edir, Vüqar Səfərli yeyib-dağıdıb. Əli Həsənovun mülküydü deyə, icarəhaqqı ödəməməliydik? Bu gün də fond orda yerləşir. Biz nə biləydik ki, belə vəziyyət yaranacaq, Əli Həsənovu çıxaracaqlar, hər şeydən bizə qarşı istifadə edəcəklər. Əgər mən artıq icarə pulu verirdimsə, bəs Maliyyə Nazirliyi bu illər ərzində hara baxırdı? Bu illər ərzində heç kim bizə irad tutmayıb”.
Vüqar Səfərli və onunla birlikdə mühakimə olunanların işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə araşdırılır. Məhkəmə qarşısında Vüqar Səfərli ilə yanaşı daha 10 nəfər dayanıb. Onların arasında “Portos” MMC-nin direktoru Nadir Məmmədov, həmin binaların keçmiş komendantı Bünyamin İsmayılov, fondun mühasibi olmuş Təhminə Yaqubova, “Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, “Xəmsə” restoranının icarədarı Bəxtiyar Fətullayev və Valeh Orucov da var. Lakin təqsirləndirilən 11 nəfərdən yalnız ikisi – Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir.
Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur. (Meydan TV)

Комментариев нет:

Отправить комментарий